Azerbaycanda Kend Teserrufati - Wikipedia
Azərbaycanda kənd təsərrüfatı — Azərbaycan iqtisadiyyatının bir hissəsini təşkil edən təsərrüfat sahələrindən biri. 2006-cı ildə kənd təsərrüfatında bütün məşğul əhalinin 39,1%-i cəmləşmişdir. Azərbaycanda istehsal edilən ÜDM 5,7 % (2012).[1] kənd təsərrüfatının payına düşür. 2014-cü ildə respublikada ÜDM-də kənd təsərrüfatının payı 5,3%[2] olduğu halda, 2015-ci ildə bu rəqəmin 6,2% təşkil etmişdir. 2015-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5635,3 milyon manat olmuşdur. 2015-ci ildə 2999,0 min tona yaxın taxıl istehsal olunmuş, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 25,8 faiz çoxdur. Həmçinin 2015-ci ildə sahələrdən 839,8 min ton və ya əvvəlki ilə nisbətən 2,5 faiz çox kartof, 1273,3 min ton və ya 7,2 faiz çox tərəvəz, 484,5 min ton və ya 9,9 faiz çox bostan məhsulları, 886,3 min ton və ya 4,2 faiz çox meyvə və giləmeyvə, 578,9 ton və ya 22,1 faiz çox yaşıl çay yarpağı, 157,0 min ton və ya 6,3 faiz çox üzüm yığılmışdır.
2015-ci il ərzində ölkədə diri çəkidə 515,6 min ton ət, 1924,4 min ton süd, 17,0 min ton yun və 1538,6 milyon ədəd yumurta istehsal edilmişdir. 2014-cü illə müqayisədə 2015-ci ildə ət istehsalı 2,0 faiz, süd istehsalı 3,7 faiz, yun istehsalı isə 1,4 faiz artmışdır.
Azərbaycanda kənd təsərrüfatının tarixi
redaktəAzərbaycan Xalq Cümhuriyəti dönəmi
redaktəAzərbaycan Xalq Cümhuriyyətində Neft sənayesi nəzərə alınmasa, 1918–1920-ci illərdə ölkə iqtisadiyyatı daha çox aqrar xüsusiyyət daşımışdır. Azərbaycanda həmin dövrdə iribuynuzlu mal-qaranın sayı 1 milyon baş, atların sayı 150 min baş, camışların sayı 300 min baş, dəvələrin sayı 12 min baş, qoyunların və keçilərin sayı 1,5 milyon baş təşkil etmişdir[3].
SSRİ dönəmi
redaktə1986-cı ildə respublikada 808 sovxoz və 608 kolxoz vardı. Kənd təsərrüfatına cəlb olunmuş 4.1 mln ha torpaq sahəsi vardı:
- əkin sahəsi — 1,4 mln ha.
- otlaq — 2,1 mln ha.
Əkilən torpaq sahələri— 1,33 mln (1986).
Əkinçilik kənd təsərrüfatı istehsalının 70 % ödəyirdi. Əsas texniki bitki əkini pambıqılıq idi. 1986-cı ildə 784 min ton pambıq istehsal edilmişdi. Pambıqçılıq əsasən Kür-araz ovalığında cəmləşmişdi. Böyük və Kiçik Qafqazın ərazisində tütün, Lənkəran ovalığında çay yetişdirilirdi. Əkinçiliyin 31 % taxılçılıq sahəsini təşkil edirdi. Respublikada 1986-cı ildə 855 min ton tərəvəz, 1539 min ton üzüm istehsal olunmuşdu. Subtropik meyvə istehsalı önəmli yer tuturdu: Nar, əncir, heyva və s. Ətlik və südlük istiqamətli heyvandarlıq inkişaf etmişdi. Respunlikada 2 mln baş iribuynuzlu, 5.7 mln baş isə qoyun və keçi vardı. İpəkçilik inkişaf edirdi.
Müstəqillik dönəmi
redaktəMüstəqillik illərində kənd təsərrüfatının inkişafına nəzər saldıqda 1992–1995-ci illərdə kənd təsərrüfatında ümumi məhsul istehsalı hər il orta hesabla 12 faiz aşağı düşdüyü halda, 1996-cı ildən başlayaraq (1997-ci və 2014-cü illər istisna olmaqla) davamlı olaraq artmışdır və 2015-ci ildə artım 6,6% təşkil etmişdir. 2015-ci ildə heyvandarlıq məhsulları üzrə artım 2,5 faiz, bitkiçilik məhsulları üzrə isə 11,3 faiz olmuşdur. Hazırda respublikada heyvandarlığın intensiv inkişafında əsas problemlərdən biri isə yem bazasının zəif olmasıdır.
2016-cı ilin 6 ayının rəqəmləri də göstərir ki, respublikada ÜDM-in azalması fonunda, kənd təsərrüfatında 3,1 faiz artım qeydə alınmışdır. Bu müddətdə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2500.9 milyon manat olmuş və istehsal edilən kənd təsərrüfatının məhsulunun 57,4 faizi heyvandarlıq sahəsinin, 42,6 faizi isə bitkiçilik sahəsinin payına düşmüşdür.
Kənd təsərrüfatı məhsullarının ixracına gəlincə isə meyvə-tərəvəz məhsulları ixracı 2015-ci ildə 312 milyon ABŞ dolları olmuşdur. 2016-cı ilin yanvar-iyun aylarında 190,2 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulları ixrac olunmuşdur. Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 33,5 faiz artmışdır. 2014-cü ilin 6 ayı ərzində meyvə tərəvəzin ixracda payı 1.1 faiz, 2015-ci ilin 6 ayı ərzində 2.0 faiz idisə, 2016-cı ilin analoji dövründə bu göstərici 4.4 faizə qalxmışdır.
Bitkiçilik
redaktəTaxılçılıq
redaktəAzərbaycanın ənənəvi kənd təsərrüfatı sahələrindən sayılır. 1909–13 illərin məlumatına görə, Azərbaycanda adambaşına taxıl istehsalının həcmi dünya üzrə müvafiq göstəricidən (233 kq) 2,5 dəfə, həmin dövrdə inkişaf etmiş ölkələr sayılan Almaniya, Fransa, İsveç kimi ölkələrin göstəricilərindən (455 kq) 1,3 dəfə yüksək olmuşdu. Hazırda ölkədə qıda təhlükəsizliyini təkil etmək məqsədilə Dövlət Toxum Fondu fəaliyyət göstərir.
Tütün istehsalı
redaktə2016-cı ildə Azərbaycanda 2 500 ha sahədə tütün əkilib, onun 1 700 ha "Virginya" sortu, qalanı yerli sortlar olub.[4]. Elə həmin il 2360 hektar sahədən 3585 ton, hektardan 15,2 sentner təşkil etməklə məhsul yığılmışdır.[5]
Pambıqçılıq
redaktəKartof istehsalı
redaktəSSRİ dövründə kartofçuluq respublikada zəif inkişaf etmiş kənd təsərrüfatı sahələrindən biri idi və əhalinin bu məhsula olan tələbatı əsasən Belorusiyadan, Baltikyanı respublikalardan və Rusiyadan gətirilən məhsul hesabına ödənilirdi. Müstəqilliyin ilk illərində ölkənin kartofa olan tələbatının ödənilməsində idxal böyük paya malik idisə, hazırda hər il 50 min tondan çox faraş kartof ixrac edilir. Statistik məlumatlara görə, 1990-cı ildə ölkədə 185.2 min ton kartof istehsal edilirdisə, 2015-ci ildə bu 839,8 min tona çatmışdır. İstehsalındakı artım tək sahələrin genişlənməsi hesabına deyil, həm də məhsuldarlıqda artıma nail olunması nəticəsində gerçəkləşmişdir. Belə ki, 1990-cı ildə kartofun 1 hektardan məhsuldarlığı 78 sentner olduğu halda 2014-cü ildə 152 sentnerə çatmışdır
Çəltikçilik
redaktəAzərbaycanda 1913-cü ildə 47100 ha sahədən 33 min ton (hər hektara 7 sentner), 1928-ci ildə 50100 ha-dan 102 min ton (20.4 sentner), 1967-ci ildə 7100 ha-dan 11.9 min ton (16.1 sentner), 2010-cu ildə isə 1500 ha-dan 8 min ton (50 sentner) taxıl istehsal edilmişdir. 2012-ci ildə əkilən taxil sahəsi 1685 ha çatdırılmışdır.
Çay istehsalı
redaktəÇay bitkisi ilk dəfə 1912-ci ildə Azərbaycanın Lənkəran bölgəsinə gətirilərək orada əkilib və ilk dəfə olaraq çay zavodu 1937-ci ildə Lənkəranda tikilib. Bundan sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb.[6]
Azərbaycanda 1970–1980-ci illərdə 36 min hektar sahədə çay əkilib becərilib və 34 min tondan çox çay istehsal edilib. Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə ölkədə 474.2 ton çay yarpağı istehsal olunub. Bu rəqəm 2013-cü ilin göstəricisi ilə müqayisədə təqribən 20 faiz azdır. Həmin il 567.5 ton çay yarpağı istehsal olunmuşdu[7]
"Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamına uyğun olaraq hazırlanmış 2018-ci il 12 fevral tarixli "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı" ölkəmizdə çayçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə, çay istehsalına marağın artırılmasına yönəldilmişdir.[8]
Üzüm istehsalı
redaktəAzərbaycanda üzümlüklərin ümumi sahəsi 1984-cü ildə 280 min hektara çatdırılmış, həmin il ilk dəfə olaraq 2,1 milyon ton üzüm istehsal edilmiş, hər hektardan məhsuldarlıq 100 sentner olmuşdur. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2014-cü il sentyabrın 1-nə kimi sahələrdən 37,1 min ton (2013-cü illə müqayisədə 5,2 min ton çox) üzüm toplanmışdır[9].
Meyvə istehsalı
redaktəMeyvəçilik Azərbaycanın kənd təsərrüfatının ixtisaslaşmış sahələrindəndir. Azərbaycanda tumlu meyvələr üzrə Quba-Xaçmaz, qərzəxli meyvələr (şabalıd, qoz, fındıq) üzrə Şəki- Zaqatala, çəyirdəkli (ərik, şaftalı) meyvələr üzrə Naxçıvan MR, quru subtropik meyvələr (nar, heyva) üzrə Kür-Araz, sitrus meyvələr (naringi, portağal, feyxoa, limon) üzrə Lənkəran, cənub bitkiləri (əncir, zeytun, püstə, badam və s.) üzrə Abşeron yarımadası ixtisaslaşmışdır. Azərbaycanın ən iri meyvəçilik rayonu Qubadır. İstehsal olunan meyvənin 2/3 -ni Quba-Xaçmaz, 15%-ni isə Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonları verir. Qərzəxli meyvələrin istehsalının 95%-i Şəki-Zaqatala iqtisadi rayonunda cəmləşib. Kür-Araz və Yuxarı Qarabağda çoxlu tut ağacı vardır.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2011-ci ildə ölkəmizdə meyvə bağlarının əkin sahəsi 130467 hektar olmuşdur. Bağlardan 765818 ton meyvə (üzüm istisna olmaqla) yığılmışdır ki, hər hektardan məhsuldarlıq 71,7 sentener təşkil etmişdir[10].
Gülçülük
redaktəHeyvandarlıq
redaktəQaramal
redaktəAzərbaycanda 1 oktyabrın 2016-cı il məlumatına görə qaramalın sayı 2 milyon 526,5 min baş təkil etmişdir.
Qoyunçuluq
redaktəAzərbaycanda 2016-cı il məlumatına görə 8,7 milyon baş qoyun və keçi vardır (davar). İldə 70 min ton qoyun əti və 17 min ton yun istehsal olunur. 2014-cü ildə hər baş qoyundan orta hesabla 2,0 kq yun qırxılmışdır.
Camışçılıq
redaktəCamışçılıq Azərbaycanda südlük və ətlik istiqaməlidir. Azərbaycanda camış südünün standart yağlılığı orta hesabla 7,6 % olur. Azərbaycanda yetişdirilən Azərbaycan camışı adlı cinsdən il ərzində maksimum 2000–3000 kq süd almaq mümkündür. Dişilərin damazlıq fermalarda maksimal çəkisi 686 kq, erkəklərdə isə 720 kiloqrama çatır. Bəziləri vardır ki, 900–1000 kq çəki ala bilir. Hazırda əsasən fərdi təsərrüfat sahələrimdə saxlanılır. Azərbaycanda müstəqillik illərində camışçılığa maraq olduqca azalmışdır[11]. Son illər sayında azalma müşahifə edilir. 2015-ci ildə 249.1 min, 2016-cı ildə 239.2 min, 2017-ci ildə 211.4 min, 2018-ci ildə isə 193.6 min başa qədər azalmışdır[12]. Azərbaycanda illərə görə camışların sayı:
İllər | Camışların sayı (min) | Ana camışların sayı (min) |
---|---|---|
1968 | 425,8 | 161,5 |
1969 | 403,8 | 154,1 |
2004 | 308,6 | 147,9 |
2005 | 302,8 | 145,9 |
2006 | 298,9 | 142,4 |
2007 | 298,7 | 142,6 |
2008 | 288,4 | 137,0 |
2009 | 282,7 | 133,7 |
2010 | 277,1 | 131,3 |
2011 | 269,4 | 128,3 |
2012 | 265,9 | 126,6 |
2013 | 260,9 | 123,9 |
2014 | 256,7 | 120,2 |
Atçılıq
redaktəAzərbaycanda IV minilliyin ikinci yarısına aid indiki Cəlilabad rayonunun ərazisində Əliköməktəpə abidəsində tapılan heyvan qalıqlarının 7,5%-ni at sümükləri təşkil edimişdir. Bununla belə, həmin abidədə tapılmş at sümüklərinin xeyli hissəsinin əhliləşdirilmiş atlar olması müəyyən edilmişdir. Azərbaycan Respublikasında hazırda milli at cinsindən olan Qarabağ, Dilbaz, Quba, Şirvan və digər yerli atlar yetişdirilir. 2016-cı il məlumatına görə ölkədə 71,6 min başa at vardır.
Dəvəçilik
redaktəAzərbaycanda XX əsrin əvvəllərinə qədər geniş yayılmış sahələrdən biri olmuşdur. Əsasən dəmiryolu və avtomobil nəqliyyatının inkişafı ilə əlaqədar bu sahə unudulmuşdur. Azərbaycanda hazırda ətlik istiqamətdə yetişdirilir. Südünün geniş satış bazarı yoxdur. Azərbaycanda hazırda Şabran, Salyan, Goranboy ərazilərində dəvəçilik təsərrüfatı mövcuddur. Əsasən fərdi təsərrüfatlarda saxlanılır. Gələcəkdə bu sahənin inkişafı planlaşdırılır. Ölkədə dəvələrin ümumi sayının 0.2–0.3 min baş arası olması qeyd edilir.
Arıçılıq
redaktəRespublika iqtisadiyyatında arıçılıq mühüm yer tutur. Bu sahə ilbəil inkişaf edir. 2016-cı il məlumatına görə ölkədə 238 min arı ailəsi vardır. 2020-ci ildə Respublika üzrə arı ailələrinin sayının 310 minə çatdırılması proqnozlaşdırılır. Ölkədə hər il Arıçılıq Yarmarkaları keçirilir. 2016-cı ilin noyabr ayında Bakı şəhərində keçirilmiş yarmarkada 453 nəfər arıçı iştirak etmiş və 200 tona qədər arıçılıq məhsulları satılmışdır.
Quşçuluq
redaktə2014-cü ildə respublika üzrə 99.4 min ton quş əti və 1562.7 mln ədəd yumurta istehsal olunmuşdur.#yes
Balıqçılıq
redaktəAzərbaycanda 1913-cü ildə 13 milyon puda yaxın balıq və balıq məhsulları, 40 min puddan çox qara kürü hasil edilmişdir[13].
Qeyri-ənənəvi təsərrüfat sahələri
redaktəEşşək ferması
redaktə2018-ci ildə Azərbaycanda eşşək ferması yaradılıb[14]. Ferma Abşeron rayonunun Məhəmmədi qəsəbəsində yerləşir[14]. Bu ferma Azərbaycanda, eləcə də Qafqazda ilk eşşək fermasıdır[14]. Burada istehsal olunan süd isə standartlara uyğun qablaşdırılaraq, satılır[14].
Qurbağa təsərrüfatı
redaktəAzərbaycan üçün ənənəvi olmayan sahələrdən biri olaraq yenicə təşkil olunmuşdur. Bu sahə ilə əlaqəli ilk şirkət "Azerifrog" 2015-ci ildə təsis edilmiş və 2016-cı ili yay aylarından isə istehsala başlamışdır. İstehsal olunan məhsullar əsasən Fransaya ixrac edilir. Gələcəkdə məhsulların Fransadan başqa, Kanada, İspaniya, Çin və Norveç kimi ölkələrə ixracı nəzərdə tutulur[15]. İlkin olaraq 2016-cı ildə 2 min ton məhsul ixrac edilmişdir.
İlbiz təsərrüfatı
redaktəAzərbaycan üçün qeyri ənənəvi sahədir. Bu sahə ilə əlaqəli ilk şirkət "Azdelikates-Alfa" MMC-dir. 2017-ci ilin yay mövsümünün sonuna kimi 270–300 ton məhsul yığılacağı gözlənilir. Artıq 2017-ci ilin avqustunda ilbiz ətinin xaricə ilk satışı planlaşdırılır[16].
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ CIA — The World Factbook — Azerbaijan Arxivləşdirilib 2009-06-10 at the Wayback Machine // CIA
- ↑ "Azərbaycanda kənd təsərrüfatı". 2020-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-06.
- ↑ "MÜSTƏQİL DÖVLƏTİN BÜDCƏ QURUCULUĞU". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-06.
- ↑ Azərbaycanda tütünçülüyün inkişafına dair təkliflər hazırlanıb [ölü keçid]
- ↑ "Azərbaycanın 13 rayonunda tütünçülük genişləndirilir". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-08.
- ↑ "Çay haqqında". 2009-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-07.
- ↑ "Azərbaycanda çay plantasiyaları niyə məhv edildi?". 2021-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-07.
- ↑ "Müstəqil Azərbaycan". republic.preslib.az. 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-09.
- ↑ "Azərbaycanda üzümçülüyün inkişafı diqqət mərkəzində saxlanılır". 2017-10-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-08.
- ↑ Azərbaycanda meyvəçilik [ölü keçid]
- ↑ Azərbaycanda camışçılıqla bağlu son vəziyyət [ölü keçid]
- ↑ "The State Statistical Committee of the Republic of Azerbaijan". www.azstat.org. 2017-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-25.
- ↑ "Azərbaycanda balıqçılıq". 2017-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-08.
- ↑ 1 2 3 4 Bakıda eşşək ferması yaradılıb, südü satılır Arxivləşdirilib 2021-02-25 at the Wayback Machine. qafqazinfo.az, 23.10.2018 (az.)
- ↑ "Azerifrog". 2017-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-08.
- ↑ "Azərbaycan ilbiz ixracına hazırlaşır - ZAVODDAN REPORTAJ". 2020-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-08.