Bittibulaq Mis Mergumus Yatagi - Wikipedia
Bittibulaq mis-mərgümüş yatağı — Gədəbəy rayonunda yerləşən mis-mərgümüş yatağı[1]
Haqqında
redaktəAzərbaycan ərazisində aparılmış arxeoloji qazıntılar zamanı yerli xammallardan hazırlanması birmənalı təsdiq edilmiş əmək alətlərinin və bəzək əşyalarının tapılması bu ərazilərdə hələ eramızdan əvvəl dağ — mədən işlərinin aparıldığını göstərir. Orta əsrlərə aid edilən tarixi mənbələrdə Azərbaycanda mis, qızıl, gümüş, qurğuşun mədənlərinin olması və istismar edilməsi barədə məlumat verilir. Sonradan neftin istifadə dairəsinin genişlənməsi ilə əlaqədar təbii neft təzahürlərinin, neft yataqlarının və Azərbaycanın neftli-qazlı vilayətlərinin geoloji öyrənilməsinə maraq artmış, ərazinin digər faydalı qazıntılara nəzərən perspektivliyinin müəyyən edilməsi bir növ arxa planda qalmışdır.[2] Qeyd olunmalıdır ki, ümumən keçən əsrin 20-ci illərinə qədər Azərbaycan ərazisi geoloji cəhətdən çox zəif öyrənilmişdir. XIX əsrin 40-cı illərindən XX əsrin 20-ci illərinə qədər alman, rus və qismən yerli sənayeçilər Daşkəsən kobalt, Gədəbəy, Bittibulaq və Balakən mis yataqlarında istismar və axtarış işləri aparmışlar. 1867–1914-cü illər ərzində alman firması "Siemens" tərəfindən Gədəbəy yatağından 56000 ton mis, təqribi hesablamalara görə isə 6,3–12,7 ton qızıl, 120,6–126,1 ton gümüş; Bittibulaq yatağından tərkibində 2% mis olan 16000 ton mis filizi; Daşkəsən kobalt yatağından isə tərkibində 10–18% kobalt olan 608 ton kobalt filizi çıxarılmış və Almaniyaya aparılmışdır.
Bittibulaq sahəsinin geoloji quruluşu
redaktəBittibulaq sahəsinin yerləşdiyi Gədəbəy filiz rayonu Lök-Qarabağ struktur-formasiya zonasının Şəmkir qalxımı ilə Daşkəsən çökəkliyinin təmas sahəsində yerləşmişdir. Bittibulaq sahəsinin geoloji quruluşunda iştirak edərək bazalt-andezit-dasit-riolit formasiyası geniş sahəni əhatə edir. Bu formasiya alt bayos bazalt-andezit və üst bayos dasit-riolit komplekslərinə bölünür. Dasit-riolit kompleksi yatağın mərkəzi və qərb cinahlarında geniş inkişafı ilə səciyyələnir. Tədqiqat sahəsində alt bayosun andezit-bazalt subformasiyasının vulkanogen süxur qatı üst bayos dasit-riolit subformasiyası ilə örtülür. Bu hal Gədəbəy-Bittibulaq dərinlik qırılması boyu daha geniş yayılmışdır. Adı çəkilən subformasiyanı təşkil edən süxurlar Almalıtala sahəsinədək yayılaraq Ağamalı və Slavyanka kəndləri ərazisində geniş sahəni əhatə edir və antiklinalın nüvəsini əmələ gətirir. Kompleksin süxurları dasit, riodasit, riolitlərdən və onların müxtəlif tuflarından təşkil olunmuşdur. Yatağın formalaşmasında müxtəlif intruziv əmələgəlmələrin (qranitoidlər, qabbroidlər və plagioqranitlər) təzahürü, həmçinin intruzivdən sonrakı mərhələdə filizdaşıyıcı hidrotermlərin dövranı üçün kanal rolunu oynayan dərinlik, şimal-şərq, meridionala yaxın, endairəsinə yaxın, şimal-qərb istiqamətli qırılma strukturların kəsişmə zonaları və eninə bloklararası qırılma strukturları aid edilir. Bittibulaq sahəsi tektonik cəhətdən Maarif-Bittibulaq antiklinalı və Slavyanka-Canqurtaran sinklinalı ilə təmsil olunub. Qırılma pozulmaları bütün yataq boyunca izlənilir və onu bir sıra bloklara parçalayır. Qırılmalarda və xüsusən də müxtəlif istiqamətli qırılmaların kəsişmə sahələrində subvulkan riolit kütlələri və hidrotermal dəyişilmələrə məruz qalmış kvarslaşmış, kaolinləşmiş, piritləşmiş, hematitləşmiş, limonitləşmiş filiz zonaları və damarları inkişaf tapmışdır.
Metasomatitlərin mineraloji xüsusiyyətləri
redaktəYatağın sulfid cisimləri əsasən kükürd-kolçedan, mis-kolçedan və pirit-kvars tipli filizlərdən təşkil olunmuşdur. Göstərilən filiz tiplərinin içərisində ən geniş yayılanı pirit-enargit-arsenopirit filizləridir. Digər filiz tiplərini təşkil edən mineral assosiasiyaların miqdarca müxtəlif nisbətlərdə qovuşduğu sahələrdə "keçid" tipli filizlər yaranır. Filiz cisimlərinin quruluşunda az miqdarda famatinit (Cu3SbS4), sfalerit (ZnS), qalenit (PbS) və molibdenit (MoS2) filizləri iştirak edir.
Metasomatitlərin geokimyəvi xüsusiyyətləri
redaktəBittibulaq sahəsində keçilən yerüstü dağqazma buruq quyularından, mağara, xəndək və yerüstü nöqtəvi sınaqlaşdırmanın nəticələrindən əldə olunan məlumatlara görə yataq sərhədi daxilində filizləşmənin zonallığı, geokimyəvi və həmçinin indikator elementlərinin paylanma qanunauyğunluğu öyrənilmişdir. Yataqda qazılan ən dərin quyunun dərinliyi 294m olduğundan ancaq həmin dərinliyədək sahənin geokimyası təhlil edilmişdir. Kern nümunələrinin 35 kimyəvi elementə analizi filiz elementlərinin ayrı-ayrı horizontlar üzrə orta miqdarını, həmçinin zonallıq göstəricisini əks etdirir.
Filiz linzalarında geokimyəvi elementlərin paylanması və onların qızılla korrelyasiyası
redaktəYataq sahəsində aparılmış sınaqlaşdırma nəticəsində Au, Ag, As, Bi, Co, Cr, Cu, Fe, Hg, Mo, Ni, Pb, S, Sb, Zn ilə təmsil olunmuş filizlərin element tərkibi təyin olunmuşdur, bunlardan da, Bittibulaq yatağı üçün əhəmiyyətliləri Cu və As-dir. Filizlərdə və yan süxurlarda qızılın və onu müşayiət edən elementlərin paylanma xarakterini aşkar etmək üçün, hansı ki, filizləşmə prosesi ilə bağlı olan bir sıra genetik məsələlərin həllində vacibdir, onların yer səthində, 1 və 2 saylı mağaralar horizontunda və eləcə də buruq quyusu üzrə konsentrasiyası araşdırılmışdır. Qızılın və onu müşayiət edən filizəmələgətirən elementlərin paylanmasının statistik parametrləri riyazi işlənilmə metodu ilə tədqiq edilmişdir. Qızılın miqdarı 0,003–1,21 q/t arasında dəyişir, orta miqdar 0,15 q/t təşkil edir. O, qeyri-bərabər paylanması ilə səciyyələnir. Gümüş də qızıl kimi filizlərdə qeyri-bərabər paylanmışdır. Bittibulaq yatağında filiz kütlələrinin əsas mineralları enargit, arsenopirit, xalkopirit və pirit və baritdən təşkil olunmuşdur. Damar mineralları serisitdən, kvarsdan, karbonatlardan və kaolinitdən ibarətdir. Filizlərin əsas sənaye əhəmiyyətli metalları mis və mərgümüşdür. Filizlərin tərkibində, həmçinin, qızıl, bismut, kobalt, nikel, indium, germanium, civə, selen, tellur və bir sıra başqa qatışıq elementlər də iştirak edir. Misin miqdarı ilə qalayın, gümüşün və kobaltın konsentrasiyaları arasında sıx müsbət korrelyasiya əlaqəsinin olduğu aşkar edilmişdir. Bittibulaq sahəsində qızıl element olaraq siderofil və xalkofil elementlərlə düzgün korrelyasiya olunur.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Filiz linzalarında geokimyəvi elementlərin paylanması və onların qızılla korrelyasiyası, Bittibulaq mis-mərgümüş yatağı" (PDF). Archived from the original on 2022-07-02.
- ↑ "Ekologiya və Təbii Sərvətlər Nazirliyi". 2023-05-18 tarixində arxivləşdirilib.