Gestaltpsixologiya - Wikipedia
Geştaltpsixologiya — psixologiyada bu istiqamət XX əsrin 20-ci illərində Almaniyada yaranıb. Onun yaradıcıları M. Vertheymer, V. Keler, K. Levin, K. Koffkadır.
Haqqında
redaktəBu məktəbin başlıca ideyası ondan ibarət idi ki, psixikanın əsasında bütöv geştaltlar durur. Geştaltpsixoloqlar idrak proseslərinin eksperimental tədqiqinə xüsusi yer ayırırdılar. Geştaltpsixologiya məktəbi şəxsiyyətin keyfiyyətləri və strukturunu eksperimental yolla öyrənmişdir.
Tanınmış nümayəndələri
redaktəMaks Vertqeymer
redaktəGeştaltpsixologiyanın tanınmış nümayəndələrindən biri Maks Vertqeymerdir (1880–1943). Universitet təhsilini başa vurduqdan sonra Vertqeymer Praqada və sonra Berlində fəlsəfəni öyrənir. Nasistlərin Almaniyada hakimiyyətə gəlməsindən sonra o, 1933-cü ildə ABŞ-yə köçür. Vertqeymerin ilk işi görmə qavrayışına həsr olunur. O, taxistoskpoun köməyilə bir-birinin ardınca müxtəlif tezliklə 2 qıcıqlandırıcının (xətti və əyri) təsirini öyrənir. Qıcıqlandırıcılar arasında fasilə çox olanda sınaq olunan şəxs onu ardıcıl, fasilə az olduqda isə tam kimi qavrayır.
K. Koffka
redaktəGeştaltpsixologiyanın digər bir görkəmli nümayənəsi K. Koffka (1886–1941) uşağın ətraf mühiti necə qavradığını və davranışının ondan asılılığını öyrənir. Koffkaya görə, psixi inkişaf prosesi 2 paralel prosesdən – yetkinləşmə və təlimdən asılıdır. O göstərirdi ki, bu proseslər bir-birindən asılı deyil. Koffkanın tədqiqatları göstərdi ki, uşaq doğularkən xarici mühiti dumanlı və obyektə adekvat olmayan şəkildə qavrayır. Çağa insan surətini dumanlı qavrayır. Səs, sifət, saç, hərəkət geştaltları tədricən qavranılır. Yalnız 6 aylıqdan sonra dumanlı surətlər tədricən aydınlaşır. Koffkanın tədqiqatları göstərdi ki, rəng qavrayışı da tədricən inkişaf edir. Çağa ətrafdakı əşyaları bir rəngdə görür. Bununla belə, rəngsiz əşyalar fon kimi, rənglilər isə fiqur kimi qavranılır. Tədricən əşyalar isti və soyuq kimi qavranılır. Uşaqlar sarı və qırmızı rəngi isti, yaşıl və boz rəngi soyuq kimi qavrayırlar.
V. Keler
redaktəOxşar tədqiqatlar digər tanınmış bir alim V. Keler (1887–1967) intellektual inkişaf üzərində aparır. Keller uşaqlarda təfəkkür prosesinin tədqiqi ilə bağlı çoxsaylı eksperimentlər aparır. Eksperimentlər zamanı o, psixi inkişaf və təlimin də rolunu müəyyənləşdirir.
Kurt Levin
redaktəXX əsr psixoloqları içərisində məşhur psixoloq Kurt Levinin (1890–1947) xüsusi yeri vardır. Münhen və Berlin Universitetlərində təhsilini başa vurduqdan sonra, 1914-cü ildə K. Levin doktorluq dərəcəsi alır. O, şəxsiyyət problemini öyrənir. ABŞ-yə emiqrasiya etdikdən sonra Levin Stanford və Kornel Universitetlərində dərs deyir. 1945-ci ildən isə Massaçuset Texnologiya İnstitutunun nəzdindəki Qrup dinamikası üzrə Tədqiqat Mərkəzinə rəhbərlik edir. Baxmayaraq ki, K. Levin cəmisi 3 il Mərkəzin direktoru olub. K. Levin öz nəzəriyyəsini "Psixoloji sahə nəzəriyyəsi" adlandırmışdır.
KurtLevin şəxsiyyətdaxili konflikti öyrənmişdir. Levinə eyni səviyyəli, müxtəlif istiqamətli təsir insanda daxili konflikt yaradır.
Şəxsiyyətdaxili konfliktin həll olunması insanda həyəcan hissi, frustrasiya yaradır, onun peşə fəaliyyətinə mənfi təsir göstərir, insanı asılı edir. Bir çox hallarda şəxsiyyətdaxili konflikt başqa adamlar tərəfindən yaradılır.
ABŞ-yə gəldikdən sonra Levin qrup differensiyası, ünsiyyət üslubunun tipologiyası problemləri ilə məşğul olur. O təklif edir ki, qrupa dinamik sistem, şəxsiyyətin psixoloji sahəsi kimi baxılmalıdır. İnsanın qrupda sosial davranışı qrupdaxili münasibətlər, qrupdaxili ənənələr, ünsiyyət üslubu ilə formalaşır. Davranış psixoloji sahə və tələbat funksiyası ilə birbaşa bağlıdır.
K. Levin demokratik, avtoritar və liberal ünsiyyət üslublarını müəyyən etdi. O həm qrupda liderliyin yaranması məsələlərini öyrənmişdir. Bu sosial psixologiyada yeni bir istiqamətin – qrup dinamikası prosesinin yaranmasını şərtləndirdi.
Levinin tədqiqatları şəxsiyyət psixologiyası, sosial psixologiya sahəsində eksperimental metodlardan istifadə etməyin mümkünlüyünü əsaslandırırdı. Beləliklə, geştaltpsixoloqların tədqiqatları yaradıcı təfəkkürdən tutmuş şəxsiyyətin fəallığı kimi çoxsaylı problemləri əhatə edir. Psixikanın öyrənilməsi qavrayışın, təfəkkürün, şəxsiyyətin inkişaf qanunauyğunluqlarını, onların əsaslı fərqini müəyyənləşdirmək imkanı verdi.
Onların eksperimental yolla aldıqları nəticələr bu gün də aktual olaraq qalır. Lakin geştaltpsixologiya yeganə psixologiya məktəbidir ki, 30-cu illərdən sonra sıradan çıxdı. Bu, Avropada, xüsusilə də Almaniyada gedən siyasi proseslərin nəticəsində baş verdi.
Həmçinin bax
redaktəMənbə
redaktə- Əliyev R. İ. Psixologiya tarixi. Bakı, 2006
- Rüstəmov F. A. Qərb pedaqogika tarixi. Bakı, 2003