Azerbaycanda Pambiqciliq - Wikipedia
Azərbaycanda pambıqçılıq — Azərbaycan Respublikasında pambıq bitkisinin becərilməsi və xam pambıq istehsalı ilə məşğul olan bitkiçilik sahəsi. Azərbaycanda kənd təsərrüfatı iqtisadiyyatının aparıcı sahələrindən biri olan pambıqçılıq aqrar islahatından sonra müvəqqəti tənəzzülə uğrasa da, hazırda fermer təsərrüfatlarında da ildən-ilə pambıq istehsalının artırılmasın xüsusi fikir verilir.
Tarixi
redaktəAzərbaycanda pambıqçılığın ilk inkişafı haqda dəqiq ədəbiyyat məlumatı yoxdur. Azərbaycanda pambıqçılığın hətta XIX əsrin əvvəlinə qədər olan vəziyyəti haqda yalnız natamam məlumatlar mövcuddur. Güman edildiyinə görə pambıq bitkisi Azərbaycana İran və İraqdan keçmişdir. Bəzi dəqiq mənbələrin məlumatlarından müəyyən olur ki, 1823-cü ildən dəmir yoluna yaxın olan Gəncə, Göyçay, Ağdaş və digər qəzalarda, eyni zamanda Naxçıvanda da kütləvi sürətdə pambıq əkilmişdir. Həmin vaxtlar pambıqçılığın 39,1 %-i Mil-Qarabağ, 32,8%-i Muğan-Salyan, 19,8%-i Şirvan və 8,3%-i Gəncə-Qazax zonasının payına düşürdü. Pambıq istehsalı ilk əvvəllər yerli əhalinin və kustar karxanalarının tələbatı üçün idisə, sonralar xanlara-bəylərə kömürük vermək üçün becərilirmiş. Əkilən pambıq sortu "Qaraqoza" adlanmaqla, lifləri gödək və kobud idi.
Rusiyanın tərkibinə keçdikdən sonra Azərbaycanda pambıqçılığın inkişafı ilə əlaqədar olaraq pambıqtəmizləmə sənayesi də yüksəlirdi. Pambıqtəmizləmə müəssisələri, əsasən, pambıq əkilən zonalarda yerləşirdi. İlk müəssisələr çox kiçik idi. 1903-cü ildən zavod istehsalına keçildi. Buxar və neftlə işləyən mühərriklərin gücü ilə hərəkətə gətirilən maşınlar tətbiq edildi. 1912-ci ildə Yelizavetpol quberniyasında 28, Bakı quberniyasında 22 pambıqtəmizləmə zavodu vardı. Əsas pambıqtəmizləmə zavodları Yelizavetpol şəhərində və Ağdaşda yerləşirdi. Naxçıvan qəzasında 51 zavod olsa da, onların əksəriyyəti çox kiçik idi və texnika ilə təchiz edilməmişdi. Həmin ildən pambıqtəmizləmə texnologiyasında pnevmatik sistemə keçilməyə başlandı. İndi xam pambıq kotton-cinə verilib çiyiddən ayrıldıqdan sonra presləmə sexinə aparılıb preslənməsi prosesi avtomatik daşıyıcı vasitəsilə həyata keçirilirdi. İlk vaxtlar toxumluq çiyid Orta Asiyadan gətirilirdi. Sonralar toxum yerli təsərrüfatlarda hazırlandı, hətta başqa yerlərə də aparıldı. Azərbaycanda mahlıcın orta illik istehsalı ilk vaxtlar 900 min puda yaxın, 1910-1913-cü illərdə iki milyon puddan çox, müharibə illərində isə 1,1 milyon puddan çox olmuşdur. Mahlıc, başlıca olaraq, Moskvanın, Polşanın və Riqanın toxuculuq fabriklərinə göndərilirdi. 1913-cü ildə Azərbaycanın pambıqtəmizləmə müəssisələrində 1000 nəfərdən artıq fəhlə işləyirdi. Onlardan 130 nəfərə qədəri Naxçıvan qəzasının payına düşürdü. Yelizavetpol və Bakı quberniyalarında hər zavodda 10-20 nəfər və daha artıq fəhlə işləyirdi. Petropavlovkada Moskvanın «Vokau və K°» şirkətinə məxsus bir zavodda hətta 100 nəfərə yaxın fəhlə çalışırdı.
Pambıqtəmizləmə müəssisələri, əsasən, ticarət evlərinə (şirkətlərə) məxsus idi. Pambıq emalı sənayesində təmərküzləşmə prosesi getdikcə güclənir, səhmdar cəmiyyətləri meydana gəlirdi. Hacı Məmmədsadıq Əliyevin təşkil etdiyi «Əliyev qardaşları» şirkətinin Ucarda pambıqtəmizləmə zavodu, çoxlu ticarət müəssisəsi vardı. 1911-1912-ci illərdə Yelizavetpolda ayrı-ayrı ticarət evləri müqavilə əsasında birləşərək, «Xlopok», «Ulduz» və «Ümid» ticarət-sənaye şirkətlərini təşkil etdilər. 1912-ci ildə Qarabağın ən böyük torpaq sahibi Xasay xan Üsmiyevdən 8 min desyatindən artıq torpaq sahəsi satın alınaraq, «Qafqaz pambığı» səhmdar cəmiyyəti təsis olundu. Cəmiyyətin maldarlıq və pambıqçılıq təsərrüfatları, Ağdam yaxınlığında cins at yetişdirilən zavodu ilə yanaşı, bir neçə pambıqtəmizləmə zavodu vardı. Səhmdar cəmiyyətlərinin çoxu fərdi-ailə müəssisələri əsasında yaranırdı. Arzumanovun ticarət evi əsasında «B. Arzumanov sənaye-ticarət pay» səhmdar şirkəti yaradıldı. Onun səhmlərinin çoxu şuşalı tacirlərin əlində idi. Cəmiyyətin Yelizavetpol, Ağdaş, Ləki və başqa yerlərdə bir neçə pambıqtəmizləmə zavodu vardı.
"İsgəndərov qardaşları" ticarət evinin başçısı M. İsgəndərov tərəfindən yaradılmış «Muğan» ticarət-sənaye səhmdar cəmiyyətinin Cavad qəzasında bir neçə pambıqtəmizləmə zavodu, habelə geniş pambıq əkini sahələri vardı və s. Müəssisələrin təmərküzləşməsində iri sənaye kapitalı müəyyən rol oynayırdı. Məsələn, «Vokau və K°» konsernin bir neçə pambıqtəmizləmə zavodu vardı. Hələ 1898-ci ildə H. Z. Tağıyev tərəfindən «Bakıda H. Z. Tağıyevin lifli cismlərin emalı üzrə Qafqaz səhmdar cəmiyyəti» yaradılmışdı. Cəmiyyətin ilkin səhmdar kapitalı 2 milyon manat idi. Sonra bu kapitalın məbləği iki dəfədən çox artırılmışdı.
1901-ci ilin əvvəlində cəmiyyət tərəfindən Bakının Zığ kəndində toxuculuq fabriki tikilib istifadəyə verildi. Bu, Qafqazda ilk və ən iri pambıq-parça toxuma müəssisəsi idi. Fabrikdə müntəzəm olaraq 1100 nəfərdən çox, 1912-ci ildə isə 1400 nəfərdən artıq fəhlə işləmişdir. O, çoxu xaricdən alınıb gətirilmiş müasir texniki avadanlıqla təchiz olunmuşdu. Fabrik, əslində, iri istehsal kompleksi idi. Burada 40 desyatin sahəsi olan bir ərazidə fəhlə və qulluqçuların yaşaması üçün qəsəbə salınmış, məktəb binası, şor suyu şirinləşdirici stansiya və elektrik stansiyası tikilmişdi. Fabrikin özünün ambulatoriyası, paroxodu və anbarları vardı. Fabrikin xammala olan ehtiyacını ödəmək üçün Tağıyevin qəzalarda geniş pambıq əkini sahələri və bir neçə pambıqtəmizləmə zavodu vardı. Tağıyevin fabriki orta hesabla ildə 2 milyon manatlıq məhsul istehsal etmişdi. 1911-ci ildə fabrikin təqribən 81 min manat gəliri olmuşdur. 1913-cü ildə H. Z. Tağıyev rus kapitalistləri tərəfindən hələ iki il əvvəl Port-Petrovskda (indiki Mahaçqala) yaradılmış və bir sıra sənaye-ticarət şirkətlərini birləşdirən «Kaspi manufakturası cəmiyyəti»nin səhmlərini öz əlinə keçirərək, onun sahibi oldu. O, cəmiyyətin idarə heyətini Moskvadan Bakıya köçürdü. H. Z. Tağıyev cəmiyyətin əsas kapitalının həcmini iki dəfə artıraraq 2 milyon manata çatdırdı. 1914-cü ilin yayında «Bakıda H. Z. Tağıyevin lifli cismlər emalı üzrə Qafqaz səhmdar cəmiyyəti» ilə «Kaspi manufakturası cəmiyyəti»nin istehsal fəaliyyətini birləşdirən «H. Z. Tağıyevin birləşmiş fabriklərinin kontoru» təşkil edildi. Birinci dünya müharibəsi illərində «H. Z. Tağıyevin birləşmiş fabriklərinin kontoru», əsasən, hərbi sifarişləri yerinə yetirmişdi. Təkcə 1915-ci ildə cəbhənin ehtiyacları üçün 4 milyon metr bez və 300 milyon metr parusin göndərilmişdi.[1]
1913-cü ildə, əsrin əvvəlində olduğuna nisbətən 5,5 dəfə çox—105 min desyatin sahədə pambıq əkilmiş və 5 milyon puddan artıq məhsul götürülmüşdür. Pambıq əkmək xeyli zəhmət tələb etsə də, çox sərfəli idi. O zaman xam pambığın pudu buğdanın pudundan 12 dəfə, arpanın pudundan 17 dəfə, çəltiyin pudundan 7 dəfə baha olub, 77 manata satılırdı. Pambıq bütünlüklə əmtəə məhsulu idi. Rusiya sənayesinin pambığa olan tələbatı sürətlə artırdı. Hər il Amerikadan milyonlarla pud pambıq mahlıcı alınırdı. Ona görə çar hökuməti Azərbaycanda pambıqçılığı inkişaf etdirmək üçün bir sıra tədbirlər həyata keçirdi. 1907—1911-ci illərdə Muğan və Mil düzlərində ümumi uzunluğu 500 km-ə çatan magistral və qol kanalları çəkildi. 50 min desyatin torpaq sahəsinə su çıxarıldı. Pambıq əkini sahələri genişləndi. Həmin yerlərdə Rusiyadan köçürülən rusların yeni məskənləri meydana gəldi. Pambıqçılıq texnikası ləng də olsa, irəliləyirdi. Bir sıra iri təsərrüfatlarda toxumsəpən maşınlardan, kultivatorlardan, dəmir dırmıxlardan, hətta traktorlardan istifadə olunmağa başladı. Cərgəli əkinə keçid sürətləndi. Birinci Dünya müharibəsi illərində pambıq əkini sahələri üç dəfəyə yaxın azalaraq, 1917-ci ildə 37 min desyatinə endi.
XXI əsrdə
redaktə1981-ci ildə Azərbaycanda pambıq tədarükü 1 milyon tona çatmışdır. 2015-ci ildə cəmi 18 min hektarda pambıq əkilmişdir və 35 min ton məhsul tədarük edilmişdir. 2016-cı ildə artıq 51 min hektarda pambıq əkildi və 89 min ton pambıq tədarük edildi. 2017-ci ildə 136 min hektarda pambıq əkildi və 207 min ton məhsul götürüldü. 2018-ci ildə əkin sahələri azalmağa başladı və 132 min hektarda pambıq əkildi. Ancaq daha çox məhsul, 233 min ton pambıq istehsal olundu. Hektardan məhsuldarlıq artdı və 17,6 sentnerə qalxdı. 2019-cu ildə isə ən optimal variant təsdiqlənərək, 100 min hektarda pambıq əkildi və 294 min ton məhsul götürüldü. Hektardan məhsuldarlıq artaraq 29,4 sentner olmuşdur. Tarixdə cəmi üç il Azərbaycanda hektardan məhsuldarlıq 30 sentnerdən çox olmuşdur. Bu, 1979-cu ildə 30,8 sentner, 1980-ci ildə 35,4 sentner və 1981-ci ildə 35,9 sentner təşkil etmişdir.[2] Azərbaycan prezidenti İlham Əliyev öz çıxışında ölkədə pambıq istehsalının yenidən Sovet dövründəki səviyyəyə qaldırılacağını bildirib.[3]
İqtisadiyyata təsiri
redaktəDünya bazarında 1 kiloqram pambığın qiyməti 1-2 ABŞ dolları arasıdır. 2019-cu ilin ilk doqquz ayında pambıqçılıq fermerlərə və şirkətlərə, ümumiyyətlə, Azərbaycana 111 milyon dollar gəlir gətirib: 87 milyon dollarlıq mahlıc, 22,5 milyon dollarlıq pambıq ipliyi və 2 milyon dollarlıq pambıq yağı ixrac edilib. İddialara görə Azərbaycanda pambıqçılıq sahəsində 200 minə qədər insan məşğul olur.[4] 2020-ci ildə Azərbaycanda pambıq qəbulu məntəqələrinə 270 min 993 ton məhsul təhvil verilib. Bu, 2019 -cu ilin eyni dövrü ilə müqayisədə 34,7 faiz çoxdur.[5]
Qanunvericilik bazası
redaktə11 may 2010-cu il tarixində "Pambıqçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir[6].
İstinadlar
redaktə- ↑ Azərbaycan XX Əsrin Əvvəllərində Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine T.Ə. Əzizov, Bakı-"Zaman"-1997
- ↑ "İlham Əliyev cəmi 4 ildə pambıqçılığın necə dirçəldiyinə dair rəqəmləri açıqladı". 2021-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-19.
- ↑ "İlham Əliyev: "Pambıqçılıq Sovet dövrünün səviyyəsinə qaldırılacaq"". 2021-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-19.
- ↑ Heydərov, Pərviz. "Pambıqçılıq Azərbaycana nələr verə bilər – TƏHLİL". https://azvision.az (az.). İstifadə tarixi: 16 yanvar 2020.[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-20.
- ↑ "Pambıqçılıq haqqında" Arxivləşdirilib 2022-03-20 at the Wayback Machine Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli, 1012-IIIQ nömrəli Qanunu. e-qanun.az (az.)