Kelbecer Memarliq Abideleri - Wikipedia
Məbədlər, qalalar
redaktəKəlbəcər rayonun ərazisinin müxtəlif yerlərində çox sayda qədim alban qalaları, məbədləri, məbəd kompleksləri var.[1]
Xudavəng məbəd kompleksi
redaktəI–II əsrlərdə Qafqaz Albaniyasında xristianlıq yayılandan sonra tikilən ilk məbədlərdən biri Xudavəng məbəd kompleksidir. Bu kompleks "Alban bazilikası" adlanır. İlk məbəd tikintiləri kümbəzsiz uzun binalardan ibarət olub. Xudavəng məbəd kompleksinin ilk tikintisi ilk orta əsrlərin bir nefli bazilikasına aiddir. Kompleksə bazilika tipli baş məbəd, bir neçə əlavə məbədlər, sövmə, təsərrüfat və yaşayış evləri daxildir. Qafqaz Albaniyası memarlarının yaratdığı bu abidə qonşu xalqların dini memarlıq əsərlərindən tamamilə fərqlənir. Baş məbəd binasının plan və kompazisiya quruluşu assimetriya formasında həll olunmuşdur. Bizim dövrümüzə gəlib çıxana kimi bu məbədə bir neçə dəfə başqa tikililər əlavə edilib, onun yanında düzbucaqlı formalı bir neçə məbəd və sövmələr inşa edilmişdir. Beləliklə, bunun nəticəsində böyük bir dini kompleks yaranmışdır. Bu alban yepiskopunun iqamətgahı və mühüm mədəni-maarif mərkəzi olmuşdur.[1]
Məbəd Kəlbəcər rayonunun Vəng kəndində, Tərtər çayının sol sahilində dərəli-təpəli bir yerdə yonulmuş daşlardan inşa edilib. Adətən məbədlər qayaların cənub hissəsində tikilirmiş və bu tikililərin çıxışları qərb və cənub tərəfdən olub. Məbədlər üçün elə bir yer seçilirdi ki, bunlar həm də müdafiə xarakterli istehkamlı qalaları əvəz etsin. Möhtəşəm divarlarla əhatə olunmuş ibadət kompleksləri hərbi münaqişə vaxtı nəinki kahinlərin, eləcə də ətrafyanı kəndlərin sakinləri üçün sığınacaq yeri olurdu.
Arxeoloji qazıntılar zamanı tapılan saxsı nümunələrinə əsasən belə bir nəticəyə gəlmək olar ki, məbəd VI-VII əsrlərə aiddir.
Komrleksin ən qədim tikintisi baş məbəddir. XIII əsrdə sonradan tikilmiş kümbəzli məbədlər bu komleksə daxildir. Bunlar Arzu xatun və İgid Həsən məbədləridir.
Xudavəng məbəd kompleksinin VI-XIII-XVII əsrə aid olması deyəndə o nəzərdə tutulur ki, bu kompleksə ilk bir nefli bazilika, VI əsrin üçnefli bazilikası və XVII–XVIII əsrlərin mülki tikililəri daxildir.
Arzu-xatın məbədi
redaktə1214-cü ildə Arzu xatun tərəfindən tikdirilmiş məbəd alban memarlığının ən qiymətli abidələrinə aiddir. Bu məbəd hündür kümbəzinə və möhtəşəm görünüşünə görə məbəd kompleksində əsas yer tutur. Dam örtüyünün dördsütunlu zınqırovlu rotonda düzəldilmişdir.
Məbədin iki barelyefi vardır. Şərq divarı fasadında, pəncərənin üstündə yarı boyuna qədər knyaz və müqəddəs bir adam, cənub divarında isə iki knyaz əllərində məbədin modelini saxlayırlar. Birinci barelyefdə çox güman ki, Arzu xatunun əri və müqəddəs bir adam, ikincidə isə onların oğulları təsvir olunur.
Məbəd kompleksində daha bir kümbəzli zal, İgid Həsən məbədi inşa edilib. Onun divarlarında 1182-ci ildə inşa edildiyini təsdiq edən yazı var. Bu məbədin divarları yonulmamış daşlardan nizamsız qaydada hörülüb.
Yuxarıda adları çəkilən kümbəzli zallar bir-birindən inşa edilmə kompozisiyaları, fasadların quruluşu, kümbəzlərin və dam örtüklərinin forması ilə fərqlənirlər.
İkinci böyük ölçülü düzbucaqlı tikinti 1211-ci ildə inşa edilib. 1224-cü ildə bir nefli bazilikaya əlavə tikilən böyük tikinti xüsusi maraq kəsb edir. Belə ki, burada zədəkan nəslinin ailə üzvləri dəfn edilib. Xudavəng məbəd kompleksinin tam tikintisi XIII əsrdə başa çatıb. Arzu xatun məbədinin tikintisində daş üzərində yüksək üsulla işlənmiş dekorativ bəzəklərdən istifadə edilib. Məbəddə tağlar üstündə bərkidilmiş 16 guşəli dairə üçbucaqlı çətir formasında olan dam örtüyü ilə tamamlanır.
Arzu xatın məbədinin girişinin portalı üzərində yüksək dərəcədə bədii üsulla naxış vurulmuş daşlarla hörülmüşdür. Bu naxışlı daşlar özləri ayrı-ayrılıqda bədii memarlıq abidələri sayılır.
Məbəd tikintisinin istər kontruksiyasında, istərsə də dekorativ hissələrində iki və üç sütunlu çatma tağlardan istifadə olunmuşdur.
Albaniyanın məbəd təsərrüfatları müxtəlif olubː əkinçilik, üzümçülük, bağçılıq və s. Məbəd işçiləri üzüm, yağ istehsalı və başqa sənətlə məşğul olublar. Onlar üçün ən başlıca qurğu dəyirman və digər istehsal qurğuları olub.
Arxeoloji tədqiqatlar zamanı Xudavəng məbəd kompleksində çaxır istehsal edən qurğu aşkar edilib. Bu qurğu daşdan düzəldilmiş, uzunluğu 3,6 m, dərinliyi 20 santimetrə yaxın olan novdan və daşdan düzəldilmiş 6 ədəd quyudan ibarət olub. Nov və quyular bir-biri ilə uzunluğu 18 santimetr olan xüsusi arxlar vasitəsi ilə birləşdirilib. Novla paralel olaraq dərinliyi 1 m, diametri 60 sm olan 4 ədəd quyu yerləşir. Aşağı hissədə dərinliyi 2,6 m olan quyu yerləşir. Bu quyu yuxarıda adları çəkilən quyularla xüsusi arxlarla birləşir. Bundan 1,7 m aralı məsafədə dərinliyi 2,9 m olan başqa bir quyu yerləşir. Bu axırıncı quyuya üzüm şirəsi daxil olur.
Üzüm istehsal edən qurğu pilləkən formasında olub. Belə ki, ən yüksək hissədə nov, ondan 2 m aşağıda isə üzüm şirəsi tökülən axırıncı quyu yerləşir.
Beləliklə, əzilmiş üzüm şirəsi 1-ci cərgədə olan quyulardan növbə ilə 2-ci cərgədə olan quyuya, oradan isə təmiz halda axırıncı quyuya tökülür.
1-ci və 2-ci cərgədə olan quyular üzüm şirəsinin süzülməsi üçün, axırıncı quyu isə sonrakı emal üçün nəzərdə tutulub. Əfsuslar olsun ki, üzümün əzilməsi üçün istifadə edilən əl aləti tapılmayıb. Etnoqrafik məlumatlara əsaslanaraq, belə bir nəticəyə gəlmək olar ki, üzümü ayaqla əzirmişlər.
Xudavəng kompleksi orta əsrlərin memarlığını-yaşayış evlərini, mehmanxanasını, kitabxanasını, yeməkxanasını- özündə saxlayan çox nadir hallarda rast gəlinən bir məbəddir.
Xudavəng məbəd kompleksi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarı ilə təsdiq edilmiş "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri"nin siyahısına dünya əhəmiyyətli tarixi abidə kimi daxil edilmişdir.[1]
- Zar kəndində 1993-cü ilə qədər tam şəkildə qorunub saxlanılan qədim alban məbədi XIII əsrə aiddir.(Şəkil 1)
- Tərtər çayının sağ sahilində, Bulanıq suyu ətrafında yerləşən və "Qala düzü" adlanan qala kompleksi.( Şəkil 2)
- Lök qalası XIII–XIV əsrlərin tarixi memarlıq abidəsidir.(Şəkil 3)
- Qanlı kənd ərazisində yerləşən qalanın quruluşundan onun müdafiə istehkamı məqsədi ilə tikildiyi aydın görünür.(Şəkil 4)
- Zar və Zəylik kəndlərində Qocdaş dağının ətəyində yerləşən qəbirstanlıqlarda qəbirüstü daşlar olan at və qoç abidələri XVIII–XIX əsrlərə aiddir.(Şəkil 5)
Yuxarıda adı çəkilən abidələr Nazirlər Kobinetinin 132 saylı qərarına əsasən ölkə əhəmiyyətli tarixi abidələr siyahısına daxil edilib. Qeyd edilən qalalardan başqa rayonun digər, Ağdaş, Narınclar, Aşağı Qaraçanlıda "Uluxan", Comərddə "Comərd" və b. kəndlərinin ərazilərində qədim alban qalaları var. Qalaboynu kəndinin yerləşdiyi dağın zirvəsində isə möhtəşəm bir qala mövcuddur. Əfsuslar olsun ki, həmin qalalar tədqiq olunmayıb və onların fotoşəkilləri əldə edilməyib.[1]
Körpülər
redaktəHacı Əsəd körpüsü
redaktəZəylik kəndində 1927-ci ildə inşa edilmiş Hacı Əsəd körpüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarı ilə təsdiq edilmiş "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri"nin siyahısına yerli əhəmiyyətli tarixi abidə kimi daxil edilib. Körpü Zəylik kəndinin şimal-qərbindən axan Dərəyurdu çayının üstündədir.
Ağ körpü
redaktəHacıdünyamalılar kəndindən İstisuya tərəf Tərtər çayı üzərində XVIII–XIX əsrlərdə tikilmiş "Ağ körpü", sağda İstisuyun cənub-şərqində, Bağarsaqda Turş suyun yanında Tərtər çayı üstündə XVIII–XIX əsrlərdə tikilmiş Məmmədhüseyn körpüsüdür. Bu körpü elat yolunun Tərtər çayından keçən sahəsində yerləşir. Yaz-yay aylarında Tərtər çayında daşqınlar köçlərin keçməsinə imkan vermədiyindən köçərgilər bir neçə gün çayın sahilində qalıb, çayda daşqının-selin azalmasını gözləyirmişlər. Bu isə narahatlıq törədirmiş. Bu səbəbdən İmişli rayonundan Məmmədhüseyn adlı bir şəxs öz vəsaiti ilə bu körpünü tikdirib.
Bu körpülər də, istər "Ağ körpü", istərsə də "Hacı Sevdimalı körpüsü" yuxarıda adı çəkilən Nazirlər Kabinetinin 132 saylı qərarının siyahısına salınmayıbdır.
- "Otaq qaya" adlanan ərazidə Tərtər çayı üstündə dəmir konstruksiya ilə XX əsrin ortalarında inşa edilmiş körpü həmin ərazidə fəaliyyət göstərən "Turş su" pavilyonuna piyadalar üçün keçiddir.
- Naməlum səbəblərdən Kəlbəcər ərazisində Xaçın çayı üzərində olan körpü və Hacı Əhməd (Soyuq bulaq) körpüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarı ilə təsdiq edilmiş "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri"nin siyahısına daxil edilməyib.