Birinci London Konfransi 1921 - Wikipedia
Birinci London konfransı (1921) - Birinci Dünya müharibəsinin bitməsindən sonra Almaniyanın ödəyəcəyi təzminatın və Yaxın Şərqdəki mürəkkəb vəziyyətin, eləcə də Türkiyə məsələsinin müzakirə edildiyi konfrans.[1]
Arxa plan
redaktəBirinci Dünya müharibəsindən sonra beynəlxalq münasibətlərin mühüm məsələləri Almaniyanın ödəyəcəyi təzminat və Yaxın Şərqdə mövcud olan mürəkkəb vəziyyət idi. 1921-ci ilin fevral ayının 21-dən mart ayının 14-ə qədər davam edən Birinci London konfransında təzminat və Yaxın Şərq məsələləri müzakirə edildi.[2]
İştirakçılar
redaktəKonfransda iki türk nümayəndə heyəti iştirak edirdi. Ankara hökumətinin nümayəndə heyətinə Bəkir Sami, İstanbul hökumətinin nümayəndə heyətinə isə Tevfiq paşa rəhbərlik edirdi. İkinci heyət konfransda əsas rol oynamasa da, hər iki heyət razılaşdırılmış layihələrlə çıxış edirdi. Konfransda Türkiyənni tələbi bunlardan ibarət idi:[3]
- Türkiyənin 1913-cü il sərhədlərinin bərpası,
- İzmirin yunan ordusundan azad edilməsi və Türkiyəyə qaytarılması,
- Boğazlardan keçidin sərbəst olduğu təqdirdə Türkiyənin suverenliyinə və təhlükəsizliyinə təminat verilməsi,
- İşğal rejiminin ləğv edilməsi,
- Öz sahillərini və torpaqlarını qorumaq üçün Türkiyəyə hərbi dəniz və quru qoşunları saxlamasına icazə verilməsi.
Danışıqlar
redaktəİtaliya kamalçılarla müqavilə bağlamağı müdafiə edirdi. Fransa baş naziri Aristid Brian da yumşaq mövqe tuturdu. İngiltərə nümayəndələri də türklərlə fərdi söhbətlərində razılaşmağa çalışırdılar. İngiltərənin baş naziri Lloyd Corc Bəkir Sami ilə görüşdükdə belə bir təklif irəl sürdü: Türkiyə Bakı neft mənbələri ilə birlikdə bütün Cənubi Qafqazı öz himayəsinə götürsün. Bu təklif Türkiyə-Rusiya münasibətlərini pozmaq üçün edilmişdi.
Aralarındakı ziddiyətlərə baxmayaraq İngiltərə və Fransa London konfransında vahid mövqedən çıxış etdilər. Martın 3-də onlar Almaniyaya bəyannamə təqdim etdilər. Bəyannamədə Versal müqaviləsinə əməl edilməsi tələb edilirdi. Almaniya mnartın 7-ə qədər bu bəyannaməni qəbul etməyəcəyi təqdirdə müttəfiqlər Reynin sağ sahilini tutmalı idi. Göstərilən müddətə razılıq verilmədiyindən müttəfiqlər Almaniyanın bir sıra ərazilərini tutaraq ona qarşı iqtisadi sanksiya tədbiq etdilər. Vasitəçilik barədə ABŞ-yə ünvanlanan xahişlər nəticəsiz qaldıqdan sonra Almaniya geri çəkilməyə məcbur oldu.[4]
Konfransın gedişində türklər İtaliya və Fransa ilə hərbi əməliyyatların dayandırılması və iqtisadi məsələlərin tənzimlənməsi barədə saziş imzaladılar. Lakin sonradan TBMM hökuməti Fransa ilə imzalanan sazışı təsdiq etmədiyindən Bəkir Sami istefa verdi.
Nəticə
redaktəMartın 11-də Fransa və İtaliya türklərə, İngiltərə isə yunanlara aşağıdakı şərtlərin qəbulunu təklif etdilər: müttəfiq qoşunları İstanbuldan çıxarılır, müttəfiqlərin Türkiyədəki beynəlxalq maliyyə nəzarəti komissiyasında türklər də iştirak edir, İzmirdə türk suverenliyi saxlanılsa da, yunan qarnizonu qalır və s. Lakin həm türklər, həm də yunanlar bununla razı olmadığına görə konfrans uğursuzluqla bitir. Yunanlar hərbi əməliyyatları davam etdirdilər, türklər isə martın 16-da Rusiya ilə müqavilə imzaladı.
Həmçinin bax
redaktəƏdəbiyyat
redaktə- Musa Qasımlı. Avropa və Amerika ölkələrinin müasir tarixi. 2 hissədə I hissə (1918-1945). Bakı, Bakı "Dövlət Universiteti nəşriyyatı", 2003. 370 səh.
İstinadlar
redaktə- ↑ Bruce Kent: The Spoils of War. The Politics, Economics, and Diplomacy of Reparations 1918–1932. Clarendon, Oxford 1989, S. 123.
- ↑ Musa Qasımlı, 2003. səh. 26
- ↑ Musa Qasımlı, 2003. səh. 27
- ↑ Sally Marks: Reparations Reconsidered. A Reminder. In: Central European History 2, Heft 4 (1969), S. 361; Bruce Kent: The Spoils of War. The Politics, Economics, and Diplomacy of Reparations 1918–1932. Clarendon, Oxford 1989, S. 134 f.