Henife Elesgerov - Wikipedia
Hənifə Əliskəndər oğlu Ələsgərov (1 yanvar 1912, Bakı – 29 aprel 1991, Bakı) — Azərbaycan memarı, Bakı şəhərinin baş memarı (1965-1973), SSRİ (1972) və Azərbaycan SSR (1976) Dövlət mükafatları laureatı.
Hənifə Ələsgərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1912 |
Doğum yeri | |
Vəfat tarixi | 29 aprel 1991 (79 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
İşləri və nailiyyətləri | |
Əsas tikililəri | Qara Qarayev metrostansiyası |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəHənifə Ələsgərov 1912-ci il yanvar ayının 1-də müəllim ailəsində anadan olmuşdur. O, 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsini bitirərək memar sənətinə yiyələnmişdir.
Hənifə Ələsgərov 1939-cu ildə Dövlət Layihə İnstitutunda Şəhərlərin planlaşdırma şöbəsinə rəhbər təyin olunmuşdu. 1946-1948-ci illərdə və 1958-1962-ci illərdə "Azərdövlətlayihə" institutunun emalatxana rəisi.
Lənkəran şəhərinin baş planı (1947-ci il) və Zaqatala rayonunun baş planının layihələndirilməsi işində əsas yer tutmuşdur (1949-cu il). O, keçmiş Azərbaycan SSR Nazirlər Soveti yanında Memarlıq işləri üzrə İdarənin rəis müavini işləmişdir.
1948-1958-ci illərdə Azərbaycan SSR Dövlət Tikinti Komitəsi sədrinin müavini vəzifəsində işləmişdir. Dövlət Tikinti və Memarlıq abidələri, şəhərsalma problemləri və mühafizəsi məsələlərinə rəhbərlik etmişdi.[1]
1956-cı ildə Gəncədə toxuculuq kombinatının inzibati binası, 1960-cı ildə kurort şəhəri olan Şuşada mehmanxana və pansionat, 1961-ci ildə Bilgəhdə müalicə məişət korpusu, 1966-cı ildə Bakıda Rus Dili və Ədəbiyyatı İnstitutunun tədris korpusu, 1968-ci ildə Bakıda "26 Bakı komissarları" xatirə kompleksi, 1975-ci ildə Naxçıvanda Leninin xatirə abidəsi, Bakı şəhərində 28 May küçəsində yaşayış binası kimi əsas əsərlərin tikilməsində iştirak etmişdir.[2]
1969-cu ildə Bakı şəhərinin tarixi mərkəzi "İçərişəhər"-in regenerasiyası baş planı həllində iştirak edib.
Hənifə Ələsgərovun yaradıcılığında şəhərsalma üzrə maraqlı işlərdən biri də Bakıdakı Nizami meydanının yenidən qurulması idi.
1961-ci ildə keçmiş Lenin meydanının, (indiki Azadlıq meydanı) yenidən qurulması üçün elan edilmiş qapalı müsabiqədə H.Ələsgərovun başçılığı altında olan kollektivin layihəsinimn 3-cü mükafat alması müəllifin yaradıcılıq nailiyyəti idi.[2]
1960-ci ildə Hənifə Ələsgərova "Azərbaycan SSR əməkdar inşaatçısı" fəxri adı verilmişdir.
1962-1967-ci illərdə Azərbaycan Memarlar İttifaqının Sədr müavini vəzifəsində çalışıb.
Hənifə Ələsgərovun 1965-ci ildən Bakı şəhərinin Baş Planlaşdırma idarəsi rəhbəri vəzifəsində fəaliyyəti, tezliklə şəhərin yeni baş planının texniki iqtisadi əsasları üzərində işə başlanılması ilə əlamətdar olmuşdur.
O, 1973-cü ilə qədər Bakı şəhərinin Baş memarı vəzifəsində işləmişdir.[1]
Bakı metrosunun "Qara Qarayev" stansiyasının (1972, Ələsgər Hüseynovla) layihəsini vermişdir.[3]
1972-ci ildə SSRİ və 1976-cı ildə Azərbaycan SSR Dövlət mükafatları laureatı adına layiq görülmüşdür. 1-ci dərəcəli Vətən müharibəsi ordeni, "Qırmızı Ulduz", "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir.[2]
Hənifə Ələsgərov 50-dən çox məqalə, kitab və kitabçaların müəllifidir.
Azərbaycanın XX əsr memarlığının inkişafında və xüsusilə də şəhərsalma tarixində mühüm yeri olan görkəmli memar Hənifə Əliskəndər oğlu Ələsgərov 1991-ci ildə 79 yaşında dünyasını dəyişmişdir.[2]
Bakı şəhərinin mərkəzi küçələrindən biri onun adını daşıyır.
İstinadlar
redaktə- ↑ 1 2 Əliyev, M. Memar Hənifə Ələsgərov haqqında [Mətn] /M.Əliyev.- Qobustan.1977.- № 1.- S.44-46.
- ↑ 1 2 3 4 Əliyev, N. Ustad memarın yaratdıqları [Mətn]: [Əməkdar inşaatçı Hənifə Ələsgərov haqqında] /N.Əliyev //Azərbaycan.2002.-16 fevral.-S.3.
- ↑ Hüseynov Ələsgər Nurəli oğlu [Mətn] //Fəxri xiyaban; Heydər Əliyev Fondu.- Bakı, 2007.-S.87.
Mənbə
redaktə- Ələsgərov Hənifə Əliskəndər oğlu // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 8-ci cild: Enollar – Fedin. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2018. 598 səh.
Həmçinin bax
redaktə- Bakının Baş memarı Hənifə Ələsgərovun müsahibəsi (1972-ci il) [https://www.youtube.com/watch?v=i6K2khtcxjA]