Azerbaycanda Seleksiya - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Azərbaycanda təbii seçmənin kənd təsərrüfatına tətbiq edilməsinin tarixi 19-cu əsrlərdən başlamış, Sovet İttifaqı dövründə intensivləşmişdir.
Tarixi
redaktəAzərbaycanda kənd təsərrüfatıbitkilərinin becərilməsi hələ qədim zamanlardan başlamışdır. Qədim Yunanıstanın görkəmli alimlərinin əsərlərində Azərbaycan torpağının məhsuldarlığı qeyd olunur. Məsələn, Herodot, Strabon və s. özlərinin arxeoloji və paleontoloji qazıntılarının əsasında müəyyən etmişlər ki, Azərbaycanda dənli bitkilər hələ 4–5 min il bundan əvvəl becərilirdi. Tarixi mənbələrdən məlum olur ki, orta əsirlərdə Azərbaycanda dənli bitkilər, pambıq, meyvə və subtropik bitkilər geniş yayılmışdır. Azərbaycanda kənd təsərrüfatının çoxəsrli fəaliyyəti nəticəsində və xalq tərəfindən aparılan kortəbii seçmə çoxlu dənli bitkilərin, meyvə və tərəvəz bitkilərinin sortları yaradılmışdır. Bir çox sortlar, hətta bu günə qədər kənd təsərrüfatında öz əhəmiyyətini itirməyib, tarlalarında müvəffəqiyyətlə becərilməkdədir.
İnqilabdan qabaq Azərbaycan ərazisində kənd təsərrüfatı bitkiləri üzrə tədqiqat işlərinin inkişafının tarixinə dair cüzi məlumatlar var. Kənd təsərrüfatı bitkilərinin öyrənilməsində ilkin işlərdən aşağıdakıları qeyd etmək olar: Lənkəran qəzasında 19-cu əsrin 40-cı illərdə A. A. Dudinski tərəfindən aparılan işlərin, o cümlədən bəzi meyvə və zeytun ağaclarının öyrənilməsi, həmçinin həmin əsrin 70-ci illərində Kaziskiy tərəfindən bir çox sitrus bitkilərin iqlimə alışma məsələlərinin öyrənilməsini qeyd etmək olar. Quba qəzası özrə De-Bur qardaşları və başqaları tərəfindən bir çox Avropadan gətirilmiş meyvə ağaclarının, üzüm tənəkələrinin becərilməsinin öyrənilməsi; Göyçay qəzası üzrə A. B. Şelkovnik portağal bitkisinin iqlimə alışma məsələsinin öyrənilməsi; Gəncə qəzasında Qolisin və Qorçakov tərəfindən şərabçılığın üzümçülüyün inkişafına dair işləri qeyd etmək olar; Bakı qəzasında K. A. İretski tərəfindən şərabçılıq və üzümçülüyün inkişafına dair işlər; Salyan qəzasında Kramzinin pambıq təsərrüfatında aqronom A. M. Stepanov tərəfindən, pambıq bitkisinin sortlarının yaxşılaşdırılmasına dair işlər diqqətə layiqdir. Qeyd etmək lazımdır ki, pambıqla işlər 1904-cü ildə A. M. Stepanov tərəfindən başlamışdır. Ümumiyyətlə, kənd təsərrüfatının vəziyyətinin öyrənilməsi inqilabdan qabaq epzodik xasiyyət danışılırdı. Azərbaycanda kənd təsərrüfatı elminin inkişafının ilk addımları 1895-ci Ağdaş rayonunda ilkin nümunəvi pambıq sahəsinin təşkili ilə bağlıdır. Sonralar Azərbaycanın digər rayonlarında belə sahələrin təşkil olunması əsasən tədqiqat məqsədi güdürdü. Belə təcrübəvi sahələrdə pambıq bitkisindən əlavə fıstıq, soya, yonca və başqa bitkilər də əkilib öyrənilirdi. Azərbaycanda kənd təsərrüfatı istiqamətində təcrübi işlər haqqında danışdıqda Qarayaz təcrübi sahə haqqında danışmamaq olmaz. ərazi etbarilə Gürcüstanda yerləşən bu sahə 1894-cü ildə pambıqçılıq plantasiyası kimi təşkil olunmuşdur. Gürcüstanda yerləşməyinə baxmayaraq bu elmi idarə Azərbaycanda pambıqçılığın inkişafına böyük təsir göstərmişdir. Burada 1903-cü ildə aqronom N. P. Taratınov tərəfindən gətirilmiş "Kinq" adlı pambıq sortu üzərində fərdi və kütləvi seçmə apararaq yeni yaxşılaşdılırmış "Kinq-Qarayazılı" pambıq sortu yaradılmışdır. 1907-ci ildə Zəyəm stansiyasının yaxınlığında Sarıtəpə tədqiqat sahəsi təşkil olunmuşdur. Burada pambıq, taxıl, paxla, tütün, yonca və başqa bitkilər üzrə aparılan işlər əsasən rədqiqat məqsədi daşıyırdı. Bu sahə 1914-cü ilə qədər fəaliyyət göstərdi. 1912-ci ildə Ağstafa təcrübə sahəsinin təşkili ilə əlaqədar olaraq sonralar ləğv olundu. Ağstafa təcrübə sahəsinin qarşısında aşağıdakı məsələlər qoyulmuşdur:
- Kimyəvi və yaşıl gübrələrin torpağa verilməsi məsələlərinin öyrənilməsi.
- Yemçilik məsələsi.
- Toxumçuluq məsələsi (əsasən pambığın toxumçuluğu).
- Növbəli əkinlərin öyrənilməsi.
- Pambıqçılıqda bəzi aqrotexniki məsələlərin həlli (suvarma, səpin vaxtını müəyyən etmk və s.).
Azərbaycanda 1909-cu ildə Muğan təcrübə stansiyasının təşkili məsələsi kənd təsərrüfat elminin inkişafında ən böyük nailiyyətlədən biri olmalı idi. Lakin çar hökuməti tərəfindən lazımi pul, avadanlıqlar verilmədiyi üçün bu stansıyanın tikilməsi ixtisara salındı. Yalnız 1913-cü ildə Mərkəzi Muğanda stansiya əvəzinə təcrütə sahəsinin təşkil olunması məsələsi qarşıya qoyuldu. Lakin bu plan da öz əksini həyatda tapmadı. 1914-cü ildə birinci vətən müharibəsi başladı və bütün işlər ixtisara düşdü. Bununla yanaşı Cəfərxan seleksiya plantasiyası təşkil olunması barədə qərar qəbul edilmişdir. Stansiyanın elm fəaliyyətində aşağıdakı məsələlərin öyrənilməsi qarşıya qoyulmuşdur:
- Kolleksiya şitilliyinin təşkili.
- Pambıq küncüt üzrə təmiz xətlər alınmasının təşkili.
- Yoncanın toxumçuluğunun təşkili.
Bir müddət, yəni 1919-cu ilədək Cəfərxan stansiyasının işində bir növ durğunluq əmələ gəlmişdir ki, bu da suvarmanın pis təşkili və 1917–1918-ci illərdə Azərəbatycan ərazisində hərcmərcliyin şiddətli baş verməsi ilə əlaqədar idi. Lakin Cəfərxan stansiyasında işlərin normallığı bərpa olunur, pambıq üzrə seleksiya işləri qaydaya salınır və genişlənir. Məsələn, şitilliyi təşkil olunur. Satnsiyada alınan təmiz xətlər becərilir, ayrıca hibrid pitomniki sahəsi yaranır, pambıq bitkisinin toxumçuluğu genişlənir və yeni formaların yaranması məsələsi ilə məşğul olunur. Sovet hakimiyyəti qurulduqdan sonra 1920–1925-ci illər ərzində Azərbaycanda kənd təsərrüfatı elmində böyük dönüş olur. 1924-cü ildə Azərbaycanda birinci beşillik planı həyata keçirdiyi dövürdə pambıqçılığın inkişafına xüsusi fikir verilir. Bununla əlaqədar olaraq pambıqçılıqda elmi işlərin təşkilinə ciddi fikir verilir. 1925-ci ildə Bünyətzadə bu planın təşkili həllinə ciddi təşəbbüs göstərmişdir və həmin ildə Gəncə şəhərinin yaxınlığında Gəncə Təcrübə Seleksiya stansiyasının bünövrəsi qoyulur. Bina tikilməmiş burada pambığın sort sınağı və gübrələrin pambıq bitkisinə verilməsi barədə geniş elmi işlər başlanılır. Gencə Təcrübə Seleksiya stansiyasının ilk addımlarında görkəmli alimlərdən Zaytsev Q. S. və Jukovski P. M. stansiyasının elmi işinin təşkilinə yaxından kömək etmişlər.
1924-cü ildən 1929-cu ilədək Azərbaycanda təcrübə idarələrinin sayı 4-dən 21-ə çatmışdır. Bunlardan ikisi Gəncədə Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq institutu idi. Bu müddət ərzində Azərbaycanda torpaq zonaların öyrənilməsində geobotanikanın, heyvandarlığın, otlaqların və meşələrin öyrənilməsində bir sıra əsaslı işlər aparılmışdır. Bu işlər gələcəkdə nəzərdə tutulan elmi idarələrin təşkilində böyük rol oynamışdır.[1]
Pambıqçılığın tarixi
redaktəAzərbaycanda pambıq bitkisi qədim zamanlardan bəri becərilir. Qədim yazı abidələri sübut edir ki, pambıq bitkisi Azərbaycanda hələ bizim eranın beşinci əsrində becərilirdi. Çox güman ki, pambıq bitkisi Azərbaycana İrandan və Hindistandan gətirilib. Ona görə ki, I əsrin 80-ci illərinədək Azərbaycanda İran qozası becərilirdi. Sonralar Amerikadan upland növünə aid sortların toxumları gətirilib əkilirdi. Ümumiyyətlə kənd təsərrüfatı və xüsusən pambıqçılıq Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra geniş inkişafa başlayır. İlk illərdə respublikamızda becərilən pambıq sortlarını "zavod qarışıqlığı" adlanan toxumlar təşkil edirdi. Sonralar yeni "Kinq-Qarayazılı" və "Muğan 14" adlı sortlar əldə edilmişdir. Lakin bu sortların təsərrüfatda o qədər də əhəmiyyəti yox idi.
1929-cu ildən etibarən Gəncə Seleksiya Təcrübə stansiyası təşkil ediləndən sonra pambıq bitkisi üzrə ciddi seleksiya işi başlanmışdır. Burada bir müddətdən sonra 915, 114, 146 kimi sortlar yaranmışdır. Bu sortların yaranmasında Malinovski, Mauer və digər seleksiyaçılar yaxından iştirak edirdilər. Respublikamızda birinci sort dəyişkənliyi 1931-ci ildə başladı və 1937-ci ildə respublikamızın kolxoz və sovxozları yalnız Elmi Tədqiqat Pambıqçılıq institutu (ETPİ) yaratdığı sortları becərirdi. Yeni sortların təsərrüfatlarda yayılması pambığın məhsuldarlığını və lifin keyfiyyətini xeyli yüksəltmişdir. Lakin pambıqçılığın inkişafı ilə yanaşı yüngül sənayenin tələbatı pambıq sortlarını artırdı. Bu da yeni sortların aranmasına səbəb oldu. 1938–1939-cu illərdə 1298 adlı yeni pambıq sortu yaranmışdır. Bu sortun yaranması Azərbaycanda ikinci sort dəyişkənliyinin əsasını qoymuşdur və 1946-cı ildə respublikamızda pambıq sahələrinin əsas hissəsi bu sortlarla əhatə olunmuşdur. Lakin bu sortun müsbət əlamətləri ilə yanaşı (yüksək məhsuldar, tez yetişən, qozanın çəkisi 4,8 q, lif çıxımı 35%) bir sıra mənfi xüsusiyyətləri də var idi. Məsələn, lifin uzunluğu 29 mm, lifin bərkliyi zəif və b. sənayenin tələblərini ödəmirdi. Buna görə seleksiyaçıların qarşısına yeni məsələlər qoyulmuşdur ki, bu da respublikanın müxtəlif rayonları üçün yeni yüksək məhsuldar və keyfiyyətli sortlar əldə etməkdir. Azərbaycan ETP institutunun seleksiyaçıları İ. M. Vəliyev başda olmaqla bir sıra tez yetişən yüksək məhsuldar və qiymətli təsərrüfat əhəmiyyətinə malik olan sortlar əldə etmişlər (şəkil 4). Bunlardan 1363, 2173, 2124, 2670 və başqalarını göstərmək olar. 1956-cı ildən etibarən bu sortlardan 2421 və 2421 U (yaxşılaşdırılmış) sortları respublikanın Qərb və Mərkəzi zonaların rayonlarında geniş yayılmışdır. 1967-ci ildə İ. M. Vəliyev və Ə. Hüseynov tərəfindən yeni 2833 adlı sort əldə edilmiş və respublikamızın bir neçə rayonlarında rayonlaşdılırmışdır. Qeyd etdiyimizdən əlavə Azərbaycan ETP institutunun əməkdaşları sonralar yeni yüksək məhsuldar və keyfiyyətli sortlar yaratmışlar. Ə. Hüseynov, N. Kazımov, R. Tağıyev və başqaları bir neçə perspektiv sortlar əldə edib dövlət sortsınağına təhvil vermişlər. Bunlardan 3038 AzNİXİ-33, AzNİXİ-55, Muğan-397 və başqalarını göstərmək olar. 1970-ci ildən bəri 3038 sortu respublikada rayonlaşıb və pambıq tarlalarında əsas yer tutur. 40-cı illərədək Azərbaycan EPT institutunun əməkdaşları Q. Sarana və E. P. Rəcəbli tərəfindən pambıq bitkisinin sitologiyası və embriologiyasını öyrənmək istiqamətində geniş işlər aparılırdı. Lakin 1948-ci il V. İ. Lenin adına UİKT akademiyasının avqust sessiyasından sonra genetika üzrə işlər bərpa edilirdi. 1954-cü ildən əvvəl AKTİ-da sonralar Elmlər Akademiyasının "Genetika və Seleksiya" institutunda Ə. M. Quliyev tərəfindən əməkdaşları ilə birgə və hərtərəfli tədqiqat işlərinə başlanmışdır. Bu işlər bir neçə istiqamətdə aparılır.
- Heterozis hadisəsinin öyrənilməsi;
- Növlərarası və cinslərarası dölsüzlüyün aradan qaldırılması;
- Tətbiqi mutagenez;
- Sintetik seleksiya;
- Səpin qabağı pambıq bitkisinin toxumlarına müxtəlif fiziki amillərə təsir (elektrik cərəyanı, lazer şüaları və s.)
Aparılan işlərin nəticəsində seleksiya işi üzrə külli miqdarda pambıq bitkisi üzrə başlanğıc material əldə olunmuşdur. Bunların içərisində yüksək məhsuldar, tez yetişən, texnoloji xüsusiyyətlərinə görə yüksək keyfiyyətli formalar yardılmışdır.[2]
Dənli, paxlalı bitkilər və qarğıdalı
redaktəAzərbaycanda becərilən ən qədim bitkilər sırasına taxıl, arpa, çovdar, vələmi, darı və qarğıdalını daxil etmək olar. Bunlardan bəziləri məsələn, taxıl, çovdar burada vəhşi halda bitir. Bu da onu göstərir ki, Azərbaycan bəzi növ taxıl bitkilərinin mənşə mərkəzidir. Təsnifata görə dünya üzərində 23 növ taxıl bitkisinə təsadüf edilir. Onlardan 18-i Zaqafqaziyada, 8-i isə Azərbaycanda yetişir. Tarixi dəlillərdən məlum olur ki, Azərbaycanda insanlar əkinçilik ilə qədim zamanlardan bəri məşğuldur. Dənli bitkilərin becərilməsinə, xüsusən taxıl bitkisinin becərilməsinə insanlar 4–5 min il bundan əvvəl başlamışlar. Bu onu göstərir ki, Azərbaycanın torpaq və iqlim şəraiti bu bitkilərin normal inkişafı üçün əlverişlidir. Hazırda respublikamızda ən çox yayılan bərk və yumşaq buğdadır. Sovet hakimiyyəti qurulandan əvvəl respublikamızda becərilən taxılı yalnız xalq seleksiyasının nəticəsində şüursuz seçmənin əsasında yaranan yerli sortlar təşkil edilir. Faktiki olaraq bunlar populyasiyalar idilər. Taxılın orta məhsuldarlığı 1 hektardan, 10 sentnerdən yuxarı olmurdu. Bundan əlavə bu populyasiyaların daxilində çoxlu biotiplər və növ müxtəliflikləri var idi ki, bu da taxıl bitkisinin yeni vaxtda yetişməsini taşkil edə bilmirdi, əkinçilər yığımı bir vaxtda apara bilmirdilər. Dənli bitkilərin bioloji inkişafının xüsusiyyəti seleksiyaçılar qarşısında böyük məsələlər qoymuşdur. Bu da onda ibarət idi ki, bir vaxtda yetişən məhsuldar və yüksək təsərrüfat əhəmiyyətli dənli bitkilərin sortlarını yaratmaq lazım idi. İlk dəfə dənli bitkilər ilə seleksiya işi 1925-ci ildə Gəncə Təcrübə Seleksiya stansiyasında başlanmışdır. Bir müddətdən sonra bu stansiya pambıqçılıq əsasına keçdi. Görkəmli rus genetiki, bitkiçisi, sistematiki N. İ. Vavilovun təşəbbüsü ilə Mir-Bəşir rayonunda Azərbaycan Dövlət Seleksiya stansiyası təşkil olundu.bu stansiyanın əməkdaşları yeni yüksək məhsuldar keyfiyyətli dənli bitkilər yaratmaq üçün geniş və hərtərəfli seleksiya işinə başladılar, xüsusən də taxıl və arpa üzərində. Hazırda həmin stansiya Azərbaycan ET Əkinçilik institutunun nəzdində fəaliyyət göstərir. Azərbaycanda dənli bitkilərin yeni formalarının öyrənilməsinə və müəyyənləşdirilməsinə dair ilk dəfə ekspedisiya 1914-cü ildə L. L. Dekaprileviç tərəfindən aparılmışdır. Bu ekspedisiyanın nəticəsində taxil bitkisinin beş növü müəyyən olunmuşdur. Bunlardan yumşaq buğda, bərk buğda, karlikum, turqidum və polbanı göstərmək olar. Azərbaycan ərazilərində çoxlu sayda bərk buğdanın növ və növ müxtəlifliyinə rast gəlinir. Respublikamızın torpaq-iqlim şəraiti onun becərilməsi üçün çox əlverişlidir. Məlum olduğu kimi, indiyədək təsərrüfatda buğdanın iki növü – yumşaq və bərk buğda geniş yayılmışdır. Bu iki növ həm bioloji və biokimyəvi xassələrinə, həm də texnoloji keyfiyyətlərinə görə fərqlənir. Olkəmizdə bərk buğdaların əkin sahəsi yumşaq buğdadan sonra ikinci yeri tutur. Bərk buğdalar istisevən bitki olub, isti iqlimli düzən və dağətəyi sahələrdə becərilir. Respublikamızda 800 metr dəniz səviyyəsindən aşağı olan ərazilərdə, o cümlədən nəmlik az təmin olunmuş ərazilərdə (Cəlilabadda, Biləsuvarda, Şəkidə və digər rayonlarda) əkilir. Suvarılan aran rayonlarda məhsuldarlıq yumşaq buğda sortları səviyyəsində məhsul verirlər. Hətta "Tərtər" və "Qaraqılçıq 2" bərk buğda sortları Özbəkistanda və Türkmənistan respublikasının Göy Təpə sort sınağı stansiyasında əkilərək, hektardan 50–70 sentner məhsul götürülür.[3] Azərbaycanda qədim dövrlərdən bəri yabanı halda yayılmış bir çox bitkilər vardır ki, bunlar insanlar tərəfindən seçilib becərilmiş və nəticədə mədəni hala salınmışdır. Yabanı halda bitən bir çox bitki formaları onların mədəni sortları ilə müqayisə edilsə, sonuncuları nə qədər inkişaf etmiş olduğu asanlıqla gözə çarpar. Ağsu dağlarının cənub və cənub-şərq yamaclarında (Böyük Qafqaz dağlarının şərq yamaclarında) yabanı halda geniş yayılmış Triticum araraticum Jakubz növünün formaları ilə mədəni buğda sortlarının müqayisəsi də buna parlaq sübutdur. Bu buğda növü ilk dəfə 1931-ci ildə M. M. Yakubsiner tərəfindən Azərbaycan ərazisində — Naxcıvanın Əznəbürt kəndi yaxınlığındakı dağlarda (Kiçik Qafqazın Dərələgöz sıra dağlarının cənub ətəklərində) başqa yabanı buğda bitkisi formaları ilə (Triticum aegilopoides Balans) birlikdə tapılmışdır. Azərbaycanda bitən arpa bitkisinin bir çox yabanı formalarını (bulbozum və spontanium), həmçinin yabanı birillik və çoxillik çovdar bitkilərini onların mədəni sortları ilə müqayisə etdikdə bu sonuncuların üstünlüyü nəzərə çarpır. Göstərdiyimiz misallar insan fəailiyyəti nəticəsində (becərmə, seçmə və hibridləşdirmə) bitki orqanizminin təbiətini dəyişdirməyn mümkün olduğunu bir daha sübut edir.[4]
Beləliklə, sistemetik təsnifata görə Cənub bölgəsində 4 Aegilops növünün yayıldığı müəyyən edilmişdir. Ən az yayılan Ae. biuncialis növü olmuşdur. Ən geniş yayılanı isə Ае. tauschii növüdür ki, 16 marşrutdan 14-ündə rast gəlinmişdir. Bu bölgədə Ае. tauschii növünün iki yarımnövü subsp. tauschii və subsp. strangulata (Eig) Tzvel. rast gəlimişdir və qeyd etməliyik ki, subsp. strangulata yarımnövü yalnız Cəlilabad rayonu ərazisindən toplanmışdır. Bölgədən 37 nümunə (1 diploid, 3 tetraploid) toxum materialı və 65 nüsxə herbari materialı toplanmışdır. Abiotik streslərə davamlılıq və mühit arasındakı qarşlıqlı əlaqələrin təhlili bizə göstərir ki, Ae. tauschii, Ae. triuncialis, Ae. cylindrica növlərinin daha yüksək adaptivliyə malik olmuşdur. Nəticədə 16 marşrut üzrə 14 Ae. tauschii, 4 Ae. biuncialis, 9 Ae. cylindirica, və 10 Ae. triuncialis növlərinə aid nümunələr əldə edilmişdir. Toplanılmış toxum materialları AMEA Genetik Ehtiyatlar İnstitutunun "Milli Genbank"ına təhvil verilmişdir.[5]
Hələ ötən əsrin 80-ci illərinin əvvəllərində akademik Cəlal Əliyevin işləyib hazırladığı "İdeal buğda" bitkisi modelinin testləri əsasında seleksiya materiallarının seçilməsi və qiymətli formalar yaradılması işi daha sürətlənib. Bunun nəticəsi olaraq, həmin illərdə bir çox qiymətli buğda hibridləri yaradılıb, respublikamızın müxtəlif regionlarındakı bölgə-təcrübə stansiyalarında ekoloji sınaqlardan keçirilib. Onların stabil, yüksək məhsuldar, keyfiyyətli formaları seçilərək Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim olunub.[6]
Yem bitkiləri
redaktəMəlumdur ki, Azərbaycanda heyvandarlıq kənd təsərrüfatının ən qədim sahələrindən biridir. Bu sahədə bir neçə yüz il bundan əvvəl məşğul olmağa başlanılıb. Heyvandarlığın əsas yem mənbəyi təbii qış və yay otlaqları idi. Malqaranın qış dövründə əsas yemlənən yeri Mil-Qarabağ, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qəbələ-Oğuz, Gəncə-Qazax zonalarının otlaqları təşkil edirdi. Sonralar bu təbii otlaqlardan səmərəli istifadə etmək üçün və yem bitkilərinin tədarükünü artırmaq üçün elmi tədqiqat işlərinə başlanıldı. Bu işlər əsasən üç istiqamətdə gedirdi:
- Respublikamızda yem bitkilərinin floristik tərkibinin öyrənilməsi;
- Otlaqların yem qiymətini müəyyənləşdirmək;
- Otlaqları gələcəkdə yaxşılaşdırılmaq.
Bu məsələlərin həlli 18-ci əsrdən başlayaraq müxtəlif vaxtlarda aparılmışdır. Məsələn, S. Q. Qmelik 1770-ci ildə Qobustan otlaqlarını öyrənmişdir. 1887–1895-ci illərdə X. A. Vermişev və V. N. Qeevski tərəfindən ilk dəfə olaraq Azərbaycanın bəzi rayonlarının heyvandarlığı və qış otlaqlarının vəziyyəti haqqında bir neçə əsərlər dərc olunmuşdur. 1810–1901-ci illərdə botaniklərdən X. X. Steven, E. K. Eyxvald, K. A. Meyer, Q. İ. Radde və başqaları respublikanın yarımsəhralarının bəzi rayonlarını təbii yem bazasını öyrənmişlər.
Azərbaycanda yem bitkiləri üzərində seleksiya işinə 1926-cı ildə Gəncə seleksiya stansiyasında (müasir AETPİ) başlanmışdır. Bu işə V. V. Turtseva rəhbərlik edirdi. Tədqiqatlar göstərmişdir ki, yem bitkilərindən ilk növbədə ən əlverişlisi yoncadır. Bu çoxillik yem bitkisi tərkibində həm zülalın faizinin çox olamsı, həm də torpağın azot ilə zənginləşdirilməsinə görə digər yem bitkilərindən xeyli fərqləndiyi üçün alimlərin nəzər-diqqətini cəlb etmişdir. Bundan əlavə respublikamızın pambıqçılıq zavodlarında bu bitki növbəli əkində xüsusi yer tutduğu üçün seleksiyaçılar tərəfindən yonca bitkisinin seleksiyasına ciddi fikir verilirdi.
Tərəvəzçilik
redaktəAzərbaycan ərazisində tərəvəz və bostan bitkiləri qədim zamanlardan bəri becərilir. Lakin inqilabdan qabaq şüurlu toxumçuluq və seleksiya işi bu bitkilərlə təşkil olunmadığı üçün o zaman elmi seleksiya yolu ilə sort yaradılmamışdır. Yerli əhali əsasən xalq tərəfindən yaradılmış yerli tərəvəz və bostan bitkilərinin sortlarını əkirdi. Onlardan bəziləri bir çox qiymətli təsərrüfat əlamət və xüsusiyyətlərinə malik olduğu üçün bu günə qədər də respublikamızda becərilməkdədir. Bunlardan məşhur olan "Cəfərxan" qarpız sortu, "Gəncə" xiyar sortu, "Hövsan" və "Masallı" soğan sortları, "Abşeron" yemiş sortları və s.
İnqilabdan sonra Azərbaycanda seleksiya işi bu bitkilər üzrə ildən-ilə genişlənməyə başladı. Məsələn, 1925-ci ildə Mərdəkan qəsəbəsində Ümumittifaq Bitkiçilik institutunun Azərbaycan bölməsi təşkil olunmuşdur. Bu bölmədə bəzi tərəvəz bitkilərinin (bibər, pomidor, badımcan) kolleksiyası yaradılıb öyrənilmişdir.
Meyvəçilik və üzümçülük
redaktəAzərbaycan ərazisində müxtəlif meyvə və üzüm bitkiləri geniş yayılmışdır. Respublikanın bir çox rayonlarında müxtəlif meyvə və üzüm bitkiləri kolxoz və sovxozların iqtisadiyyatında əsas yer tutur. Məsələn, Quba və Xaçmaz rayonları Azərbaycanda əsas meyvəçilik rayonlarından biri kimi tanınır. Üzümçülük isə xüsusən Şamaxı, Mil və Qarabağ düzənliklərində yerləşən rayonlarda əsas yer tutur. Azərbaycanda geniş yayılmış meyvə bitkilərindən alma, qoz, fındıq, şabalıd, və başqalarını misal göstərmək olar. Azərbaycanda bu bitkilərin qədim zamanlardan becərilməyinə baxmayaraq seleksiya işi bu bitkilərlə 20-ci əsrin 20-ci illərindən başlanmışdır. 1930–1935-ci illərədək bu bitkilərdə tədqiqat işləri ekspedisiya şəklini daşıyırdı. AKTİ-n meyvəçilik kafedrasının əməkdaşları tərəfindən tələbələrlə birgə yerli alma, armud, heyva, zoğal, gilas və digər meyvə bitkilərinin müxtəlifliyi öyrənilmişdir.
İstinadlar
redaktə- ↑ İ. K. Abdullayev. Azərbaycanda genetika və seleksiya. Elm nəşriyyatı, Bakı-1979, səhifə 186.
- ↑ R. Ə. Quliyev. Genetikanın əsasları ilə bitkilərin seleksiyası. Bakı universiteti nəşriyyatı, Bakı-1993, səhifə 207.
- ↑ Bərk buğda: ətirli çörək (2010). Əsəd Cənnət oğlu Musayev. [Məqalə].
- ↑ İ. D. Mustafayev. Azərbaycanda buğda bitkisinin seleksiyası. Azərbaycan SSR elmlər akademiyası nəşriyyatı, Bakı-1958, səhifə 106.
- ↑ Journal of Qafqaz University, Chemistry and Biology. (2015). Azərbaycanin cənub bölgəsində yayilmiş Aegilops L. Növlərinin ekoloji-botaniki tədqiqi. Məhəmməd Eldarov, Genetic Resources Institute of ANAS Azadliq ave.. 155. [Məqalə].
- ↑ Azərbaycan biologiya və seleksiya elminin Cəlal Əliyev zirvəsi. (2010).[Məqalə].