Basketbol üzrə Avropa çempionatı 1987 (ing.1987 FIBA European Championship) — 1987-ci ildə Yunanıstanda FIBA Avropa tərəfindən sayca 25-ci dəfə keçirilən Avropa çempionatı. Turnir 3-14 iyun tarixlərində keçirilmişdir. Çempionata 12 milli komanda qatılmışdır. Bütün oyunlar Pirey şəhərindəki Sülh və Dostluq salonunda baş tutmuşdur.
Turnirin qalibi favorit sayılan SSRİ millisini həyəcanlı keçən əlavə vaxtda 103:101 hesabı ilə məğlub edən ev sahibi Yunanıstan olmuşdur. Bu Yunanıstanın ilk Avropa çempionluğu olmuşdur. Yunanıstan millisinin oyunçusu Nikos Qalis turnirin ən yaxşı oyunçusu seçilmişdir.
Turnirdə iştiraka 12 komanda haqq qazanmışdır. 7 komanda əvvəlki çempionatda iştiraka görə, 4 komanda seçmə mərhələdən sonra bu haqqı qazanmışdır. Yunanıstan isə ev sahibi kimi seçmə mərhələdən azad olunmuşdur.
12 komanda hərəsində 6 komanda olmaqla 2 qrupa bölünür. Hər qrupdan 4 komanda ¼ finala çıxır. Bu mərhələdən qalib çıxanlar yarımfinala adlayır. Yarımfinalda məğlub olanlar üçüncülük oyununa, qalib gələnlər final oyununa çıxır.
¼ final oyununda məğlub olanlar 5-8-ci yerlər uğrunda mübarizəyə qoşulur.
Quplarda 5-6-cı yerləri tutan komandalar 9-12-ci yerlər üçün oynayırlar.