Iv Dovlet Geray - Wikipedia
IV Dövlət Gəray (1728 – 1780, Vize Kırklareli, Kırklareli ili) — XXXXIV Krım xanı.[1]
IV Dövlət Gəray | |
---|---|
mart 1769 – mart 1770 | |
Əvvəlki | Krım Gəray |
Sonrakı | II Qaplan Gəray |
1775 – yanvar 1777 | |
Əvvəlki | II Sahib Gəray |
Sonrakı | Şahin Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1728 |
Vəfat tarixi | 1780 |
Vəfat yeri | |
Fəaliyyəti | suveren[d] |
Atası | Arslan Gəray |
Ailəsi | Gəraylar |
Dini | sünni islam |
1728-ci ildə doğuldu. Krım xanı Arslan Gərayın oğludur. 1750-1756-cı illərdə Krım xanlığının tabeliyindəki Bucaq ordasına sərdarlıq etdi. Atasının cəmi üç ay davam edən son səltənətində kalqay ünvanı aldı (1767). Atasının ani ölümünün ardından taxta çıxması gözlənilsə də, davam edən siyasi çəkişmələr səbəbilə Krım taxtı əvvəlcə Maqsud Gəray, daha sonra isə əmisi Krım Gərayın əlinə keçdi.
Əmisinin davam edən Rusiya-Osmanlı müharibəsində həlak olmasının ardından, 1769-cu ilin martında cəbhədə ikən tələm-tələsik Krım xanlığına gətirildi. Hər iki səltənətində olduğu kimi, qardaşları Şahbaz Gərayı kalqay, Mübarək Gərayı isə nurəddin təyin etdi. Ancaq cəbhədə müharibə davam edirdi və Dövlət Gəraya dərhal yeni bir tatar ordusu toplamaq tapşırılmışdı. Bu məqsədlə dərhal Krıma yollanan Dövlət Gəray yerli bəylərdən dəstək ala bilmədi. Tamamilə rus tərəfdarı olan yerli bəylər Osmanlı cəbhəsində vuruşmaq üçün ordu toplamaqdan imtina etdilər. Beləcə, Dövlət Gəray dəstək toplaya bilməməsi bəhanə göstərilərək vəzifədən alındı (mart 1770).
1771-ci ilin iyununda rusların general Dolqorukovun idarəsində yarımadanı işğal etməsi, Osmanlı tərəfdarı III Səlim Gərayın məğlub olaraq İstanbula qaçması və II Sahib Gərayın rusların himayəsində müstəqil Krım xanı olaraq fəaliyyətə başlamasının ardından Osmanlı sultanı III Mustafa bölgədə Osmanlı dəstəyini qazana bilməsi üçün Dövlət Gərayı 1773-cü ildə orduyla Krıma göndərdi. Əsas vəzifəsi Sahib Gərayın general Dolqorukovla bağladığı Qarasuvbazar müqaviləsini (1 noyabr 1772-ci ildə bağlanan) ləğv etmək, işğal olunan qalaları azad etmək və bölgədə rusların nüfuzunu azaltmaq idi. Öncə Şimali Qafqaza, ardından Kerç qalasına irəliləyən Dövlət Gəray Feodosiya qalasını rus işğalından azad etdi. Ancaq 21 iyul 1774-cü ildə tərəflər arasında bağlanan Kiçik Qaynarca sülhüylə tərəflər müharibəni dayandırdı. Krım xanlığı Osmanlıların təbəəliyindən çıxdı və müstəqil xanlıq elan olundu.
Bu vəziyyətdə bölgədəki rus nüfuzuna qarşı apardığı mübarizəni gücləndirmək məqsədilə II Sahib Gəray 1775-ci ildə Dövlət Gərayın lehinə taxtdan çəkildi. Beləcə, ikinci dəfə Krım xanı olan Dövlət Gəray bağlanan sülh müqaviləsi səbəbilə Osmanlılardan dəstək ala bilmədi. Üstəlik, Osmanlılar bu dəfə şərq cəbhəsində Səfəvilərin davamçısı olduğunu iddia edən zəndlərlə mübarizə aparmaqda idi. Buna baxmayaraq Dövlət Gəray Sultan Əbdülhəmidə ünvanladığı məktublarla Osmanlıların hədəfini yenidən Krıma yönəltməyə cəhd edirdi. Digər yandan ruslar Osmanlı tərəfdarı olan Dövlət Gərayın yerinə, Avropasayağı yaşam tərzi və rus pərəstişkarlığı ilə bilinən Şahin Gərayı xanlığın başına gətirmək niyyətində idilər. Nəhayət, bu iki cəbhə arasındakı soyuq müharibə 1775-ci ildə üzə çıxdı. Rus ordusu 1775-ci ildə Perekop qalası istiqamətində Krıma qoşun yeritdi. Bölgədə Osmanlı və rus tərəfdarları arasında vətəndaş müharibəsi başladı. İlk başda Şahin Gəray məğlub olub geri çəkilsə də, II Yekaterinanın əmriylə yeni bir qoşunla təchiz olunan Şahin Gəray 21 noyabr 1776-cı ildə yenidən hücuma keçdi. Paytaxt Bağçasaray ələ keçirilərək yandırıldı və iğtişaşlar artdı. Şahin Gəray rusların himayəsi altında noqayların dəstəyilə 1777-ci ilin yanvarında özünü Krım xanı elan etdi.
Dövlət Gəray dəstək toplamaq məqsədilə 9 aprel 1777-ci ildə İstanbula qaçsa da, burada gözlədiyi dəstəyi ala bilmədi və Vize qəsəbəsindəki malikanəsinə çəkildi. 1780-ci ildə burada vəfat etdi. Cənazəsi Təkirdağda Ayas Paşa məscidinin həyətinə dəfn edilmişdir.
Mənbə
redaktə- Oleksa Gaivoronsky "Повелители двух материков", Kiev-Bakhchisarai, 2007, ISBN 978-966-96917-1-2
İstinadlar
redaktə- ↑ Henry Hoyle Howorth, History of the Mongols, 1880, part 2, p 479