Esq I Leyla Film 1957 - Wikipedia
"Eşq-i-Leyla" filmi — Münşi Dilin rejissorluğu ilə çəkilmiş 1957 Pakistan filmi.
Eşq-i-Leyla | |
---|---|
IMDb | ID1603858 |
Film haqqında
redaktəFilm görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərinin motivləri əsasında çəkilmişdir.
Məzmun
redaktə"Leyli və Məcnun (Nizami)" məqaləsindən götürülmüşdür.
Atasının nəzirlərindən sonra nəhayət ki, Məcnun dünyaya gəlir. Onun adını Qeys qoyurlar və naz-nemət içərisində böyüdürlər. Daha sonra təhsil alması üçün Qeysi məktəbə verirlər. O, qəbilə qızları ilə birlikdə oxuyur. Bu qızlar içərisində Leyli adlı gözəl bir qız var, Qeys onu görür və sevir. Qız da onu sevir. Bu eşq dilə-dişə düşür. Qeysə Məcnun ləqəbi verirlər. Leylini isə ondan ayırırlar. Qeys hər gecə xəlvət sevgilisini görməyə gedir və ayrılığa aid şerlər oxuyur. O, artıq evindən və ailəsindən uzaqlaşır. Bir gün Məcnun Leylinin çadırı yanından keçərkən onu görür. Hadisədən xəbərdar olan ata elçi gedir. Leylinin atası onları yaxşı qəbul etsə də, qızı verməkdən boyun qaçırır. Məcnunun atası məyus halda geri dönür və oğluna nəsihət edib başqa qızla evləndirmək istəyir. O, heç kəsin nəsihətini eşitmir, çöllərə düşür, ümidlə yaşayır. Qohumları şəfa üçün onu Kəbəyə aparmağı məsləhət görürlər. Kəbədə Məcnun Allahdan şəfa əvəzinə eşq istəyir.
Leylinin qəbiləsi onları biabır edən şairi – Məcnunu öldürmək istəyirlər. Ata hadisədən xəbərdar olub oğlunu axtarır, tapa bilmir, nəhayət yerini öyrənib yanına gedir və oğlunu çox pis halda görür. Daha sonra Məcnun atasından üzr istəyir. Bu müddətdə Leyli evdə məhbus qalır, hər zaman Məcnundan xəbər gözləyir. Nəcddən əsən külək ona yarından salam gətirir, bazardan gələn uşaqlardan özü haqqında Məcnunun söylədiyi və dillərə düşən şerləri eşidir, evin yanından keçənlərin oxuduğu bayatıları toplayır, onlara cavab yazır və yalnız bununla təsəlli tapır. Leyli yazdığı şerləri küçəyə atır, yoldan ötənlər isə bu şerləri tapıb Məcnuna çatdırırlar. Beləliklə iki sevgili arasında əlaqə davam edir.
Baharın gözəl günlərinin birində, Leyli öz rəfiqələri ilə birgə seyrə çıxır. Bu zaman bir nəfər Məcnunun qəzəlini oxuya-oxuya yol keçir və Leyli onun sözlərini eşidir. Özünü saxlaya bilməyən Leyli qəzəli oxuyan şəxs tərəfə qaçır. Hadisədən Leylinin anası xəbər tutur. Bundan sonra Leyli ev dustağı edilir. Ərəb böyüklərindən İbn Salam adlı birisi Leylini istəyir. Elçi göndərir, qızı ona nişanlayıb xəstəliyi yaxşı olana qədər ata evində qalmağı vədə alır.
Nofəl adlı bir qəhrəman ova çıxdığı zaman Məcnuna rast gəlir. O, gəncin macərasını eşidir, ona kömək etmək istəyir. Məcnunu ümidvar edir, ona mehribanlıq edib paltar geyindirir, gözəl şerlərinə qulaq asır. Nofəl məktub yazıb qızı Məcnun üçün istəyir, yoxsa işin müharibə ilə həll olunacağını bildirir. Leylinin atası vuruşa hazır olduğunu bildirir. Müharibə baş verir. Məcnun Leylinin qəbiləsindən ölənlərə acıyır, Leyli isə atasının məğlub olmasını istəyir, öz sevgilisinə çatmaq üçün dua edir. Nofəl qalib gələ bilməyəcəyini düşünüb sülh bağlayır. Daha sonra Nofəl yeni qüvvə toplayıb təkrar hücuma keçir. Bu zaman Leyli qəbiləsi məğlub olur. Leylinin atası xahiş edir ki, qızımı öldür, bir qula ver, amma bu dəliyə ərə vermə. Bu sözlərin qarşısında aciz qalan Nofəl müharibədən əl çəkir. Məcnun ona tən edib səhraya qaçır.
Müharibədən sonra toy edən İbn Salman Leylini öz evinə köçürür. Lakin, toydan sonra Leyli ona yaxınlıq vermir. İbn Salam Leyliyə yaxınlaşmağa çalışdığı zaman qız ona elə bir şillə vurur ki, Salam ölü kimi yerə yıxılır. Məcnun isə Leylinin ərə getməsindən xəbər tutur. Leylinin xəyalına şikayət edən Məcnunu atası yenidən çöllərdə tapır. Məcnun atasını tanımır, atası özünü nişan verdikdən sonra Məcnun onun ayaqlarına düşür. Atası Məcnuna çox qocaldığını və ölüm ayağında olduğunu deyir, oğlundan geri dönməsini xahiş edir. Məcnun atasından üzr istəyir və özünü ölmüş bilməyi xahiş edir. Ata, oğlu ilə vidalaşıb geri dönür və bir neçə gün sonra ölür. Atasının ölümünü Məcnuna xəbər verirlər, o məzar üstünə gələrək nalə edir və yenidən səhraya çəkilir.
Bir gün bir süvari Məcnuna Leylidən məktub gətirir. O, Leylini görməsini söyləyib onun biqərarlığından danışır və məktubu ona təqdim edir. Öz halından bəhs edən Leyli Məcnunun atasının ölməsini eşşitdiyini və yas saxladığını söyləyir. Məcnun sevinir və cavab yazır. Məcnunun Səlimi-Amiri adlı dayısı onun üçün paltar və yemək gətirir. Məcnun anasının halını soruşur. Bunu eşidən Məcnun evə dönüb bacısını oğlunun yanına gətirir. Oğlunun halını görən ananın ciyəri yanır. Ana, oğlunu evlərinə çağırır, ona nəsihət verir. Evə döndükdən sönrə Məcnunun anası vəfat edir. Səlim yemək və paltar gətirərəkən Məcnuna anasının ölməsini xəbər verir. Məcnun özündən gedir.
Leyli məcnunla görüşmək üçün yer müəyyən edir. Təyin olunmuş vaxtda Məcnun gəlir. Leyli uzaqda əyləşib Məcnunun qəzəlinə qulaq asır. Məcnun arzularını ifadə edən bir qəzəl oxuyur, sonra yenə səhraya qayıdır. Məcnunun şöhrəti aləmə yayılır. Onun qəzəlləri dildə-dilə gəzir. Bunu eşidən Salam Bağdadi Məcnunun görüşünə gəlir və onun söylədiyi şerləri toplamaq istəyir. Məcnun əvvəl onu geri döndərmək istəsə də, Salam yalvarıb onun yanında qalır. Zeynəb adlı bir qıza aşiq olmuş Zeyd Leyli ilə tanış olur və bu iki sevgili arasında vasitəçilik edir. Leylinin əri qızdırmaya tutulub və ölür. Leyli Məcnunu çağırtdırır və o, heyvanlarla birlikdə gəlir. Heyvanlar qaravul çəkir və onlar otaqda görüşürlər . Hər ikisi özündən gedir, onlar dərdləşib yenidən ayrılırlar. Payız vaxtı yetişir, Leyli xəstələnir, anasına Məcnuna deyiləsi sözləri vəsiyyət edib ölür. Zeyd əhvalatı bilib Məcnuna xəbər gətirir. Məcnun sevgilisinin qəbri üstə gəlib növhə edir və qəbir üstündə ölür. Ətrafa toplanmış heyvanların qorxusundan heç kim onlara yaxınlaşa bilmir. Bir ildən sonra heyvanlar dağılışırlar, Məcnunu da Leylinin qəbrində dəfn edirlər.
Mahnılar
redaktəAd | Söz və musiqisi | Müğənni |
---|---|---|
Sitaro Tum To So Jao | Məhəmməd Ələmcir, Səftər Hüseyn | İqbal Banu |
Mohabbat Ka Janaza | Məhəmməd Ələmcir, Səftər Hüseyn | İnayət Hüseyn Bxatti |
Chand takey chup chup | Məhəmməd Ələmcir, Səftər Hüseyn | Səlim Rəza, Zübeydə Xanım |
Ae Bad-e-Saba | Məhəmməd Ələmcir, Səftər Hüseyn | Zübeydə Xanım |
Bata Ae Asmaan Walay | Məhəmməd Ələmcir, Səftər Hüseyn | İnayət Hüseyn Bxatti |
Chand Si Teri Jabeen | Məhəmməd Ələmcir, Səftər Hüseyn | İnayət Hüseyn Bxatti |
Dil Say Jo Dil Takraye | Məhəmməd Ələmcir, Səftər Hüseyn | Zübeydə Xanım |
Hey Meri Majboor Jawani | Məhəmməd Ələmcir, Səftər Hüseyn | Zübeydə Xanım |
Ik halki halki aahat | Məhəmməd Ələmcir, Səftər Hüseyn | İqbal Banu |
Rollarda
redaktəSəbihə Xanım — Leyla
Santoş Kumar — Məcnun
Əcmal
Maya Devi
İmdad Hüseyn