Baki Neft Senayecileri Qurultayi Surasi - Wikipedia
Bakı Neft Sənayeçiləri Qurultayı Şurası və ya qısaca BNQŞ — neft sənayeçiləri qurultayının daimi rəhbər orqanı, Rusiya burjuaziyasının ilk sahibkar təşkilatlarından biri[1].
Tarixi
redaktə1884-cü ildə Bakı neft sənayeçilərinin 1-ci qurultayında seçilmişdi. Şuraya ən iri neft şirkətlərinin nümayəndələri seçilirdilər. Şura qurultayların qərarlarını həyata keçirir, növbəti qurultayın proqramını tərtib edir və onu hökumət orqanlarının təsdiqinə verirdi. Şura, fəaliyyəti haqqında qurultaylara hesabat verir, neft sənayeçilərinin mənafeyini hökumət qarşısında müdafiə edir və neft maqnatlarının yüksək gəlirlərinin təmin olunmasına çalışırdı. 1890-cı ilin sonlarından şuranın Peterburqda daimi nümayəndəsi vardı.1899-cu ildən Şuranın orqanı "Neftyanoye delo" jurnalı nəşrə başladı. Şuranın statistika bürosu hər il "Obzorı Bakinskoy neftyanoy promışlennosti" ("Bakı neft sənayesinin icmalı") və s. çap edirdi. Şura fəhlə hərəkatına qarşı mübarizənin təşkili ilə də məşğul olurdu. 1918-ci ildə Bakı Xalq Komissarları Soveti (BXKS) Şuranın fəaliyyətinə nəzarəti ələ aldı. BXKS-nin neft müəssisələrinin və Xəzər Ticarət Donanmasının milliləşdirilməsi haqqında dekretlərindən sonra BNSQŞ-nın Sovet hakimiyyətinə qarşı münasibəti kəskinləşdi və o, iqtisadi sahədə yeridilən siyasətə açıq etiraz etməyə başladı. "Sentrokaspi diktaturası" hakimiyyətini dəstəkləyən BNSQŞ xüsusi mülkiyyətin saxlanmasını, mənfəətinin artırılmasını milli və dövlətçilik dəyərlərindən üstün tutmuşdur. BNSQŞ-nın Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti ilə münasibətləri sonadək gərgin səciyyə daşımışdır. Azərbaycan Parlamentində Şuranın nümayəndəsi var idi. Sovet Rusiyasına neft məhsullarının göndərilməsinə qadağa qoyulması ilə Rusiya bazarından məhrum olan Bakı neft sənayesi böhran vəziyyətinə çatmışdı. BNSQŞ vəziyyətdən çıxmaq məqsədilə Cümhuriyyəti hakimiyyətinə tam etimadsızlıq göstərərək, ingilislərə mü- raciət etmiş, keçmiş Rusiya dövlətçiliyini bərpa etmək tərəfdarları ilə həmrəy olmuşdur. 1919 ilin payızında neft sənayesində böhran son həddə çatdıqda, BNSQŞ, demək olar ki, Hökumətə müxalif bir quruma çevrilmişdi. Bu zaman neft sənayeçilərinin XXXVII qurultayı (1919-cu il, 30 sentyabr - 9 oktyabr ) keçirilmiş və M.Əsədullayev (sədr), L.Manço, D.Landau, Y.Umansev, M.Səlimov, N.Vanebu, Q.Pokrovski, Q.Qurqenidze, A.Tağıyev, S.Ter Krikoryandan ibarət tərkibdə Şura seçilmişdi. Artıq 1920 ilin yazı üçün BNSQŞ-in Hökumətdən təkidlə tələb etdiyi Həştərxan yolu açılsada, Şuranın fəaliyyəti də sona çatdı. Belə ki, Aprel işğalından (1920) az sonra Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin neft sənayesini milliləşdirmək haqqındakı 1920-ci il 27 may tarixli dekreti ilə Şura ləğv olundu.
İstinadlar
redaktə- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. I cild. Bakı, 2004. səh 253-254.