Estoniyada Ali Tehsil - Wikipedia
Estoniyada ali təhsil — Estoniya Respublikasının ali təhsil sistemi
Təhsil sistemi
redaktəEstoniyanın ali təhsil sistemi iki növ ali təhsil müəssisələrindən ibarətdir:
- universitetlər;
- ali peşə təhsili müəssisələri.
Estoniyada orta təhsil pilləsini uğurla başa vuran bütün şagirdlər ali təhsil pilləsində oxumaq hüququ qazanır. Ali təhsil proqramları universitetlərdə və ali peşə təhsili müəssisələrində tədris edilir.
Tələbələr ali təhsilin birinci mərhələsində iki növ kurikulumdan birini seçə bilərlər:
- Nəzəri prinsiplərə əsasən peşə bacarıqlarının inkişaf etdirilməsinə xidmət edən nəzəriyyə əsaslı bakalavr təhsili;
- Praktiki prinsiplərə əsasən nəzəri biliklərin inkişaf etdirilməsinə xidmət edən təcrübəyönümlü ali peşə təhsili. Praktiki fəaliyyət kurikulumun 30 faizini təşkil edir.
Ali peşə təhsili proqramı üzrə tədrisin müddəti 3-4,5 il, bakalavr proqramı üzrə isə 3-4 ildir. Hər iki proqram üzrə kurikulumda nəzərdə tutulan tədris yükü 120-160 kredit (Avropa Kredit Köçürmə Sistemində müvafiq olaraq 180-240 kredit) arasında dəyişir.
Ali peşə və bakalavr təhsili proqramını başa vuran tələbələr magistratura səviyyəsində təhsillərini davam etdirə bilərlər.
Magistratura təhsili üzrə tədrisin müddəti 1 və ya 2 ildir. Nəzərdə tutulan tədris yükü isə 40-80 kredit (Avropa Kredit Köçürmə Sistemində müvafiq olaraq 60-120 kredit) arasında dəyişir. Bakalavriatura və magistratura səviyyəsində təhsilin müddəti ümumilikdə 5 ildir. Kurikulumda nəzərdə tutulan tədris yükü isə ümumilikdə 200 kredit (Avropa Kredit Köçürmə Sistemində 300 kredit) təşkil edir.
Tibb ixtisası üzrə təhsilin müddəti 6 ildir. Tibb ixtisası üzrə kurikulumda nəzərdə tutulan tədris yükü 240 kredit (Avropa Kredit Köçürmə Sistemində 360 kredit) müəyyən olunub.
Stomatologiya, əczaçılıq, tikinti mühəndisliyi və müəllimlik ixtisası üzrə təhsil müddəti isə 5 ildir. Bu ixtisaslar üzrə kurikulumda nəzərdə tutulan tədris yükü isə 200 kredit (Avropa Kredit Köçürmə Sistemində 300 kredit) təşkil edir.
Təhsilin ən yüksək səviyyəsi olan fəlsəfə doktoru proqramı üzrə təhsil müddəti 3-4 il davam edir. Fəlsəfə doktoru proqramı üzrə kurikulumda nəzərdə tutulan tədris yükü 120-160 kredit (Avropa Kredit Köçürmə Sistemində müvafiq olaraq 180-240 kredit) arasında dəyişir.
Universitetlər elmi-tədqiqat, inkişaf, təhsil və mədəniyyət əsaslı müəssisələrdir. Universitetlərin fəaliyyəti beynəlxalq standartlara uyğun əsas və tətbiqi tədqiqatın aparılmasından ibarətdir. Universitetləri şərtləndirən əsas cəhət bu təhsil müəssisələrində ali təhsilin ikinci və üçüncü səviyyəsi üzrə nəzəriyyəyə əsaslanan tədqiqatların və mütəxəssis hazırlığının həyata keçirilməsidir.
Ali peşə təhsili müəssisələrində isə ali təhsilin birinci səviyyəsi üzrə peşə bacarıqlarına yiyələnmiş mütəxəssislər əmək bazarının tələblərinə uyğun olaraq hazırlanır.
Kurikulum çevikliyi və təcrübəyə üstünlük verilməsi, eləcə də şirkətlər, peşə assosiasiyaları, ictimai tərəfdaşlar ilə əməkdaşlıq edilməsi ali peşə təhsili müəssisələrini şərtləndirən əsas cəhətlərdir. Ali peşə təhsili müəssisələrində magistratura səviyyəsi üzrə mütəxəssis hazırlığına hökumətin razılığı əsasında icazə verilir. 2008-ci ilin statistikasına görə, Estoniyada 6 ali peşə təhsili müəssisəsində magistratura pilləsi üzrə mütəxəssis hazırlığı həyata keçirilib.
Müəllimlik peşəsi üzrə kadrların hazırlanması universitetlərdə və kolleclərdə həyata keçirilir. Məktəbəqədər təhsil üzrə müəllimlərin hazırlığı isə həm universitet, həm də ali peşə təhsili müəssisələrində təşkil edilir.
Ölkədə dövlət əsaslı universitetlər və ali peşə təhsili müəssisələri ilə yanaşı, özəl universitetlər, ali peşə təhsili müəssisələri və peşə kollecləri də kifayət qədərdir. Ölkədə 6 dövlət, 4 özəl universitet və 10 dövlət, 11 özəl ali peşə təhsili müəssisəsi olub. Həmçinin 2 dövlət və 1 özəl peşə kolleci fəaliyyət göstərir. 2009-cu ilin statistik məlumatına görə, ali təhsil müəssisələrində oxuyan tələbələrin sayı təxminən 68000 nəfər olub.
Tələbələr həm dövlət sifarişli, həm də ödənişli ixtisaslara qəbul ola bilərlər. Dövlət sifarişli və ödənişli ixtisaslar arasındakı nisbət əhəmiyyətli dərəcədə dəyişib. 2008-2009-cu tədris ilində ali məktəblərə qəbul zamanı dövlət sifarişli ixtisaslara qəbul edilən tələbələr ümumi tələbə sayının 46 faizini təşkil edib.
Artmaqda olan əmək bazarının tələblərinə uyğun olaraq ali təhsil pilləsi üzrə müəyyən olunmuş prioritet sahələrə-mühəndislik, istehsalat və emal, kompüter elmləri, ətraf mühitin mühafizəsi, fizika, səhiyyə xidməti və digərləri aiddir. Bu sahələrə tələbat böyük olduğuna görə, müvafiq ixtisaslara qəbul prosesi yüksək rəqabət şəraitində keçirilir.
Maliyyələşməsi
redaktəAli təhsilə ayrılmış xərclərə nəinki dövlət sifarişi üzrə təhsil xərcləri, həmçinin investisiya, təqaüdlər və digər xərclər daxildir. Ali təhsil üçün nəzərdə tutulan vəsaitlərin böyük hissəsi (67 faizi) dövlət ali təhsil müəssisələrinə verilir. Dövlət sifarişi ilə oxuyan tələbələrin 66 faizi dövlət ali məktəblərində təhsil alır. Ali peşə təhsili xərcləri ümumilikdə ali təhsil üçün nəzərdə tutulan xərclərin 22 faizini təşkil edir.
Həmçinin bax
redaktəMənbə
redaktə- Bəşarət Məmmədov, Ramil Hüseynov, Dünya təhsili: Estoniyanın təhsil sistemi (Yazının hazırlanmasında Estoniyanın Təhsil və Tədqiqat Nazirliyinin rəsmi materiallarından istifadə olunub.), "Azərbaycan müəllimi" qəzeti, 02.11.2012, № 43. (az.)