Bedii Metod - Wikipedia
Bədii metod — yaradıcılıq metodu. Ədəbiyyat və incəsənətdə gerçəkliyin ideya-estetik inikasının, tipikləşdirilməsinin əsas prinsiplərinin məcmusu. Bədii metod anlayışının estetik kateqoriya səviyyəsində təsbiti antik dövrdən məlumdur. Aristotel poeziyanı təqlid sənəti kimi səciyyələndirərək, təbiəti təqlidin müxtəlif imkanlarından danışarkən, əslində bədii təsvirin müxtəlif metodlarını nəzərdə tuturdu. Sənətkarlar bir-birinə təkcə əsərlərinin ideya istiqaməti və ruhu ilə deyil, həm də gerçəkliyi estetik təcəssümünün ümumi mahiyyətli xüsusiyyətləri və prinsipləri ilə də yaxın olurlar. Belə yaxınlıq ədəbiyyat və incəsənətdə bədii metod və ya yaradıcılıq metodu kateqoriyasını yaratmışdır. Bədii metod müəyyən sənətkarlara məxsus və bilavasitə onların yaradıcılığında əsas götürülən ideya-estetik prinsiplərin ümumiliyi və ardıcıl surətdə həyata keçirilən, tətbiq edilən inikas üsuludur.
Bədii metod hər bir dövrün bədii yaradıcılığında gerçəkliyin müəyyən ideya-estetik, ictimai ideal movqelərindən obrazlı-emosional təcəsümü nəticəsində formalaşır. Sənətkarlar hər hansı bədii metoda, onu hazır şəkildə mənimsəməklə və ya modelini öyrənməklə yox, konkret həyat materialını, gerçəkliyin sosial-ictimai, mənəvi, fəlsəfi, etik, psixoloji, siyasi görüşlərini, tərbiyəsini öyrənmək, tədqiq, təhlil etmək və bunları müəyyən dünyagörüşü işığında, həyatın konkret ideya-estetik tələblərinə uyğun şəkildə yaradıcılıqlarında təcəssüm etdirməklə nail olurlar. Bədii metod sənətkarın yaradıcılığının yekunu, xülasəsi kimi başa düşülməlidir. Burada müəllifin obrazlı düşüncə qabiliyyəti, eləcə də əsərlərinin bədii formasında, özünəməxsusluğunda ifadə olunan yaradıcı təfəkkürü həlledici rol oynayır.
Bədii metod dinamik prosesdir; o, tarixən şərtlənərək yazıçının, sənətkarın fasiləsiz yaradıcılıq axtarışları, bədii kəşfləri vasitəsilə təkmilləşir, yenidən formalaşır, inkişaf edir. Eyni sosial gerçəklik şəraitində müxtəlif bədii metodlar yanaşı mövcud ola bilər. Məsələn, XX əsrin əvvəllərində Azərbaycan ədəbi prosesində realizmlə yanaşı, romantizm də geniş yayılmışdı.
Ədəbiyyat
redaktə- Salmanov Ş. Müasirlik mövqeyindən. Bakı. 1982.
- Mir Cəlal. Azərbaycanda ədəbi məktəblər. Bakı. 2004.