Hezre Turbeler Kompleksi - Wikipedia
Həzrə türbələr kompleksi – Qəbələ rayonunun Həzrə kəndində yerləşən XV–XVI əsrlərdə inşa edilmiş tarix-memarlıq abidələri kompleksidir.[1] Kompleksə daha əvvəl yeddi türbə daxil olsa da, onlardan dördü dövrümüzə çatmışdır.
Həzrə türbələr kompleksi | |
---|---|
40°54′46″ şm. e. 47°57′42″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Qəbələ |
Yerləşir | Həzrə kəndi |
Tikilmə tarixi | XV əsr |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
İstinad nöm. | 291, 292, 293, 294 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Abidələr kompleksi Həzrə kəndi ərazisindəki meşə içərisində yerləşməklə 3.5 hektara yaxın sahəyə malik orta əsr qəbristanlığının mərkəzində inşa edilmişdir. Dövrümüzə çatmış dörd türbə Şeyx Bahəddin, Şeyx Mənsur, Şeyx Məhəmməd və Şeyx Baniyə aiddir. Türbələrdən ikisinin kitabəsində onların I Təhmasibin hakimiyyəti dövründə inşa edildiyi göstərilir.
Kompleksə daxil olan türbələr bir-birindən giriş hissələrinin çərçivələri, karnizlərinin variasiyaları və daxili həcminin həlli ilə fərqlənirlər.
Tarixi
redaktəKompleksə daha əvvəl yeddi türbə[2] daxil olsa da, onlardan dördü dövrümüzə çatmışdır. Dövrümüzə çatmış dörd türbədən ikisi qəzalı vəziyyətdədir.[3]
Ümumi təsvir
redaktəAbidələr kompleksi Həzrə kəndi ərazisindəki meşə içərisində yerləşməklə 3.5 hektara yaxın sahəyə malik orta əsr qəbristanlığının mərkəzində inşa edilmişdir.
Türbələr hamısı Şirvan-Abşeron memarlıq məktəbi ənənələrinə uyğun şəkildə inşa edilmişdir. Türbələrin portallarında və sənduqələrin üzərində nəfis işlənmiş kitabələr həkk olunmuşdur. Dövrümüzə çatmış dörd türbə Şeyx Bahəddin, Şeyx Mənsur, Şeyx Məhəmməd və Şeyx Baniyə aiddir. Türbələrdən ikisinin kitabəsində onların I Təhmasibin hakimiyyəti dövründə inşa edildiyi göstərilir.
Kompleksə daxil olan türbələr bir-birindən giriş hissələrinin çərçivələri, karnizlərinin variasiyaları və daxili həcminin həlli ilə fərqlənirlər.[3]
Qəbristanlıq ərazisindəki sənduqələr də diqqəti cəlb edir. Həkkak və xəttatlar ərəb əlifbasının xüsusiyyətlərindən istifadə edərək sənduqə və başdaşlarına vurduqları naxışlarla yanaşı abidələrin bəzəyində haşiyə, qaytan və cürbəcür xalçalar şəklində kitabə motivləri də işlətmişlər.
Türbələr
redaktəŞeyx Bədrəddin türbəsi
redaktəTürbənin üzərində iki kitabə vardır. Birinci kitabədə yazılmışdır ki, türbə Şeyx-Rəbbani Şeyx Bədrəddin Şeyx Şəmsəddin oğlunundur və şeyx hicri 850-ci, (miladi 1446–1447[4]) ildə vəfat etmişdir.
Şeyx Bədrəddin türbəsinin planı daxildən və xaricdən səkkizguşəlidir. Baştağda iki sətirdən ibarət, ərəb dilin nəsx xəttilə yazılmış birinci kitabənin mətni belədir: "Bu müqəddəs türbə Allah adamı şeyx, Şeyx Bədrəddin ibn Şeyx Şəmsəddinindir. Hər ikisinin torpağı pak olsun. Düşənbə günündə zilqədənin on üçündə səkkiz yüz əllinci ildə (ikinci gün, 30, 1. 1447) vəfat etmişdir. Bunu Şeyx Sultan yazmışdır".[5]
Şeyx Məhəmməd türbəsi
redaktəŞeyx Məhəmməd türbəsində aparılan bərpa işləri zamanı onun inşaat kitabəsi tapılıb və yenidən divara hörülüb. İki sətirdə iki parça daşda süls elementli nəsx xəttilə yazılmış kitabənin məzmunu belədir. "Bu şərəfli imarət münəvvər şeyx, Şeyx Məhəmməd ibn Şeyx Barikin işıqlı qəbri üzərində sultan oğlu sultan, Əbulmüzəffər Şah Təhmasibin hökmranlığı zamanı tikildi. 970 (1562/1563-cü il)"[5]
Şeyx Mənsur türbəsi
redaktəHəzrə kəndində Şeyx Mənsur türbəsi daxildən dördbucaqlı, xaricdən isə səkkizguşəlidir. Üzəri səkkizguşəli-çadırvarı örtüyə malikdir. Üç sətirlik ərəbcə süls xəttilə yazılmış kitabəsi çatmatağlı qapı yerinin üzərində qoyulub. Kitabədsində yazılıb:
Hesab etmə ki, Allah yolunda ölənlər ölüdür (Qurani-Kərim). Onlar öz Allahlarından pay alırlar. Ən böyük xaqan, əzəmətli sultan Şeyx İbrahimin- Yüksək Allah onun hökmranlığını əbədiləşdirsin- hakimiyyəti zamanında. Mərhəmətli Həzrəti şeyx, Şeyx Mənsurun məqbərəsidir. Allah onun qəbrini işıqlandırsın.[5] |
Məhz bu kitabəyə əsasən, kəndin Şeyx Mənsurla əlaqədar XIII əsrdən qeyd olunan adla tanınması müəyyən edilib.[5]
Şeyx Bani türbəsi
redaktəErkən tədqiqat dövründə türbənin inşa edilmə tarixi bəlli deyildi və dağılmış vəziyyətdə olmasına görə o, çox diqqət cəlb etmirdi. Sonradan türbənin kitabəsinin oxunması onun dəqiq inşa tarixini müəyyənləşdirməyə kömək etmişdir.[6]
Türbənin girişinin sol tərəfində yerləşdirilmiş kitabədə memarın adı yazılıb: "Ustad Şamaxılı Şəmsəddinin işi." Türbənin yanında ucaldılmış stellada isə hicri təqvimlə 978-ci il (miladi 1570–1572) qeyd edilmiş, o cümlədən Şeyx Bani və Şah Təhmasibin adı yazılmışdır. Ehtimal ki, stella əvvəl türbənin girişinin üstündə yerləşmiş və daha sonra ordan düşmüşdür.[7] Ustad Memar Şamaxılı Şəmsəddin həm də Ağsu şəhərində yerləşən və XVI əsrə aid olan Şeyx Məzyəd türbəsinin memarıdır.[7][8]
Restavrasiya işləri
redaktəKompleks ərazisində ilk restavrasiya işləri 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin yerli şöbəsinin müraciətinə əsasən həyata keçirilmişdir.[9] Bu zaman bərpa işləri Mədəniyyət və Turizm Nazirliyinin 4 nömrəli Şəki Elmi Bərpa İstehsalat İdarəsinin briqadası tərəfindən görülüb.[10][11]
Buna baxmayaraq 2018-ci ildə yayılmış məlumatda Həzrə türbələr kompleksinə daxil olan abidələrin qəzalı hala düşdüyü və dağılmaq üzrə olduğu bildirilir.[10]
Abidənin mühafizəçisi, eləcə də kənd sakini olan Elman Məmmədov da bildirir ki, məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə, həmçinin müvafi yerli qurumlara müraciət etsələr də, hələlik problem həllini tapmayıb.[10]
İstinadlar
redaktə- ↑ Саламзаде, А. В. Архитектура мавзолеев XII-XV вв. Баку: Архитектура Азербайджана (очерки). 1952. (#accessdate_missing_url)
- ↑ Эфендиев, Р. "Памятники Нухинского уезда". Изв. Азерб. Комитета охраны памятников старины, исскуства и природы. Баку (вып. III). 1927. (#accessdate_missing_url)
- ↑ 1 2 Саламзаде, 1964. səh. 54
- ↑ Rüstəmli, Anar. "Tarixi abidələr keçmişimizin aynasıdır". Mədəniyyət qəzeti. 1 may 2011: 15. 23 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2019.
- ↑ 1 2 3 4 Məhyəddinqızı, Şəlalə. "Qəbələ Qafqazın incisi". Oğuz Eli. Bakı. 2009. (#accessdate_missing_url)
- ↑ Саламзаде, 1964. səh. 55
- ↑ 1 2 Саламзаде, 1964. səh. 56
- ↑ Насыфи, Дж. Александрович. "Шемаха". Изв. Азербайджанского археологического комитета. Баку (вып. II). 1926: 27. (#accessdate_missing_url)
- ↑ "Гробницы шейхов могут принести неплохой доход Азербайджану". sputniknews.ru. Sputnik. 29.01.2018. 27 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2019.
- ↑ 1 2 3 "Əcnəbi turistləri beş əsr geriyə apara bilərik". sputnik.az. 24.01.2018. 27 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2019.
- ↑ "Həzrə türbələri kompleksi bərpa olunur" (17). Kaspi qəzeti. 9 avqust 2007. 27 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2019.
Xarici keçidlər
redaktəƏdəbiyyat
redaktə- Саламзаде, А. В. Архитектура мавзолеев XII-XV вв. Баку: Архитектура Азербайджана (очерки). 1952. (#accessdate_missing_url)
- Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.