Azqilli Qurdlar - Wikipedia
Azqıllı qurdlar (lat. OLigochaeta) — qarın hissəsində az miqdarda nazik və qısa qılcıqları olan qurdları azqıllı qurdlar adlandırırlar. Geniş yayılmış nümayəndəsi soxulcandır.
Azqıllı qurdlar | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Oligochaeta |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Ümumi xarakterik məlumat
redaktəBöyük əksəriyyəti torpaqda və şirin su hövzələrinin dibində lilli qrunta soxularaq yaşayırlar. 3400-ə qədər növü vardır. O, nəm və çürüntülərlə zəngin torpaqlarda yaşayır. Bu qurdların əksəriyyəti şirin sularda (1000 növ), az bir qismi dənizlərdə (200-dən çox), böyük bir qismi isə torpaqda (qalan növlər) yaşayır. Bəzi oliqoxetlər hətta az duzlu sularda belə yaşayırlar (Lumbriculidae). Lakin evriqalin növləri (Enchytraeus albidus) də vardır ki, onlar həm şirin sularda, həm də dənizdə yaşamaq qabiliyyətinə malikdirlər. Enchytraeidae fəsiləsindən olan polixetlərin suda və quruda yaşayan 400-dən çox növü vardır. Onlar həm şimal, həm mülayim, həm də subtropik zonada geniş yayılmış qurdlardır. Enxitridlərə dəniz səviyyəsində 3 – 4 km yüksəkliklərdə rast gəlinir. Amerikalı zooloq Mur Alyaskanın buzlaqlarında Mesenchytraeus solifugus növünü müşahidə etmişdir.[2]
Quruluşu və fiziologiyası
redaktəQırmızımtıl-qəhvəyi rəngli bədəninin uzunluğu 10-15 sm-ə çatır. Bədəninin ön hissəsində kəmər adlanan qalınlaşma olur. Bədəni uzunsov və silindrşəkilli olub, ən kiçiyinin ölçüsü 0,5 mm, ən iri forması 2–3 m (tropik formalar) uzunluqda olur. Bədənin buğumları homonomdur. Buğumların miqdarı 7-9, əksər hallarda 30-40-dan 500-600-ə qədər olur. Azqıllı qurdların qılları az miqdarda olur. Öndəki buğum müstəsna olmaqla, qalan bütün buğumlarda qıllar vardır. Qıllar bədənin divarında dörd dəstə şəklində yerləşmişdir. Onların bir cütü yanlarda, bir cütü isə qarın hissəsindədir. Dəstədəki qılların miqdarı müxtəlifdir. Bədənin ön hissəsindən bir qədər aşağıda bədən örtüyü bir neçə buğumu əhatə edən qalınlaşma kəmər (clitellum) əmələ gətirir. Kəmər əhatə etdiyi buğumların ifraz etdiyi maddədən barama əmələ gətirir. Kəmər bütün oliqoxetlər üçün xarakterik olub, qurdun bədəninin bel və yan hissələrini əhatə edir. Qarın tərəfdə kəmərin kənarında ovalşəkilli vəzili ziyillər vardır. Bu ziyillər cütləşmə vaxtı iki qurdun bir-birinə yapışmasına xidmət edir. Bədənin dal tərəfində piqidium adlanan anal buğumu vardır. Bu buğum quruluşuna görə gövdənin buğumlarından fərqlənir və onda anal dəliyi vardır.
Azqıllı qurdların bədəninin üzəri nazik və elastiki kutikula ilə örtülmüşdür və selikli vəzilərlə çox zəngindir. Kutikulanın altında birqatlı epiteli (hipoderma), onun da altında uzununa və həlqəvi əzələlər yerləşmişdir. Bütün bunlar azqıllı həlqəvi qurdlarda yaxşı inkişaf etmiş dəri-əzələ kisəsini əmələ gətirir. Azqıllı qurdlarda uzununa əzələlər həlqəvi əzələlərə nisbətən yaxşı inkişaf etmişdir, köndələn əzələləri isə olmur. İbtidai quruluşlu azqıllı qurdlarda hipoderma – birqatlı, ali quruluşlu oliqoxetlərdə isə ikiqatlı epiteli hüceyrələrindən təşkil olunmuşdur.
Oliqoxetlər seloma malik həlqəvi qurdlardır. Selom arakəsmələr (dissepimentlər) vasitəsilə selomik kisələrə ayrılmışdır. Selom müxtəlif hüceyrə elementləri (limfositlər) daşıyan boşluq mayesi ilə doludur. Boşluq mayesi həm metanefridilər, həm də bel tərəfdə yerləşən buğumlararası xüsusi dəliklər vasitəsilə xaric edilir.
Daxili quruluşu
redaktəHəzm sistemi ağız dəliyi ilə başlanır və anusla qurtarır. Ağız dəliyi ağız boşluğuna açılır və bədəninin ön qurtaracağının qarın hissəsində yerləşmişdir. Ağız boşluğu tədricən əzələli divara malik olan geniş udlağa açılır. Udlağa udlaq vəziləri adlanan çoxlu vəzilərin axarları açılır. İfraz olunan maye qidanı isladır və qismən də həzmdə, xüsusilə zülalların parçalanmasında iştirak edir. Udlaq boruşəkilli dar qida borusuna keçir.Yağış qurdunda qida borusu 7-14-cü buğumlar arasında yerləşir və onlarda morren adlanan kirəcli vəzilər vardır. Bu vəzilərin ifraz etdiyi maye 10-12-ci buğumlarda qida qida borusuna daxil olaraq, qurdun qidasında olan turşunu neytrallaşdırmağa və s. xidmət edir. Qida borusu 14-cü buğumda enişlənərək çinədanı əmələ gətirir. Çinədandan sonra əzələli mədə yerləşmişdir. Mədə qalın divara malikdir və burada qida xırdalanır. Göstərilən bu hissələr – ağız dəliyi, udlaq, qida borusu, çinədan, mədə ön bağırsağı təşkil edir. Mədədən sonra orta bağırsaq başlanır. Orta bağırsağın daxili hissəsi birqatlı epiteli ilə örtülmüşdür. Üst hissəsi isə xloraqogen hüceyrələr adlanan sarı təbəqə ilə örtülüdür. Bu hüceyrələr iki funksiya yerinə yetirir. Bir tərəfdən onlar qlikogen, zülal, yağ kimi qidalı maddələri ehtiyat halında toplayır, digər tərəfdən isə qonur-sarı dənəcik formasında ifrazat məhsullarını yığırlar. Orta bağırsaqda qidanın həzmi və onun sorulması baş verir. Burada bağırsağın epitelisi müxtəlif hüceyrələrlə - tiflozolislə zəngin olub, bağırsağın səthinin genişlənməsini və həzm fermenti ifraz etməklə qidanın həzm olunmasını və sorulmasını təmin edir. Həzm hüceyrədaxilideyildir. Orta bağırsaqdan sonra tiflozolisdən məhrum qısa dal bağırsaq gəlir. Dal bağırsağa hərm olunmamış qida hissəcikləri daxil olur və anal dəliyi vasitəsilə xaric edilir.
Qan-damar sistemi qapalı olub, qan damarlarla axır. Qan-damar sisteminin əsasını bel və qarın qan damarları təşkil edir. Azqıllı həlqəvi qurdlar üçün dəridə, metanefridilərdə, cinsi vəzilərdə kapilyar qan damarlarının sıx olması xarakterikdir.
Tənəffüs orqanları yoxdur. Tənəffüs dəri vasitəsilə olur.
İfrazat sistemi metanefridial tipdədir. Metanefridilər cüt olub, sağ və sol tərəfdə yerləşməklə hər buğumda təkrar olunur. İfrazat funksiyasını, həmçinin xloraqogen hüceyrələr də yerinə yetirilir. Xloragen hüceyrələrin parçalanma məhsulları bir-birinə yapışır və qismən iri "qonur cisim" əmələ gətirir. Bunlar bədən boşluğuna toplanır və xüsusi bel deşiklərindən xaric edilir.
Sinir sisteminin əsasını mərkəzi sinir sistemi təşkil edir. Mərkəzi sinir sistemi bir cüt udlaqüstü, bir cüt udlaqaltı sinir düyünlərini, onların əmələ gətirdiyi udlaqətrafı sinir həlqəsini və qarın sinir zəncirini təşkil edir.
Hiss orqanları azqıllı qurdlarda çox zəif inkişaf etmişdir. Gözləri yoxdur. Buna baxmayaraq onlarda işığa həssas ayrı-ayrı hüceyrələr əsas rol oynayır.
Cinsi sistemi - hermafroditdirlər. Onlarda cinsi aparat 9 – 15-ci buğumlarda yerləşir. Erkək cinsi orqanları 10 və 11-ci buğumlarda yerləşən iki cüt kiçik toxumluqdan ibarətdir. Toxumluqlar toxum kisəcikləri (toxum qovuqcuğu) ilə əhatə olunmuşdur. Toxum kisəcikləri üç cütdür və 9, 10, 12-ci buğumlarda yerləşmişdir. Yetişməmiş toxum hüceyrələri toxumluqdan toxum kisəciklərinə düşür. Spermatozoidlər toxum kisəciklərində yetişir və qurdlar cütləşənədək burada qalırlar.Dişi cinsi orqanları yumurtalıqdan, yumurta borusundan və toxumqəbuledicidən ibarətdir. Toxumqəbuledicilər (receptaculae seminales) iki cütdür. Onlar şarşəkilli formadadır və 9-10-cu buğumların hər birində iki ədəd olmaqla yerləşmişdir.
İnkişafı
redaktəOliqoxetlər kopulyasiya olunaraq çoxalırlar. Yumurtanın bölünməsi spiral tiplidir. Rüşeymin inkişafı baramada gedir. Baramada formalaşmış kiçik qurdlar xaricə çıxır və inkişaf edərək yetkin fərdə çevrilir. İnkişafı troxofor sürfə mərhələsi olmadan gedir.
Bir çox oliqoxetlərdə cinsi çoxalmadan əlavə, qeyri-cinsi çoxalma da müşahidə olunur. Şirin sularda yaşayan Chaetogaster, Aelosoma və s. cinsindən olan qurdlar paratomiya adlanan xüsusi yolla çoxalırlar. Bu halda qurdun bədəninin müəyyən nahiyyəsində (ön hissəsində) qurdun bədənini iki yerə bölən dartılma baş verir. Ön hissə - quyruq, dal hissə isə baş hissəsini bərpa edir. Daha sonra qurd iki yerə ayrılaraq, sərbəst yaşayır.
Digər azqıllı qurdlarda isə qeydi-cinsi çoxalmanın daha sadə üsulu müşahidə olunur. Bu halda qurdun bədəni iki və daha çox hissələrə ayrılır, sonra ayrılmış bu hissələrdə ön və dal nahiyələr bərpa olunur (Lumbriculus variegatus). Belə qeyri-cinsi çoxalma arxitomiya adlanır. Bir çox oliqoxetlərdə arxitomiya prosesi qeyri-iradi olaraq (bəzən qurd qıcıqlandıqda) baş verir.
Azqıllı qurdların qeyri-cinsi yolla çoxalması (paratomiya və arxitomiya), onlarda regenerasiya qabiliyyətinin olması ilə əlaqədardır. Oliqoxetlərdə regenerasiya prosesi qabarıq şəkildə nəzərə çarpır. Lumbricus rubellus növünün bir neçə buğumu, Allolobophora longa qurdunun 9 – 13 buğumu regenerasiya qabiliyyətinə malikdir. Lumbriculus cinsindən olan qurdların (100 – 150 buğumu olan Lumbriculus variegatus) hər bir buğumu bərpa oluna bilir.İnkişafları düzünə olub, troxofor sürfəsi olmur. Yumurtalar baramada inkişaf edir və burada qurd formalaşdıqdan sonra xaricə çıxır. Onlar regenerasiya qabiliyyətinə malikdir.
Praktiki əhəmiyyəti
redaktəSu oliqoxetləri çirklənmiş sularda kütləvi şəkildə inkişaf edirlər və suyun keyfiyyətinin qiymətləndirilməsi zamanı bu, nəzərə alınır (Tubificidae, Naididae). Tubifex tubifex bütün su hövzələri bütün su hövzələri tiplərində istənilən çirklənmə dərəcəsində yaşayır. Başqa oliqoxet növlərindən Limnodrilus cinsinin növləri həddən artıq çirklənmənin, S.lacustris isə mülayim çirklənmənin indikatorlarıdır.
Soxulcanlar torpaqəmələgəlməsində böyük rol oynayırlar. Onlar torpağı yumşaldaraq onun aerasiyasına və bitki köklərinin dərinə getməsinə kömək edirlər. Bəzi növlər öz keçidlərini 8 m dərinliyədək qazırlar. Soxulcanlar öz yolları daxilində bitki qalıqlarını aparmaqla və onların tez çürüməsinə səbəb olmaqla torpağı gübrələyir, humus yaranmasına kömək edirlər.
Azərbaycanın balıq zavodlarında nərəkimilərin, Xəzər qızılbalığının və başqa balıqların sürfələrini və körpələrini yemləmək üçün Enchytraeus albidus növünü yetişdirirlər.
Azərbaycanda yayılması
redaktəXəzər dənizində azqıllı qurdlar haqqında ilk məlumat Derjavinə aid olmuşdur (Derjavin, 1951). O, burada əsasən şirinsu növlərinin yayıldığını qeyd etmişdir. Azərbaycan sularında azqıllı qurdların öyrənilməsində böyük rolu Ə.H.Qasımova məxsusdur. O, demək olar ki, bütün su hövzələrində tədqiqatlar aparmış, növlərin sayını, biotoplar, fəsillər üzrə miqdarca və biokütləcə yayılması haqda məlumat vermişdir (Qasımov, 1965, 1972). Şəki-Zaqatala zonasının azqıllı qurdları S.İ.Məmmədova tərəfindən öyərnilmişdir. O, bu zona üçün 3 fəsilə və 12 cinsə mənsub olan 24 növ qeyd etmişdir.
Azərbaycanın bütün şirin sularında və həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda rast gəlinirlər. Azərbaycanın daxili su hövzələrində 90 növ oliqoxet qeyd edilmişdir.
Abşeronun duzlu su hövzələrində Xəzərin avtoxton faunasınan nümayəndələri: Ps.deserticola, P.caspius, Criodrilus lacuum, Lumbriculus lineatus (Müller).
Şəki-Zaqatala zonasında 24 növ azqıllı qurd qeyd edilib: Nais simplex, N.communis, N.elinguis Müller, N.pardalis Piguet, Dero digitata (Müller), Slavina appendiculata (Udek.), Pristina rosea (Piguet), P.longispina Ehr., Limnodrilus hoffmeiseri Clap., L.deuemianus Clap., L.claparedeanus Ratzel, L.helveticus Piguet, Potamothrix hammoniensis Mich., P.bavaricus Oesch., Peloscolex ferox (Eisen), Ps.albicola, Aulodrilus pigueti Kow., A.pluriseta (Piguet) və b.
Naxçıvan MR-nın su hövzələrində 9 növ oliqoxet qeyd edilib: S.lacustris, N.communis, P.rosea, P.bilovata (Bret.), A.limnobius Bret., L.hoffmeisteri, L.udekemianus, T.tubifex, Eiseniella tetraedra (Sav.). Naxçıvan su anbarı üçün isə 8 növ qeyd olunmuşdur: Aelosoma hemrichi Ehr., Stylaria lacustris (L.), Nais communis Piguet, Ophidonais serpentina (Müller), Limnodrillus udekemianus Clap., Tubifex tubifex (Müller), Lumbriculus variegatus (Müller).
Gəncə-Qazax zonasının su hövzələrində: 27 növ rast gəlinir: S.lacustris, D.digitata, Aulophorus furcatus (Müller), Nais pseudobtusa Piguet, N.simplex, N.communis, N.elinguis, O.serpentina, Paranais frici (Hrabe), Chaetogaster vrystallinus Veig., Ch.langi Bret., Pristina longiseta, Pr.bilobata, Vriodrilus lacuum, P.rosea, Aulodrilus limnobius, A.pigueti, Stylodrilus heringianus Clap. və b.
Şəmkir su anbarında 21 növ oliqoxet tapılmışdır: Stylaria lacustris L., Nais pseudobtusa Piguet, N.elinguis Müll, Chaetogaster crystallinus Vejd., Ch.langi Bret., Ophidonais serpentina (Müll.), Aulodrilus pigueti Kowal., A.limnobius Bret., Pristina rosea (Piguet), Limnodrilus hoffmeisteri Clap., L.udekemianus Clap., L.helveticus Piguet, L.claparedeanus Ratz., Potamothrix hammoniensis (Mich.), Psammoryctes albicola (Mich.), Tubifex tubifex (Müll.), P.ferox (Eisen), Enchytraeus albidus Henle, Lumbriculus lineatus (Müll.), Lumbriculus variegatus (Müll.), Eisenella tetraedra (Sav.).
Yenikənd su anbarında 10 növ oliqoxet qeyd edilib: Stylaria lacustris L., Nais communis Piguet., N.elinguis Müll., Chaetogaster diastrophus Gru., Ophidonais serpentina (Müll.), Pristina longiseta Ehrb., P.rosea (Piguet), Peloscolex velutinus Grube, Branchiura sowerbyi Bed., Eiseniella tetraedra (Sav.).
Mingəçevir su anbarı üçün 9 növ qeyd edilib: Nais communis Piguet., N.iorensis Patar., Chaetogaster diastrophus Gru., Ophidonais serpentina (Müll.), Limnodrillus hoffmeisteri Clap., L.claparedeanus Ratz., Tubifex tubifex (Müll.), Branchiura sowerbyi Bed.
Varvara su anbarı üçün 8 növ azqıllı qurd qeyd olunub: Aelosoma tenebrarum Vejd., Aulophorus furcatus (Müll.), Nais communis Piguet., Chaetogaster diastrophus Gru., Limnodrillus hoffmeisteri Clap., L.udekemianus Clap., Potamothrix hammoniensis (Mich.), Tubifex tubifex (Müll.).
Lənkəran təbii vilayətinin su hövzələri üçün 4 növ oliqoxet göstərilmişdir: Pristina aequiseta Bourne, T.tubifex, Branchiura sowerbyi Bedd., N.communis. Onların əksəriyyəti Kiçik Qızılağac körfəzində yaşayır.
Xəzər dənizində 31 növ oliqoxet aşkar edilmişdir. Buraya oliqoxetlər Volqa suları ilə gətirilir. Lilli və balıqqulağı torpaqlarda Stylaria lacustris (L.), Nais communis Piguet, N.variabilis Piguet, N.simplex Piguet, Chaetogaster diastrophus (Gruet), İsochaetides michaelseni (Last.), Psammoryctides albicola (Grimm), Volqa çayının mənsəbyanı rayonunda politop növ olan Potamothrix moldaviensis Vejd. et Mrazek (miqdarı 6000 fərd/m²-ə qədər), lilli-qum biotopunda isə Psammoryctides deserticola (Grimm) rast gəlinir. Potamothrix alatus Fin., Amphichaeta sannjio Kall. Şimali Xəzərin nadir növlərindəndir.
Şimali Xəzərin balıqqulaqlı torpaqlarında başlıca olaraq avtoxton növlərə rast gəlinir: Aktedrilis svetovi Fin., Potamothrix manus Fin., P.mrazeki (Hr.), Marionina mica Fin. Burada şirinsu növləri Nais variabilis, Tubifex tubifex (Müller) və dəniz növü Paranais litoralis (Müller) nadir hallarda təsadüf edilir. Şimali Xəzərin kütləvi növü A.svetovi-dir.
Orta Xəzərdə Potamothrix caspicus Last, Ps.deserticola, Stylodrillus parvus (Hr. Et Cern) rast gəlinir (20 m dərinliyə qədər, sayı 3820 fərd/m²).
Böyük Qızılağac Körfəzində Psammoryctides heterochaetus (Last) qeyd olunub.
Soxulcanlar isə Qafqazda 79, Azərbaycanda isə 35 növlə təmsil olunmuşdur: Eiseniella tetraedra tetraedra (Sav.), E.tetraedra hercynia Mich., Eisenia foetida foetida (Sav.), E.foetida andrei Bouche, E.nordenskoildi (Eisen), E.lagodechiensis (Mich.), E.thamarae Kvav., E.grandis grandis Mich., E.grandis ganjiensis Kvav., Dendrobaena penthori Rosa, D.veneta (Rosa), D.schmidti telermanica Perel, D.schmidti surbiensis Mich., D.aplina aplina (Rosa), A.aplina armeniaca (Rosa), D.schelkovnikovi schelkovnikovi (Mich.), D.orientalis Corn., D.attemsi attemsi (Mich.), D.byblica byblica (Rosa), D.concolor (Mich.), D.rubrida tenuis (Eisen), Helodrilus patriarchalis (Rosa), Octolasium lucteum (Derj.), O.transpadanum (Rosa), Nicodrilus roseus roseus (Sav.), N.jassyensis jassyensis (Mich.), N.caliginosus trapezoides (Duges), Allolobophora kaznakovi (Mich.), A.muganiensis (Mich.), A.brunnecephala Kvav., A.agatschiensis Mich., A.chloratica Sav.
Azərbaycanda yayılan azqıllı qurdlar kosmopolit növlər olub, bütün dünyada geniş yayılmışlar. Bununla belə, Muğan eyzeniyası ( Eisenia muganiensis Michaelsen, 1899) Azərbaycan Respublikasının Qırmızı Kitabının II nəşrinə əlavə olunmuşdur. Sayı azalmaqda olan endemik növdür, antropogen təsirə həssasdır.
Potamothrix alatus Fin., Amphichaeta sannjio Kall. Şimali Xəzərin nadir növlərindəndir.
Xəzər dənizinin endemiləri cəmi 12 növdür: Potamothrix moldaviensis Vejd. et Mrazek, P.m.mitropolskiyi Hrabe, P.grimmi (Hr.), P.cekanevskaje Fin., P.caspius, Tubifex acapillatus Fin., Marionina brevis Fin., M.abberans Fin., Stylodrilus cernosvitovi Hrabe, Peloscolex debilis Fin., Trichodrilis pauper Fin. Xəzərin avtoxton növləri: P.mrazeki, P.alatus, P.manus, Ps.deserticola, A.scvetovi, M.mica.
Zəifləmiş növlərin mühafizəsi üçün görülmüş işlər və təklif olunan tədbirlər
redaktəHeç bir tədbir görülməmişdir və görülmür. Muğan eyzeniyası yayıldığı çayların təbii rejiminin dəyişilməsinə imkan verməmək, çayların çirklənməsinin qarşısını almaq, heyvanın kütləvi toplanmasını qadağan etmək, növün yayıldığı ərazilərə xəbərdarlıq nişanları qoymaq və qorunan növ kimi təbliğini genişləndirmək.
Xarici keçidlər
redaktəƏdəbiyyat
redaktə- Azərbaycanın heyvanlar aləmi. I Cild. Bakı: Elm, 2002, s. 218 – 222.
- Ağayev B.İ., Zeynalova Z.A. Onurğasızlar zoologiyası. Bakı: Təhsil, 2008, s. 229-238.
- Əliyev A.R., Bağırova Ş.M. və b. Kür silsilə su anbarlarının biologiyası. Bakı, 2010, s. 65 – 101.
- Bayramov A.B. Naxçıvan su anbarının zoobentosu. Biologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işi. Bakı, 2007, 147 s.
- Dogel V.A. Onurğasızlar zoologiyası. Bakı: MBM mətbəssi, 2007, s. 230 – 234.
- Касымов А.Г. Гидрофауна Нижней Куры и Мингечаурского водохранилища. Баку: Изд-во АН Азерб. ССР, 1965, 371 с.
- Касымов А.Г. Пресноводная фауна Кавказа. Баку: Элм, 1972, с. 29-32
- Чекановская О.В. Водные малощетинковые черви фауны СССР. Москва: Изд-во АН СССР, 1962, 411 с.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1999.
- ↑ Dogel V.A. Onurğasızlar zoologiyası. Bakı: MBM mətbəssi, 2007, s. 230 – 234.