Dostluq Yatagi - Wikipedia
Bu məqalə Dostluq yatağı haqqındadır. Digər mənalar üçün Dostluq (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Dostluq yatağı (azərb. Dostluq, Kəpəz, türkməncə:Dostluk, Sərdar) — Xəzər dənizində Azərbaycanla Türkmənistan sərhədində yerləşən neft-qaz yatağı. Yataq 1989-cu ildə SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb.[2] 2021-ci ilə qədər yataq Azərbaycanda “Kəpəz”, Türkmənistanda isə “Sərdar” adlandırılıb.[3] Hər iki respublika müstəqillik əldə etdikdən sonra isə neft-qaz yatağı mübahisə peridmeti olub. 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanması ilə bu mübahisə bitib.[4] Memarandumla yatağın adı dəyişdirilərək "Dostluq" adlandırılıb.[5]
Dostluq yatağı azərb. Dostluq, Kəpəz, (türkməncə: Dostluk, Sərdar) | |
Ölkələr | Azərbaycan Türkmənistan |
Region | Xəzər dənizi |
Kəşfi | 1989 |
Yataq tipi | neft, qaz |
Ehtiyatı | 60 milyon ton neft, 100 milyard kub metr qaz[1] |
Tarixi
redaktəAzərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı bu yataq Xəzər dənizində iki ölkə arasında sərhəddə yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb.[6]
SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün "Promejutoçnoe", yəni “Aralıq” adlandırılıb. Xəzərin Azərbaycan sektorunda ən iri neft yatağı olan Azəri-Çıraq-Günəşli və Türkmənistanın “Petronas 1” blokları arasında yerləşən “Dostluq” yatağı Xəzərin cənub hissəsində hər iki ölkənin sərhəd sularında yerləşən ən iri neft-qaz yataqlarından biridir.[7]
“Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb. 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" ilə Xəzərin Azərbaycan sektorunda geniş neft-qaz hasilatı aparılıb. Amma bu işlər "Kəpəz" yatağında mübahisə səbəbindən aparılması mümkün olmayıb. 1990-ci illərin ortalarından başlayaraq yataq iki ölkə arasında mübahisə predmeti olub və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. 1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycan Respublikası ilə Türkmənistan arasında danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb. Bu addımla əvvəlki fikir ayrılıqlarına son qoyulub və iki dost ölkə arasında bütün məsələlərin qarşılıqlı maraqlar əsasında həlli üçün etibarlı zəmin yaradıb.[8]
Xəzər dənizində bölgü məsələləri üzrə sahilyanı ölkələr arasında dialoq üçün ikitərəfli və çoxtərəfli formatlara üstünlük verilib. Bu çərçivədə 2001-ci il noyabrın 29-da “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş”, 2002-ci il sentyabrın 23-də “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Saziş” və 2003-cü il mayın 14-də “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında Saziş”in imzalanmasına nail olunub.[8]
Sonradan Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi üzrə də razılaşma əldə olunub ki, bu, öz növbəsində bütün sahilyanı ölkələr arasında Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə beştərəfli formatda aparılan prosesə güclü təkan verib. Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 2018-ci il avqustun 12-də çox mühüm sənəd - “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb. Bütün bu sənədlər Azərbaycanla Türkmənistan arasında da Xəzərdə mövcud mübahisələrin son qoyulmasına zəmin yaradıb.
Anlaşma memarandumu
redaktə2021-ci il 21 yanvar tarixində Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.
Azərbaycan və Türkmənistan prezidentləri İlham Əliyev və Qurbanqulu Berdıməhəmmədovun video-formatda qatıldıqları imzalanma mərasimində Memorandumu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistanın xarici işlər naziri Rəşid Meredov imzalayıblar.[9]
Ehtiyatı
redaktəYatağın neft ehtiyatlarının təqribən 60 milyon ton, təbii qaz ehtiyyatı isə 100 milyard kubmetr olduğu güman edilir.[1] Bəzi digər mənbələrə görə neft ehtiyatları 200 milyon tona qədər çata bilər.[10]
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 "Предполагаемые запасы" (русский). 2021-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-24.
- ↑ ""Dostluq" yatağı: İqtisadi inkişafın, Azərbaycanla Türkmənistan arasında dostluq və qardaşlığın simvolu - TƏHLİL". 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-21.
- ↑ "Азербайджан с Туркменией не поделили Кяпаз (Сердар) на Каспийском море". neftegaz.ru (rus). 2020-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-22.
- ↑ [Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib YENİLƏNİB VİDEO]
- ↑ "Официальный сайт президента Азербайджанской Республики". ru.president.az (rus). 2021-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-22.
- ↑ "Месторождение Кяпаз - Что такое Месторождение Кяпаз?". neftegaz.ru. 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-22.
- ↑ * Dostluq” yatağı mehriban qonşuluq və əməkdaşlığın nümunəsi Arxivləşdirilib 2021-02-06 at the Wayback Machine
- ↑ 1 2 ""Dostluq" yatağının birgə işlənməsi həm Türkmənistana, həm də Azərbaycana xeyir gətirəcək". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-24.
- ↑ "Azərbaycanla Türkmənistan arasında Xəzərdə "Dostluq" yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-24.
- ↑ Kerogen Capital (Asia) Limited. "Kerogen completes investment in Buried Hill Energy - Kerogencap". Kerogencap -. 2013-04-17. 2021-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-22.