Azerbaycan Qadinlarinin Qurultaylari - Wikipedia
Azərbaycan qadınlarının qurultayları — Azərbaycan SSR və Azərbaycan Respublikasında Azərbaycan qadınlarının qurultayları. Birinci qurultay 1921-ci ildə, sonuncu qurultay isə 2018-ci ildə keçirilmişdir.[1]
Tarixi
redaktəSSRİ dövründə
redaktəAzərbaycan Bitərəf Qadınlarının Birinci Qurultayı 8–11 fevral 1921-ci il tarixlərində, Bakı şəhərində keçirilmişdir. Burada 1,188 nümayəndə iştirak etmişdir. 815 nəfəri Bakıdan, 373 nəfəri isə qəzalardan idi. Qurultayda sovet hakimiyyəti və qadın, xalq maarifi, kommunizmin Şərqdə vəzifələri və s. məsələlər müzakirə edilmişdir. Qurultayda Nəriman Nərimanov "Şərqdə kommunizm" haqqında məruzə etmişdir. Qurultayda Ruhulla Axundov, Səməd ağa Ağamalıoğlu, Mir Bəşir Qasımov, Dadaş Bünyadzadə və başqaları çıxış etmişlər. Qurultay Oktyabr inqilabının qadınlara verdiyi hüquqları həyata keçirməyə və onları sosializmin fəal qurucuları olmağa çağırmışdır. Qurultayın qətnaməsində deyilirdi ki, Azərbaycanda zəhmətkeş qadınlar arasında iş hazırkı dövrdə ən mühüm vəzifələrdən biridir. Qurultay yekdilliklə "Şərqin bütün qadınlarına" müraciət qəbul etmişdir. Qurultaydan sonra Sovet Azərbaycanında qadınların iqtisadi-ictimai həyata, partiya və dövlət işlərinə cəlb edilməsi genişlənmişdir.[2]
İkinci qurultay 28–29 mart 1957-ci ildə, Bakı şəhərində keçirilmişdir. Burada 745 nümayəndə iştirak etmişdir. Onladan 482 nəfəri Sovet İttifaqı Kommunist Partiyası üzvü idi. Sovet İttifaqı Kommunist Partiyasının XX Qurultayının qərarlarının həyata keçirilməsində Azərbaycan qadınlarının rolu və vəzifələri haqda Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Hökumə Sultanova məruzə etmişdir. Qurultay Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinə təbrik məktubu və Azərbaycanın bütün qadınlarına müraciət qəbul etmişdir.[2]
Üçüncü qurultay 20–22 oktyabr 1967-ci ildə, Bakı şəhərində keçirilmişdir. Burada 506 nümayəndə iştirak etmişdir. Onlardan 85%-i Sovet İttifaqı Kommunist Partiyası üzvü idi. Nümayəndələrin 9 nəfəri SSRİ Ali Sovetinin, 178 nəfəri yerli sovetlərin deputatları idi. Nümayəndələrin 122 nəfəri fəhlə, 141 nəfəri partiya, sovet, həmkarlar ittifaqı və komsomol işçisi, 168 nəfəri qulluqçu, 312 nəfəri ali savadlı, 16 nəfəri alim iid. Gündəlik: Böyük Oktyabr inqilabı və Azərbaycan qadınları; Respublika qadınlar şurasına seçkilər. Oktyabr inqilabının 50 illiyi ərəfəsində çağırılmış bu qurultay Azərbaycan qadınlarının mədəni və siyasi yüksəlişinə baxış idi. Bu barədə Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili naziri Z. Hüseynova məruzə etmişdir. Qurultay Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi təbrik məktubu, Vyetnam müharibəsi səbəbilə Vyetnam Qadınlar İttifaqına həmrəylik məktubu və respublikanın bütün qadınlarına müraciət qəbul etmişdir. Respublika qadınlar şurasını seçmişdir.[2]
Dördüncü qurultay 15–16 iyun 1972-ci ildə, Bakı şəhərində keçirilmişdir. Qurultayda Sovet İttifaqı Kommunist Partiyasının XXIV Qurultayının qərarlarının həyata keçirilməsində Azərbaycan qadınlarının rolu və iştirakı haqqında Respublika Qadınlar Şurasının sədri Hökumə Sultanova məruzə etmişdir. Qurultay Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi təbrik məktubu və respublikanın bütün qadınlarına müraciət qəbul etmişdir. Respublika qadınlar şurasını seçmişdir.[2]
İstinadlar
redaktə- ↑ "Qadınların V Forumunun QƏTNAMƏSİ". 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-09.
- ↑ 1 2 3 4 Азәрбајҹан гадынларынын гурултајлары // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 135–136.