Hidrometeorologiya - Wikipedia
Hidrometeorologiya – həm meteoroloji, həm də hidroloji rejimlə (buxarlanma, yağıntılar, qar örtüyü və s.) əlaqədar prosesləri öyrənən elm sahəsi.
Hidrometeoroloji xidmət
redaktəHidrometeoroloji xidmət xalq təsərrüfatını müxtəlif növ meteoroloji, hidroloji və aqrometeoroloji məlumatlarla (hava, dəniz, çay, göl və bataqlıqların vəziyyəti, qısa və uzunmüddətli proqnoz) təmin edən dövlət təşkilatıdır. Bu məqsədlə hidrometeoroloji xidmət atmosfer, quru və dəniz sularının vəziyyətinə nəzarət edən hidrometeoroloji stansiyalar və postlar, 30–40 km hündürlüyə qədər havanın temperaturu və rütubətliyini, küləyin sürətini və s. ölçən aeroloji stansiyalar, atmosferin yuxarı təbəqələrini raket-zondlarla tədqiq edən stansiyalar şəbəkəsi yaradılmışdır.[1]
Hidrometeoroloji stansiya
redaktəHidrometeoroloji stansiya havanın vəziyyəti, okean, dəniz, çay, göl və bataqlıqların rejimini öyrənmək məqsədilə meteoroloji və hidroloji müşahidələr aparan müəssisədir. Gördüyü işlərin növündən asılı olaraq hidrometeoroloji stansiyalar materik, dəniz, çay, göl və bataqlıq stansiyalarına ayrılır. Müşahidələr vahid proqram üzrə təyin olunmuş vaxtlarda aparılır. Bütün iri şəhərlərdə, aeroportlarda, ucqar və gediş-gəliş çətin olan rayonlarda hidrometeoroloji stansiyalar mövcuddur.[1]