Demokrat Partiya Turkiye 1946 - Wikipedia
Demokrat Partiya — Türkiyədə 7 yanvar 1946-cı ildə yaradılmış siyasi partiya. DP-nin yaradılışı ilə ölkə çoxpartiyalı sistemə keçir. 1950-ci ildə hakimiyyətə gələn Demokrat Partiya həmçinin 1954,1957 seçkilərində qələbə qazanmışdır. 27 may 1960 hərbi çevrilişindən sonra devrilən siyasi qurum həmin ilin sentyabrın 29-da bağlanmışdır.
Sədri | Adnan Menderes |
---|---|
Qurucu | Cəlal Bayar |
Lideri | Adnan Menderes |
Quruluş tarixi | 7 yanvar 1946 |
Dağılma tarixi | 29 sentyabr 1960 |
Xələfi | Ədalət Partiyası[d] |
Baş qərargah | |
İdeologiya | iqtisadi liberalizm, mühafizəkarlıq |
İdeoloji spektr | Mərkəz sağ |
Vikianbarda əlaqəli mediafayllar |
Partiyanın quruluşu
redaktə1946-cı ilə qədər Türkiyədə təkpartiyalı sistem hökm sürürdü. 1923-cü ildə Mustafa Kamal Atatürkün öncüllüyü ilə yaranan Cümhuriyyət Xalq Partiyası ölkədə yeganə siyasi partiya olmaqda qalırdı. Hələ 1924 və 1930-cu illərdə müvafiq olaraq Sərbəst Firqə və Tərəqqipərvər Cümhuriyyət Firqəsinin yaradılması ilə çoxpartiyalı sistemə keçidə cəhd edilsədə uğursuzluqla sonladı. Ancaq demokratik qüvvələr güclənməkdə idi. CHP-yə müxalifətin yaranmasını tələb edən əsas problemlərdən biri Türkiyənin iqtisadi geriliyi, əhalinin böyük bir hissəsinin təminatının aşağı olması və iqtidarın bu problemləri aradan qaldırılması üçün etdiyi islahatların istənilən nəticəni verməməsi idi.Digər bir səbəb təkpartiya sistemin demokratik parlament respublikası idealarına uyğun olmamasıydı. 1938-ci ildə Atatürkün ölümündən sonra prezident seçilən İsmət İnönünün pul əskinaslarında təsvir edilməsi, ona "Şef" ünvanının verilməsi parlamentdə çox böyük etirazlara səbəb oldu. Çoxpartiyalı sistem lehdarları bunu demokratik Türkiyə uğrunda edilən səylərə zərbə olduğunu bildirirdilər. Amma İnönü yeni bir partiyanın yaradılmasını müdafiə etdiyini deyərək onları rahatladı. Yeni pir partiyanın qurulması Türkiyənin NATO-ya daxil olması üçün qarşısına qoyulan əsas tələblərdən idi.
Yeni təşkilatlanma CHP daxilində yarandı. 1945-ci ildə parlamentdə büdcənin müəyyənləşdirilməsi və həmçinin əkinçilərin torpaqla təmin olunması haqda qanunun qəbulu zamanı partiya üzvləri ek-baş nazir Cəlal Bayar,habelə Adnan Menderes, Fuad Köprülü və Refik Koraltan sərt şəkildə etirazlarını bildirdilər. Daha sonra bu qrup CHP məclis qrupuna '"Dörtlü Takrir"' adlı özündə yerinə yetirilməsi lazım tələblər olan bildirişi verdilər. Bu yazıda çoxpartiyalı sistemə keçid, sərbəst, təkdərəcəli seçkilərin keçirilməsi, universitetin özəlləşdirilməsi istənilirdi. Həmin ilin 21 sentyabrında Menderes və Köprülü Vətən qəzetində dərc olunan tənqidi yazılarına görə partiyadan xaric olundular. Koraltan etiraz əlaməti olaraq könüllü partiyanı tərk etdi. Bayar isə həm partiyadan çıxdı, həm də deputat mandatından imtina etdi.
1945-ci ilin dekabrında yeni partiyanın yaradılacağı Bayar tərəfindən rəsmən açıqlandı. Bayarın İsmət İnönünün razılığını aldıqdan sonra Demokrat Partiya 1946-cı ilin 7 yanvarında quruldu.
İqtidardan əvvəl və sonrakı dövr
redaktəTBMM-in qərarı ilə 1946-cı ilin 21 iyununda növbədən kənar parlament seçkilərinin keçirilməsi qərar alınır. Məclisdə böyük üstünlüyə malik CHP DP-nin vəziyyətini çətinləşdirir. Belə ki hələ 7 aydır mövcud olan yeni partiya seçkiləri lazımınca hazırlaşa bilməyəcəkdi. İyun seçkilərində gözləndiyi kimi Cümhuriyyət partiyası qələbə qazanaraq 397 yer qazanır. DP isə 66 mandat əldə etdi. Demokratlar seçkilərin şəffaf keçmədyini bildirmişdilər.
Türkiyədə dərinləşən iqtisadi böhran, bahalıq, əhalinin çətin yaşayışı getdikcə iqtidara inamını azaldır, DP-nin isə nüfuzu artırdı. Bu özünü 14 may 1950 seçkilərində özünü göstərdi. DP 55,2 %-lik göstərici ilə birinci partiya oldu və iqtidara gəldi. Adnan Menderes baş nazir seçildi və hökuməti qurdu, Cəlal Bayar isə məclisin səs çoxluğu ilə prezident oldu. CHP-nin uzunmüddətli təkpartiyalı hakimiyyətindən narazı olan sadə əhali DP-çilərə bir yenilikçi kimi baxır, onların millətə rifah gətirəcəyinə inanırdı.
Tarixçilər DP iqtidarını 2 yerə bölürlər. 1954-cü ilə kimi yeni hökumət verdiyi vədləri yerinə yetiridi. Ölkənin sosial-iqtisadi vəziyyətində dirçəliş var idi. Lakin 1954-cü il seçkilərindən sonra hökumət və xalq arasında münasibət soyuqlaşmağa başladı. Hökumətin bir çox qərarları müxaliflərin və mətbuatın tənqidinə məruz qalırdı. Bir müddət sonra mətbuat sıxışdırılmağa, senzuraya məruz qoyulmağa başlayır[1].
1957-ci il seçkilərində müxalifət qüvvələrin birləşməsinə qanunlarda dəyişikliklər etməklə mane olan DP hökuməti CHP-nin iddiasına əsasən səslərin dəyişdirilməsi kimi seçki pozuntularına yol verir. Bu hadisələr Kayseri, Çanaqqala, Samsun və Girəsun kimi şəhərlərdə mitinqlərə səbəb olur.
17 fevral 1959-cu ildə Londondan Kiprlə bağlı danışıqlardan gələn və Menderesində olduğu təyyarə qəzaya uğrayır. Baş nazirin qəzadan sağ-salamat çıxması müxalifətlə, əsasəndə İnönü ilə münasibətləri bir anlıq yumşaltsa da bu ara dövr uzun çəkmir və yerini qarşılıqlı tənqidlərə və çəkişmələrə buraxır. İqtidar və müxalif qüvvələr arasında olan bu uçurum xalqdan da yan ötüşmür. Bir çox şəhərlərin küçələri siyasi idealogiyaların qarşıdurma meydanına çevrilir, toqquşmalar baş verir[2].
1960-cı ilin aprelində mətbuat orqanlarının işini yoxlamaq üçün Tədqiqat Komitəsi adlanan qurum yaradılır. Əlbəttə ki, belə bir təşkilat jurnalistlərin azadlığını çərçivəyə salırdı və anti-demokratik xarakter daşıyırdı[3] CHP'yi ihtilal hazırlığı içerisinde olmakla suçlayan iktidar.[4].
1960-cı il 5 mayda Ankara Qızılay meydanında DP əleyhdarlarının 555K (555Q) kimi adlandırılan (5-ci ayın 5-ci günü saat 5-də Kızılayda (Qızılayda)) mitinqi baş verir. Bu mitinq Türkiyə tarixində "ilk itaətsizlik mitinqi" adlandırılır[5].
Bu cür mühitdə 50-ci illərin ikinci yarısından etibarən ordu tərkibində hökumətə qarşı olan müxtəlif xuntalar formalaşmağa başlayır. Ordunun rəhbər heyəti iqtidar yönlü olması Adnan Menderesi rahat edirdi. Ancaq aşağı təbəqədə əleyhdarların güclü qruplaşmaları formalaşırdı[6].
Hakimiyyətinin ikinci yarısında Menderes müxtəlif sənayə layihələrinin həyata keçirilməsi üçün ABŞ-dan Marşal Planı əsasında lazımı qədər kredit almadığına görə SSRİ ilə yaxınlaşmaya başlamışdır. Hökumət bu yaxınlaşma ilə ittifaqdan yeni kreditlərin alınmasını planlaşdırırdı. Lakin məlum hadisələrlə bağlı bu planlar baş tutmadı.
Bir çox mənbələr məhz Türkiyənin SSRİ ilə geniş əlaqələr saxlamaq istəyinin hərbi müdaxiləyə səbəb olduğu və çevrilişin ABŞ tərəfindən planlaşdırıldığını iddia edir.
27 may 1960-cı il çevrilişi və sonrası
redaktəArtıq 1960-cı il 23 mayda müdaxilənin 25 mayda keçiriləcəyi planlaşdırılmış və parollar müəyyənləşdirilmişdi. Çevrilişin əsas lideri Camal Madanoğlu idi.Əgər çevriliş zamanında başlayarsa "Dündar Seyhanın oğlu sinfi keçdi" parolu xuntalara çatmalıydı. 27 may 1960-cı il sabah saat 3:15-də piyada birlikləri və süvari alayı, 3:30-da tanklar hərəkət edir. Saat 4:36-da Polkovnik Alparslan Türkeş radioya daxil olaraq Türkiyə Silahlı Qüvvələrinin hakimiyətə əl qoyduğunu xalqa bəyan edir[7]. Demokratik Partiya hakimiyyətdən uzaqlaşdırılır. Çevrilişçi hərbiçilər rəhbərliklərinə keçmiş baş qərargah rəisi Camal Gürsəli gətirərək Milli Birlik Komitəsini qururlar. MBK ölkəni idarə edəcək müvəqqəti təşkilat idi.
Tez bir zamanda bütün DP-li siyasətçilər həbs edilir. Çevriliş zamanı Ankarda olmayan Menderes yolda həbs edilərək Ankaraya gətirilir. Bundan sonra çevriliş qüvvələri bir-bir hökumət üzvləri və iqtidar meyilli hərbiçiləri Ankara Hərbi Məktəbinə gətirildilər.Şahidlərin dediyinə görə məktəbdə bir çox DP-li siyasətçi təhqirlərə və fiziki zorakılığa məruz qalmışdır. Bu açaldıcı hərəkətlərə dözə bilməyən Namiq Gədik məktəbin pəncərəsindən özünü ataraq intihar etmişdir. Bəzi iddialara görə o əsgərlər tərəfindən atılaraq öldürülmüşdü. Həbs dövründə 10-a qədər DP-li siyasətçi vəfat etmişdi.
MBK rəhbəri Camal Gürsəl çevrilişin ilk günlərində DP-lilərin mühakimə olunmayacağını desədə həm MBK-nin bəzi üzvlərinin həm də professorların məsləhəti və təzyiqi ilə bütün bir iqtidar Yassıadaya aparıldılar və burda onlara qarşı məhkəmə prosesləri başladı. Məhkəmə prosesi 14 oktyabr 1960-cı ildən 15 sentyabr 1961-ci ilə kimi davam etdi. Menderes son məhkəmədən əvvəl intahara cəhd etdi. Xəstəliyi ilə bağlı ona verilən dərmanları günlərlə dilinin altında gizlədən Menderes onları udaraq komaya düşdü. Eks baş nazirsiz keçirilən məhkəmədə yekun qərar olaraq 15 nəfərə ölüm, 31 nəfərə ömürlük, 418 nəfərə isə 4–20 il arası cəzalar verildi. 123 nəfər bəraət aldı. Sonradan ölüm cəzalarının 12-si ömürlük həbslə əvəz edildi. Baş nazir Adnan Menderes, nazirlər Fatin Rüştü Zorlu və Polatkanın ölüm hökmü dəyişməz qaldı. Hökm 16-17 sentyabr 1961-ci ildə həyata keçirildi.
Ömürlük azadlıqdan məhrum edilən siyasətçilər 8 avqust 1966-cı ildə əhv olundular. Onların siyasi hüquqları isə 2 aprel 1972-ci ildə parlament qərarı ilə verildi.
Siyasi vəziyyətin dəyişməsi ilə Adnan Menderes başda olmaqla bütün DP-lilər bərat aldılar. Bunun əvəzində 27 may çevrilişi kəskin şəkildə tənqid olunmağa başladı.
Demokratik Partiyanın bağlanmasına baxmayaraq ideası "ölmədi". Sonrakı illərdə yaradılan Ədalət Partiyası, Doğru Yol Partiyası, Ana Vətən Partiyası DP-nin idea sələfi idilər.
Ədəbiyyat
redaktə- Heydər Tuncqanad "27 Mayıs 1960 Devrimi, Diktadan Demokrasiye" (1996)
- Cəlal Bayar "Kayseri Cezaevi Günlüğü"
- Əli Fuad Başgil "27 Mayıs İhtilali ve Sebepleri, Çeltüt Matbaası" (1966)
- Tofiq Çavdar "Birinci bölüm: Türkiyede demokrasi tarihi (1950–1995)" (1996)
İstinadlar
redaktə- ↑ "İftiralar ve gerçekler 27 MAYIS". 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-02.
- ↑ Bir uçak kazası, bir devlet, Radikal — 2009
- ↑ İdris YÜCEL, "Demokrat Parti Dönemi Türk Basını Üzerine İngiliz ve Fransız Gözlemleri Arxivləşdirilib 2023-07-07 at the Wayback Machine", MTAD, Cilt 14, Sayı 1, 2017. s. 220.
- ↑ Cumhuriyet'in Seksen Yılı,Cumhuriyet Gazetesi(2003)sayfa:203
- ↑ "1960 darbesine giden yolun kilometre taşı öğrenci eylemleri oldu". 2019-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-02.
- ↑ ""Hüsamettin Cindoruk: 27 Mayıs askerin şaşkınlığıydı"". 2014-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-02.
- ↑ "Çevriliş bildirişi". 2015-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-02.