Buga Celayir - Wikipedia
Buğa Uqulay Qorçi oğlu Cəlayır (XIII əsr – 16 yanvar 1289 və ya 1289) — Cəlayır elinin Cadaran oymağından Elxanilər dövrünün sərkərdəsi. Sarayda mühüm vəzifəsi olan Buğa Arqun xanın taxta çıxarılmasında mühüm rol oynamışdır. 1284-cü ildə Arqun yeni xan olduqdan sonra Buğa onun əsas vəziri, məsləhətçisi olmuş, beləliklə də bu vəzifədə Şəmsəddin Cüveynini əvəzləmişdir. Cüveyni vəzifədən azad edildikdən sonra edam edilmişdi.[1]
Buğa | |
---|---|
Abaqa xanın vəziri və möhürdarı | |
Bilinmir – 1282 | |
Əhməd Təkudar xanın möhürdarı | |
1282 – 1284 | |
Arqun xanın baş vəziri və baş komandanı | |
1284 – 1289 | |
Əvvəlki | Şəmsəddin Cüveyni |
Sonrakı | Səəd əl-Dövlə Əbhəri |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XIII əsr |
Vəfat tarixi | 16 yanvar 1289 və ya 1289 |
Fəaliyyəti | hərbi qulluqçu |
Atası | Uqulaq Qorçu |
Həyatı
redaktəErkən illəri
redaktəBuğa Cəlair tayfasından idi və yetim idi. Atası olan Uqulaq Qorçu Hülakü xanın ordusunda kəşfiyyatçı kimi döyüşmüşdü.[2] Ataları öldükdən sonra o və qardaşı Aruq yetim kimi Abaqa xanın sarayına verilmiş və orada böyümüşdülər.[3]
Abaqa və Təkudar xan dövründə
redaktəO, Abaqa xana onun etibarlı məsləhətçisi kimi xidmət etmiş, xəzinədən və möhürdən cavabdeh şəxs olmuşdur. Bu zaman da onun oğlu Arqun ilə dostlaşmışdır. 1282-ci ildə Abaqa xanın ölümündə sonra o, Arqunun Əhməd Təkudara qarşı taxt iddiasını dəstəkləmişdir. Lakin Təkudarın hökmdar olmasından sonra da bir müddət ona möhürdar və inanılmış komandan kimi xidmət etmişdir. 1284-cü ildə Arqun xanın Təkudar xana qarşı üsyan başlatmasından sonra Arqun ona şahzadə Keyxatunu Arqundan girov kimi almağı tapşırmışdır. Arqun şərtlərlə razılaşmış və Novruz ağa Oyrot da daxil olmaqla, iki əmir ilə birlikdə qardaşı Keyxatunu ya 13,[4] ya da 28 iyun tarixində Təkudarın komandanlarının ən nüfuzlusu olan Buğanın yanına göndərmişdir.[5] Buğa Keyxatunu Təkudara təhvil verdikdən sonra da sonuncu onu Töday Xatunun düşərgəsinə göndərmişdir. Buna baxmayaraq, Təkudar Arquna qarşı düşmənliyini davam etdirib yürüşü daha da irəlilətdi. Onun bu addımı Buğanın ondan narazı qalmasına və Arquna daha rəğbətlə yanaşmağa başlamasına yol açdı. Bir digər tərəfdən Təkudar bir başqa Cəlair generalı, eyni zamanda da özünün qohumu olan Ağ Buğa adlı bir başqa əmirə daha çox güvənməyə başlamışdı.
Təkudarı devirmək üçün planlar qurmağa başlayan Buğa Arqunu azad etmək qərarına gəldi. O, Arqunu girov saxlayan və Təkudarın kürəkəni olan Alınaq Noyonun düşərgəsinə hücum edərək onu azad etdi. Döyüş zamanı Alınaq öldürüldü. Təkudar qərbə doğru irəlilədi və qisas məqsədilə Buğanın Sultaniyyə yaxınlığındakı ordasını yağmaladı. İyulun 17-də Dərbənddən keçərək Qızıl Ordaya qaçmağı planlaşdıran Təkudar Təxt-i Süleyman yaxınlığındakı otlaqlarına doğru yürüşünə davam etdi. Lakin Buğanın göndərdiyi Qaraunas çox keçmədən ona yetişdi və həbs etdi. O, iyulun 26-da Marağa yaxınlığındakı Ab-i Şur otlaqlarında Arquna təhvil verildi.[5]
Arqun xan dövründə
redaktəTəkudarın yerinə Arqun xan Elxan titulunu əldə edib hökmdar olduqdan sonra Buğa da Şəmsəddin Cüveyninin yerinə sahib-i divan, yəni baş vəzir rütbəsinə yüksəldildi. Beləliklə də, o, dövlətin əsl idarə edən şəxsə çevrildi. O, Elxani dövlətində həm əmir-ül üməra, həm də sahib-i divan titullarını əldə edən ilk şəxs idi. Bu o demək idi ki, Buğa həm hərbi, həm də mülki məsələləri idarə edirdi.[3] Lakin Buğaya dövlət işlərində köhnə dostu olan Cüveyni ilə məsləhətləşmələr aparmaq əmr edilmişdi. Lakin bu ikili məsləhətləşmə mühiti tezliklə ikisinin arasında qarşıdurma yaranmasına yol açdı. Qarşıdurma nəticəsində də Cüveyni edam edildi.[1] Bundan sonra Buğa böyük qardaşı Aruqun da yardımı ilə imperiyasının fiskal və valyuta sistemində inqilabı islahatlar edən Buğa 1286-cı ildə Ali Monqol Xaqanı Xubilay xaqan tərəfindən çinqsanq titulu ilə mükafatlandırıldı.[6] Mükafatlandırmanın bir səbəbi də onun Arqun xana sadiq xidmət etməsi idi.[7] Öz mövqeyini daha da gücləndirmək üçün o, qardaşı Aruqu Bağdadın hakimi təyin etdirdi. Şahzadə Cumğurun oğlu Cuşkab isə onun kukla hakimi idi. Eyni zamanda Buğanın adamı olan İmaməddin Ələvi də Fars vilayətinin hakimi oldu. Buğaya yaxın olan bir başqa şəxs Tegüne Yarquçi isə şahzadə Hulaçı ilə birlikdə Anadoluya göndərildi.[3] Arqunun körpə oğlu olan Qazan isə nominal olaraq Xorasanın hakimi təyin edildi. Ona köməkçi təyin edilən Novruz isə əslində vilayəti idarə etməkdə idi.[7]
Onun və qardaşı Aruqun özündən razı davranışları qısa müddət ərzində onlara düşmən olan zümrənin ortaya çıxması ilə nəticələndi. Aruq Bağdadı mərkəzi hakimiyyətə heç bir vergi vermədən, özünə qarşı olan şəxsləri öldürməklə və şəhəri sankinin tam olaraq özününkü kimi idarə etməkdə idi. 30 dekabr 1284-cü ildə İmaməddin Ələvinin öldürülməsi Buanı o qədər hiddətləndirdi ki, o, Abiş Xatunun özünü saraya gətizdirdi. Qətlin təfərrüatlarını ilk açan onun xidmətçilərindən biri olan Cəlaləddin Ərqan idi, sonra isə o, yarıya bölündü. Abiş Xatun İmaməddinin övladlarına 700.000 dinar qan pulu verməyə məcbur edildi. Tuladay, Tağaçar və Toğan kimi əmirlər Arqun xan ilə birlikdə Buğanı devirmək üçün yollar axtarmağa başladılar. Onlar işə ilk öncə daha əvvəlki illərdə ödənilməyən Salqurlu vergilərini araşdırmaq ilə başladılar. Nəticədə Fars vilayətindən 1.5 milyon dinar pul əldə edildi. Növbəti addım isə 1287-ci ildə Buğanın xəstələnməsi zamanı gəldi. Arqun Bağdaddan mərkəzi göndərilməli olan vergiləri araşdırdı.Nəticədə oraya Ordo Qiya hakim olaraq təyin edildi. Təbrizin hakimi və Buğanın müttəfiqi olan Əmir Əli də vəzifəsindən uzaqlaşdırıldı.[3]
Arqun xanın rəğbətini itirdiyini anlayan Buğa şahzadə Cuşkab və gürcülərin vassal kralı II Demetre ilə (II Demetrenin qızı olan Rusudan Buğanın oğlu ilə evli idi) hakimiyyət dəyişikliyi üçün hazırlıqlara başladı. Bu zaman Şirazda olan Buğanən üsyana hazırlaşması ilə bağlı planlar Arqun xana çatdırıldı. Plana görə Cuşkab yeni xan olmalı, o da bunun qarşılığında Buğanı özünün naibi elan etməli idi. Lakin Cuşkab onun bu planı barədə Arquna xəbər göndərdi. Cavab olaraq Arqun özünün yeni əmiri olan Qonqucbalı Buğanı həbs etmək üçün göndərdi. Rusudanın Arqun xan tərəfindən aparılan cəzalandırmalardan necə yayındığı bəlli olmasa da, atası II Demetre saraya çağırıldı və həbs edildi. Buğa 16 yanva 1289-cu ildə edam edildi. Onun yerinə yəhudi əsilli həkim olan Səəd əl-Dövlə Əbhəri gətirildi. Eyni zamanda onu izləyənlərdən də bəziləri edam edildi. Həmçinin qoşuna Buğaya aid mal-mülkü yağmalamaq üçün icazə verildi.[8][9][1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 Spuler, 1989
- ↑ Wing, 2016. səh. 48–62
- ↑ 1 2 3 4 Hope, 2016. səh. 118, 136–137
- ↑ Lane, 2018. səh. 60
- ↑ 1 2 Fisher, 1991. səh. 364–368
- ↑ Kolbas, 2006. səh. 245, 273, 382
- ↑ 1 2 Kamola, 2013
- ↑ Fisher, 1968. səh. 366-369
- ↑ Allsen, 2001. səh. 21
Mənbə
redaktə- Wing, Patrick. The Jalayirs and the Early Ilkhanate. The Jalayirids, Dynastic State Formation in the Mongol Middle East. Edinburgh University Press. 2016. ISBN 978-1-4744-0225-5.
- Hope, Michael. Power, Politics, and Tradition in the Mongol Empire and the Ilkhanate of Iran. Oxford University Press. 2016. ISBN 978-0-19-876859-3.
- Lane, George. The Mongols in Iran: Qutb Al-Din Shirazi's Akhbar-i Moghulan. Routledge. 2018. ISBN 978-1-351-38752-1.
- Fisher, W. B. (William Bayne). The Cambridge history of Iran. Cambridge: University Press. 1991. ISBN 0-521-06935-1.
- Judith G. Kolbas. The Mongols in Iran: Chingiz Khan to Uljaytu 1220-13. Routledge. 2006. ISBN 0-7007-0667-4.
- Kamola, Stefan. Rashīd al-Dīn and the making of history in Mongol Iran (Thesis thesis). 2013.
- William Bayne Fisher. The Cambridge History of Iran. Cambridge University Press. 1968. ISBN 0-521-06936-X.
- Thomas T. Allsen. Culture and Conquest in Mongol Eurasia. Cambridge University Press. 2001. ISBN 0-521-60270-X.
- Bertold Spuler. BŪQĀ. Encyclopædia Iranica. 1989.