Dard Dilleri - Wikipedia
Dard dilləri — hind-Avropa dillərinin ari qoluna daxil olan dil qrupu[1].
Yayılması
redaktəŞimali Əfqanıstanın, Pakistanın və Hindistanın dağlıq rayonnlarında yayılmışdır[1].
Bu dildə danışanların ümumi sayı 1990-cı illərdə 5 milyon nəfərdən çox idi[1].
Tərkibi
redaktəDard dilləri 5 yarımqrupa bölünür: şərq yarımqrupuna kəşmiri, şina, phalura dilləri; şərti olaraq kuhistani adı altında birləşdirilən bir sıra dillər və dialektlər – mayyan, kanyavali, torvali və s.; başkarik və ya qarvi adlanan dialektlər qrupu; katar kalai dili və bəzi digər dillər daxildir. Kunar yarımqrupu qavar-bati, şumaştivə qlanqali dillərindən ibarətdir. Bəzi məlumatlara görə, tirahi dili də bu yarımqrupa aiddir. Son dərəcə fərqli paşai dialektləri ayrıca yarımqrup əmələ gətirir. Digər yarımqrup khovar və kalaşa dillərindən ibarətdir. Genetik mövqeyi qeyri-müəyyən olan dameli dili müstəqil yarımqrup hesab olunur[1].
Daha əvvəllər Nuristan dili də Dard dilinə daxil edilmişdir. Ancaq indi onların yaxınlığı sadəcə yaxın qonşuluqdan ibarətdir.
Yazı
redaktəÇoxəsrlik yazı ənənəsinə yalnız kəşmiri malikdir ki, bunda da hind yazısının bəzi növlərindən istifadə olunmuşdur. Müasir kəşmiri, khovar, mayyan, şina, paşai dillərində ərəb əlifbasının müxtəlif modifikasiyasından istifadə olunur[1].
Digər dillərin yazısı yoxdur[1].
Öyrənilməsi
redaktəDard dillərinin öyrənilməsinə 1830-cu illərdən başlanılmışdır. XIX əsrin sonu – XX əsrin əvvəllərində, əsasən, C. A. Qrirsonun (B. Britaniya) və onun rəhbərlik etdiyi kollektivin əsərlərində buistiqamətdə xeyli uğurlar qazanılmışdır. Həmin kollektiv XX əsrin birinci rübündə çoxcildlik "Hindistanın linqvistik icmalı"nı nəşr etdirmişdir. 1920–1930-cu illərdə D. L. R. Lorimer və T. Q. Beyli (B. Britaniya) şina, kəşmiri və digər dilləri; Q. Morgenstyerne (Norveç) kalaşa, khovar, paşai, qavarbati, dameli və bir çox digər dilləri; 1950-ci illərdə Q. Buddruss (Almaniya) katarkalai, kanyavali və sair dilləri; 1970-ci illərdə Rusiya dilçiləri A. L. Qrünberq (qlanqali), B. A. Zaxaryin, D. İ. Edelman (kəşmiri və digər dilləri), eyni zamanda Hindistan dilçisi B. Kaçru (kəşmiri) ayrı-ayrı Dard dillərini tədqiq etmişlər[1].
1980-ci illərdən müxtəlif ölkələrin alimləri tərəfindən khovar, kalaşa və digər dillərin aktiv öyrənilməsinə başlanılmışdır[1].
1960-cı illərdən həmçinin Dard dillərinin müqayisəli-tarixi, tipoloji və areal aspektdən öyrənilməsi inkişaf edir: Morgenstyerne, J. Fusman (Fransa), Buddruss, R. L. Törner (B. Britaniya), V. N. Toporov, Qrünberq, Edelman. A. İ. Koqan (Rusiya) və başqaları bu sahədə fəaliyyət göstərmişdir[1].
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. 328. ISBN 978-9952-441-11-6.
Biblioqrafiya
redaktə- Koul, Omkar N., Dardic Languages // Vennelakanti Prakāśam (redaktor), Encyclopaedia of the Linguistic Sciences: Issues and Theories, Allied Publishers, 2008, 142–147, ISBN 978-81-8424-279-9
- Masica, Colin P., The Indo-Aryan Languages, Cambridge University Press, 1993, ISBN 978-0-521-29944-2