Kopernik Tanri Ile Sohbet - Wikipedia
"Kopernik. Tanrı ilə söhbət" (pol. Astronom Kopernik, czyli rozmowa z Bogiem) — polyak rəssam Yan Mateykonun 1873-cü ildə tamamladığı rəsm. Rəsmdə məşhur astronom Nikolay Kopernikin Fromborq şəhərində kilsənin yanındakı qüllədən müşahidələr aparma səhnəsi təsvir olunmuşdur. Hal-hazırda rəsm Krakov şəhərində Yagellon Universitetinin kolleksiyasına daxildir. Bu rəsmi Polşa ictimaiyyəti pul ilə alaraq Yagellon Universitetinə bağışlamışdır.
Kopernik. Tanrı ilə söhbət | ||
---|---|---|
pol. Astronom Kopernik, czyli rozmowa z Bogiem | ||
| ||
Rəssam | Yan Mateyko | |
Tarixi | 1873 | |
Texnikası | Yağlı boya | |
Ölçüləri | 225 ± 1 sm × 315 ± 1 sm | |
Materialı | Kətan | |
Saxlanıldığı yer | Yagellon Universiteti | |
İnventar nömrəsi | 2715; 851/I |
Yaranma tarixi
redaktəYan Mateyko rəsmin üzərində işləməyə 1871-ci ildə Kopernikin 400 illik yubileyinin qeyd edilməsi üçün görülən hazırlıqlar ərəfəsində başlamışdır. Onun digər rəsmlərində olduğu kimi bu rəsm də Polşa tarixinin önəmli hadisəsinə həsr olunmuşdur. Bu rəsm əsərində Nikolay Kopernik dünyanın heliosentrik nizamının tərəfdarı və elmi inqilabın yaradıcısı kimi təsvir olunmuşdur. Rəsmin çəkilməsi üçün Mateyko Yagellon Universitetində əlçatan olan tarixi sənədləri araşdırmış, bir neçə karandaş eskiz və daha sonra rəsmin yekun variantının bitməsinə qədər yağlı boya ilə çəkilmiş daha 2 eskiz yaratmışdır. Rəsmin yekun variantının çəkilməsinə o, 1872-ci ilin yayında başlamış və 1873-cü ilin əvvəllərində Krakovda olan çox dar şəraiti olan köhnə mənzilində bitirmişdir.[1].
Krakovda yubiley mərasimlərinin təşkilatçıları Mateykonun işini dəstəkləməyərək onun işini rəsmi mərasimlər zamanı nümayiş etdirməkdən imtina etdilər. Bu vəziyyətdə həmin dövrdə Almaniya imperiyasının tərkibində olan Kopernikin doğma şəhəri Torun şəhərinin başçıları rəssama rəsmi almaq təklifilə müraciət edirlər, lakin Mateyko bu təklifdən imtina edərək, Krakovda özünün şəxsi sərgisini təşkil edərək rəsmi nümayiş etdirə bilir. Sərgi 1873-cü ilin fevralında Krakov ratuşasının binasnda baş tutmuşdur. Sərgidən əldə olunan gəlirlər xeyriyyə məqsədi üçün xərclənmişdir. Həmin ildə rəsm Vyanada da nümayiş olunmuşdur. Həmin ilin martında Krakov ictimaiyyəti Mateykodan rəsmi 12 min zlotaya əldə edərək Yagellon Universitetinə bağışlamışdır. O vaxtda bəri rəsm əsəri universitetin Collegium Novum adlı binasında nümayiş olunur.[1].
Rəsmin analizi
redaktəMateykonun rəsmlərinin əksəriyyəti üçün tipik xüsusiyyət kütləvi səhnələrin mövcudluğudur, lakin "Kopernik. Tanrı ilə söhbət" rəsmi üçün bu hal istisnadır[1].
Rəsmdə ilhamlanmış Nikolay Kopernikin səhər saatlarında müşahidələr aparması səhnəsi təsvir olunmuşdur. Alim Fromborq şəhərindəki kilsənin yaxınlığında yerləşən binanın eyvanında müxtəlif astronomik alətlərin əhatəsində müşahidələr aparır. Onun yanında böyük hamar lövhədə dünyanın heliosentrik modelinin təsvirinə rast gəlmək olar. Bu təsvir Kopernikin əsas elmi işi sayılan "Göy cisimlərinin fırlanması haqqında" kitabındakı illüstrasiya əsasında yaradılmışdır[1].
Kopernikin təsvir olunduğu yer xəyalidir: məlumdur ki, Kopernikin Fromborqda qüllədə rəsədxanası olmamışdır. Ola bilsin ki, o binanın aşağı mərtəbələrindən və ya evinin yaxınlığında yerləşən bağdan müşahidələr aparmışdır. Bu səbəbdən rəsmdəki təsvir simvolik xarakter daşıyır.[2].
Rəsmdəki kompozisiyanın əsas xüsusiyyətləri kimi mərkəzi simmetriyanı və rəsmin mərkəzi hissəsində istifadə olunan işıqlı rənglərlə periferiyadakı (mərkəzə əks olan hissə) tünd rənglərin kəskin təzadını müşahidə etmək olar. Kopernikin ruhlanmış halı (ekstazı) işığın incə oyunu vasitəsilə ötürülmüşdür. Kopernikin təsvirinin modeli qismində Mateyko həkim Henrik Levitt və öz bacısı oğlu Antoni Serafinskidən istifadə etmişdir.[1].
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Janina Mazurkiewicz. "Astronom Kopernik czyli Rozmowa z Bogiem". Muzeum Okręgowe. 2010-05-27. səh. 3. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-26.
- ↑ Natasza Jatczyńska. "Skąd Kopernik patrzył w niebo?". DziennikBaltycki.pl. 2014-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-25.