Bekir Nebiyev - Wikipedia
Bəkir Əhməd oğlu Nəbiyev (21 avqust 1930, Ağdaş – 15 mart 2012, Bakı) — Azərbaycan ədəbiyyatşünası, tənqidçisi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), filologiya elmləri doktoru (1970), professor (1982), Azərbaycan SSR Əməkdar elm xadimi (1990), Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü.
Bəkir Nəbiyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Üçqovaq, Ağdaş rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Ədalət Nəbiyeva |
Uşaqları |
Leyla İmanova Sadıx Nəbiyev |
Atası | Əhməd Məhəmməd oğlu Nəbiyev |
Anası | Seyid Zəhra Nəbiyeva |
Elm sahəsi | ədəbiyyatşünaslıq |
Elmi dərəcəsi | filologiya elmləri doktoru (1970) |
Elmi adı | AMEA-nın həqiqi üzvü (1989) |
Təhsili | Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi[1] |
Tanınır | ədəbiyyatşünas, alim, tənqidçi |
Mükafatları |
|
Həyatı
redaktəBəkir Nəbiyev 21 avqust 1930-cu ildə Ağdaş rayonu Üçqovaq kəndində ziyalı ailəsində doğulmuşdur. Ağdaşda 1 saylı orta məktəbi bitirmişdir (1947). 1949-cu ildə məktəbi qurtardıqdan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olan Bəkir Nəbiyev 1954-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. O,1956–1959-cu illərdə universitetin Azərbaycan ədəbiyyatı kafedrasının aspirantı olmuşdur.[2]
Atası Əhməd Məhəmməd oğlu Nəbiyev 1888-ci ildə doğulub. İlk təhsilini atasından alıb, Qurani-Kərimi babasından öyrənib. O, keçən əsrin əvvəllərində Ağdaşda "Darülürfan" məktəbi açmış həmyerlimiz, məşhur maarif xadimi Muxtar Əfəndizadənin (1880–1975) yanında ərəbcəsini daha da təkmilləşdirib, rus dilini öyrənib, coğrafiya, həndəsə, tarix, ədəbiyyat, nücum sahəsində yeni biliklər əxz edib.[3]
1937-ci ildə atası və əmisi həbs edilir. Arxangelskdə,Komidə "cəzasını" çəkərkən atası taleyinə düşən işgəncələrə dözməyib,1942-ci ildə Ural dağlarının ətəklərində yerləşən məhbəs baraklarının birində həlak olub.[3]
Anası Seyid Zəhra 1898-ci ildə Ağdaşın, Üçqovaq kəndinin "Yuxarı başında", gənc yaşlarında dünyasını dəyişdiyi üçün üzünü görmədiyi Mir Sadıq babasının ailəsində doğulub. Namaz qılar,Quran oxuyar, oruc tutardı. Öz davranış və əməlləri ilə daim ailəsinə başucalığı gətirən anası Seyid Zəhra 1967-ci ildə vəfat edib.
Əmək fəaliyyətinə müharibə illərində başlamışdır. Ağdaş radio şəbəkəsinin diktoru işləmişdir (1945–1947). Sonra Ağdaş şəhərində 3 nömrəli yeddiillik məktəbdə və Yeniarx kəndində müəllimlik etmişdir (1947–1949). Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır (1949–1954). Eyni zamanda Bayıldakı 55 saylı orta məktəbdə ədəbiyyat müəllimi olmuşdur. Tələbəlik illərində ilk tənqidi qeydləri "Lenin tərbiyəsi uğrunda" qəzetində dərc olunmuşdur.
Akademiyanın Ədəbiyyat İnstitutunda baş elmi işçi, şöbə müdiri (1960–1970) vəzifələrində çalışmış,Nizami adına Ədəbiyyat Muzeyinin direktoru olmuş (1971–1987). 14 il Akademiyada Ədəbiyyat, Dil və İncəsənət Bölməsinə rəhbərlik etmişdir (1987–2001). Azərbaycan Mədəniyyət Fondunun (1982–1986), Azərbaycan Ədəbiyyat Fondunun (1987–1991) sədri olmuşdur.[3]
Ədəbi fəaliyyətə "Ədəbiyyat qəzeti"nin 4 noyabr 1951-ci il tarixli sayında çap edilən "Dama-dama göl olar" rəyi ilə başlamışdır.
Ailəsi
redaktəBəkir Nəbiyev 1957-ci ildə Ədalət xanım Nəbiyeva ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi. Oğlu Sadıq Nəbiyev 1958-ci ildə anadan olmuşdur. O, ali təhsilli tarixçi,politoloq və hüquqşünasdır. AMEA Rəyasət Heyəti aparatının Elmi katibidir. Qızı Leyla İmanova 1960-cı ildə anadan olmuşdur. 1978–1984-cü illərdə Azərbaycan Dövlət Tibb Universiteti, Müalicə–profilaktika fakültəsi, müalicə işi üzrə həkim ixtisasına yiyələnən L. İmanova 1993–1995-ci illərdə AMEA, "İnsan fiziologiyası" ixtisası üzrə aspirantura təhsili almışdır.[4]
Əmək fəaliyyəti
redaktəUniversiteti bitirdikdən sonra "Azərbaycan gəncləri", "İnşaatçı" qəzetlərində məsul katib müavini, ədəbi işçi vəzifələrində işləmişdir (1954–1957). ADU-nun aspiranturasına daxil olmuş, "F. Köçərlinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1960).
"Kommunist" qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri işləmişdir (1959–1961). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun sovet ədəbiyyatı şöbəsində kiçik elmi işçi, şöbə müdiri və institutun elmi katibi (1961–1971), Azərbaycan EA Nizami adına Azərbaycan Dövlət Ədəbiyyat Tarixi Muzeyinin direktoru (1971–1986), Azərbaycan Ədəbiyyat Fondunun sədri işləmişdir (1982–1986).
AMEA Rəyasət Heyətinin üzvü və Nizami adına Ədəbiyyat İnstitutunun direktoru olmuşdur (2003–2012). "Çoxmillətli sovet ədəbiyyatı tarixi"nin, ikicildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi"nin müəlliflərindən və redaktorlarından biri, çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin baş redaktorudur. 1987-ci ildən "Azərbaycan MEA Xəbərləri (Ədəbiyyat, dil və incəsənət seriyası)" jurnalının baş redaktoru olmuşdur. Ali məktəblərdə mühazirələr oxumuşdur. Təfəkkür Universitetində filologiya kafedrasının müdiri olmuşdur (2002). 30 cildlik "Türk dünyası ədəbiyyatı" ensiklopediyasının respublika üzrə məsul əlaqələndiricisi idi.
AMEA Ədəbiyyat, Dil və İncəsənət bölməsinin rəhbəri olmuşdur (1987–2001). AMEA partiya komitəsinin katibi (1978–1979), Azərbaycan KP Bakı şəhər komitəsinin plenum üzvü, 26 Bakı komissarı rayon komitəsinin büro üzvü seçilmişdir (1978–1981). Yazıçılar İttifaqı nəzdində tənqid və ədəbiyyatşünaslıq şurasının (1965–1985), SSRİ EA nəzdində humanitar elmlərə dair tədqiqatları əlaqələndirmə Şurasının, Azərbaycan EA Rəyasət Heyətinin üzvü, "Xəbərlər" (Ədəbiyyat, Dil və İncəsənət seriyası) jurnalının baş redaktoru, Azərbaycan Mədəniyyət fondunun sədri (1987–1990), ədəbiyyat üzrə ixtisaslaşdırılmış müdafiə şurasının sədri (1993-cü ildən), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiya heyətinin, Dövlətnəşrkomun metodiki şurasının, C. Cabbarlı adına "Azərbaycanfılm" studiyasının bədii şurasının, Azərbaycan Yazıçılar İttifaqının, "Vətən" cəmiyyəti idarə heyətinin, respublika "Bilik" cəmiyyəti plenumunun üzvü, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasının məsləhətçisi, Sovet-Pakistan Dostluq Cəmiyyəti Azərbaycan şöbəsinin sədr müavini kimi fəaliyyət göstərmişdir.
Elmi fəaliyyəti
redaktəBakıda bədii ədəbiyyatda realizm (1966), romantizm (1972) məsələlərinə, Moskvada, Kiyevdə, Tbilisidə, Alma-Atada, Düşənbədə qarşılıqlı ədəbi əlaqələr problemlərinə həsr edilmiş simpoziumlarda (1978, 1980, 1983, 1986, 1989) məruzəçi olmuşdur. Birinci Millətlərarası Azərbaycan Konqresində "Azərbaycan ədəbiyyatı tarixinin yazılması prinsipləri" (Qayseri, 1990), Azərbaycan Mühacirət Ədəbiyyatı simpoziumunda "Azərbaycan ədəbiyyatında qürbət lirikası" (Bakı, 1991), Üçüncü Uluslararası türk kültürü konqresində "Əhməd Cavadın yaradıcılığında türkçülük idealları" (Ankara, 1996), Beynəlxalq Nizami konqresində "Nizami və Gəncə" (Təbriz, 1993), Beynəlxalq Füzuli konqreslərində "Hədiqətüs-süəda"nın fikri-bədii vüsəti (Tehran, 1995), "Aşiqanə sözün bənzərsiz ustadı" (Ankara, 1996), Dördüncü Uluslararası Türk Kültürü Konqresində "Azərbaycan dilinin terminoloji lüğətləri" (Ankara, 1997) mövzularında məruzələr etmişdir. Çexiya, Slovakiya, Yuqoslaviya, Yunanıstan, Danimarka, İran, İraq, Səudiyyə Ərəbistanı, ABŞ, Çin və Yaponiyada beynəlxalq ədəbi-elmi və siyasi məclislərdə məruzə ilə çıxış etmişdir.
50 kitabı,700-ə yaxın məqalə və resenziyası cari ədəbi prosesin, klassik irsin, ədəbi tənqidin, poeziyada sənətkarlıq məsələlərinin, qarşılıqlı ədəbi əlaqələrin, bədii tərcümələrin tədqiqinə həsr edilmişdir. "Firidun bəy Köçərli" (1963) kitabı böyük ədəbiyyat tarixçimiz və tənqidçimiz haqqında ilk monoqrafiyasıdır. Azərbaycan bədii fikrinin İkinci dünya müharibəsi ilə ilgili zəngin qaynaqları ilk dəfə "Böyük Vətən Müharibəsi və Azərbaycan ədəbiyyatı" (1977) kitabında sistemə salınıb geniş təhlil edilmişdir. Qarşılıqlı ədəbi əlaqələr, bədii yaradıcılığın spesifik xüsusiyyətləri, ədəbiyyatda xəlqilik, poeziyada fərdi üslub məsələləri bir alim və tənqidçi kimi "Tənqid və ədəbi proses", "Roman və müasir qəhrəman", "Özümüzdən başlayaq", "Çətin yollarda", "Xəzan vurmasın" və s. kitablarında ardıcıl surətdə qoyulub araşdırılan, klassik irsin və canlı ədəbi prosesin zəngin faktları əsasında ümumiləşdirilən problemlərdəndir.[3]
Akademik Bəkir Nəbiyevin çoxyönlü səmərəli fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmişdir. Hələ uzaq 1957-ci ildə 27 yaşlı gənc ikən Moskva şəhərində Gənclərin və Tələbələrin VI Ümumdünya festivalında uğurlu iştirakına görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə dövlət təltifləri "hesabını açan" Bəkir Nəbiyev, sonrakı illərdə Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı (1974), "Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı" monoqrafiyasına görə Azərbaycan SSR Dövlət Mükafatı (1978), ədəbiyyat sahəsindəki xidmətlərinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı (1981), "Xalqlar dostluğu" ordeni (1986), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə əməkdar elm xadimi fəxri adı (1990), ümummilli lider Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeni (2000), Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə "İstiqlal" ordeni (2005) və nəhayət, "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" (kollektiv) əsərinə görə Azərbaycan Respublikasının Dövlət Mükafatı (2010) ilə təltif edilmişdir.[1]
Rəhbərliyi altında 25 gənc ədəbiyyatşünas doktorluq və namizədlik dissertasiyaları hazırlamış, müvəffəqiyyətlə müdafiə etmişdir.
1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1960-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
15 mart 2012-ci ildə Bəkir Nəbiyev Bakı şəhərində vəfat edib.[5]
Mükafatları
redaktə- "Qızıl qələm" mükafatı — 1972
- Azərbaycan SSR Dövlət mükafatı — 1978[6]
- Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı — 16.01.1981[7]
- "Xalqlar Dostluğu" ordeni — 1986
- "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1990
- "Hacı Zeynalabdin Tağıyev" mükafatı — 1993
- "Məmməd Araz" mükafatı — 1994
- "Ustad" Ali mükafatı — 1997
- Beynəlxalq TİKA mükafatı — 2000
- "Şöhrət" ordeni — 17 avqust 2000
- "İstiqlal" ordeni — 14 dekabr 2005
- Azərbaycan Respublikasının Dövlət Mükafatı (Ədəbiyyat sahəsi üzrə) — 26 may 2010
- Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu — 2010[8]
Bəkir Nəbiyev haqqında olan fikirlər
redaktəTürk və İslam dünyasının və Azərbaycanın tanınmış elm xadimi, Azərbaycanın ən təcrübəli ədəbiyyatsünaş-alimlərindən biri olan Bəkir Nəbiyev barədə Azərbaycanın tanınmış alim və mütəfəkkirlərinin dedikləri fikirlər çox maraqlıdır. Həmin fikirlərin bir neçəsi aşağıdakı kimidir:
- "Bəkir Nəbiyev müasir ədəbi prosesi diqqətlə izləyən bir tənqidçi kimi tanınır. Təsadüfi deyil ki, onun əsərində müasir roman və müsbət qəhrəman, nəsrimizdə konflikt və xarakterin ifadə tərzi, psixoloji təhlil kimi yaradıcılıq problemlərinə dair mülahizələrində yorulmaz bir tədqiqatçının əməyi ilə yanaşı, fəal bir tənqidçinin təfəkkürü də özünü göstərir." — Mir Cəlal Paşayev, filologiya elmləri doktoru, professor
- "B. Nəbiyev hələ tələbə ikən mənim nəzərimi cəlb etmiş, yaxın gələcəkdə belə bir əsər yaza biləcəyi xüsusda təsəvvür doğurmuşdu…Mənim rəhbərliyim altında hazırlanmış 20-dək aspirant arasında B. Nəbiyev ən istedadlılarından biri sayıla bilər." — Cəfər Xəndan Hacıyev, filologiya elmləri doktoru, professor
- "Bəkir Nəbiyev Universitetdə mənim tələbəm olmuşdur… О, bütün ömrü boyu zərgər dəqiqliyi ilə gözlərinin qarşısında cərəyan edib yüksələn ədəbi prosesi izləmiş, onun keçdiyi yolları dəyərləndirmiş, yönünü müəyyənləşdirmişdir.
Bu, çox çətin məsələdir. Ona görə ki, klassiklərimizi tədqiq edən alim tamama yetmiş və müəyyənləşmiş prosesi izləyirsə, bugünkü ədəbiyyatı öyrənən alim hara gedib çıxacagı məlum olmayan, tamamlanmamış, hələ yolda olan ədəbi prosesi tədqiq edir və yaxşısını-pisini göstərməklə ona yön verməyə çalışır. Olanı göstərmək, tədqiq etmək bu mənada asandır, hələ yolda olan yolçunun mənzil başına qədər hansı cığırlardan keçib ana yola çıxmasına kömək etmək kimi çətin iş isə tənqidçi alimin boynuna düşür. B. Nəbiyev məhz belə çətin bir işlə uğurla məşğul olur.
Mənim əsərlərim haqqında çox yazılmışdır. Əlbəttə, bir yaradıcı kimi bu yazılarda məni qane edənlər də olmuşdur, etməyənlər də. Bəzən haqlı, bəzən haqsız tənqid şillələri də yemişəm. Mənim şeir və məqalə kitablarım haqqında Bəkirin də bir neçə məqaləsi var. Mən onun "Zirvəyə gedən yolda" adlı məqaləsindən bir məqamın üstündə dayanmaq istəyirəm. Bəkir Nəbiyev həmin məqaləsində ənənə və novatorluq istilahlarının adını çəkmədən bu iki qütbün mənim yaradıcılığımdakı təzahürünü müasir poeziyamızın müstəvisində böyük, analitik təhlillə izah etmişdir. Bu məqalə yaradıcılığımın müəyyən dövrünə işıq salıb ondan sonra keçəcəyim yollara yön verdi.
Bəkir heç vaxt elədiklərini gözə soxmaz, yalnız eləmək istədiklərindən danışar, ona görə də mən bu gün eləmək istədiyi işlər üçün ona uğur diləyir, elədiklərinə görə "sağ ol" deyirəm." — Bəxtiyar Vahabzadə, Хalq şairi, akademik
- "…Filologiya elmləri doktoru, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı Bəkir Nəbiyev haqlı olaraq ədəbiyyatşünaslıq sahəsində görkəmli mütəxəssis və tənqidçi kimi tanınır. О, 200-dən artıq nəşr olunmuş əsərin müəllifidir. Görkəmli ədəbiyyatşünas-alim və peşəkar tənqidçi F. Köçərlinin çoxsahəli fəaliyyətinin elmi əhəmiyyətini açıb göstərən ilk və bu günə qədər yeganə kitabı Bəkir Nəbiyev yazmışdır.
B. Nəbiyevin əsərləri…müharibə dövrünün Azərbaycan ədəbiyyatının monumental mənzərəsini yaratdığı, qələbədən sonrakı ədəbiyyatda, hərbi-vətənpərvərlik mövzusunda yazılmış əsərləri sistemə salıb əsas istiqamətlərini müəyyən etdiyi üçün həm mütəxəssislərin, həm də geniş oxucu auditoriyasının rəğbətini qazanmışdır." — Həmid Araslı, akademik[3]
- "Sizin müdrik, sərrast, ehtiraslı, ağıllı məqalələrinizi, kitablarınızı oxuyanda, sizin ümumən yaradıcılığınız, eləcə də özünüz barədə düşünəndə gözümün qabağına öz dünyası, öz obyektiv aləmi, öz ardıcıl fikri olan bir tənqidçimiz gəlir. Elə bir tənqidçimiz ki, onun ən böyük amalı, ən əsas keyfiyyəti, ən başlıca gözəlliyi obyektivlikdir. Mən Sizin yazılarınızda olan inandırıcılığı çox xoşlayıram. Ümumiyyətlə, sənət insanı öz dediyinə inandırmalıdır… Şeir də, hekayə də, roman da, pyes də о vaxt maraqla oxunur ki, orada yazılana inanırsan. Tənqid isə bu işdə xüsusilə fərqlənməlidir. Hərçənd ki, yazıçıların çoxu hətta ən haqlı tənqidlərə belə inanmırlar. Bu, elə-belə, yarızarafatdır, lakin Bəkir müəllim, Sizin yazılarınıza mən inanıram… Buna görə də Sizi oxuyuram, bəyənirəm, təqdir edirəm. Bir də, Bəkir müəllim, Sizin yazı maneranızın, tənqid dilinizin səmimiyyəti, rəngarəngliyi, sərbəstliyi, daha dəqiq desək, şirinliyi xoşuma gəlir. Hərçənd ki, tənqid ilə şirinlik sözləri daban-dabana zidd olan məfhumlardır, lakin Sizdə həqiqətən bu vəhdət, bu birlik var…
Bəkir müəllim, Siz həm də xalqımızın ləyaqətli, mədəni, müasir düşünən bir övladısınız. Siz, mən buna tam inanır və əmin oluram ki, harda olursunuzsa-olun, hansı şəraitə düşürsünüzsə-düşün, Azərbaycan xalqımızı, onun adını ucalda bilərsiniz. Bir də ki, Sizin ən əsas keyfiyyətiniz yaxşı insan olmağınızdır. Mənə elə gəlir ki, Sizin tənqidçiliyiniz də, alimliyiniz də, vətəndaşlığınız da, yoldaşlığınız da məhz insanlığınızdan bəhrələnir, su içir… Buna görə Sizi təkcə mən yох, yüzlər, minlər sevir, qiymətləndirir, ehtiram bəsləyir." — Cabir Novruz, Xalq şairi
Xatirəsi
redaktəAzərbaycanın görkəmli ədəbiyyatşünası, akademik Bəkir Əhməd oğlu Nəbiyevin xatirəsini əbədiləşdirmək məqsədilə 4 aprel 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdır[9]:
Ağdaş şəhərində küçələrdən birinə Bəkir Nəbiyevin adı veilmişdir. Ağdaş şəhərində ümumi təhsil müəssisəsi Bəkir Nəbiyevin adını daşıyır.
Əsərləri
redaktə- Görkəmli tənqidçi və ədəbiyyatşünas: (F. Köçərlinin həyat və yaradıcılığı). 1963.
- Müasirlik və sənətkarlıq uğrunda: (ədəbi-tənqidi məqalələr). 1966
- Ədəbiyyat və incəsənət 50 ildə. 1970
- Süngüyə çevrilmiş qələm: (Azərbaycan sovet ədəbiyyatı Böyük Vətən müharibəsi illərində): (elmi-kütləvi oçerk). 1970
- Ədəbi düşüncələr. 1971
- Ədəbiyyat: 5-ci siniflər üçün oxu kitabı /Bəkir Nəbiyev, Ağadadaş Babayev.- Bakı: Maarif, 1972.
- Tənqid və ədəbi proses. 1976
- Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı.1977
- Təzə izlər sorağında: (məqalələr). 1979
- Kamalın təntənəsi (Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı). 1981
- Müasirlərimiz bədii ədəbiyyatda: (Azərbaycan yazıçılarının 1970–1980-ci illərdə çap olunmuş əsərləri əsasında). 1983
- Ədəbiyyat. 6-cı siniflər üçün dərslik. 1984
- Firidun bəy Köçərli: (mənalı ömürdən səhifələr): ("Azərbaycanın görkəmli adamları" seriyasından). 1984
- Söz ürəkdən gələndə: (Ədəbi tənqidi məqalələr).1984
- Roman və müasir qəhrəman.1987
- Özümüzdən başlayaq: (Yenidənqurma və Azərbaycanda ədəbi prosesin bəzi məsələləri). 1990
- Əhməd Cavad: ("Sındırılan qələmlər" silsiləsindən).1993
- Ölümsüzlüyün sirri: (Ədəbiyyat tarixinə və çağdaş ədəbi prosesə dair məqalələr). 1994
- Didərgin şair : (Almaz İldırımın yaradıcılıq yolu).1995
- Ədəbiyyat: XI siniflər üçün dərslik. 1996
- Ədəbiyyat: Ümumtəhsil məktəblərinin XI sinfi üçün dərslik.1997
- Şəhriyar kəlamının vüsəti. 1998
- Amerika görüşləri. 1999
- Ədəbiyyat: (XI siniflər üçün dərslik): Təkmilləşdirilmiş üçüncü nəşr. 1999
- Xalq mənəviyyatının güzgüsü: "Kitabi-Dədə Qorqud". 1999
- Çətin yollarda: (Ədəbiyyatımıza dair araşdırmalar). 2000
- Ədəbiyyat. XI sinif ümumtəhsil məktəbləri üçün dərs vəsaiti. 2000
- Ədəbiyyat. XI siniflər üçün dərslik: Yenidən işlənmiş, təkmilləşdirilmiş dördüncü nəşri. 2001
- İstiqlal şairi: (X. R. Ulutürkün həyatı, mübarizəsi və yaradıcılıq irsi). 2001
- Azərbaycan ədəbiyyatı: müxtəsər oçerk: (xaricdə yaşayan azərbaycanlılar üçün). 2003
- Ədəbiyyat: XI siniflər üçün dərslik: Beşinci nəşr. 2003
- Əhməd Cavad. 2004
- Didərgin şair: (Almas İldırımın yaradıcılıq yolu). 2005
- Nizami adına Ədəbiyyat İnstitutu: Əlvan buklet: Azərbaycan, rus, ingilis və ərəb dillərində. 2005
- Xəzan vurmasın: (toplu): [məqalə, məruzə, rəy və xatirələr]. 2006
- El ağsaqqalı, elm fədaisi İmamverdi Əbilov. 2007
- Heydər Əliyev haqqında etüdlər: Ümummilli liderimizin əziz xatirəsinə həsr olunur. 2007
- Hərənin öz yolu var…: Məqalə, məruzə, rəy və xatirələr. 2008
- Nəsimi kəlamının işığında: (Azərbaycan elm və mədəniyyət xadimlərinin Suriya səfərindən notlar): Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 640 illiyi münasibətilə . 2009
- Seçilmiş əsərləri: 5 cilddə. 2009
- Seçilmiş əsərləri: 5 cilddə 2009.- II cild: Kamalın təntənəsi.
- Seçilmiş əsərləri: 5 cilddə. 2009.- III cild: İstiqlal şairi
- Seçilmiş əsərləri: 5 cilddə. 2009.- IV cild: Sahilsiz dəniz .
- Seçilmiş əsərləri: 5 cilddə. 2009.- V cild: Çətin yollarda .
- Elmlə şeir qovuşanda: (məqalələr, rəylər, nitqlər, xatirə yarpaqları). 2011
- Əhməd Cavad: Əhməd Cavadın 120 illik yubileyi münasibətilə. 2012
- Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri: (elmi-kütləvi oçerklər). 2012
- Üzeyir Hacıbəylinin ömürnaməsi: (fraqmentlər). 2012
türk dilində
- Didergin şair: (Almas Yıldırımın yaratıcılık yolu). 1999
- Halk maneviyyatının aynası. 1999
fars dilində
- Ayineye mənəviyyate xəlq. 1999
rus dilində
- Жизнь и творчество Ф.Кочарлинского: (Автореферат кандидатской диссертации). 1960
- Азербайджанская советская литература периода Великой Отечественной войны. 1965
- Великая Отечественная война и азербайджанская литература: (Автореферат докторской диссертации). 1970
- Литература и искусство за 50 лет. 1970
- Сокровище этических и эстетических ценностей.1999
- Азербайджанская литература: краткий очерк: (для азербайджанской диаспоры). 2005
ingilis dilində
- The mirror of National morality. 1999
Tərtib etdiyi kitablar
redaktə- Köçərli Firidun bəy. Balalara hədiyyə: (şifahi xalq ədəbiyyatı nümunələrindən ibarət məcmuə) Ərəb əlifbasından kiril əlifbasına transliterasiya edən və tərtibçi B. Nəbiyev.1967
- Alov saçan sətirlər: (Azərbaycan şair və nasirlərinin Böyük Vətən müharibəsinə dair əsərlərindən seçmələr). 1975
- Nizami adına Dövlət Azərbaycan Ədəbiyyatı Muzeyi: bələdçi. 1975
- Nizami adına Ədəbiyyat Muzeyi: (qısa bələdçi). 1986
- Zamanın sözü: (Azərbaycan yazıçıları Lenin, partiya və Oktyabr inqilabı haqqında). 1987
- Vahid, Ə. Qəzəllər /Əliağa Vahid; tərt.ed. və ön sözün müəl. 2004
rus dilində
- Насими Имадеддин: (сборник статей о великом поэте). 1973.
- Музей азербайджанской литературы имени Низами: (Путеводитель). 1975
- Музей азербайджанской литературы имени Низами: (Путеводитель). 1986
ingilis dilində
- Nizami State Museum_of Azerbaijan Literature: Guide-Bооk.1975
- Nizami Ganjevi Museum_of Azerbaijan Literature.1986
Filmoqrafiya
redaktə- Söz əsrlərlə yaşayır (film, 1979)
- Şeirin xəzrisi (film, 2000)
- Üç zirvənin fatehi (film, 2008)
İstinadlar
redaktə- ↑ 1 2 Teymur Kərimli. "Ədəbiyyatşünaslığa sanballı töhfə verən alim" (az.). Archived from the original on 2021-03-08. İstifadə tarixi: 2020-08-30.
- ↑ "Bəkir Əhməd oğlu Nəbiyev" (az.). 2012-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-30.
- ↑ 1 2 3 4 5 AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI/NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTU/Mərkəzi Elmi Kitabxana. VƏTƏNDAŞ ALİM ZİYALI. Bakı: Elm. 2015. ISBN 978 – 9952 – 437 – 31 – 7.
- ↑ Rufik İSMAYILOV. "525-ci qəzet.- 2010.- 12 noyabr" (az.). 2021-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-30.
- ↑ Akademik Bəkir Nəbiyev vəfat edib [ölü keçid]
- ↑ Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1978-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1978-ci il tarixli Qərarı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ B. Ə. Nəbiyev yoldaşın Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 16 yanvar 1981-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ Mediaforum.az saytı. BƏKİR NƏBİYEV TƏLTİF OLUNDU [ölü keçid]
- ↑ "B.Ə.Nəbiyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2013-cü il tarixli Sərəncamı". 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-08.