Divani - Wikipedia
Divani — coşğun, təntənəli, döyüşkən ruhlu aşıq şeiri.
Divani aşıq məclisinin girişində xüsusi saz havası ilə oxunan fəlsəfi-didaktik və dini-ürfani ruhlu klassik şeir şəkli. Daha çox əruz vəzninin rəməl bəhrində olub, aşıq poeziyasına divan ədəbiyyatından adlamışdır. Üç-beş bənddən ibarət olan divaninin hər bəndi dörd misradır.[1]
Divanini təşkil edən misralar 15–16 hecalı olur. Birinci bəndin üçüncü misrası sərbəst, I, II və IV misraları həmqafiyə, sonrakı bəndlərdən ilk üç misra bir-birilə, son misra isə birinci bəndin axırıncı misrası ilə həmqafiyə olur: aaba, ccca, ççça və s. Məsələn;
Ələstidən bəli dedim. Nə xoş kamaldı yüküm,
Bir gözəlin aşiqiyəm, vəsfi-camaldı yüküm.
Həm dərindi, həm dayazdı, həm acıdı, həm şirin,
Həmi dürdü, həmi gövhər, həm şəhdi-baldı yüküm.
Nütfəsindən əyri olan tez göstərir isbatın,
Hər ağac kökündə bitər, hər meyvə gözlər zatın.
Hər cayı nədyana sayar, naşı bilməz qıymatın,
Əhli-ürfan məclisində gövhər misaldı yüküm.
Gəl ey biçarə Ələsgər, sığın şahi-Heydara,
Onun damənindən tutan, yəqin ki, yanmaz nara.
Pirim özü nüsrət verdi, bu gün çıxdım bazara,
Sərrafısan, aç baxğınan, gör nə cəlaldı yüküm.
Divani dodaqdəyməz
redaktəDivaninin müxtəlif çeşidlərin içərisində dodaqdəyməz divanilər sənətkarlıq özünəməxsusluğu ilə seçilir. Burada əsas məsələ budur ki, həm divaninin, həm də dodaqdəyməzin xüsusiyyətlərinə yüksək ustalıqla əməl eləməkdir. Ustad sənətkarlar sənət bacarığını bu formada da sınamış və mükəmməl nümunələr yaratmışlar.
Divani təcnis
redaktəBurada divani strukturunda omonim sözlərlə qafiyələnmə aparılır. Divani-təcnis şeir qəlibində poetik çağırış, hökmran mövqe, rəqibi çıxılmaz vəziyyətə salmaq, meydan oxumaq ruhu vardır. Ustad sənətkar Molla Cuma divani-təcnisin hətta hərf üstə əvvəl-axır formasında da öz qələmini sınamışdır.
İstinadlar
redaktə- ↑ Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-13.
Xarici keçidlər
redaktə- Bədii ədəbiyyat, ədəbiyyatşünaslıq və onun sahələri Arxivləşdirilib 2008-01-23 at the Wayback Machine
- Şifahi xalq ədəbiyyatı Arxivləşdirilib 2011-08-07 at the Wayback Machine
- Azərbaycan türklərinin xalq yaradıcılığı
Ədəbiyyat haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |