Erik Erikson - Wikipedia
Erik Homburger Erikson (15 iyun 1902[1][2][…], Frankfurt-Mayn, Prussiya[3] – 12 may 1994[1][2][…]) — alman əsilli amerikan psixoloq və psixoanalist. Kütlə psixologiyası, fərdi kimlik və psixologiya ilə tarix, siyasət elmi və mədəniyyətin qarşılıqlı təsiri kimi mövzuları əsas götürmüş və geniş xalq kütlələrinin diqqətini çəkmişdir. Eriksonun göstərdiyi mənbələr xüsusilə şəxsiyyət psixologiyasında mühüm yer tutur.
Erik Erikson | |
---|---|
Erik Homburger Erikson | |
Doğum tarixi | 15 iyun 1902[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 12 may 1994[1][2][…] (91 yaşında) |
Vətəndaşlığı | Amerikalı, Alman |
Milliyyəti | Alman |
Elm sahəsi | İnkişafın psixologiyası |
İş yeri | Harvard Tibb Məktəbi |
Təhsili | |
Tanınmış yetirməsi | Riçard Sennet |
Tanınır | Sosial inkişaf nəzəriyyəsi |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAlmaniyada yaşayan Danimarkalı ana-atanın oğlu olan Erikson Karlzruhedə böyüyüb. Hələ hamilə ikən atasından ayrılaraq bir alman ilə evlənən anasının ondan əsl atasının kimliyini gizləməsi Eriksonun gənc çağlarında problemlər yaşamasına səbəb olub. İncəsənət üzrə təhsil alan və Avropanı gəzən Erikson 1927-ci ildə psixoanalist Anna Freydin istəyinə əsasən Vyanadakı kiçik özəl məktəbdə incəsənət, tarix və coğrafiya dərsləri deməyə başladı. Beləliklə Freyd ailəsi ilə tanış olan və psixoanalizə böyük maraq göstərən Anna Freydin tələbəsi olan Erikson öz araşdırmalarını əsasən uşaqlar üzərində apardı. 1930-cu ildə ilk yazısı çıxdı və psixoanaliz barədə təhsilini başa vurduqdan sonra 1933-cü ildə Vyana Psixoanaliz İnstitutuna qəbul olundu. Həmin il ABŞa köçərək bir tərəfdən Bostonda uşaq psixoanalisti olaraq işləməyə, digər tərəfdən də Harvard Tibb Məktəbində müəllimlik vəzifəsinə başladı. Bu zaman o, xüsusilə “mən”in inkişafını araşdırır və mədəniyyət fərqlərinin insanın inkişafındakı rolunu vurğulayan yanaşmada daha çox Margaret Mead və Ruf Benediktin nəzəriyyələrindən təsirlənir.
Araşdırmaları
redaktəErikson 1936-cı ildə Harvard Universitetindən çıxaraq Yel Universitetinə bağlı olan İnsan Münasibətləri İnstitutuna girdi. 1938-ci ildə mədəniyyətin ruhi inkişaf üzərindəki təsirini araşdırmaq üçün Cənubi Dakotaya gedərək Pine Ridge Düşərgəsində yaşayan Dakotaların(Sui) uşaqlarını araşdırdı. ABŞ-yə qayıtdığı növbəti il antropoloq Alfred Kreber ilə birgə yenə eyni məqsədlə bu dəfə Şimali Kaliforniyada balıqçılıq edən Yurok Yerlilərini araşdırdı. Bu araşdırmaların sonunda bütün cəmiyyətlərin şəxsiyyətin inkişafını yönləndirmək üçün qurumlar yaratdığını, ancaq fərqli cəmiyyətlərdə bu kimi problemlər üçün tipik həll yollarının fərqlilik göstərdiyini fərziyyəsini irəli sürdü.
1942-ci ildə Berkli Kaliforniya Universitetində psixologiya dərsləri deməyə başlayan Erikson 1940-cı illərdə ruhi-ictimai inkişaf mövzusunda yazdığı bütün yazıları 1950-ci ildə Uşaqlıq və Cəmiyyət(Childhood and Society) adı ilə çap etdirdi.
Psixososial inkişaf nəzəriyyəsi
redaktəErikson Freydin psixoanaliz nəzəriyyəsini ailə və uşaqlıq həyatı ilə sərhədlənmiş olmaqdan çıxarmış, uşağın dostları, müəllimləri, gözləntiləri, qarşılıqlı əlaqəyə girdiyi ictimai mühitlərlə maraqlanmışdır. Psixoanalizim əsas mərkəzini xəstəlikdən sağlamlığa yönəltmiş və daxili istək (vadaredici meyl) fərziyyələrindən o tərəfə sağlam bir fərdin şəxsiyyətinin formalaşması üzərində dayanmışdır. Eriksona görə şəxsiyyət əvvəlcədən müəyyənləşdirilmiş mərhələlərlə, müəyyən bir plan üzrə inkişaf edir. Buna görə, inkişaf səkkiz mərhələdə reallaşır.
• Etibar və etibarsızlıq – Doğumla 1 yaş arasında. Uşaqların bu dönəmdə köməyə ehtiyacları olduğu üçün onlara baxan şəxsin etibarlı olması lazımdır. Bu periodu yaxşı keçirən uşaqlar dünyada özlərini daha etibarlı yerdə hiss edəcəklər. Əks halda isə daha etibarsız və güvənə bilmədikləri bir yerdə hiss etmələrinə səbəb olacaqdır.
• Utanc və şübhəyə qarşı öz müqəddəratını təyin etmə - 2-3 yaşlar. Erkən uşaqlıq periodunu əhatə edir. Freydə paralel olaraq Erikson da bu periodda uşağın tualet vərdişlərinin yaranmasını önəmli hesab edir. Ancaq bir qədər fərqli yanaşma var. Erikson fərdin öz bədən funksiyalarını idarə edə bilməyi öyrənməsini idarə etmək hissinin və sərbəstliyin formalaşmasına kömək etdiyini bildirir. Yemək, oyuncaq, geyim seçimləri də bu mərhələdə qazanılan vərdişlərdəndir. Bu mərhələni uğurla keçirməyən uşaqlar utanc hissinə qapılırlar.
• Təşəbbüskarlıq və günahkarlıq – 3-5 yaşlar. Məktəbəqədər mərhələdə uşaqlar öz potensial bacarıqları barədə düşünməyə başlayırlar. Bu mərhələni uğurla keçən uşaqlar öz bacarıqlarının və başqalarını idarə etmə güclərinin fərqində olurlar. Əks halda isə günahkarlıq hissi onlara hakim kəsilir.
• Çalışqanlıq və aşağı keyfiyyət - 6-11 yaşlar. Sosial fəaliyyətləri nəticəsində uşaqlar öz bacarıqları ilə qürur duymağa başlayırlar. Ailələri və müəllimləri tərəfindən dəstəklənən uşaqlarda özlərinə güvənmək hissi formalaşır. Bu dəstəkdən məhrum olan uşaqlarda isə özünə iman əskikliyi olur.
• Kimlik qazanmaq və dəyərsizlik – 12-18 yaşlar.Yeniyetməlik dövründə uşaqlar bir növ öz kimliklərini axtarırlar. Bu dönəmdə kifayət qədər dəstək görən uşaqlar bu mərhələdən güclü formalaşmış şəxsiyyətə sahib olaraq çıxırlar. Əks halda isə özünə əmin olmamaq, güvənməmək, qarışıqlıq kimi hallarla üzləşəcəklər.
• Yaxınlıq və təcrid olunma – 19-40 yaşlar. Bu mərhələ ilkin münasibətlərin yarandığı ilk gənclik dövrünə təsadüf edir. Erikson düşünür ki, insanların başqaları ilə münasibət qurması çox ciddi mövzudur. Bu mərhələni uğurla keçən insanlar gələcəkdə sağlam və möhkəm əlaqələr quracaqlar. Burada hər mərhələ özündən əvvəlki mərhələnin davamıdır. əgər əvvəlki mərhələ yaxşı nəticə göstərmişsə, növbəti mərhələ də uğurla tamamlanacaqdır. Güclü şəxsiyyəti formalaşmış insanın münasibətləri də möhkəm olacaq. Əks halda o, depressiyaya, tənhalığa qapılacaq, tək hiss edəcəkdir.
• Yaradıcılıq və durğunluq – 40-65 yaşlar. Yetkinlik dövründə karyera və ailə həyatı ilə öz həyatını qurmağa çalışan şəxs aktiv şəkildə çalışaraq özünün işə yarayan olduğunu sübut edir. Bu bacarıqları əldə edə bilməyənlər durğun və dünyaya kənardan baxan olaraq qalırlar.
• Bütövlük və ümidsizlik – 65 yaşdan ölənədək. Bu period insanların yaşlılıq dövrünə təsadüf edir. Bu mərhələdə uğursuz olanlar həyatlarını boşa keçirdiklərini düşünürlər və bunun peşmançılığını yaşayırlar. Ancaq həyatını dolu keçirdiyini düşünən insanlar geridə qoyduqları həyatın bütöv olduğunu düşünürlər.
Sonrakı həyatı
redaktə1950-ci ildə McCarthy vaxtlarında bağlılıq andını imzalamağı rədd edərək Kaliforniya Universitetindəki işindən çıxan Erikson həmin il Massaçusetsin Stokbric bölgəsindəlo Austen Riggs Mərkəzində şəxsiyyət problemi üzərində işləməyə başlamışdır. Daha sonra yenidən Harvard Universitetinə qayıtmış və 1967-70-ci illər arasında professor, 1970-ci ildən sonra isə təqaüdçü professor kimi burada dərs demişdir. Harvardda xüsusilə şəxsiyyət mövzusundakı nəzəriyyəsini inkişaf etdirmə və tanıtma şansını əldə edən Eriksona görə, şəxsiyyət(kimlik) insanın mütəmadi və dəyişməz olan öz həyatıdır, həm insanın iç dünyasındakə bütövlüyü, həm də xarici aləmlə əlaqəsini, ictimai və mədəni cəhətdən formalaşmanı təyin edir. Erikson, şəxsiyyətin formalaşmasının gənclik dövründə baş verməsinə görə, “şəxsiyyət böhranı” adlandırdığı bu periodun insan inkişafındakı ən çətin mərhələ olduğunu deyir. 1972-ci ildə San Fransiskodakı Mount Zion Xəstəxanasında işləməyə başlayan Eriksonun “Gənc Lüter”(“ Young Man Luther”-1958) və “Militant Qeyri-Zorakılığın Mənşəyi üzərinə Qandinin Həqiqətləri” (“Gandhi’s Truth on the Origins of Militant Nonviolence”- 1969) adlı əsərləri var.
Əsərləri
redaktəUşaqlıq və Cəmiyyət (Childhood and Society) (1950)
Gənc Lüter (Young Man Luther. A Study in Psychoanalysis and History) (1958)
Kimlik: Gənclik və Böhran (Identity: Youth and Crisis) (1968)
Militant Qeyri-Zorakılığın Mənşəyi üzərinə Qandinin Həqiqətləri (Gandhi's Truth: On the Origin of Militant Nonviolence) (1969)
Yetkinlik (Adulthood) (redaktə olunmuş kitab, 1978)
Ahıl yaşdakı həyat çətinlikləri (Vital Involvement in Old Age) (J.M. Erikson and H. Kivnick ilə, 1986)
Həyat dövrəsinin sonu (The Life Cycle Completed) (J.M. Erikson ilə, 1987)
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Erik Erikson // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 https://www.nytimes.com/books/first/f/friedman-architect.html.
Xarici keçidlər
redaktə- www.erikson.edu
- http://psychology.about.com/library/bl_psychosocial_summary.htm
- http://www.yakindunya.com/haber/saglik/ruh-sagligi/guncel-haberler/2010/02/07/makaleid4759 Arxivləşdirilib 2013-06-09 at the Wayback Machine
- http://www.support4change.com/index.php?option=com_content&view=article&id=47&Itemid=108 Arxivləşdirilib 2013-10-22 at the Wayback Machine
- http://www.muskingum.edu/~psych/psycweb/history/erikson.htm Arxivləşdirilib 2012-11-27 at the Wayback Machine