Hacibeyli Qardaslarinin Opera Operetta Artistleri Destesi - Wikipedia
Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi — Azərbaycanda fəaliyyət göstərmiş müstəqil artistlər truppası. Truppaya Üzeyir Hacıbəyli və Zülfüqar Hacıbəyov rəhbərlik ediblər.
Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi | |
---|---|
| |
Növü | Teatr truppası |
Yaranma tarixi | 1916 |
Ləğvolma tarixi | 1920 |
Mərkəzi | Bakı |
Sədr | Üzeyir Hacıbəyli, Zülfüqar Hacıbəyov |
Üzvləri | Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Müslüm Maqomayev |
Yaradılması
redaktə1914-cü ildə "Nicat" cəmiyyəti ilə Üzeyir Hacıbəyli arasında "Leyli və Məcnun" operasına sahiblik barədə yaranmış münaqişədən sonra Hacıbəyli qardaşları müdiriyyəti yaradılıb[1]. 1916-cı il avqustun 31-dən isə Üzeyir və Zülfüqar "Hacıbəyli qardaşlarının opera-opererta artistləri dəstəsi" təşkil edilib[2][3]. Dəstəyə Üzeyir Hacıbəyli rəhbərlik edib. "Açıq söz" qəzetində bu barədə bunlar yazılıb :
"Üzeyir bəy Hacıbəyli
tərəfindən öz təhti-idarəsində olmaq üzrə "Hacıbəyli qardaşlarının opera-operetta dəstəsi" adında bir truppa təşkil edilibdir. Məşhur artistlərimizin hamısı həmin dəstəyə daxildir. Dram artistlərindən Abbas Mirzə Şərifzadə dəxi Üzeyir bəy tərəfindən cəlb edilib, rejissorluq cəhəti ona tapşırılıbdır..." ("Açıq söz", 1916, 31 avqust)
|
Fəaliyyəti
redaktəTruppa yalnız Bakıda yox, həm də Qafqaz, Volqaboyu və Orta Asiyanın bir çox şəhərlərinə qastrol səfərlərinə gedib tamaşaları səhnələşdirirdi. Truppanın repertuarında əsasən Hacıbəyli qardaşlarının opera və operettaları, "Leyli və Məcnun", "Əsli və Kərəm", "Aşıq Qərib", "Ər və Arvad", "Evliykən subay", "Arşın mal alan", "O olmasın, bu olsun" və digər musiqili komediyalar əsas yer tutub[4].
Truppa 1917-ci ilin aprelində Tiflisdə qastrolda olub. Burada "Arşın mal alan", "O olmasın, bu olsun", "Şah İsmayıl", "Aşıq Qərib" tamaşalarını səhnələşdiriblər. Göstərilən tamaşalara rejissorluğu Abbas Mirzə Şərifzadə, dirijorluğu isə Üzeyir Hacıbəyli edib[5].
1918-ci ilin Mart soyqırımından sonra Hacıbəyli qardaşlarının opera-operetta truppası Bakıdakı fəaliyyətini dondurub[6]. 1918-ci il sentyabrın 15-də Bakı azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Bakıya köçür. Bundan sonra Maarif Nazirliyinin 1918-ci il oktyabrın 18-də verdiyi qərarla Mayılov qardaşları teatrının binasında Azərbaycan Dövlət Teatrı yaradıldı[7]. Həmin ilin oktyabrında Zülfüqar və Üzeyir Hacıbəyli qardaşları Bakıya qayıdaraq Bakıda olan artistlərdən bir dəstə təşkil etmək üçün ayrı-ayrı sənətkarlarla danışıqlara başlayıblar[8].
"Azərbaycan" qəzetinin 1918-ci il 21 oktyabr tarixli nömrəsində Hacıbəyli qardaşlarının təşəbbüsü ilə Bakıda, səhnə fəaliyyətlərinin istiqamətindən asılı olmayaraq, bütün dram, opera və operetta artistlərinin daxil olduğu bir truppa yaratdığı bildirilirdi. Bu truppaya 26 nəfərdən yuxarı görkəmli səhnə xadimi daxil olmuşdu. Hacıbəyli qardaşlarının yaratdığı truppanın tamaşaları əsasən Bakıda Dövlət Teatrının binasında keçirilirdi. Daha sonra isə Hacıbəyli qardaşlarının teatr truppasının Şuşa filialı yaradılıb[9].
Azərbaycan Xalq Cümhuriyyəti dövründə xeyriyyə məqsədli tamaşaların göstərilməsi geniş yayılmışdı. 1918-ci il oktyabrın 26-da Şəmsəddin Saminin "Gaveyi-ahəngər" dəstə tərəfindən təşkil edilmiş tamaşadan toplanmış 22.292 rubl pul, şəhid ailələrinə dəstək üçün Azərbaycan Cümhuriyyəti Ordusuna verilib[10]. Daha sonra 1919-cu il martın 4-də öldürülən aktyor Hüseyn Ərəblinskinin qəbir daşının düzəldilməsi və anasına maddi yardımın edilməsi üçün Hacıbəyli qardaşları "Nadir şah" faciəsini səhnəyə qoyublar[11].
1919-cu ildə Hacıbəyli qardaşlarının truppası Türkiyəyə İstanbul şəhərinə qastrol səfəri edib. Bu qastrol səfəri o qədər uğurlu olur ki onlar İstanbulda yerləşən Şərq teatrını bir neçə aylıq icarəyə götürürlər[12]. İstanbulda növbəti "Arşın mal alan" tamaşasının nümayişindən sonra truppanın aktyorlarına fransız kino şirkəti "Pate"-nin nümayəndəsi yaxınlaşır. O, Azərbaycan aktyorlarını “Arşın mal alan” tamaşası ilə Parisə dəvət edib. Və bir aylıq qastrolun sonunda tamaşanın əsasında film çəkilməsini təklif edib. Aktyorlar Bakıya qayıtdıqdan sonra Üzeyir Hacıbəyovun razılığını alırlar. Filmin çəkilməsi ilə bağlı Azərbaycan Cümhuriyyətinin hökuməti də razılıq verir. Lakin sonradan baş vermiş Aprel işğalı nəticəsində truppanın Parisə səfəri və filmin çəkilməsi mümkün olmur[13].
Azərbaycan Cümhuriyyəti süqut edən kimi 1920-ci il aprelin 28-də təcili iclas çağırılmış və neçə illər uğurla fəaliyyət göstərən truppa müdiriyyətinin, "mövqeyi etibarini itirdiyi" üçün ləğv edilərək, əvəzinə "Türk aktyorları ittifaqı" yaradılıb[14]. Məmmədəli Sidqi isə İttifaq adından müvəkkil təyin edilib[15].
İstinadlar
redaktə- ↑ Üzeyir Hacıbəyov ensiklopediyası. Bakı: Şərq-Qərb nəşriyyatı. 2007. səh. 80. ISBN 978-9952-34-075-4. 2023-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-27.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). I. Bakı: Lider nəşriyyat. 2004. səh. 438. ISBN 9952-417-14-2. 2022-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-27.
- ↑ Sarabski, Hüseynqulu. Köhnə Bakı (az.). Bakı: Qanun nəşriyyatı. 2019. 64.
- ↑ "Milli Azərbaycan Tarixi Muzeyində "Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi"nin fotoneqativi saxlanılır" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2020-04-18. 2023-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-27.
- ↑ Adilxan Bayramov. "Abbasmirzə Şərifzadə Tiflisdə" (az.). medeniyyet.az. 2012-10-19. 2023-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-27.
- ↑ "Tarixi Muzeyində "Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi"nin fotoneqativi saxlanılır" (az.). kulis.az. 2020-04-18. 2023-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-27.
- ↑ Bakının teatr həyatı kataloq (PDF). Bakı: Ziya nəşriyyatı. 2013. səh. 7. ISBN 978-9952-8024-2-9. 2023-03-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-27.
- ↑ Əsgər Quliyev. "Üzeyir bəy Hacıbəyli böyük maarifçi-pedaqoq və ziyalı kimi" (az.). 525-ci qəzet. 2015-07-11. 2023-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-27.
- ↑ Азербайджанская Демократическая Республика (1918 - 1920) (PDF). Bakı: Elm. 1998. səh. 69. ISBN 5-8066-0897-2. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2023-01-17.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). I. Bakı: Lider nəşriyyat. 2004. səh. 434. ISBN 9952-417-14-2. 2022-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-27.
- ↑ Азербайджанская Демократическая Республика (1918 - 1920) (PDF). Bakı: Elm. 1998. səh. 70. ISBN 5-8066-0897-2. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2023-01-17.
- ↑ S.Əliyeva. "Всемирное признание "Аршин мал алан"" (rus). Zerkalo . 2011-04-29. 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-17.
- ↑ "Театральная антреприза "Дирекция братьев З. и У. Гаджибековых" (Баку)" (rus). ourbaku.com. 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-17.
- ↑ "Театральная труппа артистов оперы и оперетты братьев Гаджибековых" (rus). Электронная энциклопедия "Узеир Гаджибеков". 2023-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-17.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). I. Bakı: Lider nəşriyyat. 2004. səh. 439. ISBN 9952-417-14-2. 2022-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-27.