Dublin Triniti Kolleci - Wikipedia
Dublin Triniti Kolleci (irl. Coláiste na Tríonóide) — İrlandiyanda, Dublin şəhərində yerləşən və Böyük Britaniyadan kənarda yerləşən ingilisdilli ölkələrin yeddi ən qədim ali təhsil müəssisəsindən biri.
Dublin Triniti Kolleci TCD | |
---|---|
Coláiste na Tríonóide Trinity College, Dublin | |
53°20′40″ şm. e. 6°15′28″ q. u.HGYO | |
Əsası qoyulub | 1592 |
Tip | Dövlət |
Tələbə sayı | 16215 |
Şəhər | Dublin şəhəri |
Ölkə | |
Sayt |
tcd.ie tcd.ie/gaeloifig/gaeilge… |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1592-ci ildə Dublin şəhərinin bir qrup əhalisi kraliça Yelizavetadan məktub aldıqdan sonra şəhər divarlarından cənub-şərqdə yerləşən baxımsız qalmış Bütün Müqəddəslər kilsəsində kollec yaradır. Ali məktəbin ilk rektoru Dublin şəhərinin arxiyepiskopu Adam Loftus olur. Ona iki köməkçi (Ceyms Hamilton və Ceyms Fullerton) təyin edilir. İki ildən sonra burada müəllim və tələbələrin sayı artmağa başlayır. 50 il müddətində kollecə yardımlar edilir, torpaq sahələri bağışlanır, təqaüdlər təşkil olunur, tədris proqramları, nizamnamələr qəbul edilir, kitabxanalar yaradılır və s.
XIX əsr Dublin Triniti Kollecində bir çox hadisələrlə yadda qalır. 1711-ci ildən kollecdə tibb elminin öyrədilməsinə baxmayaraq, burada bu sahəni geniş əhatə edən məktəb 1800-cü ildən fəaliyyətə başlayır. 1842-ci ildə kollecdə Britaniya adalarında ilk olan Mühəndislik Məktəbi, əsrin ortasında isə hüquq fakültəsi yaradılır. 1873-cü ildə kollecdə bütün dini ayinlər ləğv edilir, yalnız İlahiyyat Məktəbinə fəaliyyət göstərməyə və tələbə qəbul etməyə icazə verilir.
Qız tələbələrin kollecə qəbuluna 1904-cü ildən başlanılır, ilk qadın professor isə 1934-cü ildə təyin edilir. 1962-ci ildə Kommersiya və Sosial Tədqiqatlar məktəbləri birləşdirilərək Biznes və Sosial Tədqiqatlar Məktəbi adlanır. 1969-cu ildə bir sıra bölmə və departament humanitar elmlər, biznes, iqtisadi və sosial tədqiqatlar, mühəndislik və sistemlər elmləri, tibbi elmlər fakültələrinə bölünür. 1977-ci ildə ali təhsil ocağında Əczaçılıq Məktəbi yaradılır, eləcə də baytarlıq fakültəsi açılır.
Dublin Triniti Kolleci bu gün Dublinin mərkəzində yerləşir və böyüyüb, inkişaf etməkdədir.
Müasir vəziyyəti
redaktəDublin Triniti Kolleci Dublin şəhərinin mərkəzində 190000 m² ərazidə yerləşir. Ali məktəbin kampusunda inşa edilmiş binalar zəngin memarlıq nümunələrindən hesab olunur. Burada xüsusi ilə XVIII-XIX əsrin memarlıq üslublarında inşa edilmiş tikililər çoxluq təşkil edir. Kollecin kilsəsi və İmtahan Zalı adlanan binası memar Vilyam Çembers, muzeyi isə memarlar Tomas Nyuenhem Din və Benjamin Vudvord tərəfindən inşa edilib. Binalar və binaların həyəti dördbucaq formasında olduğundan kampus böyük kvadratlar şəklindədir (sguares).
Kollecin tibb fakültəsinin yaxınlığında Müqəddəs Ceyms və Adelaida xəstəxanaları, Milli Uşaq Xəstəxanası, Molekulyar Tibb İnstitutu, Con Durkan Leykemiya İnstitutu yerləşir.
Hazırda Dublin Triniti Kollecində 3 fakültə fəaliyyət göstərir. Hər fakültə bir neçə məktəbdən ibarətdir. Məktəblər isə öz növbəsində departament və mərkəzlərə bölünüb.
İncəsənət, humanitar və sosial elmlər fakültəsinə Biznes, Teatr İncəsənəti, Kino və Musiqi (Dram və teatr tədqiqatları, Musiqi departamentləri), Təhsil, İngilis dili, Tarix və Humanitar Elmlər (Gender və Qadın Problemləri Mərkəzi, Klassika, İncəsənət tarixi, Tarix departamentləri), Dillər, Ədəbiyyatlar və Mədəniyyətlər (Avropa Tədqiqatları Mərkəzi, Fransız, Alman, İspan, İrland və kelt, İtalyan, Rus və slavyan tədqiqatları departamentləri), Hüquq, Linqvistika, Nitq və Əlaqəli Elmlər (Karlar Mərkəzi, Dil və kommunikasiya tədqiqatları, Kliniki nitq və dil tədqiqatları departamentləri), Psixologiya, Sosial Elmlər və Fəlsəfə (İqtisadiyyat, Fəlsəfə, Siyasi elmlər, Sosiologiya departamentləri), İctimai Fəaliyyət və Siyasət, Din, Teologiya və Ecumeniks məktəbləri daxildir.
Mühəndislik, riyaziyyat və dəqiq elmlər fakültəsi Biokimya və İmmunologiya (Biokimya, İmmunologiya departamentləri), Kimya, Kompüter Elmləri və Statistika (Kompüter Elmləri, Statistika departamentləri), Mühəndislik (Vətəndaş, struktur və ekologiya mühəndisliyi, Elektronika və elektrotexnika, Mexanika və maşınqayırma texnologiyası departamentləri), Genetika və Mikrobiologiya (Genetika, Mikrobiologiya departamentləri), Riyaziyyat, Təbiət Elmləri (Ətraf mühitin mühafizəsi, Botanika, Coğrafiya, Geologiya, Zoologiya departamentləri) məktəblərindən ibarətdir.
Sağlamlıq haqqında elmlər fakültəsinə Stomatologiya (Çənə-üz cərrahiyyəsi, ağız patologiyası və müalicəsi, İctimai və uşaq stomatoloji sağlamlıq, Möhkəmləndirici stomatologiya və paradontologiya departamentləri), Tibb (Qlobal səhiyyə, Səhiyyə siyasəti və idarəetməsi, Anatomiya, Kliniki təbabət, Kliniki mikrobiologiya, Gematologiya, Histopatologiya və patoloji anatomiya, İmmunologiya, Tibbi gerontologiya, mamalıq və ginekologiya, Əmək terapiyası, Pediatriya, Farmakologiya və terapiya, Fiziologiya, Fizioterapiya, Psixiatriya, İctimai səhiyyə və ilk yardım, Şüa terapiyası, Cərrahiyyə, Qida və pəhriz tədqiqatları departamentləri), Tibb Bacısı və Mamalıq, Əczaçılıq və Farmaseptik Elmlər məktəbləri daxildir.
Tədqiqatlar aparmaq üçün kollecdə Adaptiv Nanostruktur və Nanoquruluş (Krann) Mərkəzi, Beynəlxalq İnteqrasiya Problemləri Tədqiqatları, Triniti Nevrologiya, Molekulyar Tibb, Ürək-Damar Elmləri, Triniti Siyasət institutları, Milli Rəqəmsal Elmi-Tədqiqat, Hərbi Tədqiqatlar, Platonik Ənənələr Tədqiqatları və s. mərkəzlər fəaliyyət göstərir.
Kitabxanası
redaktəDublin Triniti Kolleci Kitabxanası İrlandiyanın ən böyük tədqiqat kitabxanasıdır. Bu kitabxanada 4,5 milyon cild kitab, çoxlu sayda xəritə, tarixi əlyazmalar (ən məşhuru Kell kitabıdır) və musiqi əsərləri, 30000 elektron jurnal və s. var. Kitabxananın internet səhifəsində 300000 kitab yerləşdirilib. Kolleksiyaların əksəriyyəti əsasən XVI əsrin sonlarından başlayaraq toplanıb. 2003-cü ildən Dublin Triniti Kolleci Kitabxanası hüquqi depozit əldə edib. Həmin depozitə əsasən kitabxana Böyük Britaniya və İrlandiyada nəşr edilən istənilən kitabın nüsxəsini çıxarıb öz kolleksiyasına əlavə etmək hüququna malikdir. Beləcə, hər il kitabxanaya 100000 yeni nəşr daxil olur. Sentri kitab anbarında 3 milyondan çox kitab saxlanır. Oxu zalı 3200 oxucu yerləşdirmək imkanına malikdir. Zaldakı oxucu yerlərinin hamısı İnternet şəbəkəsinə qoşulub. Kollecin Qədim Kitabxanasında kitabların sərgisi təşkil olunur və buraya hər il yarım milyondan çox insan gəlir. Bu kitabxana İrlandiyanın əsas diqqətəlayiq yerlərindən hesab edilir. Dublin Triniti Kolleci Kitabxanasına ən son əlavə 2003-cü ildə İrlandiyanın prezidenti tərəfindən açılmış Ceyms Uşer kitabxanasıdır.
Kontingent
redaktəHazırda Dublin Triniti Kollecinin rektoru ixtisasca fizik olan doktor Con Heqartidir. O bu vəzifəyə 2001-ci ildə seçilib. Dublin Triniti Kollecində rektor müəllimlərin və az sayda tələbələrin səsverməsi nəticəsində seçilir. Rektorun müavini isə professor Patrik Prenderqastdır. Qeyd etmək lazımdır ki, Dublin Triniti Kollecinin birinci rəhbəri nominal olaraq kansler hesab edilir. Kollecin kansleri İrlandiyanın sabiq prezidenti və BMT-nin insan hüquqları üzrə sabiq komissarı xanım Meri Robinsondur. Bu ali məktəbdə ümumilikdə 2494 nəfər işçi çalışır. Onların 1843 nəfərini akademik heyət və tədqiqatçı, 651 nəfərini isə inzibati (kitabxana, xidmət və texniki) heyət təşkil edir. Uğurlu fəaliyyət göstərən, önəmli tədqiqatlar aparan işçilər müxtəlif təqaüdlərə layiq görülürlər. Müəllim və tələbələrə təqaüd səsvermədən sonra verilə bilər. Təqaüdə layiq görülən alimlər geniş imtiyazlar əldə edirlər. Onlara illik əməkhaqqı daxil olmaqla kampus ərazisində ödənişsiz yaşamaq, qidalanmaq imkanı yaradılır, alış-veriş edərkən endirimlər olunur.
Dublin Triniti Kollecində 2009-2010-cu tədris ilində 16215 nəfərdən çox tələbə təhsil alıb. Onların 11009 nəfərini bakalavr, qalanlarını isə magistr və doktorantlar təşkil edib. Tələbələrin 80%-i irlandiyalı, 11%-i Avropa İttifaqı üzvü ölkələrinin nümayəndələri, 1%-i Avropa İttifaqına daxil olmayan Avropa dövlətlərinin təmsilçiləri, 8%-i isə dünyanın başqa qitələrindən olan gənclər olub. Burada ümumilikdə dünyanın 90 müxtəlif ölkəsindən 2300 əcnəbi tələbə oxuyub.
Dublin Triniti Kollecində tələbə və əməkdaşların qalmaları üçün yüksək şəraitə malik yataqxanalar mövcuddur. Kampusda təxminən 700 otaqlıq tələbə yataqxanaları var. Ən böyük yataqxanalardan Triniti Holl, Qoldsmit Holl, Botani Bey, Memorial Building və s. qeyd etmək olar. Tələbələrin əksəriyyəti Triniti Holl yataqxanasına üstünlük verir. Otaqların verilməsində əcnəbi tələbələrin yerləşdirilməsinə xüsusi diqqət yetirilir. Yataqxanalarda bir otağın qiyməti 1 semestr ərzində 1695 avro təşkil edir. Bundan əlavə, tələbələr kampusdan kənarda kirayə mənzillər tuta bilərlər, lakin bu onlara bir qədər baha başa gəlir.
Dublin Triniti Kollecində tələbələrin həyatlarını maraqlı və rəngarəng keçirmələri üçün lazımi şərait yaradılıb. Hər hansı bir gənclər təşkilatının, klubun, cəmiyyətin, könüllülər dəstəsinin üzvü olmaq kollec tələbələrinin vaxtlarını səmərəli keçirmələrinə yardımçı olur. Bu təşkilatlara qoşulmaqla tələbə özünə iş yeri də tapa bilər.
Bu ali təhsil ocağında zəngin tələbə nəşriyyatı fəaliyyət göstərir. Ciddi nəşrlərdən başlayaraq satirik yazılara qədər burada hər şey tapmaq mümkündür. "Trinity News" 1953-cü ildən çap edilir və İrlandiyada çıxan ilk tələbə qəzetlərindən biridir. Həftədə 4 dəfə nəşr edilən qəzet bütün tədris ili fəaliyyət göstərir. Bununla yanaşı kollecdə "Piranha" satirik qəzeti və jurnalı, "TCD Məcmuəsi" (1895-ci ildən çıxır), "Tibb", "Çardaq" jurnalları və s. dərc olunur.
Dublin Triniti Kolleci 400 illik təqaüd ənənəsinə malik dünyanın ən qədim tədris ocaqlarından biridir. Bu ali məktəb liberal mühiti təmin edərək fikir azadlığını yüksək qiymətləndirir, tələbə və müəllimlərə öz potensiallarını bütünlüklə reallaşdırmağa imkanlar yaradır. Kollec tədris və tədqiqatları mükəmməlləşdirmək, hər kəs üçün bərabər inklüziv təhsil vermək, tələbələrə zəngin təcrübə bəxş etmək, bəşəriyyətə rifah və fayda gətirmək məqsədi ilə səylə çalışır.
Büdcəsi
redaktəDublin Triniti Kollecinin gəlirləri 2009-2010-cu ildə 304640000 avro təşkil edib. Həmin vəsaitin 105392000 dövlət qrantları, 88636000 tələbələrin təhsil haqqı, qalanlarını isə digər gəlirlər təşkil edib.
Kollecin xərcləri isə həmin il 294892000 avro olub. Bu məbləğin 214727000 avrosunu akademik və inzibati xidmətlər, 80165000 avrosunu isə tədqiqat və layihə xərcləri təşkil edib.
Təhsil haqqı
redaktəDublin Triniti Kollecinə Avropa İttifaqı üzvü olan ölkələri təmsil edən tələbələrin qəbulu kollecin özü tərəfindən deyil, Mərkəzi Ərizələr Ofisi (Central Applications Office) tərəfindən aparılır. Abituriyentlər ali məktəbə qəbul olmaq üçün buraxılış imtahanlarında əldə etdikləri nəticələri təqdim etməlidirlər. Ofis kollecdə ayrılan yerlərlə abituriyentlərin nəticələrini uyğunlaşdırdıqdan sonra avqustun ortalarında yerlər açıqlanır. Avropa İttifaqı üzvü olmayan ölkələri təmsil edən abituriyentlər kollecə qəbul olmaq üçün bir sıra prosedurlardan keçməlidirlər. Əlillər, yaşlı və ya maddi durumu çətin olan tələbələr ayrıca proqramlar əsasında bu ali məktəbə qəbul edilirlər. Doktoranturaya qəbul Dublin Triniti Kolleci tərəfindən aparılır.
2009-2010-cu tədris ilində Dublin Triniti Kollecində Avropa İttifaqı ölkələrindən olan bakalavr pilləsində oxuyan tələbələrin təhsil haqqı 4181 avro, magistratura və doktorantura pilləsində isə 3675-29500 avro, qeyri-avropalı gənclərin bakalavr pilləsində təhsili isə 15923 avro, magistratura və doktorantura pilləsində isə 6000-29500 avro təşkil edib. 2010-2011-ci tədris ilində bu ali məktəbdə Avropa İttifaqına daxil olmayan ölkələri təmsil edən tələbələrin təhsil haqqı bakalavr pilləsində 15950 avro (tələbənin qəbul olduğu məktəbdən asılı olaraq bu rəqəm dəyişə bilər) təşkil edəcək. Magistratura və doktorantura pilləsində fakültə və məktəblərdə ixtisaslara uyğun olaraq müxtəlif qiymətlər mövcuddur (5000-43000 (Stomatologiya)).
Dünyanın əksər universitetlərində olduğu kimi, Dublin Triniti Kollecində də dərslərdə yaxşı nəticələr əldə edən, istedadlı, eləcə də maddi vəziyyəti çətin olan tələbələrə müxtəlif təqaüdlər (schols) təklif olunur. Kollecin məktəblərindən asılı olaraq təqaüdün məbləği də fərqlənir. 2009-2010-cu tədris ilində yuxarıda sadalanan göstəricilərə malik tələbələr orta hesabla 5000 avro təqaüd alıblar. Adətən təqaüd tələbəyə birinci kursu əlaçı bitirərsə kursun sonunda və ya ikinci kursda verilir.
Reytinqi
redaktəBöyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Dublin Triniti Kolleci 100 ən yaxşı ali məktəb arasında Osaka Universiteti ilə birgə 43-cü yerdə sıralanmışdır.
Məşhur məzunları
redaktəBuranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- Duqlas Hayd – İrlandiyanın ilk prezidenti;
- Meri Robinson – İrlandiyanın sabiq 7-ci prezidenti;
- Meri McAlis – İrlandiyanın hazırkı 8-ci prezidenti;
- Teobald Vulf Ton – İrlandiya respublikaçılarının atası;
- Eyr Kut – Yamaykanın general-qubernatoru;
- Edvard Stafford – Yeni Zellandiyanın sabiq Baş naziri;
- Jaja Uaçuku – Nigeriyanın ilk xarici işlər naziri;
- Ernest Uolton – fizika üzrə Nobel mükafatı laureatı;
- Samuel Bekkett – yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı;
- Conatan Svift – məşhur yazıçılar;
- Oskar Vayld – məşhur yazıçılar;
- Brem Stoker – məşhur yazıçılar.
Həmçinin bax
redaktəMənbə
redaktə- Lamiyə Əliyeva, Dünya universitetləri: Dublin Triniti Kolleci Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 03.09.2010, № 34. (az.)
Xarici keçidlər
redaktə- tcd.ie — Rəsmi saytı