Boyuk Simfonik Orkestr Ucun Uvertura Soltan Hacibeyov - Wikipedia
Böyük simfonik orkestr üçün uvertüra və ya "Bayram" uvertürası — bəstəkar Soltan Hacıbəyov tərəfindən 1956-cı ildə simfonik orkestr üçün yazılmış uvertüra əsəri.
Böyük simfonik orkestr üçün uvertüra | |
---|---|
| |
Bəstəkar | Soltan Hacıbəyov[2] |
Tonallıq | sonata allegro[3] |
Forma | uvertüra |
Yazılma tarixi | 1956 |
Premyera |
|
Milli simfonik uvertüra nümunələri arasında bəstəkər Soltan Hacıbəyovun böyük simfonik orkestr üçün yazdığı uvertürasında xüsusi seçilir. Bu uvertüra musiqinin sevincli koloriti ilə, inkişaf prosesinin ümumi dinamik məqsədyönlülüyü ilə, forma yığcamlığı və orkestrovkası ilə seçilir.
Uvertüra əsərinin tematizminin parlaqlığı, inkişafın ümumi obrazlı-məna istiqaməti əsərdə proqramlılıq keyfiyyətlərini aşkar edir. Uvertürada bütün ideyanın ümumiləşdirilməsi ayrı-ayrı obrazların konkretliyi ilə uzlaşır.
İdeyanın ümumiləşdirilməsi əsərin əsas mövzusunun – vətənin məhd edilməsinin geniş təcəssümü vasitəsilə həyata keçirilir. Konkret obrazlılıq, xalq-məişət musiqisinin müxtəlif janrlarının ifadə vasitəsilə üzə çıxır.Bəstəkarın proqram fikri simfonik uvertüra janrı üçün ənənəvi olan sonata allegro formasındadır. Uvertüra iki mövzunun obrazlı kontrastı üzərində qurulur. Eyni zamanda, şən oyun havası ilə lirik mahnıvariliyin qarşılaşdırılmasından ibarətdir. Obrazlı təzadlığın dəqiq rakursu uvertüranı bu janrın milli musiqidəki bir sıra digər nümunələrindən fərqləndirən keyfiyyətdir.
Uvertüranın əsas mövzusu Azərbaycan rəqsinə və marş mövzusuna xas olan xarakterik əlamətləri özündə birləşdirir. Rəqs əlamətləri burada aydın şəkildə verilmir. Uvertüra əsərinin polifonik yazı tərzində xalq musiqi sənətindən gələn daha sabit prinsiplərdən istifadə olunur. Ekspozisiyada köməkçi mövzunun zəngin inkişaf prosesində polifoniya xüsusilə böyük rol oynayır.
Uvertüra ilk dəfə 1956-cı ildə Bakıda — Azərbaycan bəstəkarlarının birinci qurultayında dirijor Niyazinin rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestrində səsləndirilmişdi.
Tarixi
redaktəSimfonik uvertüra janrı Azərbaycan musiqisində 1940-cı illərin əvvəllərində yaranmışdır. Yaradıcılığın müstəqil növü kimi milli uvertüranın təşəkkülündə, Avropa və rus konsert uvertüralarının ənənələri mühüm rol oynamışdır. Xüsusilə rus simfonik musiqisində gözəl bədii ənənələrin mənbəyi sayılan Mixail Qlinka, Nikolay Rimski-Korsakov, Mili Balakirev, Pyotr İliç Çaykovskinin uvertüraları, XX əsrdə klassik rus musiqisinin prinsiplərini yeni tərzdə canlandıran Sergey Prokofyevin "Rus uvertürası", Dmitri Şostakoviçin "Bayram uvertürası" kimi əsərlər Azərbaycan bəstəkarlarının yaradıcılığında uvertüra janrının formalaşmasında böyük rol oynamışdır.[4]
Azərbaycanda bu janrın inkişafında Azərbaycan milli musiqisinin klassiki Üzeyir Hacıbəyovun "Koroğlu" operasının uvertürası böyük rol oynamışdır. Bu uvertüra yalnız operanın ideyasının üzvi ümumiləşməsi kimi deyil, həm də sərbəst forma kimi böyük əhəmiyyətə malikdir.[5]
Bəstəkarın həyat və yaradıcılığını ətraflı şəkildə araşdıran Aida Tağızadə qeyd edir ki, "Üzeyir Hacıbəyov tərəfindən "Koroğlu" operasına qədər yazılmış opera uvertüralarında operanın ideyasını assosiativ ifadə edən materialın konkretləşdirilməsi cəhdləri olmuşdu. Lakin musiqinin ideya-bədii mükəmməliyindən danışarkən, bunu yalnız "Koroğlu" operasının uvertürası ilə söyləmək olar."[4]
Böyük Vətən Müharibəsi illərində Azərbaycan bəstəkarlarının uvertüralarında qəhrəmanlıq-vətənpərvərlik tematikası üstünlük təşkil edirdi.[5] Vətən mövzusu, vətən uğrunda mübarizə və qələbə Vissarion Şebalinin müharibənin ilk aylarında yazdığı "Rus uvertürası" əsərində də tərənnüm olunub. Müharibə və qələbə naminə xalqların beynəlmiləl birlik olması mövzusu Reynhold Qliyerin "Xalqlar dostluğu" uvertürasında da əks olunub.[6] Hərbi-vətənpərvərlik mövzusu Azərbaycan bəstəkarlarından Niyazinin 1941-ci ildə yaratdığı "Döyüşdə", Süleyman Ələsgərovun 1945-ci ildə yaratdığı "Bayram uvertürası", Midhət Əhmədovun 1945-ci ildə yaratdığı "Qəhrəmanlıq uvertürası" və s. simfonik əsərlərdə əks olunub.[5]
XX əsrin 50-ci və sonrakı illərində milli uvertüra janrı yeni mövzularla zənginləşir: dinc həyatın sevinci, qəhrəmanlıq pafosu İ. Quliyevin, Nazim Əliverdibəyovun 1951-ci ildə yaratdıqları uvertüralarda əks olunur. Oqtay Zülfüqarovun "Şənlən xalqım" uvertürası bu janrın parlaq nümunəsi sayılır.[7]
Milli simfonik uvertüra nümunələri arasında bəstəkər Soltan Hacıbəyovun böyük simfonik orkestr üçün yazdığı uvertürasında xüsusi seçilir. Bu uvertüra musiqinin sevincli koloriti ilə, inkişaf prosesinin ümumi dinamik məqsədyönlülüyü ilə, forma yığcamlığı və orkestrovkası ilə seçilir. Musiqişünas Zemfira Səfərova bildirir ki, "Soltan Hacıbəyovun böyük simfonik orkestr üçün yazdığı uvertürasında klassikanın ən gözəl ənənələri öz təzahürünü tapır."[8]
Soltan Hacıbəyovun uvertüra əsərində bu janrın nümunələrinə xas müsbət keyfiyyətlər öz əksini tapmışdır — obrazların ziddiyəti və xarakterliyi, ifadənin lakonikliyi, hadisələrin nisbətən surətlə əvəzlənməsi, inkişafın aydın məntiqliyi, musiqinin parlaqlığı onu Dmitri Şostakoviçin "Bayram" uvertürası ilə yaxınlaşdırır. "Koroğlu" operasının uvertürasının təsiri də burada hiss edilir. Bununla yanaşı, Soltan Hacıbəyovun uvertürasında hadisələrin təkrarlanması məntiqi yoxdur. Milli musiqinin, eləcə də rus klassikinin və Avropa musiqisinin ən yaxşı ənənələri müəllif tərəfdən fərqli nöqteyi-nəzərdən işlənmişdir.[6]
Uvertüra əsərinin tematizminin parlaqlığı, inkişafın ümumi obrazlı-məna istiqaməti əsərdə proqramlılıq keyfiyyətlərini aşkar edir.[3] A. Tağızadə yazır ki, "Musiqi xalqa, onun qüdrətinə, yaradıcı qüvvəsinə həsr olunmuş bir himn kimi qəbul edilir."[9] Uvertürada bütün ideyanın ümumiləşdirilməsi ayrı-ayrı obrazların konkretliyi ilə uzlaşır. İdeyanın ümumiləşdirilməsi əsərin əsas mövzusunun — vətənin məhd edilməsinin geniş təcəssümü vasitəsilə həyata keçirilir. Konkret obrazlılıq, xalq-məişət musiqisinin müxtəlif janrlarının ifadə vasitəsilə üzə çıxır.[9]
Musiqilər
redaktəƏsas mövzu və bölmələr
redaktəBəstəkarın proqram fikri simfonik uvertüra janrı üçün ənənəvi olan sonata allegro formasındadır. Uvertüra iki mövzunun obrazlı kontrastı üzərində qurulur. Eyni zamanda, şən oyun havası ilə[a] lirik mahnıvariliyin[b] qarşılaşdırılmasından ibarətdir. Obrazlı təzadlığın dəqiq rakursu uvertüranı bu janrın milli musiqidəki bir sıra digər nümunələrindən fərqləndirən keyfiyyətdir.[9]
Uvertüranın musiqi dramaturgiyası əsərin əsas ideyasının mümkün olan ən parlaq formada, mükəmməl şəkildə açılmasına və təsdiqinə istiqamətlənib.[8] Ekspozisiya zahirən müxtəlif, xarakter baxımından yaxın olan obrazlar sferası kimi təqdim olunur. Ekspoziya geniş həcmlidir. Lakin o, əsas musiqisi obrazlarının xüsusilə qabarıq olması və intensiv inkişafı ilə diqqəti cəlb edir. Ekspozisiyanın materialı əsasında qurulan işlənmə bölməsi köməkçi mövzuya əsaslanır və inkişaf prosesinin kifayət qədər fəallaşması ilə fərqlənir. Sıxılmış natamam repriza bütün diqqəti əsas mövzuya istiqamətləndirir. Əsas mövzunu koda yekunlaşdırır. O, həyat sevər qüvvələri mədh edərək təsdiqləyir.[9]
Soltan Hacıbəyovun Uvertüra əsərində sonata allegro formasının masştabı dəqiq düşünülmüş detalları ilə seçilir və kifayət qədər lakonikdir. Əsər bütövlüklə bir nəfəsə açıqlanır və kulminasiyaların məqsədli şəkildə paylanmasını nəzərdə tutan vahid kompozisiya əsəri kimi qəbul edilir.[10] Əsas mövzu ekspozisiyanı hansısa bir hazırlıqla açmır. Bu şəraitdə ekspozisiya bir növ kulminasiyanın mənbəyinə çevrilir. Köməkçi mövzunun inkişafında kulminasiya işlənmə bölməsinin əvvəlinə təsadüf edir — onun gərgin qəbul olunan intensiv inkişafı nəticəsində kulminasiya reprizanın başlanğıcına təsadüf edir. Əsas mövzunun işlənmə bölməsindəki geniş inkişafından sonra mövzunun reprizada keçirilməsi musiqinin inkişafının yüksək nöqtəsidir. Daha sonra əsas mövzunun kodada sıxlaşdırılması, yığılması prosesi baş verir.[11]
Uvertüranın əsas mövzusu əsərin atmosferini müəyyən edir. Onun sevincli zəngin koloriti dinləyici də kütləvi bayram şənliyi təəssüratı yaradır.[8]
Bütov, birnəfəsə səslənən əsas mövzu struktur baxımından üçhissəlidir. Mövzu orta hissədə bir neçə kiçik bölməyə ayrılır.[12]
Mövzunun intonasiya əsasını üç səsdən ibarət motiv təşkil edir. Tez surətli motiv, tonika üzərindəki vurğulardan güc toplayaraq, onaltılıqların fasiləsiz hərəkəti ilə açıqlanır.[13]
Üçsəsli motiv sonrakı hərəkətə təkan verən əsas impulsdur. O, əsərin əsas konstruktiv fikrini cəmləməyi bacarır. Daha sonra musiqinin motorikası musiqiyə əlavə yarımxanənin də daxil edilməsi ilə gücləndirilir. Orkestrovka da buna öz təsirini göstərir. Aparıcı tematik funskiyanı burada skripkalar və ağac nəfəsli alətlər yerinə yetirir. Bas simlilər — violonçel və kontrabaslar fəal addımlarla mövzunu şərait edir. Mis alətlər qrupu harmonik funksiyanı daşıyır.[13]
Əsas mövzunun orta hissəsindəki birinci bölmənin tematik materialı qismində mövzunun böyük sekunda yuxarı köçürülmüş başlanğıc parçası çıxış edir.[12]
Qısa stakkatolar, melodiyanın tərkib hissəsinə daxil olan və müşayiətdəki sekundaların[c] dəqiq ritmik şəkli musiqiyə skertso elementləri aşılayır.[13] Z. Səfərova qeyd edir ki, "Bu bölmə bütövlüklə əsas mövzunun obrazının əsasını təşkil edən oyun başlanğıcını gücləndirən tematik variant kimi qəbul edilir."[12]
Əsas mövzunun orta hissəsindəki ikinci bölmədə əvvəlki materialın inkişafı davam edir. Alətləşdirmə daha çox kamera xarakteri kəsb edir — alətlərin sayı minimuma qədər azaldılır. Simlilərdə ifa olunan melodiyaya xas olan skertso xarakteri fleytaya yüksək səsli tersiyaları passajları ilə güclənir.[14] Melodik xəttin sekvensiyaya bənzər inkişafı əsas mövzunun orta hissəsindəki sonuncu bölməyə gətirib çıxarır ki, bu da əsas mövzunun başlanğıcındakı təkanverici intonasiyaya əsaslanır. Bu intonasiyanın təkrarından sonra repriza səslənir.[12]
Musiqi inadlı, məğrur, qəhrəmani xarakter kəsb edir. Təkanverici intonasiya israrla təkrarlanaraq, əsas mövzunun başlanğıc materialının reprizasına doğru, onaltılıqların cəld hərəkətində sona çatır.[15]
Təntəli bayram xarakteri dinamikanın artırılması hesabına gücləndirilir. Repriza əlamətləri artıq mövzunun orta hissəsindəki son bölmədən özünü göstərməyə başlayır. Orkestrə tədricən ağac, sonra mis nəfəsli alətləri daxil edilir. Səslənmə yüksələnərək, reprizada tutti-yə qədər çatır.[15]
Əsas mövzunun orta hissəsini təşkil edən üç kiçik bölmə mahiyyətcə eyni bir intonasiya təbəqəsinin variantlarıdır. Mövzunun açılması mərhələlərində bu melodiyanın səslənməməsi müvəqqəti müstəqil rol oynayaraq, mövzunun başlanğıc rüşeyminə aydınlıq verir.[15]
Əsas mövzunun quruluşu simmetrikliyi ilə fərqlənir. Onun orta hissəsindəki bölmələrin hər birində fərdi tematik özək ümumi hərəkət formaları ilə — enən və ya yüksələn hammavari fiqurasiyalarla əvəz olunur. Bu iki tərəfdən təminlik verir — bir tərəfdən aydın şəkildə bir bölməni digər bölmədən ayırır, digər tərəfdən musiqinin inkişafındakı fasiləsizliyi təmin edir.[12]
Uvertüranın əsas mövzusu Azərbaycan rəqsinə və marş mövzusuna xas olan xarakterik əlamətləri özündə birləşdirir. Rəqs əlamətləri burada aydın şəkildə verilmir. Musiqi onun daha tipik xüsusiyyətlərini ümumiləşdirir. Bu əsas mövzunun başlanğıcının melodik quruluşunda özündə göstərir. Təxmini onun sxematik şəkildə təsviri a a b b c c kimidir. Bu cür bəsit təkrarlanma bir sıra Azərbaycan xalq rəqsləri üçün xarakterikdir. Məsələn, "Tərəkəmə", "Darçını" kimi xalq rəqsləri buna nümunədir.[15]
Uvertüranın əsas mövzusunda bəsit təkrarlanma ilə yanaşı, iki yaxud üç motivli özəyin variantlı təkrarlanma üsulundan da istifadə olunur. Bu da müəyyən mənada "Əsgəranı", "Xalabacı" və s. xalq-rəqs melodiyalarının inkişaf prinsiplərindən irəli gəlir.[16]
Təkrarlanma və variantlılıq yalnız əsas mövzunun melodik quruluşu üçün deyil, həm də ümumilikdə əsərin musiqisinin inkişafı üçün xarakterik əlamətlərdir.[16] Əsas mövzunun orta hissəsi onun variantlı hissəsi kimi çıxış edir. Təxmini sxematik olaraq bütün əsas mövzu a, a1, a2, a3, a kimidir.[16]
Əsas mövzunun iki təqtili quruluşu, dəqiq ritmi, xanənin vurğulu hissələrindəki sərt aksentlər — bütün bunlar ona marş xarakteri verən xüsusiyyətlərdir. Xarakterik marş əlamətlərini özündə daşıyan bir sıra nümunələrə xalq musiqi praktikasında rast gəlinir. Buna, "İraq", "Hümayun", "Səmayi–Şəms", "Heyratı" kimi muğam silsilələrindən bir sıra rənglər nümunədir.[16]
Əsas mövzuda birləşdirilmiş rəqs və marş xüsusiyyətləri musiqiyə dolğunluq, tükənməz enerji, xüsusi təntənə aşılayır. Əsas mövzunun dinamik inkişafına ritmik möhkəmliyi də təsir göstərir. Bu yalnız əsas mövzunun deyil, ümumilikdə bütün əsərin mühüm emosional ifadəli komponentidir. Uvertüra əsərinin əsas mövzusunda diqqəti ilk cəlb edən — ritmin dəqiq, ciddi təşkilidir. Ritmik fiqurların dövri təkrarlanması — yalnız əsas mövzunun hər bölməsi çərçivəsində deyil, onun ümumi inkişaf prosesində xarakterik olan keyfiyyətdir. Məhz, bu musiqinin hərəkətini eyni istiqamətdə təşkil edir.[17]
Qısa ritmik fiqurların və bütöv xanələrin dövri təkrarlanmasının əsasında ritmik ostinatlıq durur. Uvertüranın musiqisinin inkişafında onun rolu böyükdür. O, bir tərəfdən musiqi materialının dinamikləşməsinə təsir göstərir, digər tərəfdən isə müəyyən qədər sabitləşmiş hərəkətin ümumi formaları boyu ideya-obrazın tamlığı, vəhdəti effektini yaradır.[18]
Əsas mövzunun lad harmonik dili də xalq musiqisi ilə sıx bağlıdır. Demək olar ki, bəstəkar bir ladın çərçivəsi ilə kifayətlənməmişdir. O, ümumi bölmələr vasitəsilə digər pərdəyə modulyasiya edərək, bir neçə ladın xarakterik əlamətlərini sintez etmişdir. Bəstəkar lad-harmoniya xüsusiyyətlərindən üzvi surətdə yararlanmışdır. Buna nümunə olaraq, əsərin əsas mövzunun əvvəli "Mahur–Hindi"[d] muğamına əsaslandığını göstərmək olar. Artıq 12 xanədən sonra bu tonikanın əsasında bayatı-şiraz ladında modulyasiya baş verir. Əsas partiyanın orta hissəsindəki skertso bölməsindən etibarən inkişaf yenidən "Mahur–Hindi" muğamına doğru istiqamətlənir. Lakin bu istiqamətlənmədə "Vilayəti" şöbəsinin lad sferasına keçid özünü aydın şəkildə büruzə verir. Daha sonra bunun "si-bemo" tonikalı rast ladı ilə əvəzlənmə prosesi başa çatır. Əsas mövzunun çərçivəsində reprizadan öncə musiqidə şur ladına keçid baş verir. Muğamların üzvi surəti onların lad səs sırasının oxşarlığı hesabına həyata keçirilir.[19]
Köməkçi mövzu və onun bölmələri
redaktəSoltan Hacıbəyovun simfonik əsərləri |
---|
Simfonik variasiyalar (1943) |
Əsas mövzudan köməkçi mövzuya keçid üzvi surətdə baş verir. Əsas mövzunun inkişafının sonuncu fazası dinamikanın gücləndirilməsi ilə xarakterizə olunur. Sonradan bu enən xromatikləşmiş gedişdə zəifləyərək, uvertüranın köməkçi mövzusuna gətirib çıxarır.[18]
Simlilərin ifasında səslənən köməkçi mövzuda təcəssüm olunan obraz isti hislərlə əhatə olunmuş, səmimi, A. Tağızadənin yazdığına görə, "qəlbdən gələn xeyirxah lirika ilə bağlıdır."[19] Mövzunun ümumi xarakteri işıqlı, elegiya çalarına malikdir. Musiqi baxımından kantilena xüsusiyyəti və deklamasiyalı-nitq ifadəliyi ilə uzlaşır.[20]
Əsas və köməkçi mövzunun arasındakı daxili fərqə baxmayaraq, bu mövzular arasında kompozisiya quruluşları ilə əlaqəli ümumilik mövcuddur. Hər iki mövzunun strukturunun əsasını musiqi dinamikasının yüksəlişi və enməsi fazalarının mütənasibliyi prinsipi təşkil edir. Z. Səfərova yazır ki, "Bu prinsip mövzulara simmetriklik xüsusiyyəti verir, formanın dəqiqliyinə təsir göstərir."[20] Köməkçi mövzunu əsas mövzu ilə metroritmik baxımdan müqayisə edərkən köməkçi mövzunun daha sərbəst olduğu diqqəti cəlb edir. Köməkçi mövzunun müşayiətində xromatik əks hərəkətli quruluşlar böyük rol oynayır. Bu, əsas mövzu üçün səciyyəvidir.[21]
Köməkçi mövzunun melodik əsası xalq mahnı mənbələri ilə birbaşa əlaqəlidir.[20] Bu, bilavasitə melodik xəttə qoşulan triollar və mövzunun əvvəlindəki ifadəli kvinta səslənməsi ilə bağlıdır. Bu cür bağlılıq "Üzündə qara xala möhtacam", "Neylərsən", "Tərlan kimi", "Bazarda alma" kimi xalq mahnılarında rast gəlinir.[22]
Uvertüranın köməkçi mövzusunun melodiyası üçün lad dəyişkənliyi — "e" tonikalı şur ladı əsasında "Bayatı–Kürd" bölməsinin istinad pərdəsi — "fis" səsi ətrafında gəzişmə xarakterikdir. Köməkçi mövzunun ikinci cümləsi "h" tonikalı şur ladına modulyasiya edir.[23]
Əsas mövzunun detallaşdırılmış ifadəsinə əks olaraq, köməkçi mövzunun nümayişi üfuqi şəkildə, böyük planda baş verir. Köməkçi mövzunun inkişafı dalğavari yolla həyata keçir. Dalğalardan hər biri əvvəlkinə nisbətən daha yüksək registrdə başlayır. Bu baxımdan köməkçi mövzunun inkişafı müəyyən dərəcədə muğamla oxşardır — muğamın hər növbəti şöbəsi əvvəlki ilə müqayisədə daha yüksək registrdə qurulur, bununla da yalnız melodiyanın diapazon sərhədləri genişlənmir, həm də formanın ümumilikdə açılmasına nail olunur. Mövzunun dalğavari inkişafında transpozisiya metodu böyük rol oynayır.[23]
Əvvəlcə "h" tonallığında ifadə olunan köməkçi mövzu daha sonra onun dominanta sahəsinə[e] transpozisiya olunur. Bu keçid zamanı mövzunun daxili mahiyyəti dəyişməz olaraq qalsa da, melodiyanın mütləq yüksəkliyi dəyişir. Onun emosional koloriti yenilənir, səslənmənin dinamikası güclənir.[22]
Köməkçi mövzunun inkişafının dolğunluğunda polifonik faktor da rol oynayır. L. Karaqiçeva və M. İsmayılov yazırlar ki, "Əgər əsas mövzu üçün homofon-harmonik quruluş xarakterikdirsə, köməkçi mövzunun melodiyasının təbiəti onun inkişafında əsas faktorlardan biri olan polifoniyanı meydana çıxarır."[24] Simlilərin ifasında köməkçi mövzunun imitasiyalı — tematik inkişafına truba və vartornaların ifasında yeni melodik xətt qoşulur. Tədricən registr və tembrlərin təbəqələşməsi polifonik materialı ağırlaşdırır. Simlilər köməkçi mövzunu səsləndirməklə davam edirlər, mis alətlərdə isə onun imitasiyalı işlənilməsi gedir. Ağac-nəfəsli alətlərin partiyası isə həmin fraqmentin harmonik fakturasına əsaslanır.[25]
Köməkçi mövzunun forması genişlənmiş modulyasiyalı perioddur. Birinci cümlə on altıncı xanədə, h-moll-un dominantasında bitir. Xanələrin sayına görə qeyri-simmetrik olan ikinci cümlə isə c-moll-un subdominanta tonallığına modulyasiya edir. Mövzunun fis-moll tonallığına transpozisiya olunması onun dinamikasını gücləndirir. Ardıcıl dalğalarla inkişafı davam etdirərək köməkçi mövzu getdikcə daha yüksək registrləri əhatə edir. O, ekspressiv xarakter alaraq, sanki yuxarıya doğru istiqamətlənir. İnkişafın kulminasiya hissəsində köməkçi mövzunun melodiyası qəflətən sərt şəkildə parçalanır.[26]
Köməkçi mövzu da xalq mahnı mənbələri ilə aşkar əlaqəyə malikdir. Onun xarakter bölümünü iradəli intonasiyaya malik kvinta gedişi və bu gedişin ara hissələrinin bəzək səsləri ilə doldurulması təşkil edir.[27]
Köməkçi mövzunun melodik karkasını əmələ gətirən həlqələrin lad əsasını şur təşkil edir və kvinta tonları üzrə h-Fis-cis və e-h-Fis qurulur. Birinci həlqədə "Şur" muğamının "Bayatı-Kürd" bölməsinin istinad pilləsi olan ladın dominantası — "fis" səsi güclü cəzbetmə mərkəzi rolunu oynayır. İkinci həlqədə "h" səsi — "e" tonikalı şur lad istinad pilləsi cəzbetmə mərkəzidir. Bu istinad pillələrindən hər biri onu əhatə edən səslərə malikdir ki, bunlar həmin səsin ətrafında onun istinad pilləsi kimi göstərilməsinə şərait yaradır. Bu da köməkçi mövzunun strukturuna xüsusi relyeflik verir.[27]
İşlənmə bölməsi və skertso motivi
redaktəİşlənmə bölməsinin ümumi məqsədi — ekspozisiya əsas musiqi obrazlarının ifadə imkanlarının maksimum şəkildə açılmasından ibarətdir. İşlənmə bölməsinin kompozisiyası əsas və köməkçi mövzuların ayrı-ayrılıqda və birgə inkişafı üzərində qurulmuş bir sıra bölmələrdən ibarətdir. Onlar yeni cəhətdən açılır, onların daxilində gizli qalmış təzadlı elementlər aşkara çıxır.[20]
İşlənmə bölməsi faqotun solo ifasında sakit, marş quruluşlu, bir qədər qroteskli səslənən mövzu ilə başlanır. Demək olar ki, onun əsasını köməkçi mövzunun çevrilmiş şəkildə verilən ilkin intonasiyası təşkil edir. İşlənmənin əvvəlində iştirak edən alətlərin sayı minimuma qədər endirilir. Faqot, fleyta tematik funskiya, simlilər isə müşayiətçi funksiya daşıyır.[28]
Faqotun mövzusunun növbəti halqası solo fleytanın ifasında təkrarlanır. Bu iki alət arasında tematik funksiyanın sonrakı növbələşməsi özünəməxsus kəskin xarakterik dialoq yaradır. Solo alətlərin tembr və registr fərqi burada böyük rol oynayır.[26]
Daha sonra əsərin inkişaf prosesinə uvertüranın əsas mövzusunun fleytaların, klarnetin ifasında səslənən və violonçellərin qısa passajları ilə müşayiət olunan skertso motivi daxil olur. Orkestrin müxtəlif registrlərində, alətlərin səsləşməsində üzə çıxan skertso mövzusu kəskin xarakter alır. Dinamikanın güclənmə dərəcəsindən asılı olaraq inkişaf prosesinə başqa alətlər də qoşulur. Bununla da, orkestr tərkibi artır. Dəfələrlə təkrarlanmalar, bir-birini əvəzləyən solo alətlərin cəldliyi ifadəyə yumor elementləri gətirir. Musiqinin yüngül, əyləncəli, oyun xarakteri işlənmə bölməsinin əvvəlindəki kobud koloriti zəiflədir.[29]
Skertso motivinin işlənmə intensivliyi ümumi hərəkət formalarının yaranmasına gətirib çıxarır. Kənar registrlər — simli və ağac nəfəsli alətlərin partiyası ritmik pulsasiya ilə zənginləşir. Orta registrdə isə mis nəfəsli alətlərdə köməkçi mövzunun ayrı ayrı intonasiya elementlərinin şəffaf polifonik toxunması özünü büruzə verir. Solo faqotun mövzusu burada mühüm əhəmiyyət kəsb edir. Onun bu prosesdə iştirakı hər dəfə yeni bölmənin əvvəli ilə əlaqələnir. Bu ona əlaqələndirici-intermedia mənası verir.[30]
Birinci bölmədə orkestr səslənməsində artan dinamika kulminasiya nöqtəsinə çatır. Yüksək registrdə ağac nəfəsli alətlər və skripkaların kəskin trelləri fonunda, dominanta "fis" səsində yenidən işlənmə bölməsinin başlanğıc mövzusu səslənir. Simlilərin alçaq tembri ilə uzlaşaraq, mis nəfəsli alətlərin gur, parlaq tembri, stakkato, dəqiq ritm ona sərt xarakter verir. İşlənmənin ikinci bölməsi köməkçi mövzunun intonasiya-tematik parçasını inkişaf etdirir.[31]
İnkişaf prosesi güclü dinamika ilə yuxarıya doğru irəliləyərək "a" pedal səsində dayanır. Bu hissənin üçüncü bölməsi başlayır. Bu bölmə əsas mövzunun skertso motivinə əsaslanır.[32] A. Tağızadə qeyd edir ki, "Bu motiv ritmik cəhətdən hamarlanır, coşğun notlar yox olur. Musiqi mərdlik xarakteri qazanır."[32]
Bas simlilərin, mis nəfəsli alətlərin və faqotun ahəngdar unisonlarına mis alətlər qrupunun və ksilofonun akkordları cavab verir. Unisonların diatonikası akkordların xromatik dolğunluğunu nəzərə çarpdırır. Orkestr partiyasının emosional gərginliyi ağac-nəfəsli və sim alətlərin aşağı registrində saxlanılan pedal səslə güclənilir və mövzunun mərdlik koloritini tündləşdirən çalar kimi səslənir. Ağır gedişlər işlənmənin yeni bölməsinə yol açır.[33]
Əvvəlcə onun ritmikliyi sabitləşir. Truba və trombonların dəqiq, qırıq, quru akkordlarının fonunda violonçellərin ifasında qəmli, ehtiraslı kantilena səslənərək diqqəti cəlb edir. Onun intonasiya əsasını həmin hissənin əvvəlindəki faqotun mövzusu təşkil edir, "ces" tonikalı "Şüştər" muğamına əsaslanır. Şüştər ladının səs sırasına dayaqlanma mövzunu müşayiət edən xarakterik harmonik komplekslərin yaranmasına gətirib çıxarır.[32]
Violonçel mövzusu şikəstə tipində ritmik muğamlarla assosiasiya yaradır. Muğam və aşıq sənəti arasındakı bu janr üçün xarakterik olan fərqləndirici əlamətlər onda da mövcuddur: improvizə olunmuş melodiya ilə[f] ritmik cəhətdən dəqiq ölçülü müşayiətin[g] uzlaşması.[32]
Daha sonra violonçel melodiyasının səslənməsinə fleyta, faqot və klarnetin ifasında əsas mövzunun qısa, kəskin ritmik motivi qarışır.[33]
İmitasiyalı səslənmələrdə meydana çıxan bu skertso motivi aparıcı mövzunun lirik təbiətinə zidd deyil. Violonçel mövzusunun kəskin akkordlu müşayiəti ilə onun təbii əlaqəsi obrazın ikiplanlılığına səbəb olur.[34] Z. Səfərova qeyd edir ki, "violonçel mövzusu əsas mövzunun atmosferini — uvertüranın aparıcı musiqi obrazını qoruyaraq, sanki axın kimi istifadə olunur."[33]
Ostinat hərəkətdə C-dur-un dominantası üzərində qurulan və bununla da onu möhkəmləndirən uzlaşmalar inadla təkrarlanırlar. Xromatik hərəkətli bas kompleksinin C-dur-un dominantası üzərində təbəqələnməsi nəticəsində yaranan sərt və kəskin harmoniyalar səslənmədəki gərginliyi son həddə çatdıraraq, general pauza ilə qeyd olunur. Bunun ardınca işıqlı, şadlıq əhvali-ruhiyyəli repriza gələrək, parlaq orkestr tuttisi ilə uvertüranın əsas mövzusunu və onun saf səslənməsi ilə ortaya çıxan C-dur tonallığını təsdiqləyir.[35]
Repriza ekspozisiyanın materialını bir qədər dəyişilmiş şəkildə təkrarlayır. Əsas partiyanın mövzusu burada nəzərə çarpacaq dərəcədə ixtisar edilir. Burada köməkçi mövzu isə ümumiyyətlə, mövcud deyil. Bu da məntiqi cəhətdən özünü doğruldur — əvvəlcə işlənmə bölməsində o, kifayət qədər inkişaf etdirilir, daha sonra isə öz inkişafının ideya və obrazlı-emosional istiqaməti ilə əsas mövzunun təsdiqinə istiqamətlənərək, əsərin məna kulminasiyasını və emosional zirvəsini təşkil edir.[36]
Kodanın materialı əsas mövzunun inkişafında yeni, lakin yekunlaşdırıcı nəticə xarakterli fəzadır. Onun alətləşdirilməsi çox rəngarəngdir, belə ki, partituraya orkestrin bütün qrupları daxil edilir. Kodada cəld, sürətli hərəkət əzəmətli və bayramsayağı xarakterlə təmtəraqla uzlaşdırılır.[36]
Tematik material
redaktəUvertüranın tematik materialının bünövrəsi, fəal inkişafın üzviliyi folklor köklərinə, xalq mahnı və rəqs janrlarına əsaslanır. Musiqişünas Zemfira Səfərova qeyd edir ki, "Soltan Hacıbəyov uvertüra musiqisində xalq musiqisinə tamlıqla müraciət etmişdir."[35] Lakin S. Hacıbəyov yaradıcılığının tədqiqatçısı Aida Tağızadə isə bu fikri rədd edərək bildirir ki, "Soltan Hacıbəyovun musiqisində folklorla bilavasitə yaxınlıq əlamətləri mövcud deyil."[36]
Tematik materialda xalq musiqisinin tipik musiqi ifadə vasitələrinin kompleksi ümumilikdə, eləcə də onun ayrı şəkildə olan nişanları kimi istifadə olunur. Musiqi ifadə vasitələrinin xüsusiyyətləri vasitəsilə və məişət musiqisi janrları əsasında uvertüranın musiqisinin xarakteri özünü büruzə verir.[36]
Bu, əsərin melodik dilində, onun lad və ritmik xüsusiyyətlərində daha parlaq ifadə olunur. Əsas mövzunun özəyini "Mahur—Hindi" muğamının tonikasına əsaslanan intonasiya təşkil edir ki, buna xalq musiqisində — "Əlində sazın qurbanın", "Gülbaşmaq", "Aman mələk" xalq mahnılarında, "Qızılgül", "Altı nömrə", "Ulduz", "Bəxtəvəri" rəqslərində rast gəlinir.[27]
Tematizmin melodik inkişafında əsas üsullar — istinad səslər ətrafında gəzişmə, variasiya olunma, təkrarlanmalar və sekvensiya yerdəyişmələrindən ibarətdir. Həmçinin, xalq musiqi təcrübəsində istifadə edilən üsulları da buraya aid etmək mümkündür. Çox vaxt sekvensiyalı yerdəyişmələr başqa lada modulyasiya, yaxud yönəlmələr nəticəsində baş verir. Bu əsas mövzuda da özünü göstərir. Sekvensiyaların vasitəsilə rastdan şura lad yönəlmələri başlayır. Sekvensiya inkişaf prosesində çox yayılmış metod olsa da, bununla belə, təkrarlanma və variantlılıq uvertüranın melodik inkişafında əsas amillər kimi çıxış edirlər. Xalq rəqs musiqisi üçün daha çox xarakterik olan bu prinsiplər əsas mövzunun quruluşunda parlaq surətdə üzə çıxır. Təkrarlanmalar[h] burada melodik inkişaf və formayaratma metodu kimi istifadə olunur. Əsas mövzunun bölmələrindən hər biri xalq mahnıları, yaxud muğam melodiyasının ənənəvi kadensiyaları kimi müəyyən lad quruluşlarının inadlı təkrarlanmaları ilə yekunlaşır. Təkrarçılıq köməkçi mövzunun quruluşunda daha geniş aspektdə özünü göstərir. Bu göstərişin əsasını isə transpozisiya metodu təşkil edir.[37]
Uvertüranın tematik materialının vacib komponentlərindən biri xalq musiqisinin müxtəlif janrlarına xas ritmik məzmunun bütün zənginliyini və rəngarəngliyini özündə birləşdirən metroritmik strukturudur. Ritmik hərəkətin xarakterinə görə uvertüranın əsas mövzusunun xalq-rəqs musiqisi ilə əlaqəsi müəyyən edilir.[38] A. Tağızadə yazır ki, "Ritm faktoru, ümumiyyətlə, bu əsərdə birinci dərəcəli yer tutur və nəzərə alsaq ki, uvertüranın musiqi dramaturgiyasında fəal obraz konflikti yoxdur, belə bir şəraitdə ritmik pulsasiyanın fasiləsizliyi, fəallığı və itiliyi intensiv inkişaf üçün əsas müqəddimə kimi çıxış edir."[38]
Xalq rəqs musiqisi üçün xarakter olan metroritmik fiqurların dövri təkrarlanması, variasiyası bütövlükdə əsərin musiqi inkişafının əsasını təşkil edir ki, bu da əsas mövzunun metrik quruluşunda xüsusilə parlaq şəkildə özünü göstərir. Sürətli, çevik rəqs hərəkəti ilə əlaqəli olan 2/4, 3/4 xanə ölçüləri onun janr xarakterinə uyğun gəlir.[39] Musiqişünas-pedaqoq Valentina Xolopova yazır ki, "əsas mövzunun ümumi xanə ölçüsü, motiv ritmik dairələnmənin təkrarlanması yolu ilə xanənin genişlənməsi nəticəsində əmələ gələn bəzi müstəsna halları nəzərə almasaq, sabitdir. Bu zaman yaranan metroritmik fasilələr də xalq rəqs musiqisi üçün tipikdir."[39]
Ritmin dinamikası aksentuasiyaların — vurğuların köməyi ilə bölünmüş zaman parçalarının qarşılıqlı münasibəti hesabına artır.[39]
Əsas mövzuda hərəkətin dəqiq təşkili, rəqs quruluşunda melodiya və fakturanın detallarının təkrarlanması nəticəsində yaranan vurğuların dövriliyinə səbəb olur.[40] Əsas mövzuda vurğular melodiyanın yüksək dayaq səslərinin, bundan başqa, bütov xanələrin təkrarlanması ilə yaranır. Çox vaxt vurğular bərabər ölçüdə paylanılır ki, bu da əsas mövzunun tematik materialı və rəqs quruluşundan irəli gəlir.[41]
Xanənin vurğulu hissələrində dəqiq aksentlik, ritmik təkrarlanmalar, ikipaylı ölçü — marş janrına xarakterik olan bu xüsusiyyətlər xalq-rəqs instrumental təcrübəsinə dayanır. Marş xüsusiyyətləri uvertüranın musiqi fakturasını formalaşdırmağa, nizamlaşdırmağa kömək edir.[42]
Köməkçi mövzuda dinamikanın fəal mənbəyi kimi başlanğıclarla götürülən zirvə dayaq səslərinin aksentlərlə vurğulanmasını göstərmək olar.[42]
Uvertüranın tematik materialının xalq musiqi mənbələri ilə bağlılığı Azərbaycan muğamlarının lad əsaslarına geniş şəkildə dayaqlanmasından irəli gəlir. Muğamların lad əsası əsərin harmonik dilinə də müəyyən qədər təsir göstərir. Çox vaxt harmonik komplekslər melodiyanın səs sırasındakı istinad pillələrində meydana gəlir, şüştər ladına əsaslanan violonçel mövzusunda olduğu kimi təcəssüm olunur. Uvertüranın harmonik dili üçün sekunda səsləşmələri xüsusilə xarakterikdir ki, bu da xalq musiqisindən, xüsusilə aşıqların musiqi aləti sazın ifa praktikasından irəli gəlir. Sekunda səsləşmələri, həmçinin xalq musiqi melodiyası üçün xarakterik olan trel, mordent kimi ornamentlər Azərbaycan musiqisində melodiyanın mühüm cəhəti kimi özünü büruzə verir. Lad-intonasiya qanunauyğunluqları və onların açılması prinsipləri köməkçi mövzunun qurulmasında özünü göstərir.[43] Uvertürada zərbi muğam janrı ilə assosiasiya olunan mövzulara rast gəlinir. Bu, violonçel mövzunun qurulmasında, melodiyanın açılmasında, deklamasiya sərbəstliyində və müşayiətin ritmik ostinatlığında təcəssüm olunur.[44]
Uvertüranın tematik materialının janr xarakterində faktura da rol oynayır. Əsas mövzuda melodiya və müşayiətin aydın differensasiyası müşahidə olunur. Dəqiq, kompakt əsas mövzunun müşayiətinin xarakteri onun musiqisinin janr mənbəyini büruzə verir — bu marşdır.[45] Sərbəst hərəkətli, xromatizmlərlə zəngin müşayiət bas səslərində inkişafın dinamikasını müəyyən edən stimullardan biridir və əsas mövzunun musiqi obrazına xasdır.[44] Melodiya şaquli şəkildə, böyük planda, artıq faktura detalları ilə əhatələnmiş halda inkişaf edir. Bu cür ifadə bir çox Azərbaycan xalq mahnılarında görünmüşdür.[44]
Soltan Hacıbəyovun uvertüra əsərinin polifonik yazı tərzində xalq musiqi sənətindən gələn daha sabit prinsiplərdən istifadə olunur. Ekspozisiyada köməkçi mövzunun zəngin inkişaf prosesində polifoniya xüsusilə böyük rol oynayır.[44] Ekspozisiyada mövzunun "h"-dan "fis"-a transpozisiyası zamanı melodiyanın aparıcı xəttini təşkil edən simlilərə solo trubanın ifası, eləcə də violonçel və kontrabasların qısa imitasiyası qoşulur. Bu üç xəttin kanon qarşılaşdırılması — dörddə bir xanə məsafəsində — fəal-konsentrasiyalı musiqi inkişafı yaradır.[46]
Qəbulu və ifaları
redaktəBöyük simfonik orkestr üçün uvertüra əsəri bəstəkar Soltan Hacıbəyovun yaradıcılığında xüsusi yer tutan əsərlərdən biridir. Bu əsər parlaqlığı, səs kombinasiyaları və orkestr boyalarının seçimi ilə özünəməxsus yer tutur.[47] Bəstəkar uvertüra əsərinin 1961[1], 1964[48] və 1967-ci illərdə partiturasını tərtib etmişdir.[3]
Azərbaycan bəstəkarlarının birinci qurultayı münasibətilə 1956-cı ildə yazılan uvertüra elə həmin ildə dirijor Niyazi Tağızadə-Hacıbəyovun rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestrində səsləndirilmişdir. Bu ifadan sonra əsər böyük şöhrət qazanmışdır.[47]
Daha sonra əsər Abraam Staseviçin dirijorluğu altında Moskvada səsləndirilmişdir. Əsər Moskvanın ifa proqramına daxil edilmiş və Ümumittifaq Televiziyası və Radiosunun Böyük Simfonik Orkestrində dirijor N. Anasov idarəsi ilə ifa edilmişdir.[47]
Əsərin ən yaxşı interpretatorlarından biri olmuş dirijor Abraam Staseviç qeyd edirdi ki, "...zəmanəmizin böyük bəstəkar-pedaqoqu Soltan Hacıbəyovun böyük simfonik orkestr üçün yazdığı uvertüra öz parlaqlığı, emosionallığı, konkretliyi və sevinc dolu ab-havası ilə diqqəti cəlb edir. Orkestrovkanın rəngarəngliyi və zənginliyi müəllifin orkestr ifadə vasitələrinə virtuoz şəkildə yiyələndiyini nümayiş etdirir. Heç bir bəlağət olmadan mütləq şəkildə bildirməliyəm ki, mən bu uvertüra əsərinə dirijorluq edərkən, ən yaxşı klassik uvertüra əsərlərinə dirijorluq edən zaman duyduğum hisləri təkrar yaşadım."[49]
Soltan Hacıbəyovun uvertüra əsəri dünyanın, eləcə də keçmiş Sovet İttifaqının əksər şəhərlərinin böyük konsert səhnələrində ifa edilmişdir. Əsər 1962-ci ildə ABŞ-nin Çikaqo şəhərinin Evanston orkestri tərəfindən uğurla ifa olunmuşdur. Bu səbəblə amerikalı bəstəkar Sidney Hart bəstəkar Soltan Hacıbəyova məktub göndərmiş, məktubda uvertüra əsərinin bədii keyfiyyətlərini və yüksək peşəkarlıqla işləndiyini dəfələrlə qeyd etmişdir.[47]
Əsərlə bağlı Z. Səfərova qeyd edir ki, "Soltan Hacıbəyovun uvertüra əsəri ayrı-ayrı obrazlarına görə yox, ümumi ruhu və üslubuna görə Azərbaycan xalq musiqisi ilə dərindən bağlıdır. Folklorun daha tipik xüsusiyyətlərinin uğurlu seçimi və ümumiləşdirilməsi nəticəsində bəstəkar maksimum şəkildə folklora yaxınlaşır, eyni zamanda, uvertüranın səs tərkibinin təkrarolunmaz fərdiliyini də saxlayır. Uvertüra obrazlarının və musiqi dilinin dərin milli köklərinə görə S. Hacıbəyovun yaradıcılıq üslubunun formalaşmasında böyük mərhələ əsər kimi xarakterizə oluna bilər."[44]
Qeydlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Hacıbəyov, Soltan. Simfonik orkestr üçün uvertüra. Bakı: Bakı Musiqi Akademiyası. 1961.
- ↑ Tağızadə, 2011. səh. 13-14
- ↑ 1 2 3 Hacıbəyov, Soltan. Simfonik orkestr üçün uvertüra. Azərbaycan Dövlət Nəşriyyatı. 1967.
- ↑ 1 2 Tağızadə, 2011. səh. 93
- ↑ 1 2 3 Səfərova, 2018. səh. 237
- ↑ 1 2 Tağızadə, 2011. səh. 94
- ↑ Səfərova, 2018. səh. 237-238
- ↑ 1 2 3 Səfərova, 2018. səh. 238
- ↑ 1 2 3 4 Tağızadə, 2011. səh. 95
- ↑ Səfərova, 2018. səh. 238-239
- ↑ Tağızadə, 2011. səh. 95-96
- ↑ 1 2 3 4 5 Səfərova, 2018. səh. 239
- ↑ 1 2 3 Tağızadə, 2011. səh. 96
- ↑ Tağızadə, 2011. səh. 96-97
- ↑ 1 2 3 4 Tağızadə, 2011. səh. 97
- ↑ 1 2 3 4 Tağızadə, 2011. səh. 98
- ↑ Səfərova, 2018. səh. 239-240
- ↑ 1 2 Səfərova, 2018. səh. 240
- ↑ 1 2 Tağızadə, 2011. səh. 99
- ↑ 1 2 3 4 Səfərova, 2018. səh. 241
- ↑ Карагичева, Исмайлов, 1961. səh. 40
- ↑ 1 2 Tağızadə, 2011. səh. 100
- ↑ 1 2 Карагичева, Исмайлов, 1961. səh. 41
- ↑ Карагичева, Исмайлов, 1961. səh. 42
- ↑ Tağızadə, 2011. səh. 100-101
- ↑ 1 2 Tağızadə, 2011. səh. 101
- ↑ 1 2 3 Tağızadə, 2011. səh. 105
- ↑ Səfərova, 2018. səh. 241-242
- ↑ Карагичева, Исмайлов, 1961. səh. 43
- ↑ Tağızadə, 2011. səh. 102
- ↑ Səfərova, 2018. səh. 242
- ↑ 1 2 3 4 Tağızadə, 2011. səh. 103
- ↑ 1 2 3 Səfərova, 2018. səh. 243
- ↑ Tağızadə, 2011. səh. 103-104
- ↑ 1 2 Səfərova, 2018. səh. 243-244
- ↑ 1 2 3 4 Tağızadə, 2011. səh. 104
- ↑ Tağızadə, 2011. səh. 105-106
- ↑ 1 2 Tağızadə, 2011. səh. 106
- ↑ 1 2 3 Холопова, 1964. səh. 2
- ↑ Tağızadə, 2011. səh. 106-107
- ↑ Холопова, 1964. səh. 8
- ↑ 1 2 Tağızadə, 2011. səh. 107
- ↑ Холопова, 1964. səh. 4
- ↑ 1 2 3 4 5 Səfərova, 2018. səh. 244
- ↑ Холопова, 1964. səh. 5
- ↑ Холопова, 1964. səh. 6
- ↑ 1 2 3 4 Tağızadə, 2011. səh. 14
- ↑ Hacıbəyov, Soltan. Simfonik orkestr üçün uvertüra. Bakı: Bakı Musiqi Akademiyası. 1964.
- ↑ Интересный концерт. Газ. Бакинский рабочий. 7 октября 1956 г.
Ədəbiyyat
redaktə- Карагичева, Л. В; Исмайлов, М.С. Народная музыка Азербайджана. Москва: "В Азербайджанская музыка". 1961.
- Tağızadə, Aidə. Soltan Hacıbəyov. Bakı: Mütərcim. 2011.
- Холопова, Валентина. Внимание ритму. № 7. "Советская музыка". 1964.
- Səfərova, Zemfira. Azərbaycan musiqi tarixi. III cild. Bakı: Elm. 2018.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəMusiqi portalı Azərbaycan portalı |