Baki Mudafie Rayonu Herbi General Qubernatorunun Idaresi - Wikipedia
Bakı Müdafiə Rayonu Hərbi General-qubernatorunun İdarəsi — Azərbaycan Xalq Cümhuriyyəti ərazisinin müdafiəsini möhkəmləndirmək məqsədilə yaradılmış xüsusi hərbi idarəçilik orqanı.
Yaradılması
redaktəDenikin ordusu və erməni-daşnak quldurları tərəfindən yaranmış təhlükə ilə əlaqədar 1919-cu ilin payızında Azərbaycan ordusu sərhəddə cəmləşdirilmişdi. Hərbi hissələrin və polisin fəaliyyətini əlaqələndirmək, Bakının müdafiəsini vahid idarə orqanında birləşdirmək məqsədilə 1919 il sentyabrın 13-də Dövlət Müdafiə Komitəsi Bakı müdafiə rayonunun rəisi vəzifəsini təsis etdi və onu hərbi general-qubernator vəzifəsi ilə birləşdirdi. Bakı şəhər rəisliyinin bütün ərazisi və şəhər rəisinin özü Bakı müdafiə rayonunun rəisinə, o isə hərbi nazirə tabe idi.
Rəhbərlik
redaktəMüdafiə rayonunun rəisi hərbi nazirin təqdimatı ilə Nazirlər Şurasının sədri tərəfindən təyin edilirdi. General-mayor Həbib bəy Səlimov müdafiə rayonunun rəisi, general-mayor Murad Gəray bəy Tlexas isə Bakı müdafiə rayonunun hərbi general-qubernatoru təyin olunmuşdu
Hərbi general-qubernator
redaktəBakı hərbi general-qubernatoru vəzifəsi, bundan əvvəl Dövlət Müdafiə Komitəsinin qərarı ilə (1919, 13 sentyabr) Bakı İstehkamçılar hissəsinin rəisi təyin edilmiş general-mayor Murad Gəray Tlexasa (əvvəlki vəzifələrində qalmaqla) həvalə olunmuşdur. Bu orqan mülki idarəçiliklə inzibati idarəçiliyi özündə birləşdirməklə geniş səlahiyyətlərə malik idi. M.G.Tlexas Bakının hərbi general qubernatoru kimi imzaladığı 1 saylı əmrində öz qarşısında aşağıdakı vəzifələrin durduğunu bildirirdi: Bakı hərbi general-qubernatorluğunda cinayətkarlığın aradan qaldırılması; general-qubernatorluqda şəxsi və ictimai maraqlara və dövlətin əmin-amanlığına meyilli olan əhalinin işlərinə geniş yardım göstərilməsi; milliyətindən, məzhəbindən, ictimai vəziyyətindəm asılı olmayaraq, hər bir vətəndaşın mənafelərinin qorunması; asayişi, əmin-amanlığı və dövlət quruluşunu pozmağa çalışanlara qarşı amansız mübarizə aparılması və s.[1]
Bakının hərbi general-qubernatoru Murad Gəray Tlexas şəhər ətrafının müdafiə sisteminin qurulmasına rəhbərlik etməklə yanaşı, onun daxilində asayiş yaradılmasını da ciddi nəzarət altında saxlayırdı. Onun 1919 il noyabrın 24-də imzaladığı xüsusi əmrlə, müvafiq icazə olmadan, küçə toplantılarının, mitinq və nümayişlərin keçirilməsi qadağan edildi. Aprel işğalından (1920) sonra Bakı hərbi general-qubernatoru M.G.Tlexas bolşeviklər tərəfindən həbs edildi və bolşevik Əli Bayramovun öldürülməsində ittiham olunaraq güllələndi.
İstinadlar
redaktə- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 216
Mənbə
redaktə- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Bakı müdafiə rayonu hərbi general-qubernatorunun idarəsi maddəsi.