Genc Turkler Inqilabi - Wikipedia
Gənc türklər inqilabı — 1908-ci ildə Osmanlı imperiyasında baş vermiş inqilab. İnqlabın məqsədi Sultan II Əbdülhəmidin devrilməsi və konstitusiyanın bərpası idi. İnqilaba “İttihad və Tərəqqi” Gənc türklər təşkilatı rəhbərlik edirdi. Gənc türklər inqilabı Osmanlı imperiyasının sonuna qədər imperiyanın tarixində İkinci Məşrutiyyət dövrü adlanır. Otuz il əvvəl, 1876-cı ildə, II Əbdülhəmidin dövründə Birinci konstitusiya dövrü kimi tanınan dövrdə konstitusiya monarxiyası qurulmuşdu və bu, II Əbdülhəmidin onu dayandırmasından və özünə avtokratik səlahiyyətləri bərpa etməsindən əvvəl cəmi iki il davam etdi.
Gənc türklər inqilabı | |
---|---|
| |
Yer | İstanbul, Osmanlı imperiyası |
Tarix | 3-23 iyul 1908 |
Səbəb | II Əbdülhəmidin diktaturası, konstitusiyanın və xalqı təmsil edən qanunverici orqanın olmaması |
Əsas məqsəd | Sultan II Əbdülhəmidin devrilməsi və konstitusiyanın bərpası |
Nəticə | II Əbdülhəmidin devrilməsi, Gənc Türklər hökumətinin qurulması və Gənc Türklərin hakimiyyətə gəlməsi |
Təşkilatçılar | “İttihad və Tərəqqi"və Gənc türklər təşkilatı |
Hərəkətverici qüvvələr | Ziyallılar və gənc zabitlər |
Əleyhdarları | II Əbdülhəmidin tərəfdarları |
Vikianbarda əlaqəli mediafayllar |
İnqilab İttihad və Tərəqqi partiyası üzvü Əhməd Niyazi bəyin Albaniya yüksəkliklərinə qaçması ilə başladı. Tezliklə İsmayıl Ənvər və Eyyub Səbri də ona qoşuldu. Yerli albanlarla əlaqə qurdular və böyük bir üsyanı başlatmaq üçün Selanikdə yerləşən 3-cü Ordu daxilindəki əlaqələrindən istifadə etdilər. 3-cü Ordu inqılabı dəstəkləmiş və bu hərəkatın hərbi qüvvələrinin özəyini təşkil etdi. II Əbdülhəmidin təslim olmasına Fədailərin müxtəlif koordinasiyalı sui-qəsdləri və qətlləri də kömək etdi. Rumeli əyalətlərində İttihad və Tərəqqinin qaldırdığı konstitusiya tərəfdarlarının üsyanı ilə II Əbdülhəmid təslim oldu və konstitusiyanın bərpasını elan etdi. Parlament bərpa oldu və seçkilər təyin edildi.
Növbəti il II Əbdülhəmidin lehinə 31 mart hadisəsi kimi tanınan monarxist əks-inqilab cəhdindən sonra o, taxtdan salındı və qardaşı V Mehmed taxta çıxdı.
Tarixi
redaktəII Əbdülhəmidin hakimiyyətinin mühafizəkar siyasətinə qarşı bu müddət ərzində baş verən sosial islahatlar əks mövqedə dururdu. Osmanlı imperiyasında müstəqil liberal mühitin inkişafı həm mədəniyyəti gücləndirdi, həm də sonrakı üsyana zəmin yaratdı. Əbdülhəmidin siyasi çevrəsi bir-biri ilə sıx bağlı idi və daim dəyişirdi. Sultan 1876-cı ildən əvvəlki siyasi xətti dəyişdirdi və 1878-ci ildə Osmanlı Parlamentinin fəaliyyətini dayandırdı. Bu, Osmanlı imperiyasında özünü siyasətdə hesab edə biləcək çox kiçik bir qrupun meydana gəlməsinə səbəb oldu.[1]
İnqilab üçün zəmin
redaktəİnqilabın əsasını II Əbdülhəmid rejiminə qarşı çıxan və konstitusiyanın yenidən tətbiq edilməsini arzulayan Gənc türklər hərəkatı idi. Sultan tərəfindən Gənc türklər hərəkatının üzvlərinin çoxu sürgün edilmişdi. Lakin buna baxmayaraq orduda zabitlərin əksəriyyəti Gənc türklərə rəğbət bəsləyirdi. Makedoniya uğrunda mübarizə, Makedoniya bölgəsindəki etnik münaqişə, orada yerləşən bir çox ordu zabitinə dövlətin köklü islahatlara ehtiyacı olduğunu anlamağa imkan verdi. Gənc türklər Osmanlı imperiyasının etnik qrupları arasında milli birlik ideyası olan osmanlılıq üçün demokratikləşmənin tələb olunduğuna dair yekdil fikirdə olsalar da, sonrakı islahatlar onlarda fikir ayrılığına səbəb oldu.[1][2]
Şahzadə Mehmed Səbahəddin bəyin (İsveçrədə sürgündə idi) başçılıq etdiyi liberallar daha rahat idarəetmə forması ilə yanaşı, Laissez-faire (dövlətin iqtisadiyyata müdaxilə etməmə forması) iqtisadiyyatı tərəfdarı idilər. Onlar həmçinin imperiya daxilindəki azlıqlar arasında məşhur olan müxtəlif etnik qrupların muxtariyyət istəyini dəstəkləyir,"şəxsi hüquq"la bağlı müstəqil məhkəmənin tətbiqini vacib sayırdı.
İttihad və Tərəqqi Komitəsinin (İTK) nəzdində lideri Əhməd Rzanın Parisdə sürgündə olan daha nüfuzlu Gənc türklər fraksiyası təşkil edildi. Gənc türklər türklərin hakim olduğu güclü Osmanlı imperiyası arzulayırdılar. 1905-ci ildən Gənc türklər Osmanlı hökuməti daxilindəki bir çox quruma sıza bildilər, onların əksəriyyəti Osmanlı Üçüncü Ordusunun gənc zabitləri idi.
İnqilab
redaktəİnqilaba səbəb olan hadisə 1908-ci ilin iyununda Böyük Britaniya kralı VII Eduard və Rusiya çarı II Nikolay arasında Baltikyanı Reval limanında baş tutan görüş idi. Görüşdə hər iki imperator dünyanın, o cümlədən Osmanlı imperiyasının bölüşdürülməsi məsələsini müzakirə etdilər. Bu hadisə gənc türklərə inqilab üçün təkan oldu. Onlar Rusiya və İngiltərənin Osmanlı torpaqlarını öz aralarında bölüşdürmək niyyətlərinin qarşısını almaq məqsədilə üsyana müəyyən olunmuş vaxtdan əvvəl başlamağı qərara aldılar, İlk çıxış Makedoniyanın Resen şəhərində başlandı. Şəhərin komendantı leytenant Əhməd Niyazi bəy 1908-ci il iyulun 3-də üsyan bayrağı qaldıraraq, öz dəstəsi ilə dağlara çəkildi.[3] İyulun 6-da Ənvər bəyin komandanlığı altında olan digər hərbi dəstə də üsyançılara qoşuldu. Üsyan Ədirnədəki hərbi hissələri də əhatə etdi. Hökumətin üsyançıları ram etmək səyləri boşa çıxdı. Əhali və bütün ordu üsyançılar tərəfinə keçdilər.
"İttihad və tərəqqi" cəmiyyətinin Mərkəzi Komitəsi 1908-ci il iyulun 23-də Makedoniyanın Saloniki, Monastır və başqa iri şəhərlərində təşkil etdiyi izdihamlı mitinqdə konstitusiyanın bərpa edilməsi barədə uitimatum qəbul etdi.[4] Sultana göndərilən ultimatumda bildirilirdi ki, əgər üç günə qədər konstitusiya bərpa olunmazsa, İstanbul üzərinə hərbi hücum təşkil olunacaqdır.
1908-ci ilin iyulunda "Gənc türklər" inqilabına rəhbərlik edən "İttihad və Tərəqqi" partiyası Sultan II Əbdülhəmidin ləğv etdiyi 1876-cı il konstitusiyasının bərpa olunduğunu elan etdi. İyulun 24-də İstanbul əhalisi və şəhər qarnizonunun üsyançılar tərəfinə keçdi. Vəziyyətin çıxılmaz olduğunu görən II Əbdülhəmid həmin gün 1876-ci il Konstitusiyasının bərpası və tezliklə parlament seçkiləri keçirilməsi barədə fərman imzaladı. Türkiyə konstitusiyalı monarxiya elan olundu.[5] Bu hadisə Türkiyə tarixinə gənc türklər inqilabı və ya 23 iyul inqilabı kimi daxil oldu.[6]
Gənc türklər öz təəssübkeşlərindən ibarət hökumət təşkil etdilər. 1908-1909-ci illərdə bu hökumətlərə Səid Paşa, Kamil Paşa və Süleyman Paşa başçılıq etdilər. 1908-ci il noyabrın 2-də parlamentin ilk iclası çağırıldı. Parlamentə seçilmiş deputatların (250 nəfər) yarıdan çoxu (150 nəfəri) Gənc türklərdən idi. Məclisdə çoxluq təşkil edən Gənc türklər inqilab ərəfəsində verdikləri vədlərinə (aqrar islahatı, fəhlələrin vəziyyətini yaxşılaşdırmaq, milli azlıqlara muxtariyyət vermək, xarici kapitalı məhdudlaşdırmaq və s.) əməl etmədiklərindən onların sosial bazaları getdikcə zəiflədi. Bundan istifadə edən II Əbdülhəmid tərəfdarları 1909-cu il aprelin 13-də hərbi çevriliş edib hakimiyyəti ələ keçirdilər. II Əbdülhəmid ingilislərin himayə etdiyi "Əhrar" (liberallar) partiyası və ruhanilərin "İttihadı müsəlman" (Müsəlman cəmiyyəti) təşkilatı ilə birlikdə İstanbul hərbi qarnizonu komandanlığının köməyi ilə çevriliş edərək hakimiyyəti tamamilə öz əlində topladı. Gənc türklər İstanbulu tərk etməli oldular. Lakin çevriliş xalqın əksəriyyəti tərəfindən rəğbətlə qarşılanmadı. Makedoniyaya qaçmış gənc türklər əsas dayaqları olan Üçüncü ordunu ("Hərəkət ordusu") İstanbul üzərinə yeritdilər. 1909-cu il aprelin 27-də II Əbdülhəmid taxtdan salındı. İttihad və Tərəqqi cəmiyyətinin söz sahibi olduğu Məclis-i Məbusan II Əbdülhəmidin yerinə Mehmed Rəşad Əfəndini V Mehmed adı ilə taxta çıxarmağa qərar verdi.[7]
Erməni əsilli ABŞ tarixçi Ronald Qriqor Süni hesab edir ki, inqilab heç bir xalq dəstəyinə malik deyildi və əslində “Balkanlarda hərbi zabitlərdən və mülki fəallardan ibarət kiçik bir qrup tərəfindən dövlət çevrilişi idi”.[8]
Nəticəsi
redaktə"İttihad"çılar hakimiyyəti ələ aldıqdan sonra ölkədə sultan hakimiyyəti dövründəkindən fərqlənməyən, hətta daha sərt siyasət yeritməyə başladılar. Onlar ordunu da siyasətə qarışdırırdılar. Nəticədə, Osmanlı ordusunda zabitlərin böyük əksəriyyəti ya ittihadçı, ya da onlara qarşı müxalifətdə idilər. Zabitlərin bir-birlərinə qarşı düşmənçilik etməsi ordunun döyüş qabiliyyətini itirməsinə səbəb oldu. Bundan əlavə, yeritdikləri səbatsız siyasət nəticəsində "ittihad"çılar xaricilərin Osmanlı dövləti üzərinə ayaq açmasına şərait yaratdılar. İki Avropa gücü Osmanlının Balkanlarda suverenliyini azaltmaqla xaosdan istifadə etdi. De-yure Osmanlı vassalı olan, lakin de-fakto formal olaraq müstəqil olan Bolqarıstan oktyabrın 5-də müstəqilliyini elan etdi. Ertəsi gün Avstriya-Macarıstan, əvvəllər de-yure Osmanlı ərazisi olan, lakin faktiki olaraq Avstriya-Macarıstan tərəfindən işğal edilmiş Bosniya və Herseqovinanı rəsmən ilhaq etdi.
Gənc Türk hərəkatı zaman keçdikcə populyarlığını itirdi və 1913-cü il Ənvər Paşa dövlət çevrilişindən sonra konstitusiya əhəmiyyətini itirdi.
Mədəni və beynəlxalq təsir
redaktəHüseyn Hilmi Paşa hökuməti Gənc türklər inqilabının anılması, Konstitusiyanın ikinci dəfə Osmanlı imperiyası və Türkiyə Cümhuriyyətində İyd-i Milli (Milli Bayram) kimi tanınan milli bayram kimi elan edilməsi haqqında qanun verdi. 1909-cu ildən başlayaraq hər il iyulun 23-də qeyd olunmağa başlansa da, 29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyətinin elan edilməsi və Cümhuriyyət bayramı ilə əlaqədar olaraq bayramın əhəmiyyəti azaldı.
Bəzi icmalarda, məsələn, yəhudilər (məs. İslam Avropası və Şimali Afrikadakı yəhudilər və Türkiyədəki yəhudilər) Gənc Türkləri təqlid edən islahatçı qruplar mühafizəkar hakim elitanı sıxışdırıb, onların yerinə yeni islahatçı elitanı qoydular.
Əvvəllər qanunsuz sayılan Erməni İnqilabi Federasiyası Osmanlı imperiyasında erməni icmasının əsas nümayəndəsi oldu. O, 1908-ci ildən əvvəl tacirlərdən, sənətkarlardan və din xadimlərindən ibarət olan erməni elitasını əvəz etdi.[9]
İnqilab və Gənc türklər hərəkatının fəaliyyəti digər müsəlman ölkələrinə çox təsir etdi. İstanbuldakı fars icması İran İttihat və Tərəqqi Komitəsini təsis etdi. Gənc Buxara hərəkatının liderləri Gənc Türk İnqilabından dərin təsirləndilər və onu örnək kimi gördülər. Hindistan müsəlmanları, təşkilata üzv qəbul edilənlərə Gənc türklərin andını verməklə onları təqlid edirdilər.
Mədəniyyətdə
redaktəTürkiyədə və xarici ölkələrdə Gənc türklər inqilabını özündə əks etdirən xeyli sayda kitab və əsərlər yazılmışdır. İnqilab barədə bədii və sənədli filmlərin çəkilməsi son 100 ildə diqqətdə oub. Skott Vesterfeldin 2010-cu il alternativ tarix romanı "Behemot"da 1908-ci il Gənc türklər inqilabı uğursuzluqla nəticələnir və I Dünya müharibəsinin başlanğıcında yeni bir inqilabı alovlandırır.
Qalereya
redaktə-
Gənc türklər inqilabının bayrağı.
-
Sutan Əhməd meydanında mitinq.
-
Yunanların Monastirda konstitusiya lehinə nümayişi.
-
Osmanlı türkcəsi və yunanca yeni konstitusiya üçün açıqca.
-
Osmanlı türkcəsi və fransızca yeni konstitusiya üçün açıqca.
-
Osmanlı türkcəsi, yunanca və fransızca mətnli litoqrafiya, yeni konstitusiyanı və Osmanlı təbəələri arasında vəd edilmiş bərabərlik və qardaşlığı qeyd edir.
İstinadlar
redaktə- ↑ 1 2 Ahmad, Feroz. "The Young Turk Revolution". en:Journal of Contemporary History. 3 (3). July 1968: 19–36. doi:10.1177/002200946800300302. JSTOR 259696.
- ↑ Asatovic Petrosyan, Yuriy. Sosyalist Açıdan Jön Türk Hareketi.
- ↑ The Encyclopædia Britannica, 15th Edition, 1983, page 788, Volume 13
- ↑ Kieser, 2018. səh. 53-54
- ↑ E. Ramsaur, Ernest. Jön Türkler ve 1908 İhtilali.
- ↑ Quataert, Donald. "The 1908 Young Turk Revolution: Old and New Approaches". Middle East Studies Association Bulletin. 13 (1). July 1979: 22–29. doi:10.1017/S002631840000691X. JSTOR 41890046.
- ↑ "Rusya Fransa ve İngiltere devletleriyle hal-i harb ilanı hakkında irade-i seniyye [Imperial Decree Concerning the Declaration of a State of War with the States of Russia, France, and the United Kingdom], Nov. 11, 1914 (29 Teşrin-i Evvel 1330), Takvim-i Vekayi, Nov. 12, 1914 (30 Teşrin-i Evvel 1330)" (PDF). en:Library of Congress. 2017-11-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-11-30.
- ↑ Suny, Ronald Grigor. "They Can Live in the Desert but Nowhere Else": A History of the Armenian Genocide. Princeton University Press. 2015. səh. 155. ISBN 978-1-4008-6558-1.
- Ronald Grigor Suny. Armenian Genocide // 1914-1918-online. International Encyclopedia of the First World War. 26 May 2015. 22 December 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 November 2022.
- ↑ Zapotoczny, Walter S. "The Influence of the Young Turks" (PDF). W zap online. 25 July 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 11 August 2011.
Ədəbiyyat
redaktə- Алиев Г. З. Турция в период правления младотурок. — М.: Наука, 1972. — 388 с. — 4200 экз.
- Bedross Der Matossian. Shattered Dreams of Revolution: From Liberty to Violence in the Late Ottoman Empire. Stanford University Press. 2014. ISBN 978-0-8047-9263-9.
- Benbassa, Esther, Un grand rabbin sepharde en politique, 1892‐1923 [A great sephardic Rabbi in politics, 1892–1923] (fransız), Paris, 1990, 27–28.
- Erickson, Edward. Ottomans and Armenians: A Study in Counterinsurgency. Palgrave Macmillan. 2013. ISBN 978-1137362209.
- Lévy-Aksu, Noémi; Georgeon, François. The Young Turk Revolution and the Ottoman Empire: The Aftermath of 1908. Bloomsbury Publishing. 2017.
- Hanioğlu, M Şükrü, Preparation for a Revolution: The Young Turks, 1902–1908, Oxford University Press, 2001, ISBN 0-19-513463-X.
- Kieser, Hans-Lukas, Talaat Pasha: Father of Modern Turkey, Architect of Genocide, Princeton University Press (2018 tarixində nəşr olunub), 26 June 2018, ISBN 978-0-691-15762-7
- Rakovsky, Christian. The Turkish Revolution. August 1908.
- Unal, Hasan. "Ottoman policy during the Bulgarian independence crisis, 1908–9: Ottoman Empire and Bulgaria at the outset of the Young Turk revolution". Middle Eastern Studies. 34 (4). 1998: 135–176. doi:10.1080/00263209808701247. hdl:11693/51943.
- Zürcher, Erik Jan. "Young Turk Governance in the Ottoman Empire during the First World War". Middle Eastern Studies. 55 (6). 2019: 897–913. doi:10.1080/00263206.2019.1590820.
- Zürcher, Erik Jan. "The Young Turk revolution: comparisons and connections". Middle Eastern Studies. 55 (4). 2019: 481–498. doi:10.1080/00263206.2019.1566124.