Kelbecer Tarix Diyarsunasliq Muzeyi - Wikipedia
Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi – Azərbaycanın Kəlbəcər şəhərində 1982-ci ilin sentyabrında yaradılmış muzey. İşğal olunmuş ərazilərdəki muzeylər içərisində yüksək bədii və tarixi səciyyə daşıyan eksponatlarla zəngin olan ən əhəmiyyətli muzeylərdən biri idi.
Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | 1979 |
Mövzu | Tarix |
Yerləşir |
Kəlbəcər, Azərbaycan işğaldan sonra Heydər Əliyev prospekti 8 |
Kolleksiyası |
Muzeyin kolleksiyaları Ermənistanın işğalçılıq siyasəti nəticəsində məhv edilmişdir. |
Direktor |
Şamil Əsgər Dəlidağ Bərzani Əsgərov |
Muzeyin tarixi
redaktə1975-ci ildə AMEA-nın konfrans zalında Azərabycan geoloqlarının qurultayı keçirilirdi. AMEA-nın foyesində Kəlbəcər məktəblərinin müəllim və şagird kollektivinin diyarşünaslıq materiallarından və hazırladıqları təhsil vasitələrindən ibarət sərgi nümayiş etdirilirdi. Sərgi alimlər tərəfindən yüksək qiymətləndirildi. Akademik Həsən Əliyev özünün qurultaydakı çıxışında yeni bir təklif verdi: Kəlbəcərdə tarix-diyarşünaslıq muzeyi yaratmaq lazımdır. Muzey üçün baza artıq mövcutdur. Təklif qurultay nümayəndələri tərəfindən yüksək qiymətləndirildi. O gündən akademik Həsən Əliyev Respublika səviyyəsində muzeyin açılışı üçün qərarların verilməsi və sənədləşdirmə işlərinin həll edilməsi üçün fəaliyyətə başladı. Bu barədə ilk öncə Azərbaycan SSR I Katibi işləyən Heydər Əliyevə müraciət etdi. Bu müraciətdən sonra Muzeyin tikilməsinə Respublika səviyyəsində qərar verildi.
Kəlbəcər Tarix-Diyarşünasliq Muzeyi 1979-cu ildə Kəlbəcər şəhəri, Molla Vəli Vidadi küçəsində daş mozaika ilə bəzədilmiş ayrı binada fəaliyyətə başlamışdır. Həyəti 900 kv.metr olan muzeyin binası 1 dəhlizdən, 3 kabinet və 9 nümayiş salonundan ibarət idi. 30 mindən çox eksponatı оlan fond da muzeydə saxlanılırdı. Muzeyin çöl divarları mozaika üsulu ilə Kəlbəcərdə çıxan dağ süxurlarından işlənmiş naxışlardan ibarət idi. Hər bir daş parçası həm binanın naxışının bir elementi, həm də dağ süxurlarından ibarət mizey eksponat rolunu oynayırdı. Divarlara 350 rəng çalarından ibarət daşlar həkk edilmişdir. Bunlardan travertin, mərmər, obsidian (dəvəgözü), pemza, listveinit, kalsit, kvarsit, xalsedon, müxtəlif tuflar, porfirit, bazalt, perlit və s. misal göstərmək olar. Muzey bu dağ süxurları bəzəyinə, həyətindəki qədim qaya təsvirlərinin düzümünə görə geologiya-arxitektura muzeyi də adlandırılmışdı.
Muzeyin həyətində Kəlbəcərin müxtəlif ərazilərindən gətirilmiş qoç, keçi, maral, at, sandıq və s. daşdan yonulmuş füqurlar yerləşdirilmişdir.
Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi 1993-cü ilin aprel ayına qədər fəaliyyət göstərmiş, sonra isə Ermənistan ordusu tərəfindən məhv edilmişdir. Onun eksponatlarının böyük əksəriyyətini xilas etmək mümkün olmamışdır.[1] Muzeyin binası 1992-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı erməni silahlı dəstələri tərəfindən dağıdılmış, otuz mindən çox muzey eksponatı isə Ermənistan Respublikasına daşınmışdır. İşğalından sonra muzeyi Bakı şəhəri Heydər Əliyev prospekti 8 ünvanda 42 kv.m. sahəsi olan bir otaqda təşkil edilmişdir. Hazırda muzeydə 6300-ə yaxın dəyərli eksponat qorunur[2].
Muzey binası
redaktəMuzeyin çöl divarlarını 2 mindən artıq müxtəlif rəng çalarlarına malik olan daşlar bəzəyirdi. Muzeyin həyəti 900 kv. metrdən artıq sahəni tuturdu. Burada nadir ağac və bitki nümunələri, müxtəlif qaya təsvirləri, qoç və at fiqurları arxeoloji əhəmiyyət daşıyan nümunələr toplanmışdı. Muzey ekspozisiyası dəhliz, üç kabinet və doqquz nümayiş salonunda cəmləşmişdi. Muzeyin fondunda 30-mindən artıq eksponat saxlanılırdı. Muzeydə Qanlıkənd istiqamətində yerləşən məşhur Lök qalasının maketi, Kəlbəcər dağlarında yaşayan bir çox vəhşi heyvanın müqəvvası, 150 milyon il yaşı olan, Tərtərçay qumluğunda aşkar edilmiş daşlaşmış ilbiz nümunələri, ibtidai icma quruluşu dövrünə aid olan oxlar, biçaqlar, baltalar, dəmir rizə ucluqları və s. nümayiş etdirilirdi.[3]
Muzeyin 1 böyük fond otağı, 2 işçi otağı, 1 direktor otağı, 1 rəssam otağı və 9 sərgi salonu vardı. Sərgi salonlarında 16 minə qədər müxtəlif dövrlərə aid eksponatlar nümayiş edilirdi. Ayda bir dəfə "Muzey" adlı qəzet buraxılırdı. Bu qəzetdə "Muzeyimizin nadir eksponatları", "Muzeyimiz qəzet səhifələrində", "Muzeyimiz xarici qonaqların gözü ilə", "Rəy kitabımızda" adlı maraqlı və məzmunlu məqalələr çap olunurdu. Muzeyin bülletenidə isə dünyada nadir hadisələr, əşyalar, eksponatlar və s. haqqında məlumat verilirdi.
Muzeyin koridorunda "Muzey" divar qəzeti, bülleten, Kəlbəcərin xəritəsi, müxtəlif kəndlərin təbiətini əks edən fotolar, milli geyimdə kişi və qadın fiquru, qədim qaya təsvirləri yerləşdirilmişdir.
Bu muzey eyni zamanda səs muzeyi də adlandırılırdı. Burada 300-dən çox insanın çoxlu sayda dastanlar, saz havaları maqnitofon lentinə köçürülərək mühafizə olunurdu. Aşıq Valehin nəticəsi Xaspolad kişinin ifasında Aşıq Valehin 6 dastanı saxlanırdı. 1967-ci ildə Aşıq Şəmşirin ifasında çoxlu sayda saz havaları lentə köçürülərək saxlanırdı. "Aşıq Alının Türkiyə səfəri" dastanlarının hər 3-ü mükəmməl şəkildə lentə alınmışdı. Aşıq Alının İran səfəri isə Kəlbəcər aşığı Aşıq Əhlimanın və Aşıq Sabirin ifasında muzeyin açılışı zamanı lentə köçürülüb muzeyin fonduna daxil edilərək saxlanırdı. Aşıq Hidayətin, Aşıq Qımkeşin saz havacatları, Aşıq Salmanın qara zurnada ifa etdiyi el havaları, Əlövsətin kamançada ifa etdiyi musiqi əsərləri də muzey eksponatları sırasına daxil edilmişdi.
Muzeyin 24 içsisi vardı. Direktor, fond müdiri, 3 elmi işçi, 2 ekskursavod, 5 bağçı, 3 fəhlə, 2 xadimə, 1 gözətçi, fond mühafizəçisi, katibə-makinaçı, təsərrüfat müdiri, sürücü, tərtibçi rəssam, bərpaçı rəssam, fotoqraf.
Kəlbəcər əhalisi muzeydə olan bütün əşyaları ata-babalarından, ana-nənələrindən yadigar qalsın deyə, muzeyə hədiyyə etmişdilər.
Muzeyin eksponatları
redaktəKəlbəcər Tarix-Diyarşünaslıq Muzeyində geologiya, arxeologiya, maddi-mədəniyyət, incəsənət əşyaları toplanmışdı. Muzeydə 1986-cı ildə 147 yaşında vəfat etmiş və vaxtılə aşıq Ələskərin adına söz qoşduğu kəlbəcərli Güləndamın şəkli, onun şəxsən toxuduğu 100-dən artıq gəbə və kilim saxlanılırdı.MUzeydə 493 ədəd nəqqaşlıq, 2 ədəd rafika, 44 ədəd heykəltaraşlıq, 175 ədəd tətbiqi incəsət məmulatı, 136 ədəd arxeoloji əşyalar, 214 ədəd məişət və etnoqrafik əşyalar, 1832 ədəd otoşəkillər, 264 ədəd sənəd eksponat növü olaraq sıralanır.[4] Keçmiş SSRİ EA-nin müxbir üzvü Aleksey Makaruşev Kəlbəcərdə olarkən, bu muzey haqqında belə demişdi:
"Bu, dünyanın yeganə muzeyidir ki, burada səbrlə bütün dağ süxurlarının nümunələri toplanmışdır." |
- Muzeydə Azərbaycanın tanınmış görkəmli şəxsiyyətlərin maqnitofon lentlərinə yazılmış səsləri toplanmışdı. Xalq şairi Səməd Vurğunun, akademik Mirəli Qaşqayın, görkəmli yazıçılar Süleyman Rəhimov və Əli Vəliyevin, tanınmış elm xadimi Xudu Məmmədovun, tənqidçi ədəbiyyatşünas Qasım Qasımzadə və Qulu Xəlilovun və başqalarının səsi yazılmış lentlərini dinləmək mümkün idi.
- Qanlıkənd istiqamətində yerləşən məşhur Lök qalasının maketi və Kəlbəcər dağlarında yaşayan bir çox vəhşi heyvanın müqəvvası, 150 milyon il yaşı olan, Tərtərçay qumluğunda aşkar edilmiş daşlaşmış ilbiz nümunələri, ibtidai icma quruluşu dövrünə aid olan oxlar, biçaqlar, baltalar, dəmir rizə ucluqları və s. nümayiş etdirilirdi.
- Sərgilənən eksponatlar sırasında — adət-ənənələri əks etdirən böyük həcmli rəsm əsərləriqədim mis qablar, duz torbası, toxuculuq əşyaları, xalça, fərməş, asmalıq, rəngarəng Kəlbəcər daşları, şəhid muzeyin fotoşəkilləri, I əsrdən çox yaşamış ahılların fotoları, yandırma üsulu ilə taxta üzərində işlənmiş portretlər, parça üzərində tikmələr var.
- Muzeydə təbii daşın 10 min rəng çaları olan daş nümunələri toplanmışdı. Muzey digər adları ilə arxeologiya, geologiya və səs muzeyi adlandırılırdı. Bu muzeyin bayır divarlarını 2000-dən artıq rəng çaları olan daşlar bəzəyərək ətraf aləmlə sintez yaradırdı.
- Muzeyin fərqliliyi onda idirki, rayon ərazisində olan bütün dağ suxur nümunələri sərgilənirdi. Burada qayaüstü təsvirlər, ağac və bitki nümunələri, daşdan qəbirüstü qoç və at abidələri, nəhəng bəzir daşları, arxeoloji qazıntı nəticəsində aşkar edilmiş çoxlu mədəni-məişət əşyaları var idi. Muzeydə 10 minə yaxın kitab fondu olan kitabxana fəaliyyət göstərirdi.[5]
İstinadlar
redaktə- ↑ "Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi". 2007-10-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-19.
- ↑ CBC TV. "Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi doğma yurda qovuşmağı gözləyir" (az.). Youtube.com. 19.11.2020. 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-19.
- ↑ "Kəlbəcər Rayon İcra Hakimiyyəti". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-16.
- ↑ "Kəlbəcər muzeyi". 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-16.
- ↑ "Kəlbəcər Tarix-Diyarşünasliq Muzeyi". 2021-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-16.