Ii Qiyaseddin Keyxosrov - Wikipedia
II Qiyasəddin Keyxosrov (bilinmir və ya 1221 – 1246, Antalya) — 1237–1246-cı illər ərzində Anadolu Səlcuq Sultanlığı hökmdarı.
II Qiyasəddin Keyxosrov | |
---|---|
غياث الدين كيخسرو | |
1237 – 1246 | |
Əvvəlki | I Əlaəddin Keyqubad |
Sonrakı | III İzəddin Keykavus |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir və ya 1221 |
Vəfat tarixi | |
Vəfat yeri | Alanya |
Atası | I Əlaəddin Keyqubad |
Həyat yoldaşı | Gürcü Xatun |
Uşaqları | |
Ailəsi | Səlcuqlular |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1221-ci ildə anadan olmuşdur.[mənbə göstərin] Əlaəddin Keyqubadın oğludur. Anası Hunat Xatundur. Hələ 7 yaşında Ərzincan məliki təyin olunmuş və atabəyi Mübarizəddin Ərtoquşla birgə buraya göndərilmişdir. Vəzifəyə təyin olduğu ilk illərdə Trabzon ətrafını ələ keçirmişdir.[1] Keyxosrov hələ atası sağ ikən Gürcü şəhzadəsi Tamar ilə nişanlanmış,daha sonra 1238-ci ildə isə evlənmişdir. Bu evlilikdən II Əlaəddin Keyqubad dünyaya gəlmişdir. Tamar bütün Anadoluda Gürcü Xatun adı ilə tanınırdı.[2] O öz həyat yoldaşına olan məhəbbətini göstərmək üçün şah Tamarın adına pullar buraxdırmış, bu pulların bir üzündə şir (özü) digər üzündə isə günəş (Tamar) simvollarını rəsm etdirmişdir.
Hakimiyyətinin ilk illəri
redaktəƏlaəddin Keyqubad vəfatından əvvəl kiçik oğlu Qılınc Arslanı vəliəhd təyin etsə də, atasının ölümündən sonra Qiyassəddin Keyxosrov Sadəddin Köpək və bir qrup əmirə arxalanaraq hakimiyyəti öz əlinə almışdır. O taxta çıxanda 16 yaşında idi. Hakimiyyətə gələr-gəlməz gənc və tərcrübəsiz sultanın ilk addımı Sadəddin Köpəyi əmir əl-üməra vəzifəsini təyin etmək olmuşdur. Bəzi Xarəzm bəyləri Əlaəddin Keyqubadın vəsiyyətinin yerinə yetirilmədiyini səbəb gətirərək Keyxosrova qarşı çıxırlar. Sadəddin Köpək bu şəraitdən yararlanaraq, bir sıra dəyərli dövlət adamlarını aradan qaldırır və padişahdan öz maraqları üçün istifadə etməyə başlayır. Belə ki, Xarəzm əmirlərindən Qayır xanı öldürməsi nəticəsində Xarəzm əskərləri keçdikləri yerləri yağmalayaraq Urfa-Harran bölgəsini ələ keçirirlər. Lakin çox keçmir ki, onun taxt-taca iddiasının olduğu bilinir və 1238-ci ildə II Qiyasəddin Keyxosrov tərəfindən edam edilir.[3]
Daxili siyasəti
redaktəOnun hakimiyyəti illərində Anadolu Səlcuqlu sultanlığı sosial-iqtisadi baxımdan xeyli inkişaf etmiş, elmi və dini qurumlar yaradılmış, böyük memarlıq abidələri inşa edilmişdir. Buna baxmyaraq vəziri Sadəddin Köpəyin təsiri ilə təcrübəli dövlət adamlarını qətl etdirməsi və Kösedağ döyüşündə məğlubiyyəti ölkəni xeyli zəiflətmişdir. O dövlət idarəsində də bir sıra dəyişikliklər etdi. Mühəzzəbüddin Əlini vəzir, İsfahanlı Şəmsəddin Məhəmmədi naib, Vəliyəddini "Pərvanəlik", Məcduddin Məhəmmədi tərcüməçi və Cəlaləddin Qaratayı hökmdar ailəsinə məxsus torpaqlara nəzarətçi vəzifəsinə təyin etmişdir.[3]
Bu dövrdə Anadolu Səlcuqlu dövlətinin digər bir mühüm problemi də Monqol hücumlarından Türkiyəyə sığınıb Cənub-Şərq və Suriya sərhəd bölgəsində sıxlaşan və əksəriyyətlə Şamanist inanca sahib olan köçəri Türkmənlərin qaldırdıqları üsyanlar və talançılıqlaridi. Tarixdə Babailər üsyanı olaraq tanınan bu üsyanın təsirləri uzun illər Anadolu torpaqlarında qalmışdı. Üsyanın əsl səbəbi köçəri həyat tərzi yaşayan Türkmənlərin yerli əhaliyə uğunlaşa bilməməsi idi. Üsyan islamı həyat tərzini mənimsəməmiş II Qiyasəddin Keyxosrova qarşı "Allah yolundan ayrılıb , səfil bir həyat yaşadığı" bəhanəsiylə başlamışdı. Lakin 1240-cı ildə Keyxosrov üsyançılar məğlub və darmadağın etdi. Buna baxmayaraq üsyan mərkəzi hakimiyyəti zəiflətməyə müvəffəq oldu.
Xarici siyasəti
redaktəQiyasəddin Keyxosrov o cümlədən nikah diplomatiyasına əl ataraq Hələb Eyyubi hökmdarının qızı ilə evlənmiş, öz bacısını isə onunla evləndirmişdir. Çox keçmədən Əyyubilər və Artuqları da özündən asılı vəziyyətə salmışdır. 1241-ci ildə ordusunu Kayseridə toplayan Keyxosrov, Dəməşq Eyyubi hökmdarı ilə güclərini birləşdirərək Silvan Əyyubi hökmdarının üzərinə yürüş etdi. Silvan Əyyubi hökmdarı da Germiyan Türkmənləri və Xarəzmlərlə müttəfiq olmuşdu. Lakin baş verə biləcək müharibənin qarşısı Abbasi xəlifəsi tərəfindən alındı. Silvan Əyyubi hökmdarı ilə Anadolu Səlcuqlu dövlətinin vassallığını qəbul etməsi şərtilə sülh bağlandı.
1242-ci ildə Anadolu Səlcuqlu dövləti Monqolların hücumuna məruz qalır. Həmin il Ərzurum şəhəri monqollar tərəfindən tutulur. Sultan Keyxosrov 80 minlik ordusu ilə Sivas-Kösedağ mövqeyində dayanır. Təcrübəli əmirlər müdafiə vəziyyətini alıb gözləməyi məsləhə bilsələr də, sultan onları dinləmir və ordunun 20 min nəfərlik hissəsi Baycu Noyanın rəhbərliyi alıntda olan monqol ordusu üzərinə hücuma keçir. Lakin səlcuqlu ordusu monqollar tərəfindən darmadağın edilir. Sultan döyüş meydanından Qərbi Anadoluya qaçır. Kayserini ələ keçirən monqollar şəhəri talan edir. Kösedağ məğlubiyyəti Anadolu Səlcuqlu dövlətinə böyük zərbə vurur. Vəzir Mühəzəbüddin Əli Anadolunun bütünilə işğalı təhlükəsinə qarşı Azərbaycana səfər edir və buradakı Monqol komandiri Noyan ilə sülh imzalayır. Sülhdən xəbər tutan sultan Konya şəhərinə qayıdır.[3]
İstinadlar
redaktə- ↑ "II Qiyasəddin Keyxosrov" (PDF). 2016-02-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-10-04.
- ↑ "Gürcü Hatun". 2016-02-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-24.
- ↑ 1 2 3 Osman Nuri, Küçük. Mevlana ve Hünkar. nefes yayıncılık. 2016.