Azerbaycanda Ataturk Merkezi - Wikipedia
Azərbaycanda Atatürk Mərkəzi və ya qısaca AzAtaM — Mustafa Kamal Atatürkün irsinin, onun türkdilli xalqların tarixində tutduğu yerin, ümumiyyətlə, türk tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsi və təbliğ olunması məqsədilə yaradılmış elmi araşdırmalar və mədəniyyət təşkilatı.[1] Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşir.[1] Mərkəzin müdiri Nizami Cəfərovdur[2].
Azərbaycanda Atatürk Mərkəzi AzAtaM | |
---|---|
Növü | Mərkəz |
Yaranma tarixi | 9 mart 2001 |
Rəsmi dili |
Azərbaycan Türk |
Mərkəzi | Azərbaycan, Bakı, AZ1001, Tərlan Əliyarbəyov küçəsi, 5. |
Sədr | Nizami Cəfərov |
ataturk.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəAzərbaycanda Atatürk Mərkəzi türk dünyasının böyük öndəri, Türkiyə Cümhuriyyətinin banisi və ilk prezidenti Mustafa Kamal Atatürkün türk xalqlarının tarixində tutduğu mühüm yeri nəzərə alaraq, Atatürk irsinin, ümumiyyətlə türk tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsi və təbliğ olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 9 mart 2001-ci il tarixli, 641 nömrəli Sərəncamına əsasən yaradılmışdır.[3] Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2001-ci il tarixli, 555 nömrəli Fərmanı ilə Mərkəzin Əsasnaməsi təsdiq edilmişdir.[1]
2004-cü il aprelin 10-da Azərbaycanda Atatük Mərkəzinin təntənəli açılış mərasimi olmuşdur.[4] Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, həmçinin bir sıra xarici qonaqlar – Türkiyə Cümhuriyyətinin dövlət naziri Bəşir Atalay, Atatürk Yüksək Qurumunun başqanı, professor Sadıq Tural, türkdilli ölkələrin Bakıdakı səfirləri həmin mərasimdə iştirak etmişdir.[4]
Fəaliyyəti
redaktəMərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə bu Əsasnaməni rəhbər tutur.[1]
Mərkəz Azərbaycan Respublikasının elmi-mədəni mərkəzləri ilə, digər türkdilli dövlətlərin analoji qurumları ilə, eləcə də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən elmi mərkəzlərlə əməkdaşlıq şəraitində fəaliyyət göstərir.[1]
Əsas vəzifələri və funksiyaları
redaktəMərkəzin əsas vəzifəsi Türkiyə Cümhuriyyətinin banisi və ilk prezidenti Mustafa Kamal Atatürkün türkdilli xalqların tarixində tutduğu mühüm yeri, onun xalqlarımızın inkişafındakı rolunu, ümumiyyətlə, türkdilli xalqların tarixi və mədəniyyətinin fundamental şəkildə hərtərəfli tədqiqi və onların zəngin irsinin təbliğ olunmasıdır.[1]
Mərkəz ona həvalə olunmuş əsas vəzifəsinə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:[1]
- Mustafa Kamal Atatürk irsini tədqiq və təbliğ etmək məqsədilə bu işlə məşğul ola bilən elm və mədəniyyət xadimlərini müvafiq mövzuların işlənilməsinə cəlb edir və onların elmi fəaliyyətlərinə lazımi şərait yaradır;
- Atatürk irsinin elm, təhsil, mədəniyyət və s. sahələrdə qorunması və inkişaf etdirilməsini təmin etmək üçün tədqiqatlar aparır;
- Türkdilli xalqların ictimai fikir tarixində və mədəni inkişafında Atatürk irsinin rolunun müəyyənləşdirilməsi üçün tədbirlər həyata keçirir;
- Aparılan tədqiqatların nəticələrini yaymaq və təbliğ etmək məqsədilə elmi əsərlər, məcmuələr və s. nəşr edir;
- Atatürk şəxsiyyəti və irsinin tədqiqinə həsr olunmuş görkəmli əsərlərə görə mükafatlar verir;
- Atatürk irsinə aid sənədlərin vahid arxivini və fondunu yaradır;
- Türkdilli dövlətlərin həyatının müxtəlif sahələrinə həsr edilmiş tədbirlər keçirir;
- Respublika daxilində və respublikadan kənarda türkdilli dövlətlərin elmi və mədəniyyəti ilə əlaqədar tədqiqatlar aparan digər qurumlarla münasibətlərini qurur və onların fəaliyyəti ilə öz fəaliyyətini əlaqələndirmək üçün konfrans və müşavirələr keçirir;
- Türkdilli dövlətlərin və digər xarici dövlətlərin müvafiq qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir;
- Müvafiq beynəlxalq tədbirlərdə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasını təmsil edir və belə tədbirlərin Azərbaycan Respublikasında keçirilməsini təmin edir.
Maliyyələşməsi
redaktəMərkəz hüquqi şəxsdir, dövlət büdcəsindən maliyyələşdirilir, müstəqil balansa, xərclər smetasına, əmlaka, bank təşkilatlarında hesablaşma və digər hesablara, Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı olan möhürə, müvafiq ştamp və blanklara malikdir.[1]
Mərkəzə verilmiş əmlak dövlət mülkiyyətidir.[1] Mərkəz öz fəaliyyətinin həyata keçirilməsi üçün ona operativ idarəetmə hüquqları ilə verilmiş əmlaka və bu əmlak üzərində istifadə hüququna malikdir.[1]
Strukturu
redaktəMərkəz 20 ştat vahidləri olmaqla müdiriyyət, 4 şöbədən ibarətdir.[1] Onun fəaliyyətinə Mərkəzin müdiri rəhbərlik edir.[1] Mərkəzin müdiri Mərkəzin fəxri sədri olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilir.[1]
Mərkəzin nəzdində Mərkəzin müdirinin rəhbərliyi ilə onun müavinindən, şöbə müdirlərindən, tanınmış türkoloq alimlərdən, mədəniyyət xadimlərindən ibarət ictimai əsaslarla fəaliyyət göstərən Elmi Şura mövcuddur.[1] Elmi Şuranın sədri Mərkəzin müdiridir.[1] Elmi Şura Mərkəzin müvafiq təşkilatlarla işinin əlaqələndirilməsi, tədqiqat işlərinin müzakirəsi və çapa təqdim edilməsi ilə məşğul olur.[1] Elmi Şuranın iclasları vaxtaşırı keçirilir və Mərkəzin müdiri tərəfindən çağırılır.[1]
Mərkəzin şöbələri bunlardır:[5]
- Dil, ədəbiyyat və mədəniyyət şöbəsi;
- İctimai-siyasi şöbə;
- Beynəlxalq əlaqələr şöbəsi;
- Redaksiya
Rəhbərlik
redaktəAzərbaycan Respublikasının Prezidenti Mərkəzin fəxri sədridir.[1][3]
Azərbaycan Respublikası Prezidentinin 4 iyul 2001-ci il tarixli, 752 nömrəli Sərəncamına əsasən Nizami Qulu oğlu Cəfərov Mərkəzinin müdiri vəzifəsinə təyin edilmişdir.[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 "Azərbaycanda Atatürk Mərkəzi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Arxivləşdirilib 2016-09-11 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2001-ci il tarixli, 555 nömrəli Fərmanı. e-qanun.az (az.)
- ↑ 1 2 "N. Q. Cəfərovun Azərbaycanda Atatürk Mərkəzinin müdiri təyin edilməsi haqqında" Arxivləşdirilib 2016-09-13 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 4 iyul 2001-ci il tarixli, 752 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- ↑ 1 2 "Azərbaycanda Atatürk Mərkəzinin yaradılması haqqında" Arxivləşdirilib 2016-09-11 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 9 mart 2001-ci il tarixli, 641 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- ↑ 1 2 Mərkəzin açılış mərasimi Arxivləşdirilib 2016-08-26 at the Wayback Machine. ataturk.az (az.)
- ↑ Azərbaycanda Atatürk Mərkəzinin strukturu Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. ataturk.az (az.)
Xarici keçidlər
redaktə- ataturk.az — Rəsmi saytı