Harri Martinson - Wikipedia
Harri Edmund Martinson (isv. Harry Edmund Martinson; 6 may 1904[1][2][…] və ya 1904[3], Jamshoq[d][5] – 11 fevral 1978[1][2][…], Stokholm[6])) — İsveç yazıçısı, şairi, Ədəbiyyat üzrə Novel mükafatı laureatı (1974; Eyvind Yunson ilə birlikdə).
Harri Martinson | |
---|---|
isv. Harry Martinson | |
Doğum adı | Harry Edmund Martinson |
Doğum tarixi | 6 may 1904[1][2][…] və ya 1904[3] |
Doğum yeri | |
Vəfat tarixi | 11 fevral 1978[1][2][…] |
Vəfat yeri | |
Vəfat səbəbi | qanitirmə[d] |
Fəaliyyəti | yazıçı, şair, romançı, fantastika yazıçısı[d] |
Fəaliyyət illəri | 1927-ci ildən |
Əsərlərinin dili | isveç dili |
Üzvlüyü |
|
harrymartinson.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİsveç yazıçısı, şair və jurnalist Harri Edmund Martinson uzaq səfərlər kapitanının oğlu idi. İveçin cənubunda doğulmuşdu. Altı yaşında atasını itirmişdi. İi il sonra anası onu və altı bacısını ataraq Amerikaya köçmüşdü. Uşaqlar isə ən imkansız, bərbad vəziyyətdə olan yetimxanalarda böyümüşdülər. Təbii ki, belə bir vəziyyətdə hər hansı ardıcıl təhsildən söhbət gedə bilməzdi.
Şəraitin dözülməzliyi Harrini saxlandığı uşaq evlərindən ara-sıra qaçmağa məcbur etmişdi. Müstəqil həyata erkən yaşlarından başlamışdı. Göteborq limanındakı gəmilərdən birinə yunqa kimi işə düzəlmiş, 1920-1927-ci illərdə matros və ocaqçı olmuşdu. Çinin, Hindistanın, Cənubi Amerikanın müxtəlif limanlarında xidmət etdiyi gəmilərdən dəfələrlə qaçmış, təsadüfi və mövsümi işlərdə çalışmış, sərgərdan həyat keçirmişdi. Sonradan çətinliklə müalicə olunduğu vərəm xəstəliyinə də bu ağır dövrdə tutulmuşdu.
Hər şeyi dəyişmək qərarına gələn Harri Martinson 1929-cu ildə özündən 14 yaş böyük yazıçı qadın Mao Şvartsla (əsl ad və soyadı Helda Yuxansson idi, bir sıra əsərlərini Mao Martinson təxəllüsü ilə çap etdirmişdi) evlənmişdi. Eyni ildə "Xəyal-gəmi" şeirlər kitabını çap etdirmişdi. Tənqid bu şeirlərdə müəllifin özündən daha çox Artur Lundkvist, Redyard Kiplinq, Uolt Uitmen, Karl Sendberq kimi tanınmış sənətkarların təsirini görmüşdü.
"Köçəri" (1931) kitabında şairin daha yetkin lirik əsərləri toplanmışdı. Modernist ədəbiyyatın təsiri altında yazılmış bu sərbəst, qafiyəsiz şeirlər dilinin və sintaksisin qeyri-ənənəviliyi baxımından müəyyən mübahisələr doğursa da, onlardakı obrazların yeniliyi və təravətliliyi heç kəsi laqeyd buraxmamışdı. Həm "Köçərilər", həm də ardınca çap olunan "Müasir lirika" (1931), "Təbiət" (1934) kitabları Harri Martinsonu dəbdə olan primitivizm ədəbi cərəyanının nümayəndələri sırasına daxil etməyə imkan vermirdi. Bu şeirlərdə əksər hallarda təbiətlə cəmiyyət üzbəüz qoyulur, birincinin təbiiliyi və harmoniyası fonunda ikincinin qüsurları göstərilirdi. Əhlikef və sərgərdan gəncin əsas qəhrəman kimi təsvir olunduğu "Məqsədsiz səyahət" (1933), "Vida yeri" (1933) avtobioqrafik səfər qeydlərinin ardınca Martinson "Gicitkan çiçəkləyəndə" (1935) və "Həyat yolu" (1936) romanlarını çap etdirmişdi. Bu romanlarda müəllifin fərəhsiz uşaqlıq və ilk gənclik illərinin təsirli lövhələri canlandırılmışdı. "Gicitkan çiçəkləyəndə" romanı xüsusi ilə böyük populyarlıq qazanmış və 30-dan çox dilə tərcümə edilmişdi. Artıq bu dövrdə Harri Martinsonu İsveç fəhlə ədəbiyyatının görkəmli nümayəndələrindən biri sayırdılar. O, özü kimi "proletar yazıçısı" olan xanımı ilə birlikdə 1934-cü ildə SSRİ-yə gəlmiş, Sovet yazıçılarının I qurultayında iştirak etmişdi. Lakin bir sıra Avropa yazıçılarından fərqli olaraq, Martinson qətiyyən SSRİ heyranına çevrilməmişdi. Əksinə, 1939-cu ildə sovet-Finlandiya müharibəsi başlayanda ruslarla vuruşmaq üçün İsveç könüllüləri korpusuna yazılmışdı. Ancaq səhhəti ilə bağlı problemlər yarandığından hərbi əməliyyatlarda iştirak edə bilməmişdi. Əvəzində dəfələrlə əsgərlər qarşısında çıxış edərək onları ruhlandırmışdı.
Hamı üçün fəlakət dövrü olan müharibə illərində Martinson da ciddi ailə və yaradıcılıq böhranı keçirmişdi. O, özü qədər tanınmış yazıçı olan ilk arvadı Mao Şvartsdan boşanmışdı. Bir neçə il ərzində yeni heç bir əsər yarada bilməmişdi. Müharibədən sonra onun "Passat" (1945) şeirlər məcmuəsi, "Klokrikə gedən yol" (1948) romanı və "Aniara". İnsan, zaman və məkan haqqında" (1956) epik poeması nəşr olunmuşdu. Müəllif xalq nağılı üslubunda yazılmış yeni romanında bütün İsveçi gəzib-dolaşan evsiz-eşiksiz, sərgərdan Bollenin və onun şəxsində isveçlilərin surətini yaratmağa çalışmışdı. Məhz bu əsərə görə 1949-cu ildə, hətta orta təhsili də olmayan Martinson İsveç Akademiyasının üzvü seçilmişdi.
103 nəğmədən ibarət "Aniara" fəlsəfi poemasında isə Martinson müasir Nuh gəmisində — atom fəlakətindən sonra səkkiz min yer sakininin sığınacaq tapdığı kosmik stansiyada yaşanan həyatı və insan münasibətlərini təsvir etmişdi. Bu poemada müəllif həm də mənəvi dəyərlərdən məhrum olan, yalnız texnikaya tapınan insanlığın necə bir aqibətlə üzləşdiyini göstərməyə çalışmışdı. Əsəri dahiyanə sayanlar da, onun çox iddialı və xaotik olduğunu söyləyənlər də tapılmışdı. Texnika əsri ilə təbiət harmoniyası arasındakı ziddiyyətlər, insanın üzləşdiyi tənhalıq və yadlaşma problemi müəllifin 60-cı illərdə qələmə aldığı bir sıra poeziya nümunələrinin və nəsr əsərlərinin əsas mövzusu idi. Bu dövrdə Martinson ümumən maraqla qarşılanan bir neçə pyes də yazmışdı.
1974-cü ildə Harri Martinson həmvətəni Eyvind Yohnsonla birlikdə Nobel mükafatı laureatı oldu. Bundan əvvəl o, Beynəlxalq Henrik Steffens mükafatı (1972) almışdı. Martinson Nobel laureatı adına "şeh damlasından tutmuş kosmosa qədər hər şeyin əks olunduğu yaradıcılığına görə" layiq görülmüşdü. Sonuncu dəfə ədəbiyyat sahəsində Nobel mükafatının isveçli yazıçıya 1951-ci ildə (Per Lagerkvist) verilməsinə baxmayaraq, İsveç Akademiyasını tərəfkeşlikdə, üzvlərini (hər iki laureat Akademiyanın üzvü idi) qabağa çəkməkdə təqsirləndirənlər tapılmışdı. Bu səslər mükafatın vətənində –İsveçdə daha ucadan eşidilmişdi. Ünvanına deyilən tənqidlər həssas təbiətli Martinsonun psixikasında sarsıntılar yaratmışdı. O, 1978-ci ilin fevralında müalicə olunduğu Stokholmun Karolinska İnstitutunda intihar edərək həyatına son qoymuşdu. Harri Martinson intihara əl atan üçüncü Nobel mükafatı laureatı idi.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Harry E Martinson (швед.). 1917.
- ↑ 1 2 Martinsons, Harry // Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 www.svenskaakademien.se (швед.).
- ↑ 1 2 Jämshögs kyrkoarkiv, Födelse- och dopböcker. Huvudserien, SE/LLA/13196/C I/10 (1895-1912), bildid: 00104804_00221, sida 222.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118865854 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
Mənbə
redaktə- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.