Kur Doyusu 1412 - Wikipedia
Kür döyüşü və ya Çalağan döyüşü — 1412-ci il, 6 noyabr-4 dekabr tarixlərində Qaraqoyunlu dövləti ilə birləşmiş Şirvanşahlar, Gürcüstan krallığı və Şəki hakimliyi qüvvələri arasında baş vermiş döyüşdür. Döyüşün nəicəsi olaraq müttəfiq qüvvələri Qara Yusif tərəfindən dağıdılmış, Şirvanşahlar və Gürcü hökmdarları əsir alınmışdır.
Kür döyüşü | |||
---|---|---|---|
| |||
Tarix | 6 noyabr - 4 dekabr, 1412-ci il | ||
Yeri | Kür çayının sahili, Şirvan ərazisi | ||
Nəticəsi | Qaraqoyunluların qalibiyyəti | ||
Ərazi dəyişikliyi | Şirvanşahlar dövləti Qaraqoyunlu dövlətindən asılı vəziyyətə düşmüşdür. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
Səbəb
redaktəSultan Əhməd-Qara Yusif qarşıdurması
redaktə1408-ci ildə Əmir Teymurun oğlu Miranşahı məğlub edib öldürdükdən[1] sonra Azərbaycanda real hakimiyyət Qaraqoyunlu Qara Yusifin əlinə keçmişdi. Bu, Azərbaycanda real hakimiyyət sahibi olan Cəlairi Sultan Əhmədlə Qara Yusifın münasibətlərinin pozulmasına səbəb oldu. Sultan Əhməd Ağqoyunlu tayfası ilə müharibə aparan Qara Yusifin olmamasından istifadə edərək, Təbrizdəki hərbi dəstəni şəhərdən qovmaq məqsədilə ona basqın etdi. Bunun üçün o, əvvəlcədən oğlu Kəyumərsin (Həsən bəy Rumlunun "Əhsən ət-təvarix" əlyazma əsərinin XI cildində (Sankt-Peterburq Kütləvi Kitabxanası, Dorn kataloqu, M9278, v.l8a) Şirvanşahın bu oğlunun adı Gövhərşahdır [2]) başçılığı altında Təbrizə qoşun göndərən Şirvanşah I İbrahimdən yardım istəmişdi. Şeyx İbrahim Şirvanşahlar dövləti üçün böyük təhlükə törətməyən daha gücsüz sultan Əhmədin tərəfini saxlamağı üstün tutdu.
Bu zaman Qara Yusif Ərzincanda idi, Təbrizdə baş verən hadisələrdən xəbər tutan Qara Yusif Təbrizin iki fərsəxliyindəki Azad şəhərciyinə Kəyumərsin qoşunlarından əvvəl yetişdi. 1410-cu il avqustun 30-da Sultan Əhməd və Qara Yusifin qoşunları arasında baş verən şiddətli vuruşma nəticəsində sultanın qoşunları Təbrizin həndəvərində tamamilə darmadağın edildi. Oxla əlindən yaralanmış Sultan Əhməd Təbriz sakini başmaqçı Baba əd-Din Cülahın bağında gizləndi. Baba əd-Din isə onu tutub Qara Yusifə verdi. Sultan Əhməd əmirin əmri ilə öldürüldü. Cəlairilər dövləti süqut etdi, onun yerində baharlı tayfasından olan hökmdar Qara Yusifin başçılıq etdiyi Qaraqoyunlu dövləti yarandı.
Kəyumərsin öldürülməsi
redaktəSultan Əhməd Təbrizi tərk etməzdən əvvəl Şirvanşah İbrahimdən yardım istəmiş, o isə dərhal oğlu Kəyumərsin başçılığı ilə Şirvan qoşunlarını köməyə göndərmişdi. Sultan Əhmədin məğlub olduğu gün Kəyumərs Təbrizin həndəvərinə gəlib çatdı. Gecə o, Qara Yusifin qoşunlarının qəfil hücumuna məruz qalaraq əsir alındı. Qara Yusifin əmri ilə Kəyumərs Ərçiş qalasında saxlanılırdı. Şirvanşah oğlunun geri qaytarılması üçün böyük məbləğdə pul təklif etdi.[3][4] Lakin Qara Yusif Kəyumərsi təmənnasız buraxaraq, iltifat göstərdi və onunla atası Şirvanşah I İbrahimə tabe olmaq tələbi ilə məktub göndərdi. Şirvanşah, oğlu Kəyumərsin xəyanət etməsindən, atasını devirərək, Qara Yusifin vassal olmaq barədə onunla saziş bağlamasından şübhələnərək oğlunu edam etdirdi.[5][6]
Döyüşün gedişi
redaktəKəyumərsin edam olunması xəbərini alan Qara Yusif Təbrizdən çıxaraq Qarabağa yollandı. Sonra o, Şeyx İbrahimin yanına elçi göndərərək tabe olmasını təklif etdi. Müstəqilliyini itirmək istəməyən İbrahim Şirvanda böyük ordu toplayaraq Şəki hakimi Seyid Əhməd Orlat və gürcü hökmdarı I Konstantinlə ittifaqda on iki minlik süvari ilə Qara Yusifin üzərinə yeridi. İbrahim əvvəllər də gürcü hökmdarı ilə dostluq münasibətləri saxlayırdı və onunla müttəfiq idi. Qələbə çalacağına əmin olan Qara Yusif böyük qoşunla, soyurqal və hədiyyələr bağışladığı vassalları - Cənubi Azərbaycanın iri feodalları ilə birlikdə çıxış etdi.
Şeyx İbrahim Kür sahilində düşərgə saldı. Vuruşma h.815-ci ilin şaban ayında (1412-ci il noyabrın 6-dan dekabrın 4 dək) oldu. Qara Yusifin qüvvələri Şirvanşahın, gürcü hökmdarının və şəkili Seyid Əhməd Orlatın birləşmiş qoşunlarının qüvvəsindən xeyli üstün idi. Vuruşma zamanı müttəfiq qoşunlarının son dərəcə mərdliklə döyüşməsinə baxmayaraq, üstünlük Qara Yusifin tərəfində oldu. Şirvanşahın qoşunları məğlubiyyətə uğrayıb gürcü silahlı qüvvələrinə tərəf çəkilərək onlarla birləşdi. Döyüşü öz qoşunları ilə gürcü hökmdarı davam etdirirdi. Tezliklə müttəfiqlərin birləşmiş qoşunu Qara Yusifin qoşunları tərəfindən mühasirəyə alınaraq əsir götürüldü.[7]
Nəticə
redaktəDöyüş zamanı Şirvanşah I İbrahim atla xəndəyin üstündən sıçrayıb keçməyə cəhd göstərdi, lakin yaşlı olduğu üçün (onun yaşı 60-a yaxın idi) duruş gətirə bilməyərək yıxıldı və qolunu sındırdı. Qaraqoyunlu döyüşçüsü onun paltarını çıxarıb atını əlindən alaraq öldürmək istəyirdi. Buna görə də İbrahim özünü nişan verməli oldu. Onda döyüşçü onun boynunu qurşaqla bağlayıb Qara Yusifin yanına gətirdi. Gürcü hökmdarı I Konstantin, Şeyx İbrahimin oğlanları Qəzənfər, Əsədullah, Xəlilüllah, Mənuçöhr, Əbdürrəhman, Nəsrətullah və Haşım, qardaşı Şeyx Bəhlul, Şirvanın adlı-sanlı adamları - qazı Bəyazid (Əbu Yəzid), əmir Huşəng və oğulları, qazı Mövlana Zahirəddin, habelə, təbib, münəccim, "carçı" və digər əyanlar da əsir alınmışdılar. Onların hamısı qandallarda Qara Yusifin hüzuruna gətirildilər.
Qara Yusif sıravi Şirvan döyüşçülərini pulsuz buraxdırdı, gürcü əsirlərin isə edam olunmasını əmr etdi. Üç yüz gürcü aznauru eləcə də gürcü hökmdarının qardaşı David qılıncdan keçirildi. Özünü məğrur aparan hökmdar I Konstantini isə Qara Yusif və oğlu Pirbudaq öz əlləri ilə öldürdülər.[8][9] İbrahimi, onun oğullarını məiyyəti ilə birlikdə zəncirlənmiş halda Təbrizə göndərib zindana saldılar. Qara Yusif Şamaxını, Şirvanın digər yerlərini və kəndlərini tarmar edib Təbrizə yollandı. O, ölkədən bir milyon mal-qara qovub apardı.[10][11]
Şirvanşahın azad edilməsi
redaktəTəbrizdə Qara Yusif əsir Şirvanşah İbrahimlə danışıqlar aparmağa başladı. O, İbrahimdən 1200 İraq tüməni, Şeyx Bəhluldan 200 tümən, qazı Mövlana Zahirəddindən 100 tümən məbləğində can bahası tələb etdi. Sonra Qara Yusif Şirvanşahdan sarayda (Bakıdakı Şirvanşahlar sarayında) saxlanılan cavahiratın və qızılın öz xəzinəsinə gətirilməsi tələbini irəli sürdü. Lakin bu zaman Təbrizin tacir və sənətkar rəisləri, başda Şeyx Əxi Qəssab olmaqla, Qara Yusifin divanına gələrək əgər Qara Yusif pul əvəzinə mal qəbul etməyə razılıq verərsə, Şirvanşahın can bahasını dərhal ödəməyə hazır olduqlarını bildirdilər. Qara Yusif buna razı oldu və təbrizlilər Şirvanşahın azad edilməsi üçün Qara Yusifın divanına 1200 tümən məbləğində mal verdilər, əvəzində isə Şeyx İbrahim həmin məbləği Şirvan divanından almaq üçün Əxi Qəssabın və tacirlərin adına bərat kağızları verdi. Bundan sonra Qara Yusif Şirvanşah I İbrahimi buxovdan azad edib ziyafətdə öz yanında oturtdu.[12]
Vassal asılılığının qəbulu
redaktəAzad edildikdən sonra Şirvanşah I İbrahim Qaraqoyunlu xanədanından vassal asılılığını qəbul etdi və ondan Şirvan vilayətini Şəki hüdudlarından Dərbəndə qədər bütün şəhərləri ilə birlikdə əvvəlki qaydada idarə etmək hüququnu təsdiq edən fərman aldı. Şirvanşah İbrahim və digər Şirvan əsirləri h. 816 (1413)-ci ilin baharında vətənə qayıtdılar. Qara Yusif Ucana getdi və onun qoşunları Şirvanı tərk etdi.[13] Şirvanşah İbrahim əvvəlki kimi, otuz beş il ərzində hakimiyyət sürdüyü böyük bir dövlətin hökmdarı idi. Şeyx İbrahim Şirvana qayıtdıqdan sonra üç il hökmranlıq edərək h.820 (1417)-ci ildə ölmüşdür. Cənnabi, Qaramani və başqa müəlliflər İbrahimin ölüm tarixini h.821-ci il göstərsələr də, Hacı Xəlifənin "Cahannamə" əsərində onun varisinin h.820-ci ildə taxta çıxdığı qəti surətdə göstərilir.[14]
İstinadlar
redaktə- ↑ Шapaф-xaн Бидлиcи. Шapaф-нaмe, т.II, c.100
- ↑ İ.P.Petruşevski, səh.158, haşiyə 27
- ↑ Caмapкaнди, c.194-195
- ↑ Пeтpyшeвcкий, c.158.
- ↑ Mиpxoнд, т.VI, c.294
- ↑ Пeтpyшeвcкий, c.159.
- ↑ Sara Aşurbəyli – Şirvanşahlar dövləti, Bakı, 2006, səh 356-359
- ↑ Mюнeджжим-бaши, c,171
- ↑ Дopн, c.578.
- ↑ ac-Caxaви, c.188
- ↑ З.M.Бyниятoв - Hoвыe мaтepиaлы, 3, c.63
- ↑ Caмapкaнди, c.234-236, 244
- ↑ Шapaф-xaн Бидлиcи - Шapaф-нaмe, т.II, c.101-102
- ↑ Tarixi Cənnabi, v.959b
Ədəbiyyat
redaktə- AMEA - Azərbaycan tarixi (yeddi cilddə), IV cild, Bakı, 2006
- Sara Aşurbəyli - Şirvanşahlar dövləti, Bakı, 2006