Hinterkayfek Cinayeti - Wikipedia
Hinterkayfek cinayəti (alm. Hinterkaifeck) – Almaniyanın Bavariya əyalətinin İnqolştadt və Şkorbenhauzen şəhərləri arasında yerləşən Qruber ailəsinə məxsus fermada gerçəkləşdirilmiş cinayət hadisəsi. Hinterkayfek ferması Münhen şəhərinin şimalında, təxminən 70 km məsafədə yerləşir. Cinayət 1922-ci ilin 31 mart axşamı mülk sahibi Qruberlər evdə olarkən baş vermiş və ailənin altı üzvü balta ilə qətlə yetirilmişdir. Bu günə qədər hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Hadisə nəticəsində ferma sahibi 63 yaşlı Andres Qruber və onun 72 yaşlı həyat yoldaşı Kazilla; dul qızları 35 yaşlı Viktoriya Qabriel; Viktoriyanın övladları, 7 yaşlı Kazilla, 2 yaşlı Yozef və ailənin xidmətçisi 44 yaşlı Maria Baumqartner öldürülmüşdür. Hadisəyə qədər Bavariya əyalətində Hinterkayfek yer mövcud olmamışdır. Kayfek adı isə fermadan bir kilometr məsafədə yerləşən kənddən götürülmüşdür.
Hinterkayfek cinayəti | |
---|---|
Hücum yeri |
Vaidhofen, Bavariya |
Hücum hədəfi | Qruber ailəsi |
Vaxt |
31 mart 1922 |
Hücum üsulu | balta |
Həlak olanlar | 6 nəfər |
Təşkilatçılar | məlum deyil |
Vikianbarda əlaqəli mediafayllar |
Cinayət
redaktəCinayətdən bir neçə gün öncə ferma sahibi Andres Qruber qar üzərində meşə tərəfindən evinə doğru gələn ayaq izlərinin olduğunu qonşularına bildirmişdi. Fermerin aşkarladığı izlər geri qayıtmamışdı. Qonşuların dediklərinə görə Qruber onlara hadisədən əvvəl evinin damından tam anlaşılmayan səslərin gəldiyini və fermanın yaxınlığındakı ərazidən qəzet tapdığını demişdi. Cinayət öncəsi baş vermiş hadisələrdən biri də fermanın açarlarının itməsi ilə bağlıdır. Ailə açarların itməsinə görə polisə müraciət etmir. Altı ay əvvəl ailənin işə götürdüyü xidmətçi qadın evin lənətlənmiş olduğunu əsas gətirərək işdən çıxır. Yeni xidmətçi və hadisə gecəsi öldürülən Maria Baumqartner isə işə başladığı ilk gün (cinayət gecəsi) öldürülür.
Hadisənin 31 mart cümə günü baş verməsi də tam dəqiqləşdirlə bilməmişdir. İlk öncə yaşlı cütlüyün, daha sonra ailənin dul qızı və övladlarının öldürüldüyü ehtimal edilir. Öldürülən insanların cəsədləri evin arxasında yerləşən anbara yığılmışdır. Cinayətkarın yatan 2 yaşlı Yozefi öldürdüyü, sonra xidmətçinin otağına istiqamətləndiyi ehtimal edilir.
Ferma sakinlərinin ərazidə görünməməsindən şübhələnən qonşular ailəni axtarmağa başlayır. Poçtalyon şənbə günü məktub gətirərkən poçt qutusunda ötən şənbədən qalan məktubun götürülmədiyini görür. Qonşuların ailənin başına bir hadisənin gəlməsindən narahat olmasının bir digər səbəbi isə 7 yaşlı Kazillanın bir neçə gün məktəbə gəlməməsi olmuşdur.
Araşdırma
redaktəMüfəttiş Corc Reynqruber və Münhen Polis Departamentindən olan həmkarı hadisədən sonrakı bir il ərzində 100-dən çox şübhəli şəxsi dindirməsinə baxmayaraq heç nə əldə olunmamışdır. Cinayətlə bağlı sonuncu şübhəlidən ifadə 1986-cı ildə alınmışdır. 2007-ci ildə Polis Akademiyasından (alm. Polizeifachhochschule) olan bir qrup tələbə cinayəti yenidən araşdırmağa başlasa da, hadisənin üzərindən uzun müddət keçməsi, dəlillərin azlığı və hadisə şahidlərinin hər birinin öldürülməsi kimi faktlar səbəbindən araşdırmanı qısa zamanda yekunlaşdırmalı olmuşdular.
Tələbələr apardıqları araşdırmalarda öz fərziyyələrində ən çox şübhələndikləri şəxsi müəyyənləşdirdiklərini desələr də, öldürülmüş şəxslərin sağ qalan qohumlarına mənəvi zərbə vurmamaq naminə ad açıqlamaqdan imtina etmişdilər.[1]
Polis cinayətin tamah məqsədli törədildiyini ehtimal edirdi və bu məqsədlə fermanın yaxınlığındakı yoldan müntəzəm istifadə edən çoxlu sayda yerli və gəlmə sakinlərin ifadəsini almışdı. Əsas iddialardan biri evdə külli miqdarda pulun olması ilə bağlı idi. İddianı yalanlayan faktlardan biri cinayətin baş verdiyi təxmin edilən gecədən sonra evdə yaşam hərəkətlərinin müşahidə edilməsidir. Belə ki, qonşular 31 mart gecəsindən sonra buxarıdan çıxan tüstünü gördüklərini bildirmişdilər.
Bundan əlavə fermanın arxa tərəfində saxlanılan heyvanlar yemlənmiş və cinayətdən sonra mətbəxdə yemək yeyilmişdi. Araşdırmalarda mətbəxdə yeməyin cinayətlərdən sonra bir necə dəfə yeyildiyi müəyyənləşdirilir. Bununla da polis cinayətin pul məsələsi ilə bağlı törədilə biləcəyi ehtimalını istisna edir. Ətraf ərazilərdə mülklərə pul və qiymətli əşyalar üçün girən oğrular qısa zamanda oradan uzaqlaşmağa çalışırdılar.
Qruberlər ailəsinin dul qızları Viktoriyanın əri Birinci Dünya Müharibəsi zamanı Fransa cəbhəsində həlak olmuşdur. Hadisənin maraqlı tərəflərindən biri isə dul qadının ərinin cəsədi heç bir zaman tapılmamışdır. Döyüşçü yoldaşları əsgərin öldüyünü gördüklərini bildirmiş və onun ölümü bu şəkildə təsdiqlənmişdi. Cinayətdən sonra Con Omiller tərəfindən aparılan ekspertiza nəticəsində ailə üzvlərinin balta ilə öldürüldüyü, azyaşlı Kazillanın balta zərbəsindən sonra bir neçə saat yaşadığı müəyyənləşdirilir.[2] Uzun illər ərzində aparılan araşdırmalar cinayətin və cinayətkarın aydınlaşdırılmasına köməklik etmir və zamanla hadisə arxivləşdirilir. Cinayətin qurbanları olan Qruberlər ailəsinin cəsədləri yandırılaraq Veydhofendə bir məzarda basdırıldı. Hadisədən bir il sonra 1923-cü ildə ferma dağıdılır və bu gün fermanın olduğu ərazidə xatirə türbəsi yerləşməkdədir.
İstinadlar
redaktə- ↑ "Projektabschlussbericht zum Thema: Hinterkaifeck Ein Mordfall und kein Ende" (alman). Fachhochschule für öffentliche Verwaltung und Rechtspflege in Bayern. səh. 172f. 20 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 October 2013.
- ↑ Leuschner, Peter (1997): Hinterkaifeck. Spuren eines mysteriösen Verbrechens. p. 76 ff.
Xarici keçidlər
redaktə- Hinterkaifeck.net – zum Thema Hinterkaifeck mit Fotos und gesammelten Informationen
- Das Geheimnis des Hagelstadter Sterbebildchens, In: Mittelbayerische Zeitung (MZ) vom 9. Mai 2006 Arxivləşdirilib 2009-11-23 at the Wayback Machine (PDF; 46 kB)
- Christoph Bachmann: Hinterkaifeck In: Historisches Lexikon Bayerns (22. August 2012)
- Dossier mit Artikeln zu Tathergang, Verdächtigen, Ungereimtheiten und Rezeption auf donaukurier.de
- Foto der Reuthaue (Tatwerkzeug)
- Gemälde einer Pfingstprozession (mit Hinterkaifeck im Hintergrund)