Baki Derbend Demiryolu - Wikipedia
Bakı-Dərbənd dəmiryolu — Bakını Dərbəndlə birləşdirən dəmiryol xətti.
Məlumat
redaktəMərkəzi Rusiyanı Qafqazla birləşdirən dəmiryolu magistralının inşasına dair təklif və layihələr XIX əsrin 50-ci illərində irəli sürülməyə başlasa da, bu sahədə ilk addım Moskvadan Krıma doğru inşa edilən dəmiryolu üzərindəki Taqanroq stansiyasından Rostova xətt çəkilməsi oldu. 1872-75-ci illərdə isə Rostov-Vladiqafqaz dəmiryolu çəkildi. Bu yolu inşa etmiş Vladiqafqaz Dəmiryolu Cəmiyyəti Vladiqafqaz-Petrovsk dəmiryolunu çəkməyə başladı və 1894-cü ildə onu rəsmən istifadəyə verdi.
XIX əsrin 90-cı illərində Bakının və bötüvlükdə Cənubi Qafqazın dəmiryolu vasitəsilə birbaşa Mərkəzi Rusiya ilə birləşdirilməsi dövlət əhəmiyyətli tədbir kimi qarşıya qoyuldu. Bunu nəzərə alan Çar Hökuməti 1896-cı ildə Port-Petrovsk-Dərbənd xəttinin, 1897-ci ildə isə Dərbənd-Bakı xəttinin inşasına icazə verdi. Vladiqafqaz Dəmiryolu Cəmiyyəti hər iki dəmiryolu xəttinin tikintisinə başladı. 1905-ci il aprelin 5-də Port-Petrovsk-Dərbənd (uzunluğu 130 km), iyulun 15-də isə Dərbənd-Bakı (uzunluğu 231,5 km) dəmiryolu xətləri istifadəyə verildi. Bakı-Port-Petrovsk dəmiryolu magistralının Biləcəri-Dərbənd sahəsində 11, Dərbənd-Petrovsk sahəsində 5 stansiya inşa edildi, həmçinin qatarlara texniki xidmət, parovoz və vaqonların cari təmiri və sazlanması üçün Biləcəri, Dərbənd və Port-Petrovskda dövriyyə depoları yaradıldı.
Bakı-Dərbənd-Port-Petrovsk dəmiryolunun işə salınması ilə Cənubi Qafqaz dəmiryolu Ümumrusiya dəmiryolu şəbəkəsinə qoşuldu, Azərbaycanın və bütövlükdə, Cənubi Qafqazın sərvətlərinin ucdantutma Mərkəzi Rusiyaya daşınması başlandı. Bu da dəmiryolu nəqliyyatının işində gərginliyi ildən-ilə artırırdı. Məslən, Birinci Dünya müharibəsi (1914-1918) ərəfəsində 5 il ərzində nəqliyyat vasitələrinin dövriyyəsi 1,5 dəfədən çox artmışdı. Müharibənin başlanması isə imperiyanın hər yerində olduğu kimi, Vladiqafqaz, o cümlədən Bakı-Dərbənd dəmiryol xəttində böhranlı vəziyyət yaratdı. Cəbhənin artmaqda olan ehtiyaclarını ödəmək, hərbi yüklərin ləngimədən daşınmasını təmin etmək üçün daşıma vasitələrinin intensiv istismarı vaqon və parovozların sıradan çıxmasına, nəticədə dəmiryolu nəqliyyatında böhranın dərinləşməsinə gətirib çıxardı. 1917-ci ilin sonunda Qafqaz cəbhəsindən Rusiyaya qayıdan yüz minlərlə rus hərbiçisi də dəmiryolu stansiyalarına və daşıma vasitələrinə ağır ziyan vurdu.
Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin payızında Bakı-Petrovsk dəmiryolunun işini qaydaya salmaq üçün addımlar atdı. Belə ki, Bakının taxılla normal təminatı bu xəttin işindən birbaşa asılı idi. 1919-cu il yanvarın 9-da Azərbaycan Hökuməti Şimali Qafqaz Dağlılar Respublikası Hökuməti ilə 60 vaqon buğda alınması haqqında bağladı. Lakin 1919-cu ilin iyununda Denikin ordusunun Dağıstanı və Dərbəndi tutması Azərbaycanın Şimali Qafqazda nəqliyyat əlaqəsini kəsdi. Azərbaycan tərəfi Bakı ilə Rostov arasında dəmiryolu əlaqəsini bərpa etmək üçün 1919-cu il sentyabrın 11-də Denikinin Cənubi Qafqazdakı nümayəndəsi ilə ilkin razılaşma aktı imzaladı. Lakin Denikinin Azərbaycana düşmən münasibəti bunun reallşmasına imkan vermədi. [1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 200