Genc Qadinin Portreti Irevani - Wikipedia
Gənc qadının portreti və ya Əyləşmiş qadın portreti[1] — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm XIX əsrin 70-ci illərinə aiddir və Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Portret “Populyar incəsənət ensiklopediyası”nda, rəssama aid məqalədə verilir.[3]
Gənc qadının portreti | ||
---|---|---|
| ||
Rəssam | Mirzə Qədim İrəvani | |
Tarixi | 1870-ci il | |
Üslubu | portret | |
Texnikası | Kağız[1], akvarel və tempera[2] | |
Saxlanıldığı yer | Azərbaycan Milli İncəsənət Muzeyi, Bakı |
Təsviri
redaktəPortret sifəti azacıq qəmgin ifadəli gənc qadını təsvir edir. Üz cizgiləri düzdür, geniş, bir-biri ilə birləşən qara qaşlar böyük, ifadəli qonur gözlərə diqqəti çəkir. Dalğalı telləri çiyinlərinə qədər tökülən tünd şabalıdı saçları düz cərgədə hamar daranıb. Qadın ağ mərmər divarın yanında, xalça üzərində oturan vəziyyətdə təsvir edilib. Baş geyimi tirmə şaldır, tamamlayıcı element kimi saça sancaqla qızılgül bənd edilib.[4]
Qadının üzərində qara işləmələrlə haşiyələnmiş və böyük dairəvi yaxalığı olan nazik sarın kofta var. Böyük və kiçik buta naxışı İrəvaninin koftanın üstündə çəkdiyi tirmə cübbənin qırmızı fonunu bəzəyir. Həmçinin geniş göy yubkanın (tuman) bükükləri gözəldir. İpəkdən üz çəkilmiş, böyük mütəkkənin materialı rəssam tərəfindən yaxşı ifadə edilib.[4]
Materialın narıncı rənginin ağ cizgi elementləri ilə ahəngi də gözəldir. Vərəqin bütün aşağı hissəsi xalça ilə doldurulub. Xalçanın göy fonunun bitki naxışlarında oxra, yaşıl və ağ rənglərin üstünlüyü diqqət çəkir. Xalça növünün müəyyən edilməsi xalça rəsminin qarışıq ifadə edilmiş xarakterinə görə çətindir. Hər hansı perspektivsiz, tamamilə vertikal şəkildə, İrəvaninin digər əsərləri kimi döşəmə boyu yayılan xalça təsviri verilib. Tətbiq edilən texnika əsaslı surətdə və əsas etibarilə miniatür texnikası ilə oxşarlıq təşkil edir.[4]
Mütəkkə həcminin və yubkanın büküklərinin təsvir üslubları gözə çarpan realizm elementləridir. Qadın üzü daha böyük səylə təsvir edilib. O, çəhrayı-qəhvəyi və göy tonların az diqqət çəkən punktirləri ilə modelləşdirilib. Açıq-çəhrayı rəngli gülün üzərinə çəkilən yarımton həcmi yavaşca üzə çıxarır. Üzün xüsusi cazibədarlığı və canlılığı dodaq, burun, qaşlar və gözün ifadəli təqdim edilmiş cizgi elementlərinin zərif ümumi təsviri ilə verilir. Elementlərin ifadə edilməsində bu yanaşma Mirzə Qədim İrəvaninin müşahidə etmə qabiliyyəti və realistik istiqamətdə işləmə istəyini göstərir.[2]
Tempera və akvarellə işlənilən rəsm dövrümüzə yaxşı qorunmuş şəkildə gəlib çatıb.[2]
İstinadlar
redaktə- ↑ 1 2 Azərbaycan qrafikası. XX əsrə qədər Arxivləşdirilib 2015-09-15 at the Wayback Machine (az.). Azərbaycan Milli İncəsənət Muzeyinin rəsmi saytı.
- ↑ 1 2 3 Миклашевская, 1954. səh. 97
- ↑ Эривани / Под ред. Полевого В. М. — Популярная художественная энциклопедия. — М.: Советская энциклопедия, 1986.
- ↑ 1 2 3 Миклашевская, 1954. səh. 96
Ədəbiyyat
redaktə- Миклашевская Н. М. Художники XIX в. Мирза Кадым Эривани и Мир Мохсун Навваб / Под ред. Полевого В. М. — Искусство Азербайджана. — Баку, 1954. — Т. IV.