Kalva - Wikipedia
Kalva — Azərbaycan Respublikasının Ağsu rayonunun Kalva kənd inzibati ərazi dairəsində kənd.[2]
Kalva | |
---|---|
40°43′44″ şm. e. 48°28′52″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağsu rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 889 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0621[1] |
Niyaldağ silsiləsinin ətəyindədir. Qədim türk kökənli kəndidir. Kəndin adı türkcəmizdəki "kalafa" sözündəndir ki, ("kalafa" sözündəki "kala" dilimizdəki "çala" sözüdür) bu da "çala, çökək, dərə yer" anlamındadır. Qədim Kalva dərəyaxasında yerləşdiyinə görə kəndə bu ad verilib. Kəndin adı haqqında bir çox rəvayətlər mövcuddur. Ümumiyyətlə, kəndə qıraqdan baxanda onun coğrafi mövqeyinə görə çalada, çökəkdə yerləşdiyi aydınca görünür.
Tarixi
redaktəBəzi məlumatlara görə Kalvanın ən azı 8–10 əsrlik tarixi var. Belə ki, əvvəllər Şamaxı rayonunun tərkibində olmuş Kalva kəndində hələ xanlıqlar, bəyliklər dövründə yaşayış olub. Bundan başqa Kalvada yerləşən qədim məzarlıqdakı qəbirlərin 200–250 il bundan əvvələ, hətta daha qədim dövrlərə də aid olması aşkarlanıb. Tarix boyu Şirvanda yaranmış neçə-neçə dövlətlərin tərkibində olmuş Kalva qədim Şamaxıdan 20 km aralıda yerləşir.
Mədəniyyəti və təhsili
redaktəBir çox mənbələrdə göstərildiyinə görə Ağsu rayonunun Kalva kəndində ilk məktəb XIX əsrin ikinci yarısında yaranıb. Əvvəllər kənddə Hacı Abdulla və onun qızı Molla Kafiyyə öz evlərində 9–12 yaşlı uşaqlara — oğlanlara və qızlara dini dərslər keçmişlər. Görkəmli maarifpərvər Mahmudbəy Mahmudbəyov xatirələrində bu barədə yazır: "1886-cı ildə Kalvada məktəb açıldıqdan sonra Hacı: "Kalvadan rus iyi gəlir, ona görə də oradakı müridlərə Allahın xeyir-duasını yetirə bilmərəm", — deyərək Kalvaya getməkdən imtina etdi"[3].
Mənbələrdə göstərilir ki, hələ 1881–1891-ci illərdə Kalvada yeni üsullu məktəb olub. Məktəb Osman adlı bir kənd sakininin evində fəaliyyət göstərib. Məktəbin 36 şagirdi olub. Tanınmış pedaqoq Soltan Məcid Əfəndiyev məktəbə gələr, dərslərdə oturar, məsləhətlər verərmiş. Böyük maarifçi Mahmud bəy Mahmudbəyov Kalva kənd məktəbinin ilk müəllimlərindən olmuşdur.
1918-ci ildə kəndin şimal tərəfində böyük məktəb binası tikilib, lakin erməni-türk qırğını nəticəsində həmin məktəb yandırılıb. 1924-cü ildə Kalva kəndində ibtidai məktəb üçün yeni bina tikilib. 1925-ci ildə Kalva kəndində "Birinci dərəcəli Şura zəhmət məktəbi" açılıb.
Kəndin hazırkı məktəb binası 1926-cı ildə inşa edilməyə başlanılmış, 1932-ci ildə isə istifadəyə verilmişdir. Həmin bina ibtidai siniflər üçün nəzərdə tutulmuşdu. 1933-cü ildə bu təhsil ocağı yeddiillik məktəbə, 1938-ci ildə isə orta məktəbə çevrilib. Təhsil ocağının birinci buraxılışı 1941-ci ildə olub. Cəmi 5 otaqdan ibarət bu binaya yardımçı otaqlar əlavə edilmişdir.[4]
Məktəbin ilk direktoru Eyyub Musayev olmuşdur.
2010–2011-ci il tədris ilində istifadəyə verilən müasir standartlara cavab verən yeni tədris binası 220 şagird üçün nəzərdə tutulub. Həmçinin yeni tədris binasında 8 sinif otağı, bununla yanaşı müasir avadanlıqlarla təchiz olunmuş kompüter otağı, kitabxana, kimya, fizika, biologiya laboratoriyaları, idman zalı, akt zalı və yeməkxana şagirdlərin istifadəsinə verilib. Bundan əlavə məktəbdə daimi isti-soyuq su, elektrik və istilik sistemləri üçün qurğular quraşdırılıb.
2012-ci ildə kənddə 220 yerlik yeni məktəb binası tikilib istifadəyə verilmişdir.
Coğrafiyası və iqlimi
redaktəTəbii-coğrafi şərait baxımından Kalvanın yerləşdiyi ərazi qədimdən bəri sənətkarlıqla məşğul olan Basqal, Lahıc, Sulut kimi kəndlərlə həmsərhəd olub, həmin kəndlərin Şamaxıya çıxış yolları Kalvadan keçib.
Tarixən Kalva kəndinə qonşu olan Dilman, Xatman, Hacman və Suraxanı kəndləri Kalva Sovetliyi (SSRİ dövrundə) adlanırdı. İndi isə "Kalva kənd ərazi bölgəsi" adlanır.
Əhalisi
redaktə1999-cu ilin siyahıyaalınma məlumatına əsasən Kalvanın əhalisi 1760 nəfərdir. Kalvalılar soy-kök baxımından yerli türklərdir.
1919-cu il tarixində ermənilər tərəfindən Kalva kəndində 500 nəfər öldürülmüşdür.
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Burada torpaqların münbit olması əkinçiliklə məşğul olmağa şərait yaradır. Kənd əhalisi əsasən özlərinə aid həyətyanı sahələrdə və ya bostanlarda əkin əkirlər. Kalvada əvvəllər böyük təsərrüfat işləri ilə də məşğul olublar. Burada əhali iri və xırda buynuzlu heyvan saxlayır, həmçinin onlardan əldə etdikləri ət, süd, yun və digər məhsulları bazara çıxarmaqla öz tələbatlarını ödəyirlər.
Mənbə
redaktə- 130 yaşlı məktəb dərs ilini yeni binada qarşıladı Arxivləşdirilib 2013-09-02 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Z.Göyüşov "Azərbaycan maarifçilərinin əsərlərində əxlaq məsələləri", səh.85
- ↑ 120 yaşlı təhsil ocağının binası günün tələblərinə cavab vermir[ölü keçid]
Ağsu rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |