Dosaaf - Wikipedia
DOSAAF (rus. Добровольное общество содействия армии, авиации и флоту (ДОСААФ)) və ya OADKYC (azərb. Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti) — könüllüləri ölkənin müdafiə və milli təhlükəsizliyinin möhkəmlənməsinə təşviq etmək məqsədilə yaradılmış ictimai dərnək.[1]
Tarixi
redaktəMüdafiə, Aviasiya və Kimyəvi qurulucuğa yardım (rus. ОСОАВИАХИМ) Cəmiyyətin əsası 1927-ci ildə qoyulmuşdu. SSRİ Nazirlər Kabinetinin 1948-ci il 16 yanvar tarixli qətnaməsi ilə Müdafiə, Aviasiya və Kimyəvi qurulucuğa yardım Cəmiyyəti ləğv olundu və onun əsasında üç müstəqil könüllü cəmiyyət təşkil olundu: Orduya Yardım Könüllü Cəmiyyəti (Dosarm), Donanmaya Yardım Könüllü Cəmiyyəti (Dosflot), Aviasiyaya Yardım Könüllü Cəmiyyəti (Dosav). SSRİ Dosflot Cəmiyyəti hərbi-dəniz işinin təbliğatı, üzvlər və əhali arasında dəniz biliklərinin yayılması, SSRİ hərbi-dəniz qüvvələri ehtiyatına daxil olan mükəlləfiyyətlilərin hazırlanması və ixtisasların təkmilləşdirilməsi, hərbi-dəniz idmanı və dəniz modelçiliyinin inkişafı məqsədilə təşkil olunmuşdur.
SSRİ Dosflot üzrə 1949-cu il 24 fevral tarixli, 3/c saylı əmri ilə Azərbaycanın ilk kontr-admiralı Cəlil Cavadov Azərbaycan SSR Dosflot cəmiyyəti respublika komitəsi sədr müavini təyin olundu.
1949-cu il iyulun 18-də Azərbaycan Dosflota “Bakı fəhləsi” (“Bakinskiy raboçiy”), “Sovet Dağıstanı” (“Sovetskiy Daqestan”), “Markin” dəniz kanoner gəmiləri verilmişdir. Azərbaycan Dosflot cəmiyyəti geniş fəaliyyətə başladı: iri müəssisələrdə motorçular, sükançılar, üzgüçü, qayıq starşinaları dərnəkləri, həmçinin hərbi-dəniz işinin əsasları üzrə dərnəklər təşkil olundu. Mütəmadi olaraq mühazirə, söhbətləri, dənizçi qəhrəmanlarla görüşlər keçirilirdi. Uşaq müəssisələri, xüsusən də pionerlər evləri cəlb olunmaqla modelçilərin yarışları keçirilir və bu yarışlara 60-70 ədəddən az olmayan gəmi model və maketi təqdim edilirdi. Yayda avarçəkmə, yelkənli idman növləri və üzgüçülük üzrə, o cümlədən kütləvi şəkildə, yarışları keçirilirdi. Hərbi Dəniz Donanması günü münasibətilə bulvarda hərbi donanmanın tarixi və gündəlik həyatına həsr olunmuş sərgilər təşkil olunurdu.[2]
SSRİ Nazirlər Şurası 1951-ci il avqustun 20-də Dosarm və Dosflotu vahid cəmiyyət çərçivəsində - Ordu, Aviasiya və Donanmaya Yardım Ümumittifaq Cəmiyyətinə burləşdirmək qərarına gəldi. Orduya, Aviasiyaya və Donanmaya, Yardım Könüllü Cəmiyyəti (OADYKC) kimi tanınan cəmiyyətin 1951-ci il 31 oktyabr, 055/ok saylı əmri ilə Cəlil Cavadov Bakı hərbi-dəniz klubunun baş komandir-təlimatçısı, 1951-ci il noyabrın 1-də OADYKC-in Hərbi-Dəniz tədris təşkilatının təlim bölməsinin rəisi təyin olundu.[3]
OADKYC bütün SSRİ-də sovet ordusu və dəniz donammasında xidmət etməmiş və ehtiyatda olan hərbi mükəlləfiyyətli, çağırış yaşına çatmamış gənclərin hərbi-texniki aviasiya, hərbi dəniz ixtisasları üzrə hazırlığını həyata keçirmişdir. Cəmiyyət həmçinin ordunun, hərbi hava və hərbi dəniz qüvvələrinin ehtiyatda olan sıravi serjant və starşına heyətinin biliklərini, döyüş vərdişlərini təkmilləşdirərək ehtiyatda olan zabitləri ictimai əsaslar üzrə təşkilatçı-təlimatçı işinə cəlb edirdi. Hərbi-dəniz işinin təbliğatına və gənc kadrların hazırlanmasına Cavadov bütün qüvvələri səfərbər etdi. Bakı buxtasının akvatoriyasında OADYKC klubundan əlavə “Dinamo”, “Neftçi”, “Burevestnik”, “Vodnik” yaxta klubları yaradılmışdı.
Azərbaycan OADYKC rəhbərliyində 1954-cü il fevralın 27-də Azərbaycan SSR OADYKC Birinci Respublika konfransı Cəlil Cavadovu Azərbaycan SSR OADYKC respublika komitəsinin sədri seçdi.[4]
Cavadov aşağıdakı istiqamətlə üzrə iş aparmalı oldu:
- SSRİ OADYKC rəhbərliyindən ştat yerləri və maddi vəsait tələb etmək
- respublika OADYKC üzvlərinin sayını artırmaq
- OADYKC kadrlarını hazırlamaq
- yeni struktur vahidləri təşkil etmək.
Respublika OADYKC-ın təşkili üzrə Cavadovun apardığı iş artıq ilin sonuna öz bəhərsini verməyə başladı. Təkcə 1956-cı il ərzində 8620 tüfəng atıcısı, 6712 avtomatçı, 2534 əl pulemyotçusu, 1900 dəzgahlı pulemyotçu, 191 təlimatçı-minalayan, 1752 radist, 185 topçu, 141 minaatan, 1966 paraşütçü, 648 paraşütçü-yığıcı, 4051 matros, 31 telefonçu, 78 gəmi motoristi, 278 qayıq starşinası, 15 kater sükançısı, 15 skuter sürücüsü, 20 dəniz dalğıcı, 22 xilasetmə xidməti motorçusu hazırlanmış, 400 nəfərə üzmək öyrədilimişdir. Həmçinin 20782 kiçik çaplı tüfəng atıcısı hazırlanmışdır. Xidməti itlər klublarında 76 heyvan təlimçisi, 161 həvəskar it baxıcısı, 16 ictimai təlimatçı, 1 xidməti itçilik eksperti var idi. Sovet Ordusu və güc strukturlarına 50 təlim keçmiş it verilmiş, daha 500 it təlim keçirdi. 1728 sürücü, 1172 traktorçu, 460 motosikletçi hazırlanmışdır. Bakı Aviasiya-Idman Klubu 37 planerçi, 4088 aviamodelçi hazırlamışdır. İl ərzində idman növləri üzrə 30 yarış keçirilmiş (1790 nəfərin iştirakı ilə), dəniz ixtisasları üzrə 300 təlimatçı və 277 idmançı hazırlanmışdır. 1956-cı il ərzində 200-dən artıq gəmi modeli düzəldilmiş, onlardan 65-i respublika yarışlarında iştirak etmişdir. Dəniz modelçiliyi ilə 463 nəfər məşğul olurdu.
XX əsrin 50-ci illərinin sonunda Cavadov mütəxəssislərin keyfiyyətli hazırlanmasına xüsusi diqqət yetirirdi: Azərbaycan OADYKC ümumittifaq və beynəlxalq yarışlara çıxmaq məqsədilə ordu üçün ehtiyat qüvvənin hazırlığını aşağı salmadan dərəcəli idmançıların hazırlanmasını artırdı. XX əsrin 60-cı illərin əvvəli Azərbaycan OADYKC tərəfindən keçirilən tədbirlərin miqyasının kəskin artması ilə səciyyələnir. İrimiqyaslı tədbirlər sırasında aşağıdakıları qeyd etmək olar:
- bölmə, taqım, bölük, tabor miqyasında taktiki təlimlər
- snayper yarışları; 3. hava hücumundan müdafiə üzrə yarışlar
- xidməti itlərin yarışları
- motosiklet və avtomobillərin məharətli sürməsi üzrə yarışlar.
60-cı illərdə texniki baxımdan mürəkkəb olan, eləcə də xüsusi məsuliyyət tələb edən tədbirlərin miqyası diqqəti cəlb edir. Belə ki, Bakı-Lənkəran-Bakı və Bakı-Ağstafa-Bakı marşrutları üzrə kollektiv avto və motoyürüşlər keçirilməyə başladı. Dəniz klubları Bakı-Dərbənd-Bakı marşurutu üzrə qayıq yarışları, Bakı-Həştərxan-Bakı marşrutu üzrə yaxta yarışları keçirirdi. Bakı Pionerlər sarayı nəzdində radiotexnika kabineti, yeni radiodərnəklər yaradılmışdı. Azərbaycan SSR yığma komandaları radioqramların göndərilməsi və qəbulu üzrə, qısadalğaçıların, ultraqısadalğaçıların, radistlərin yarışlarında və hətta “tülkü ovu” ümumittifaq yarışlarında iştirak edirdi. 1969-cu ildə Azərbaycan radio həvəskarları beynəlxalq arenaya çıxarmış müasir texnika ilə təchiz olunmuş Bakı radioklubu yaradıldı. Sualtı idman növlərinin inkişafına xüsusi diqqət yetirilirdi.
Azərbaycan OADYKC struktur vahidləri tədricən müxtəlif səviyyəli yarışlarda birinci yerləri tutmağa başladı. 1967 və 1968-ci illərdə Azərbaycan OADYKC Bakı Avto Motoklubu Qırmızıbayraqlı Zaqafqaziya Hərbi Dairəsi Ali Şurasının Keçici Qırmızı Bayrağı ilə təltif olundu.
1970-ci ilin əvvəlində Azərbaycan OADYKC respublikanın ən çoxsaylı ictimai təşkilatı olaraq rekord göstəriciyə nail omuşdur: OADYKC üzvlərinin sayı bir milyonu ötdü.
SSRİ dağıldıqdan sonra Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti - Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurası kimi fəaliyyət göstərməyə başladı.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Устав Общероссийской общественно-государственной организации «Добровольное общество содействия армии, авиации и флоту России» (rus.)
- ↑ Azərbaycan Respublikası Dövlət Arxivi, fond 1828 (Azərbaycan SSR OADYKC)
- ↑ Cavadov Cəlil Məmmədəli oğlu // “Azərbaycan Sovet Ensiklopediyası, c.X. Bakı, 1987, s.391.
- ↑ konfrans qərarı № 0102/ok