Azerbaycan Xalq Cumhuriyyetinin Diplomatik Numayendelikleri - Wikipedia
Azərbaycan Xalq Cümhuriyyətinin xaricdəki nümayəndəlikləri — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini xarici dövlətlərdə təmsil edən diplomatik missiyalar.[1]
Osmanlı imperiyası
redaktəAzərbaycan Xalq Cümhuriyyətinin diplomatik münasibətlər yaratdığı və dostluq müqaviləsi bağladığı ilk dövlət Osmanlı imperiyası olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Osmanlı imperiyası ilə geniş və hərtərəfli diplomatik münasibətlər yaratmaq üçün Əlimərdan bəy Topçubaşovu 1918-ci ilin avqustunda fövqəladə elçi və səlahiyyətli nazir kimi İstanbula göndərmiş və ona diplomatik nümayəndə kimi bütün səlahiyyət və hüquqlar verilmişdi. Əlimərdan bəy Topçubaşov Azərbaycan nümayəndə heyətinin başçısı kimi Paris sülh konfransına (1919–1920) yola düşənə qədər, İstanbulda olduğu müddətdə, Osmanlı sultanı, Osmanlı dövlətinin baş naziri, xarici işlər, ədliyyə, hərbi, maliyyə nazirləri ilə, həmçinin xarici dövlətlərin Türkiyədəki nümayəndələri ilə görüşmüş, geniş diplomatik danışıqlar aparmış, beynəlxalq sülh konfransına hazırlıqla bağlı məsələləri müzakirə etmiş etmişdir. Əlimərdan bəy Topçubaşov İstanbuldakı Antanta dövlətlərinin diplomatik nümayəndələrinə Azərbaycan Xalq Cümhuriyyəti adından memorandum təqdim etmişdir. Cənubi Qafqazın hər üç millətinin mənafeyinin ədalətlə nəzər alındığı bu memorandumun surətləri erməni və gürcü nümayəndələrinə də təqdim olunmuşdu. Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi missiyaya Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin nümayəndəsi Səlim bəy Behbudov, Əlimərdan bəy Topçubaşovun iki katibi (Mustafa bəy Vəkilov və Rəşid bəy Topçubaşov) daxil idilər.[1] Azərbaycan Xalq Cümhuriyyətinin İstanbulda diplomatik nümayəndəsi Yusif bəy Vəzirov (Çəmənzəminli), onun müavini və maliyyə müşaviri isə Cahangir bəy Qayıbov idi.
Batum
redaktəAzərbaycan Xalq Cümhuriyyəti illərində Batumda baş konsulu Mahmud bəy Əfəndiyev olmuşdu.
Paris Sülh Konfransı
redaktə1918-ci ilin dekabrında Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti Paris sülh konfransında iştirak etmək üçün tam səlahiyyətli və geniş hüquqa malik olan nümayəndə heyəti göndərmək haqqında qərar qəbul etdi. Paris sülh konfransında aparılacaq danışıqlar Azərbaycan Xalq Cümhuriyyəti həyati əhəmiyyətə malik idi. Odur ki, həmin qərara əsasən, Parlamentin sədri, görkəmli dövlət xadimi Əlimərdan bəy Topçubaşov Parisə göndəriləcək nümayəndə heyətinin başçısı kimi təyin olundu. Nümayəndə heyəti aşağıdakı tərkibdə idi: Əlimərdan bəy Topçubaşov (sədr), Məmməd Həsən Hacınski (sədrin müavini – "Müsavat"), Əhməd bəy Ağayev (üzv – bitərəf), Əkbər ağa Şeyxülislamov (üzv – "Hümmət"), Məmməd Məhərrəmov (müşavir – sosialist), Mir Yaqub Mehdiyev (müşavir – "İttihad"), Ceyhun bəy Hacıbəyli (müşavir – "İttihad"). Nümayəndə heyətinə katiblər, tərcüməçilər və heyət sədrinin şəxsi katibi də daxil idi. Üç ay İstanbulda gözlədikdən sonra, nümayəndə heyətinin üzvləri (texniki işçilər və yeni əməkdaşlar istisna edilməklə) Parisə yola düşdülər. 1919-cu ilin payızında Parlamentin üzvü Abbas bəy Atamalıbəyov (sosialist)partiya yoldaşı M.Məhərrəmovu əvəz etmək üçün Versala ezam olundu. A.Atamalıbəyov Parisdə nümayəndə heyətinin tərkibinə qatıldı və katib kimi işə başladı. M.Məhərrəmov nümayəndə heyətinin tərkibində saxlanıldı və onun Bakıya qayıtmasına qayıtmasına icazə verildi.[1]
Gürcüstan Demokratik Respublikası
redaktəAzərbaycan Xalq Cümhuriyyəti Hökuməti, Antantanın Azərbaycanın müstəqilliyini de-fakto tanımasından əvvəl də bir sıra qonşu dövlətlərlə diplomatik əlaqələr saxlayırdı. Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstan Respublikasında diplomatik nümayəndəsi Məmməd Yusif Cəfərov idi. Sonra onu Faris bəy Vəkilov əvəz etmişdi.
Ermənistan Demokratik Respublikası
redaktəCümhuriyyət hökumətinin Ermənistan Respublikasında diplomatik nümayəndəsi Məmməd bəy Təkinski idi. Onu isə sonra Əbdürrəhim bəy Haqverdiyev əvəz etmişdi. Əbdürrəhim bəy Haqverdiyevin müşaviri Ağa Saleh Musayev olmuşdur.
Dağlılar Respublikası
redaktəƏbdürrəhim bəy Haqverdiyev Azərbaycanın diplomatik nümayəndəsi kimi Dağlılar Respublikasında da fəaliyyət göstərmişdir.[1]
Kuban və Don
redaktəAzərbaycan Xalq Cümhuriyyəti illərində Kuban və Don hökumətləri yanında səlahiyyətli nümayəndəsi Cəfər bəy Rüstəmbəyov olmuşdu.
Ukrayna
redaktəAzərbaycan Xalq Cümhuriyyəti illərində Ukraynada konsulu Camal Sadıqov, Krımda konsul agenti Şeyx Əli Hüseynov olmuşdu.
Türküstan
redaktəTürküstandakı Azərbaycan nümayəndəliyinə Ələkbər bəy Sadıqov başçılıq edirdi.
İran
redaktə1920-ci il 20 mart tarixli müqaviləyə əsasən İran Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini de-yure tanıdı. Qısa müddətdə Tehranda Azərbaycan səfirliyi fəaliyyətə başladı. Adil xan Ziyadxan səfir, Ələkbər bəy Sadıqov isə onun müavini təyin olundular. Aprelin 1-dən Təbrizdə baş konsulluq, Rəştdə konsulluq, Məşhəddə vitse — konsulluq, Xoy və Əhərdə konsul agentlikləri yaradıldı.
Avropa ölkələri
redaktə1920-ci il yanvarın 7-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Qərbi Avropa ölkələrinə, ABŞ-yə, Polşaya, keçmiş Rusiya imperiyası ərazisində yaranmış yeni dövlətlərə də diplomatik missiya göndərmək haqqında qərar qəbul etdi.
Azərbaycanın müstəqilliyi Antanta Ali Şurası tərəfindən tanındıqdan sonra Hökumətin hazırladığı "Qərbi Avropa və Amerikada Azərbaycan Cümhuriyyətinin diplomatik missiyalarının yaradıl ması və Paris sülh konfransındakı Azərbaycan nümayəndəliyinin ləğv edilməsi haqqında" qanun layihəsi Parlamentdə müzakirə olundu və qəbul edildi. Həmin qanuna görə, 1920-ci ilin aprelin 1-dən etibarən B.Britaniya, Fransa, İsveçrə, İtaliya, ABŞ, Almaniya, Rusiya və Polşada (Latviya, Litva, Estoniya, Finlandiya, Ukrayna, Rumıniya) Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik nümayəndəlikləri təsis olunmalı idi.[1]
Fransa hökuməti yanında təsis ediləcək Azərbaycan diplomatik missiyası Parisə gəldikdən sonra Paris sülh konfransındakı Azərbaycan nümayəndəliyi ləğv edilməli idi.
Avropa ölkələrinə diplomatik nümayəndəliklər göndərilmədiyi müddətdə, Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Versal Ali Şurasının keçirdiyi beynəlxalq görüşlərdə Azərbaycan Xalq Cümhuriyyətini təmsil etməli idi. Lakin sovet-bolşevik rejiminin beynəlxalq hüquq normalarını kobudcasına pozaraq Şimali Azərbaycanı işğal etməsi və de-fakto tanınmış müstəqil Azərbaycan Xalq Cümhuriyyətini aradan götürməsi nəticəsində Azərbaycanın xarici ölkələrlə diplomatik əlaqələrinə və beynəlxalq münasibətlər sistemində təmsil olunmasına son qoyuldu. Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi nümayəndə heyəti, habelə xarici ölkələrə ezam olunmuş bir çox Azərbaycan diplomatları vətənə dönə bilmədilər.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 162. ISBN 9952-417-14-2.