Banqlades Tarixi - Wikipedia
Banqladeş qədim və orta əsrlər dövründə
redaktəBanqladeş ərazisində e.ə. VII-VI əsrlərdə yaranmış ilk dövlət Vanqa[1] (indiki Banqladeş adı da buradandır: "Banqla" — benqallara məxsus, "deş" — ölkə deməkdir. E.ə. IV əsrdə - eramızın V əsrində Banqladeş ərazisi müxtəlif qədim Hindistan imperiyalarının tərkibinə daxil idi.[2]. VIII əsrdən bu dövlətlərin ərazisi qərbdəki torpaqlarla birlikdə vahid Benqaliya dövlətində birləşdirildi. 750-1174-cü illərdə bu dövləti Budda dininin himayədarı hesab olunan Pala sülaləsinin nümayəndələri idarə etmişlər. XIII əsrdə Benqaliyanı Dehli sultanlığı ələ keçirdi. Həmin dövrdə burada islam dini geniş yayılmağa başladı.[3]. XIV əsrin ortalarında Benqaliyanın Dehli çanişinləri müstəqil hakimlərə çevrildilər. Onların bir neçə sülaləsi 1576-cı ilədək burada hakimiyyətdə olmuşdur. 1576-cı ildə ölkəni Böyük Moğollar tutdu. XVII əsrin əvvəllərində ölkənin inzibati mərkəzi Dəkkə şəhəri oldu.
Benqaliya yeni dövrdə
redaktəXVIII əsrin əvvəllərində Benqaliya canişinliyi faktiki olaraq müstəqil dövlətə çevrildi. 1757-ci ildə İngiltərə müstəmləkəçiləri Benqaliyanı, sonra isə bütün Hindistanı zəbt etdilər. Müstəmləkəçilik dövründə (1757-1947) bu ərazi də metropoliyanın aqrar xammal bazası idi.
XIX əsrin əvvəllərində Benqaliyada milli hərəkat genişlənməyə başladı. Birinci dünya müharibəsindən sonra benqal milli azadlıq hərəkatı yeni vüsət aldı.
Benqaliya XX əsrdə
redaktə1930-cu illərdə dini-icma mövqelərində duran siyasi qüvvələr artmağa başladı. Bu, hinduistlərlə müsəlmanlar arasında müstəmləkəçilər tərəfindən qızışdırılan toqquşmalara səbəb oldu. İkinci Dünya müharibəsindən sonra Cənubi Asiya xalqlarının böyük vüsət alan azadlıq mübarizəsi İngiltərə müstəmləkəçilərini Hindistana istiqlaliyyət verməyə (1947) məcbur etdi. 1947-ci ildə keçmiş Britaniya Hindistanı ərazisində dini prinsiplərə görə iki dövlətin — Hindistanın və Pakistanın yaranmasından sonra əhalisi, müsəlmanlardan ibarət olan Şərqi Benqaliya ərazisi Pakistanın tərkibinə daxil edildi. Bu ərazidə Şərqi Pakistan əyaləti təşkil edildi.
Müstəqil Banqladeş dövlətinin yaranması
redaktəŞərqi Pakistan əyalətin qərbə nisbətən qeyri-bərabər iqtisadi və siyasi vəziyyəti, Pakistanın hakim dairələrinin benqal dilini dövlət dili kimi qəbul etməməsi, benqallara qarşı ayrı-seçkilik salınması benqal milli hərəkatının güclənməsinə səbəb oldu. Bu hərəkata Avami irq partiyası rəhbərlik edirdi. İlk dəfə Milli Məclisə keçirilən ümumi seçkilərdə (1970, dekabr) Avami liq qələbə qazandı (300 yerdən 162 yer). Seçkilərin nəticələrini ləğv etməyə, Şərqi Pakistana tam məhəlli muxtariyyət verilməsindən imtina etməyə çalışan Pakistan hərbi dairələrinin cəhdləri xalq arasında böyük narazılığa səbəb oldu. 1971-ci il martın 26-da Şərqi Benqaliya ərazisində müstəqil Banqladeş Xalq Respublikası elan edildi. Pakistan hərbi hakimiyyət orqanlarının benqal vətənpərvərlərinə qarşı cəza tədbirləri nəticəsində milyonlarla benqal qaçqını Hindistana üz tutdu. Bu səbəbdən Hindistan-Pakistan münasibətləri xeyli kəskinləşdi və 1971-ci il dekabrin əvvəllərində iki ölkə arasında hərbi münaqişə baş verdi. Dekabrın 16-da benqallar və Hindistan qoşunları Banqladeşin paytaxtı Dəkkəni tutdular. 1972-ci il yanvarın 12-də Banqladeşin elan olunan müvəqqəti konstitusiyasına əsasən Avami liq partiyasının lideri Şeyx Mucibur Rəhman Banqladeş hökumətinin başçısı oldu. 1972-ci ildə Banqladeş Millətlər Birliyinə daxil oldu.
Demokratik inkişaf illərində Banqladeşin Hindistanla münasibətlərini uzun müddət kəskinləşdirən ərazi mübahisələri nizamlandı. 2008-ci il dekabrın 29-da keçirilən seçkilərdə Hasinə Vazedin lider olduğu Avami liq Partiyası qələbə qazandı, dağlı tayfalarından olan qiyamçılarla razılaşma əldə olundu. 2009-cu il yanvarın 6-da Hasinə Vazed Banqladeşin baş naziri oldu.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ RIYAZU-S-SALĀTĪN: A History of Bengal Arxivləşdirilib 2014-12-15 at the Wayback Machine, Ghulam Husain Salim, The Asiatic Society, Calcutta, 1902.
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 177–178. ISBN 978-9952-441-07-9.
- ↑ Eaton, R. The Rise of Islam and the Bengal Frontier. University of California Press. 1996. ISBN 0-520-20507-3. OCLC 26634922 76881262 (#bad_oclc).