Beynelxalq Inkisafa Yardim Agentliyi Azerbaycan - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi və ya qısaca AIDA (eng. – Azerbaijan International Development Agency) — 2011-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində yaradılmışdır.
Beynəlxalq İnkişafa Yardım Agentliyi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 14 sentyabr 2011 |
Baş qərargah | Bakı |
Ünvan | Şıxəli Qurbanov küçəsi 4, AZ 1009 (XİN-nin binası) |
Rəhbərlik | |
Rəhbər | Seymur Fətəliyev |
|
|
Rəsmi saytı | aida.az |
Vikianbarda əlaqəli mediafayllar |
AIDA Azərbaycan dövləti tərəfindən göstərilən beynəlxalq humanitar və inkişafa yardım fəaliyyətini həyata keçirir və yardım göstərilməsində iştirak edən bütün dövlət qurumlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsini təşkil edir. AIDA dünyanın inkişaf etməkdə olan ölkələrində yoxsulluğun azaldılması, elm, mədəniyyət, təhsil və səhiyyə sahələrinin inkişafı, rabitə və informasiya texnologiyalarının tətbiqi, müxtəlif təqaüd proqramlarının, həmçinin digər humanitar və texniki layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.
AIDA-nın büdcəsi illik olaraq dövlət büdcəsi hesabına formalaşır. AIDA-nın fəaliyyəti Azərbaycan dövlətinin yürütdüyü xarici siyasətə uyğun olaraq məqsədyönlü şəkildə qurulur. Agentliyə rəhbərliyi xarici işlər naziri tərəfindən təyin edilmiş Agentliyin rəisi həyata keçirir. AIDA-nın əməkdaşları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşlarıdırlar. AIDA Afrika, Asiya və Latın Amerikasında humanitar və texniki yardım sahələri üzrə fəaliyyət göstərir. Azərbaycan Respublikasının və AIDA-nın həyata keçirdiyi proqramlardan 90-dan çox ölkə faydalanmışdır.
Humanitar Yardım
redaktəAIDA Agentliyinin humanitar yardım fəaliyyəti istiqamətindəki əsas məqsəd dünyada yardıma ehtiyacı olan insanlara zamanında və effektiv yardım göstərmək və bu insanların həyat şəraitini yaxşılaşdırmaqdır. AIDA dünyanın müxtəlif ölkələrində insan tərəfindən törədilmiş və yaxud zəlzələlər, daşqınlar, qasırğalar, quraqlıqlar kimi təbii fəlakətlər zamanı humanitar böhranın nəticəsini aradan qaldırmaq və hər şeyini itirmək təhlükəsi ilə üz-üzə qalmış insanlara yenidən əvvəlki həyatlarını bərpa etmək üçün zəruri yardımlar edir.
AFAB proqramı
redaktə"Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə" (AFAB) proqramı 2019-cu ildə də davam etdirilməkdədir. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) İslam İnkişaf Bankı (İİB) ilə strateji tərəfdaşlıq çərçivəsində bir sıra Afrika ölkələrində "Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə" (AFAB) proqramı həyata keçirir. 2019-cu ildə keçirilmiş katarakt kampaniyaları çərçivəsində Çad və Nigerdə 10 mindən artıq xəstə ödənişsiz əsasda müayinə edilmiş və 2 minədək insan ödənişsiz əsasda əməliyyat olunmuşdur. Nəticədə həmin insanların görmə qabiliyyəti bərpa olunmuş və onların əmək fəaliyyəti ilə məşğul olmaları üçün əlverişli şərait yaranmışdır.
Yəməndə humanitar böhran
redaktəBMT-nin hesablamalarına görə dünyanın ən acınacaqlı humanitar fəlakətin yaşandığı Yəməndə 24 milyon insanın humanitar yardıma ehtiyacı var, 250 min şəxs isə kəskin aclıqdan əziyyət çəkir. Yəməndə humanitar böhrandan əziyyət çəkən əhaliyə təcili humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsindən Yəmən Respublikasına maliyyə yardımı göstərilmişdir.
Burundi
redaktə2019-cu ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) tərəfindən "2019–2020-ci illər üzrə Burundi qaçqınlarına Regional Yardım Planı" təqdim edilərək, nəzərdə tutulmuş fəaliyyətlərin həyata keçirilməsi üçün yardımın göstərilməsi məqsədilə, üzv dövlətlərə edilmiş müraciətlə bağlı, böhrandan əziyyət çəkən Burundili qaçqınlara yardım etmək məqsədilə Azərbaycan Respublikası tərəfindən maliyyə vəsaiti ayrılmışdır.
Fələstin
redaktəCiddi maliyyə çətinlikləri ilə üzləşən Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə (United Nations Relief and Works Agency for Palestine Refugees in the Near East – UNRWA) 2018-ci ilin oktyabr ayında Azərbaycan Respublikası tərəfindən maliyyə yardım göstərilmişdir.
Yəmən
redaktəYəməndə artan münaqişə nəticəsində qida təhlükəsizliyi üzrə dünyada ən böyük fövqəladə hal yaranmışdır. 2017-ci ildə İsveçrənin Cenevrə şəhərində Yəməndə davam edən humanitar böhranla əlaqədar yardımın göstərilməsi məqsədilə keçirilmiş BMT-nin Yüksək Səviyyəli Donor Konfransında BMT Baş Katibi Antonio Quterreşin müraciəti əsasında Azərbaycan Respublikası tərəfindən də AİDA vasitəsilə bu ölkəyə maliyyə yardımı göstərilmişdir.
Somali, Yəmən, Cənubi Sudan və Nigeriya
redaktə2017-ci ildə baş vermiş humanitar böhran nəticəsində Somali, Yəmən, Cənubi Sudan və Nigeriyanın şimal-şərq hissəsində 20 milyondan çox insan, xüsusilə qadın və uşaqlar, qida çatışmazlığı ilə üzləşmişlər. Bu humanitar böhranın aradan qaldırılması məqsədilə BMT Baş katibi bu ölkədəki insanların aclıq təhlükəsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətə kömək üçün müraciət etmişdir. Buna cavab olaraq, AİDA həmin ölkələrdə fəaliyyət göstərən BMT qurumlarına maliyyə töhfəsi etmişdir.
Suriyalı qaçqınlara yardım
redaktə2011-ci ilin mart ayından etibarən Suriyada davam edən münaqişə nəticəsində 5.2 milyon insan qaçqın düşmüş, 13.5 milyon insanın humanitar yardıma ehtiyacı yaranmışdır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) digər beynəlxalq təşkilatlar və inkişaf agentlikləri ilə birgə suriyalı qaçqınlara humanitar yardım göstərməkdə davam edir. AİDA da Suriyada yaşanan hadisələr nəticəsində ölkədən qaçqın düşmüş insanların həyat şəraitinin yaxşılaşdırılması üçün 2015-ci ildə onlara ərzaq və ilkin ehtiyac məhsulları formasında yardım həyata keçirilmiş, 2012-ci ildə isə maliyyə yardımı göstərilmişdir.
Pakistanda həyata keçirilən "Heydər Əliyev Su Təchizatı Layihəsi"
redaktə4 may 2014-cü il tarixində Azərbaycan Respublikasının Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və himayəsi altında AİDA və Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin dəstəyi ilə Pakistanın ciddi içməli su problemindən əziyyət çəkən Dera İsmayil Xan ərazisinin Tank bölgəsində inşa edilmiş "Heydər Əliyev Su Təchizatı layihəsi"-ni həyata keçirmişdir. "Heydər Əliyev Su Təchizatı layihəsi" sayəsində ümumilikdə bölgədə yerləşən 40 minə qədər insan içməli su ilə təmin olunur.
Pakistanda sel daşqınlarından zərərçəkmiş insanlara yardım
redaktəAIDA Pakistanın Cənubi Pəncab və Kəşmir əyalətlərində baş vermiş sel daşqınlarından zərər çəkmiş insanlara humanitar yardım göstərilməsi məqsədilə Pakistanın Multan, Muzaffargarh, Leyyah, Çinniot, Naroval, Sarqodha, Mandi Baha-ud-Din, Sialkot, Canq və Hafizabad şəhərlərində 2014-cü il ərzində humanitar yardım aksiyaları keçirmişdir. AIDA tərəfindən göstərilən bu humanitar yardım ümumilikdə 25 min zərərçəkmiş şəxsi əhatə etmişdir.[1][2][3]
"Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə" kampaniyası
redaktəAİDA İslam İnkişaf Bankı ilə strateji tərəfdaşlıq çərçivəsində "Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə" kampaniyasını 2012-ci ildən etibarən İslam Əməkdaşlıq Təşkilatına üzv olan Afrika ölkələrində həyata keçirməkdədir. Kampaniyada AİDA-nın təşəbbüsü ilə Azərbaycandan olan oftalmoloqlar da iştirak edirlər. 2012–2014-cü illər ərzində hər il mütəmadi olaraq, Benin, Burkina Faso, Çad, Kamerun, Cibuti, Qvineya, Mali, Niger və Liviya kimi 9 Afrika ölkəsində həyata keçirilən bu kampaniya uğurla baş tutmuş və bu ölkələrdə ödənişsiz əsasda göz-katarakt əməliyyatları keçirilmişdir. Ümumilikdə bu kampaniya çərçivəsində bu ölkələrdə görmə qabiliyyətini qismən və ya tamamilə itirmiş 10.000-dən çox insan öz sağlamlığına qovuşmuşdur. "Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə" kampaniyasının davam etdirilməsi nəzərdə tutulur.[4]
Qəzzə
redaktə2014-cü ilin may-iyun aylarında aparılmış hərbi əməliyyatlar nəticəsində baş vermiş dağıntıların aradan qaldırılması məqsədilə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyi (UNRWA) vasitəsilə AIDA tərəfindən Qəzzəyə maliyyə yardım göstərilmişdir. Bundan öncə, BMT Təhlükəsizlik Şurası tərəfindən Qəzzə bölgəsindəki vəziyyətlə bağlı 2012-ci ilin 21 noyabr tarixində qəbul edilmiş, Qəzzədə hərbi toqquşmaların dayandırılması və humanitar vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar bəyanatından sonra, Azərbaycan dövləti yaranmış humanitar böhranla əlaqədar AIDA vasitəsilə Qəzzə bölgəsindəki Fələstin xalqına birbaşa maliyyə yardımı etmişdir.[5][6][7][8]
Sent Vinsent və Qrenadin
redaktəAzərbaycan Hökuməti, 2014-cü ildə AIDA vasitəsilə kənd təsərrüfatı, enerji sektoru və digər sahələrində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində yaranmış fəsadların aradan qaldırılması məqsədilə Sent Vinsent və Qrenadinə yardım göstərmişdir.
Filippin
redaktə2013-cü ildə Filippində baş vermiş, minlərlə insanın tələfatı və yüzlərlə evin tamamilə dağılması, qida, su və digər ilkin ehtiyac məhsullarının kəskin şəkildə qıtlığına səbəb olmuş Hayyan qasırğasının fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti AİDA vasitəsilə bu ölkəyə müəyyən maliyyə vəsaiti ayırmışdır. Sözügedən vəsait BMT-nin Ümumdünya Ərzaq Proqramının Filippində həyata keçirdiyi humanitar yardım proqramları vasitəsilə zərərçəkmiş əhalinin əsas qida ehtiyaclarının qarşılanmasına sərf edilmişdir.
Suriyalı qaçqınlar
redaktə2012-ci ildə AİDA Suriyada yaşanan hadisələr nəticəsində bu ölkədən qaçqın düşmüş və İordaniyanın Əmman şəhərində məskunlaşmış insanların həyat şəraitinin yaxşılaşdırılması üçün birbaşa maliyyə yardımı etmişdir.
Kuba
redaktə2012-ci ildə Kubada baş vermiş Sandi qasırğasının törətdiyi təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədilə AİDA Kubaya birbaşa maliyyə yardımı göstərmişdir.
Panama
redaktə2012-ci ilin noyabr ayında aramsız yağan yağışlar nəticəsində Panamada yaranmış humanitar vəziyyətin fəsadlarının aradan qaldırılması məqsədilə bu ölkəyə maliyyə yardımı göstərilmişdir.
Burkina Faso
redaktə2011–2012-ci ildə Burkina Fasoda baş vermiş quraqlıq nəticəsində yaranmış humanitar böhranla əlaqədar, İslam Əməkdaşlıq Təşkilatının bu ölkədə qida çatışmazlığının və ərzaq böhranının aradan qaldırıması ilə əlaqədar müraciətindən sonra AİDA Burkina Fasoya birbaşa maliyyə yardımı göstərmişdir.
Beynəlxalq İnkişafa Yardım
redaktəAİDA Agentliyinin inkişafa yardım fəaliyyəti istiqamətindəki əsas məqsəd dünyada inkişaf etməkdə olan ölkələrə texniki yardım göstərmək və onların müxtəlif sahələrdəki inkişafına dəstək olmaqdır.
İƏT və QH-yə üzv ölkələrin vətəndaşları üçün təhsil qrantı proqramları
redaktə2018–2019-cu tədris ili üzrə həyata keçirilən təhsil qrantı proqramlarına qəbulun nəticələrinə əsasən, İslam Əməkdaşlıq Təşkilatı üzrə 14 ölkənin, Qoşulmama Hərəkatı üzrə isə 15 ölkənin ümumilikdə 40 vətəndaşı (hər proqram üzrə 20 nəfər olmaqla) Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmışdır.
"Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı"
redaktəAIDA inkişaf etməkdə olan ölkələrdə insan kapitalının inkişafına dəstək məqsədilə ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində 2018-ci ildən etibarən Asiyanın və Afrikanın bir sıra ölkələrinin diplomatları üçün ölkəmizdə "Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı" ("Advanced Foreign Service Program for Foreign Diplomats") adlı ixtisasartırma kursu təşkil edir.
Əfqanıstanda Elektron hökumət layihəsi
redaktəAİDA Agentliyi BMT-nin İnkişaf Proqramı ilə sıx əməkdaşlıq çərçivəsində Əfqanıstanın Dövlət Müəssisələrində Potensialın Gücləndirilməsi layihəsi çərçivəsində bu ölkədə Elektron hökumət sisteminin qurulmasına və ümumiyyətlə hökumət qurumlarının fəaliyyətinin səmərəliliyin artırılmasına yardım edir.[9][10][11]
Xarici tələbələr üçün təqaüd proqramı
redaktəAİDA Agentliyi tərəfindən həyata keçirilən xarici tələbələr üçün təqaüd proqramı çərçivəsində inkişaf etməkdə olan müxtəlif ölkələrin tələbələrinə Azərbaycan Respublikasının ən yaxşı ali təhsil müəssisələrində təhsil almaq imkanı yaradılır və bu proqram çərçivəsində həmin xarici tələbələrin bütün xərcləri Agentlik tərəfindən ödənilir. Proqramın davam etdirilməsi və genişləndirilməsi, bununla da, daha çox əcnəbi tələbənin Azərbaycanın təhsil ocaqlarında təhsil alması nəzərdə tutulur.
İxtisasartırma kursları və seminarlar
redaktəAİDA Azərbaycanın ali təhsil ocaqları, elmi-tədqiqat institutları ilə birgə inkişaf etməkdə olan ölkələrin insan kapitalının yüksəldilməsi üçün həmin ölkələrin mütəxəssisləri üçün müxtəlif sahələr üzrə ixtisasartırma kursları və seminarlar təşkil edir.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-23.
- ↑ "Arxivlənmiş surət". 2019-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-23.
- ↑ "Arxivlənmiş surət". 2015-01-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-23.
- ↑ "Arxivlənmiş surət". 2015-01-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-23.
- ↑ "Arxivlənmiş surət". 2014-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-24.
- ↑ http://salamnews.az/az/news/read/52395/azerbaycanin-yardimi-ile-1258-insan-goumlzuumlnden-emeliyyat-olunub--xin/[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2013-01-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-24.
- ↑ http://news.az/articles/70978[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2019-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-24.
- ↑ "Arxivlənmiş surət". 2019-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-24.
- ↑ "Arxivlənmiş surət". 2015-06-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-24.