Donna Karan - Wikipedia
Donna Karan (ing. Donna Karan; d. 2 oktyabr 1948, Kuins, Nyu-York, ABŞ) — Amerikalı modelyer-dizayner və sahibkar. "Donna Karan" Amerika lüks brendinin və DKNY (Donna Karan New York) moda evinin yaradıcısı.
Donna Karan | |
---|---|
Doğum tarixi | 2 oktyabr 1948[1][2][…] (76 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | dizayner, dəb dizayneri |
donnakaran.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAtası dərzi, anası isə model olan Donna Faske (Karan) 2 oktyabr 1948-ci ildə Manhetten yaxınlığında anadan olub. Atası vəfat edəndə onun cəmi üç yaşı var idi. Dərzi qızının dəb nümayişlərinin sevilən modeli olan anası Helenlə dəfilələrə qatılması onu modaya həvəsləndirib. O, hələ kiçik yaşlarından kolleksiyaları üçün eskizlər çəkməyə başlayıb. Bu, onun sevimli oyunu idi. Belə ki, artıq yeniyetməlik yaşlarında böyük bir kolleksiya hazırlamışdı.
Orta məktəbi bitirdikdən sonra o, Nyu-Yorkda Parsons Dizayn Məktəbinə daxil olub. Amma oranı bitirməyib. Məktəbi yarımçıq qoyması modelyer Anna Kleinin istedadlı qızı öz yanında işləməyə dəvət etməsi ilə əlaqələndirilir.[3] Tale göstərdi ki, bu addımı atarkən o səhv etməyib. Belə ki, onun amerikalı dizaynerlər arasında lider mövqeyi əldə etməsi də məhz Anna Kleinin rəhbərlik etdiyi moda evində fəaliyyəti dövrünə təsadüf edib.
Sahibkarlığa başlaması
redaktəAnna Kleinin qəfil vəfatı Donna Karanı məcburən iş qadınına çevirir. Bir gün belə işindən ayrılmayan gənc modelyer həyatını da, planlarını da tamamilə dəyişdirməli olur:
"Geriyə addım ata bilməzdim. Mən firmanın işinə görə bütün məsuliyyəti öz üzərimə götürməyə məcbur oldum. Tezliklə qızım dünyaya gəldi. Heç iki gün keçmədi ki, rəhbərim xərçəngdən öldü. Hər şey üst-üstə gəldi… Bu vəziyyətdə olmağıma baxmayaraq, kolleksiyanı bitirmək, işə getməyə yataqdan qalxmağa məcbur idim. Beləliklə, mən heç vaxt olmaq istəmədiyim işgüzar qadın oldum".
1971-ci ildə əsas modelyer vəzifəsinə keçən dizayner mağazalar şəbəkəsini genişləndirib. Ancaq modaya olan sevgisinə nə evliliyi, nə hamiləliyi, nə də ki, ana olması təsir edib.
O, bütün çətinliklərin öhdəsindən gəlib, həm qızı Qabriellanı böyüdüb, həm də kolleksiyalarını tamamlayıb.
Ancaq sonradan özü də etiraf edib ki, həm qızına, həm işinə bərabər vaxt ayıra bilməyib. Həyatında sonradan təəssüfləndiyi məqam da məhz bununla bağlıdır.
Bu gün Qabriella gözəl və ağıllı gənc qadındır. O, hazırda anası ilə birlikdə işləyir. Amma Donna indiyədək də yeni doğulmuş körpəsinə özünü tam həsr edə bilmədiyindən gileylənib:
"Mən evdə qalıb qızımın təlim-tərbiyəsi ilə məşğul olmaq istəyirdim, yalnız analıq vəzifələrimi yerinə yetirmək istəyirdim. İşimdən uzaqlaşmağı düşünmürdüm, sadəcə, evdə qızımla daha çox vaxt keçirməyi arzulayırdım… Uşağı böyüyərkən işləməyi düşünməyən qadın üçün bu qərarı vermək çox çətin idi. Onda mənim yeganə təsəllim gördüyüm işin başqaları üçün faydalı olması idi. Bu fikir mənim vicdanımı sakitləşdirirdi".
Uğurları
redaktəTaleyi Donna Karaya çox böyük uğur əldə etmək imkanı verib. Məsələn, on il "Anne Klein" moda evində gərgin yaradıcılıq fəaliyyəti göstərən Karan buna görə dəfələrlə nüfuzlu mükafatlara layiq görülüb. Amma bu yolda onu daha sərt döngələr, imtahanlar gözləyirdi. Belə ki, karyerasındakı uğurlar onu şəxsi həyatındakı uğursuzluqlardan sığortalamır. 1983-cü ildə Donna ərindən boşanıb. Ancaq uğursuz nikahın sonlandırılması ikinci və daha uğurlu birliyin əsasını qoyub. Heykəltəraş Stiven Vaysla nikah nəinki iki sevən adamın birləşməsi, həm də iki həmkarın ittifaqı olub. Həyat yoldaşı Donnanı öz şəxsi biznesinə başlamağa cəsarətləndirir, onun layihələrini dəstəkləyib.
Beləliklə, 1985-ci ilin payızında Donna özünün ilk kolleksiyasını təqdim edir. O, bu kolleksiyada yaşından və həyat tərzindən asılı olmayaraq, işgüzar qadınlar üçün rahat geyim istiqaməti yaratmışdı. Nümayişlərdən sonra mətbuat və tənqidçilər öz fikirlərində yekdil idilər.
Cəmi bir neçə il ərzində evin içində yerləşən kiçik atelye bütün lazimi avadanlıqlarla təchiz olunmuş sexə, daha sonra isə "Donna Karan New York Company"yə çevrilir. 1540 nəfərin işlədiyi şirkətdə 100-ə qədər dizayner 9 qrupa bölünərək fəaliyyət göstərir. Hər komandanın öz rəhbəri olsa da, Donna Karan hər şeyə özü nəzarət edir. Donna şirkətin işçilərini "böyük ailəsi" hesab edir. O, bu barədə deyir ki, ailə - insan üçün həyatının əsas hərəkətverici qüvvəsidir:
"Biz vaxtımızın çox hissəsini bir yerdə keçiririk, ona görə də işimiz bizim üçün çox qiymətlidir. İşdəki atmosfer ürəkaçandır, ailə kimi. Biz gördüyümüz hər işə can yandırırıq, sevgi qoyuruq… Ananın rolu ondan ibarətdir ki, o, ailəni birləşdirir. Özümü məhz böyük ailənin başında duran ana kimi hiss edirəm. Lakin bu hiss mənim öz əməkdaşlarımdan maksimum iş tələb etməyimə mane olmur".
Donna işdə özünə və başqalarına qarşı məsuliyyətli və tələbkardır. Uğur əldə etməsini də buna bağlayır. O, deyir ki, uğurun qiyməti çox yüksəkdir. Bunun üçün gecə-gündüz dayanmadan zəhmət çəkməlisən, yuxusuz gecələr keçirməlisən. İşgüzar mühitdə öz işinin miqyasına hədd qoymaq mümkün deyil. Uğur - fasiləsiz artımla sinonimdir. Donna Karanın işi böyüyür, geyim, kosmetika, ətir xətləri və ticarət nöqtələrinin sayı artmaqda davam edir.
"Donna Karan" brendə çevrilir
redaktəDonna Karan moda tarixində qətiyyətli baxışlarını təklif edir: güclü, dəqiq və yenilikçi.
Elə bu prinsip onları uğurdan uğura aparır. "Donna Karan"nın məhsulları Amerikada çox yaxşı satılırdı. Birinci xətt pret-a-porte üzərində qurulub. İkinci xəttə yüngül və sadə 7 elementdən ibarət geyimlər: bodi, lasina, yubka, bluzka, jaket, şalvar və aksessuarlar daxildir. Yeni təklif olunan geyimlər – bodilər isə rahatlığı və universallığı ilə amerikanların xüsusilə xoşuna gəlmişdi.
1989-cu ildə Donna Karan demokratik "DKNY" markasının əsasını qoyur. 1992-ci ildən isə markanın kişi geyimləri istehsal edilir. Bu xətdə dizayner müxtəlif millətlərdən olan insanların yaşadığı Nyu-York ruhunu və enerjisini ötürməyə çalışmışdı. Onun təklif etdiyi kolleksiyalar gündəlik geyim üçün baza olur, geyimlər dizayn və yüksək keyfiyyəti ilə seçilirdi. Yeri gəlmişkən, Donna deyir ki, bu xəttin yaradılması ideyasına onu qızı həvəsləndirib:
"Qızım və onun sinif yoldaşları mənim dolabımda daim eşələnirdilər. Nəticədə mən onları toplayıb soruşdum: "Bu gün axşam nə geyinmək istəyirsiniz?" Onlara rahat paltarlar və sadə kombinezonlar lazım idi. Elə mən özüm də gündəlik geyə biləcəyim sadə paltarlara ehtiyac duyurdum".
İlk olaraq "DKNY" cins xətti yaranıb. Bu xətdə dizayner ancaq 19 yaşlı gənc qızlar üçün deyil, həm də daha yetkin xanımlar üçün cins şalvarlar təklif edirdi. O, hesab edir ki, yaşlandıqca bədən quruluşu dəyişir. Ona görə də, onlar üçün xüsusi cins modelləri təklif edirdi. 1997-ci ilin yazında "DKNY" həm də "Classic", "Active" kimi iki leybl adı altında qadın geyimi istehsal edir.
Donna Karan konsepsiyası
redaktəDonna Karan moda dünyasına ən çox lazım olan anda gəlir. Həmin illərdə qadınların real tələbatını ödəyən, onları geyindirməyə qadir olan birinə ehtiyac var idi. Özü də onları elə geyindirmək lazım idi ki, qadın bu zaman gəzən karikaturaya dönməsin. Donnanın modaya baxışı o dövr üçün həqiqətən də inqilab idi.
Yuxarıda dediyimiz kimi Donna gördüyü hər şeyə ürəyini və bütün ruhunu qoyurdu. Onun üçün geyimin hazırlanması özünü ifadə ilə birbaşa bağlıdır. O, kolleksiyalarında ana, həyat yoldaşı, rəfiqə, işgüzar qadın rollarını birləşdirməyə və tarazlaşdırmağa çalışır. Donna Karan deyir ki, həyatı asanlaşdırmaq nə qədər çətindirsə, geyimi də rahatlıq və dəbdəbə ilə birləşdirmək bir o qədər çətindir. İşinin çətinliyindən gileylənən Donna Karan bu işin öhdəsindən çox bacarıqla gəldi. Dizayner həm modelyer, həm də bir qadın kimi bütün qadınların hər gün üzləşdiyi "Bu gün nə geyinim?" - kimi problemləri həll etdi.
Donna Karan əvvəlcə bədən quruluşunda qüsurların yuxarı, yaxud aşağı hissədə olmasını müəyyənləşdirməyi, daha sonra onu gizlədən fasonlara üstünlük verməyi məsləhət görür. Onun qadın seksuallığını vurğulayan geyimləri 30 yaşından yuxarı qadınlar üçün də uyğundur. Çünki o, kolleksiyalarında zəruri və həssas dekolte balansına mütləq şəkildə əməl edir. Xanım Donna istəyir ki, onun hazırladığı hər şey insana özünə əminlik duyğusu versin, onun ən yaxşı dostu olsun. Onun fikrincə, insanın geyimində həyat tərzi ilə üslubu üst-üstə düşməlidir. Bax, beləcə Donna Karan öz imperiyasını qurur. O, bir çox modelyerlərin diqqətdən kənar qalan, qadın qarderobunda mövcud olan ən aktual problemlərini həll etməyə çalışır.
İflasın astanasından dönüşü
redaktə1993-cü ildə moda evi iflas həddində idi. Lakin şirkətin perspektivliyinə inanan investorlar onun bu vəziyyətdən çıxmasına köməklik edirlər. Hazırda brendin Avropada, Asiyada və Yaxın Şərqdə onlarla butiki fəaliyyət göstərir. 1997-ci ildə əvvəllər "Polo Ralph Lauren" brendinin prezdidenti olan Con İdol şirkətin maliyyə direktoru vəzifəsinə təyin olunur. Moda evi onun rəhbərliyi altında çeşidlərinin sayını artırır:
- ətriyyat,
- kosmetika,
- geyim,
- ayaqqabı,
- mebel,
- aksessuarlar.
2001-ci ildə modelyerin sevimli əri Stiven Vays ağciyər xərçəngindən vəfat edir. Onun ölümü Donna Karan üçün çox ciddi sarsıntı olur. Ancaq o yenə dayanmır. Ağrılarını susdurmağın yeganə yolunu özünü bütünlüklə yaradıcılığa həsr etməkdə görür. Dəb ekspertlərinin fikrincə, bu dövr onun yaradıcılığının ən parlaq mərhələsi sayılır.
Karanın ilham mənbəyi dünya şəhərlərinin küçələrində, öz ailə həyatında, dostlarında, gənclərdə, bir sözlə, gözəl olan nə varsa, onda axtarır. Karan detalların qüdrətinə də inanır. Onun üçün geyimdənsə, detalların və aksessuarların dəyəri daha önəmlidir.
Sevimli rəngi – qara
redaktəO, "Mən yaxşı kolqotqa və ya ayağa yaraşan gözəl ayaqqabı görəndə dəli oluram" - söyləyib. Elə məhz Donna sayəsində qadınlar anladılar ki, qara qeyri-şəffaf kolqotka ilə qısa yubka geyinmək olar. Donna Karanın sehrli gücə malik qara corabları qadını 2 bədən daha arıq göstərir.
Donna Karanın kolleksiyalarını incələyəndə bir daha əmin olursa ki, qara rəng onun sevimlisidir. Onun kolleksiyalarında eleqant obrazlar, həm ofis, həm də ziyafətlər üçün geyimlər yer alır. Burada olan istənilən geyimlə siz Nyu-Yorkun işgüzar qadınlarını xatırladacaqsınız. Son kolleksiyalarında isə amerikalı dizayner sərt qara və tünd qırmızını əlvan rənglərlə əvəz edib.
Donna Karan da digər həmkarları kimi interyer üçün bəzək əşyalarının istehsalı ilə məşğul olur. Və bu, tamamilə təbiidir: geyim hazırlayan şəxs yəqin ki, ev üçün də müxtəlif aksessuarlar hazırlamaq istəyir. Donna Karanın zehni, şübhəsiz ki, ideyalar toplusudur, amerikalı dizaynerin yenilikləri heç vaxt bitmir. Lakin o, öz əvvəlki qərarlarının məntiqi inkişafı və təkmilləşdirilməsi üzərində işləməyə üstünlük verir. Onlar növbəti kolleksiyalarda yenidən işlənmiş formada görünürlər.
Ətir xətti
redaktə1992-ci ildə brendin ətriyyat xətti yaranır. Donna Karanın qadınlar üçün təklif etdiyi debüt ətri sevimli çiçək qoxulu "Donna - liliya Kasablanka" olur. Ətrin flakonu və qablaşdırılması üzərində Donnanın həyat yoldaşı Stevan Vays işləmişdi. Ətir satışa çıxan kimi müştərilərin diqqətini çəkir və ən çox satılanlar siyahısına daxil olur. 1994-cü ildə isə "DK For Men" kişi ətri yaranır. Bu ətrin flakonunu da Donnanın əri hazırlanmışdı. Ətrin şüşəsi avtomobilin sürət qutusu şəklində idi. Dizayner deyirdi: "Ərim sükan arxasında çox inamlı görünür". Donna Karan sonralar da ətir istehsalını genişləndirir, bir-birinin ardınca yenilərini satışa buraxır.
Saat istehsalı
redaktə2001-ci ildə Donna Karan daha bir "DKNY Times" saat xəttini işə salır. Onlar işgüzar qadın ideologiyasının zəruri davamı olur. Əvvəlcə "DKNY" saatları geyimləri kimi sadə və ciddi idi. Sonradan bu Amerika brendi minimalizm, şərq motivləri və Avropa müasirliyi ilə birləşir. Hazırda şirkət yalnız qadınlar üçün deyil, həm də kişilər üçün saat buraxır. Onlar öz dizaynına görə bir neçə xətlərə bölünür.
Son vaxtları
redaktəDonna Karan son vaxtlar demək olar ki, moda dünyasından kənar gəzir. Asudə vaxtını o, Nyu-Yorkdakı, Şərqi Hempton və Perrot Key adasında yerləşən evlərinin quruculuğuna həsr edib. O, kabbala - yəhudi mistikasını öyrənir və çox vaxt xeyriyyəçiliklə məşğul olur.
Ona görə də, "Donna Karan" moda evinin təsisçisi Donna Karanının bu yaxınlarda baş dizayner vəzifəsindən istefa verməsi heç kimdə təəccüb doğurmadı. O, bu addımını "Urban Zen" fondunun inkişafına həsr etməyi planlaşdırdığı ilə əlaqəndirdi. Qeyd edək ki, onun fondu xərçəng xəstəliklərinin profilaktikası və müalicəsi ilə məşğul olur. Xatırladaq ki, sözügedən Fond inkişaf etməkdə olan ölkələrdə, həmçinin ABŞ-də səhiyyə və təhsil məsələləri üzrə də ixtisaslaşıb. O, hesab edir ki, təhsil, səhiyyə, mədəniyyətin inkişafından və xeyriyyəçilikdən vacib heç nə yoxdur:
"Əminəm ki, "DKNY" komandası bütün çətinliklərin öhdəsindən gələcək. Mən onların uğur qazanacağına şübhə etmirəm!"
Hazırda o, Amerika Dəb Dizaynerlərinin direktorlar şurasında təmsil olunmaqla yanaşı, bitirmədiyi Parsons Dizayn Məktəbində də mühazirələr oxuyur.
Mənbə
redaktə- Aytən. Moda dünyasında inqilab edən amerikalı dizayner – FOTOLAR. publika.az, 25.07.2015 (az.)
İstinadlar
redaktə- ↑ Donna Karan // Encyclopædia Britannica (ing.).
- ↑ Donna Karan // FemBio database (alm.).
- ↑ "Donna Karan Biography". biography.com. A&E Television Networks, LLC. 18 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 November 2014.
Biblioqrafiya
redaktə- Paula E. Hyman, Deborah Dash Moore. Jewish Women in America: An Historical Encyclopedia. New York: American Jewish Historical Society. 1997. ISBN 0-4159-1936-3.
Xarici keçidlər
redaktə- donnakaran.com — Rəsmi saytı
- DKNY Original Site[ölü keçid]
- Designer Donna Karan promotes craftwork of Haiti Arxivləşdirilib 2013-11-13 at the Wayback Machine
- Биография на английском Arxivləşdirilib 2009-11-20 at the Wayback Machine
- Биография на русском