Azerbaycan Xalq Cumhuriyyetinde Aqrar Mesele - Wikipedia
Azərbaycan Xalq Cümhuriyyətində aqrar məsələ, Azərbaycan Xalq Cümhuriyyətinin torpaq mülkiyyəti formaları, torpaqdan istifadə qaydaları və bu sahədə istehsal münasibətlərinin yenidən qurulması sahəsində həllinə çalışdığı islahatlar proqramı.[1][2][3][4]
Cümhuriyyətə qədərki dövrdə aqrar məsələ
redaktəOnun həlli həm sosial-iqtisadi vəziyyətin yaxşılaşmasına, həm də ölkə əhalisinin əksəriyyətini təşkil edən kəndlilərin yeni hakimiyyətə etimadının artmasına səbəb olardı.[1]
Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ərəfəsində ölkədə kapitalist münasibətləri genişlənməkdə idi. Kənddə təbəqələşmə gedirdi. 1917 ildə Şimali Azərbaycan kəndində yoxsul təsərrüfatları 54,4, ortabablar 34, qolçomaqlar 6% təşkil edirdi. Dövlət və mülkədar torpaq sahibliyi üstün idi. Bütün kənd təsərrüfatının 29,5%-i mülkədarlara, 68,7%-i dövlətə məxsus olduğu halda, yalnız 1,8%-i kəndlilərin payına düşürdü. Torpaqsız və aztorpaqlı kəndlilər mülkədarlardan icarəyə torpaq götürməyə və ya muzdur kimi işləməyə məcbur idilər. İcarə bütün qəzalarda torpaqdan istifadənin əsas forması idi. Mülkədar təsərrüfatlarında muzdur əməyindən geniş istifadə olunurdu. Zaqafqaziya komissarlığının 1917 il dekabrın 16-da təsdiq etdiyi Əsasnaməyə və Zaqafqaziya seyminin 1918 il 7 mart tarixli qanunu ilə təsdiqlənmiş təlimata uyğun olaraq, Azərbaycan ərazisində yaradılmış və fəaliyyət göstərən torpaq komitələri öz işlərini düzgün qura bilmədiklərindən kənd əhalisinin etibarını qazana bilməmişdilər. Digər tərəfdən, ölkədə yaranmış hakimiyyətsizlik və anarxiya nəticəsində həm dövlət, həm də mülkədar torpaqları ayrı-ayrı şəxslər tərəfindən zəbt olunmuşdu. Odur ki, Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti xalqın və dövlətin həyatı maraqlarına cavab verə biləcək torpaq islahatı keçirmək qərarına gəldi. Bu məqsədlə Fətəli xan Xoyskinin başçılıq etdiyi birinci Hökumət 1918 il iyunun 22-də verdiyi dekretlə Zaqafqaziya seyminin qəbul etmiş olduğu aqrar qanunun Azərbaycan ərazisində həyata keçirilməsini dayandırdı.[2]
Cümhuriyyət dövrü
redaktəZaqafqaziya Seyminin aqrar qanununun Azərbaycanda qüvvədən düşürülməsi barədə qərarda deyilirdi:[2]
- Zaqafqaziya seyminin qəbul etdiyi torpaq islahatı haqqında qanunun icrası Müəssislər
Məclisi çağırılana qədər dayandırılsın;
- İndiyədək həm xüsusi, həm də dövlət torpaqlarının tutulması halları aradan
qaldırılsın;
- Torpaq pulu ödənişləri haqqında Hökumətə məruzə təqdim edilsin;
- Torpaq komitələrinin yenidən
qurulması və ya ləğv edilməsi haqqında Hökumətə məruzə təqdim edilsin.
Parlament komissiyası
redaktəAzərbaycan Cümhuriyyətinin üçüncü Hökumət kabinəsinin formalaşmasından sonra (1918, dekabr) ilk çıxış ında Hökumət başçısı F.x.Xoyski millətin tərəqqisi üçün ona siyasi və iqtisadi sərbəstlik verilməsinin zəruriliyini vurğuladı. Bu fakt sübut edir ki, Cümhuriyyət xadimləri ictimai-iqtisadi tərəqqinin aqrar məsələnin uğurlu həllindən asılı olduğunu düzgün qiymətləndirirdilər. Bu məsələ Hökumətin bəyanatında da xüsusi yer tuturdu. Bəyanatda qeyd olunurdu ki, kəndlilərin və fəhlələrin təmin olunması qayğısı Hökumətin ən başlıca vəzifəsi olmalıdır. Torpaq kəndliyə havayı verilməlidir. Lakin aqrar islahatın keçirilməsi üçün müvafıq qanun qəbul edilməli idi. Odur ki, qanun layihəsi hazırlamaq üçün iki istiqamətdə Parlament komissiyası çərçivəsində və Hökumət səviyyəsində fəaliyyətə başlandı. 1919 il fevralın 4-də torpaq islahatı haqqında Parlamentin qanun layihəsini hazırlamaq üçün menşevik-hümmətçi Səməd ağa Ağamalıoğlu başda olmaqla Parlament komissiyası yaradıldı.[3]
Komissiyanın 9 nəfər üzvündən 4-ü Müsavatı (Mustafa Mahmudov, Məmməd bəy Şeyxzamanov, Murtuz Axundzadə və Nəriman bəy Nərimanbəyov), qalan 5 nəfəri isə "İttihad"ı (Bəhram bəy Vəzirov), sosialistlər blokunu (Rza bəy Qaraşarov), "Əhrar"ı (Hacı Hüseyn Əfəndiyev), "Daşnak-sutyun"u (Arşak Malxazyan) və Slavyan-rus cəmiyyətini (M.N.Vinoqradov) təmsil edirdi. Komissiya üzvlərinin müxtəlif partiyalara mənsub olması qanun layihəsinin hazırlanmasını lap əvvəlcədən uğursuzluğa düçar etdi. Çünki onların aqrar məsələyə aid yekdil və aydın proqramları yox idi. Buna gorə də yeni layihə hazırlaya bilməyən komissiya Zaqafqaziya seyminin 1918 il martın 7-də qəbul etdiyi aqrar qanunun əsas müddəaları ilə kifayətlənmək məcburiyyətində qaldı. Vaxtilə qəbul olunmuş həmin qanunun müəlliflərindən biri də məhz Səmədağa Ağamalıoğlu idi. Qanun layihəsinin hazırlanması və bu məqsədlə aparılan müzakirələr kənddə narazılığın artdığı şəraitdə həyata keçirilirdi.[4]
Qanun layihəsinin uğursuzluğu
redaktəHazırlanmaqda olan qanun layihəsinin uğursuzluğu Parlament komissiyasının 1919 il 23 aprel tarixli iclasında özünü göstərdi. Gündəliyə mülkədar və sahibkar torpaqlarının, həmçinin digər torpaqların müsadirəsi və ya ləğvi məsələsi qoyulmuşdu. Müzakirə zamanı komissiya üzvləri arasında elə ilk andan ciddi fikir ayrılığı yarandı. "İttihad" fraksiyası adından çıxış edən Bəhram bəy Vəzirov mülkədar və sahibkar torpaqlarının pulla satın alınmasına tərəfdar olduğunu bildirdi. "Bitərəflər fraksiyasının bir qrupu" da ittihadçıları müdafiə etdi. Onların nümayəndəsi torpaq sahiblərinə dəyən zərəri ödəmək üçün xüsusi fond yaradılmasını təklif etdi. "Müsavat"çıların sağ cinahı bitərəflərin torpağı satın almaq haqqındakı ideyalarını müdafiə edərək bildirdi ki, müsadirə variantı torpaq sahiblərinin ciddi etirazına səbəb olar və aqrar bölmənin dağılmasını stimullaşdıra bilər. Müsavatın sol cinahının nümayəndəsi Mustafa Mahmudov onunla razılaşmadı və partiya yoldaşını partiyanın proqramı ilə kifayət qədər tanış olmamaqda günahlandırdı. Sosialist bloku və hümmətçi menşeviklər eyni mövqedən çıxış edirdilər:[2]
- Torpaq müsadirə edilməli
- Heç bir ödənc alınmadan kəndlilərə paylanmalıdır.
Uzun müzakirələrdən sonra keçirilən səsvermə sosialistlərin xeyrinə nəticələnsə də, layihənin müzakirəsi uzandı.
1919 il avqustun sonu - sentyabrın əvvəllərində, nəhayət, komissiya layihə üzərində işini tamamladı. Layihənin əsas tezisləri aşağıdakılardan ibarət idi:
- Cümhuriyyət ərazisindəki bütün torpaqlar dövlətin mülkiyyətidir;
- Torpaq əvəzsiz olaraq dövlətin ixtiyarına keçir;
- Torpaq sahiblərinin mülklərinin müəyyən hissəsi aşağıdakı normalar üzrə onların
öz istifadəsində qalır: 1 -ci dərəcə torpaqlar -7 desyatin (bağlar və becərilən sahələr); 2-ci dərəcə torpaqlar - 15 desyatindən 20 desyatinədək (əkin yerləri); 3-cü dərəcə torpaqlar - 40 desyatindən 50 desyatinədək (otlaqlar).
- Qalan bütün torpaqlar
dövlət torpaq fonduna daxil edilir.
- Torpaq haqqında həmin qanun layihəsinin son variantı Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentində təsdiq olunmalı idi.
Torpaq haqqında məsələ, ilk dəfə, Parlamentin 1919 il avqustun 21-də keçirilən 67-ci iclasının gündəliyinə daxil edildi. Səməd ağa Ağamalıoğlu məruzəçi təyin olundu. Lakin müzakirə təxirə salındı. Qanun layihəsinin müzakirəsi növbəti dəfə 1919 il oktyabrın 2-də 81-ci iclasın gündəliyinə daxil edildi. Lakin əkinçilik nazirinin müavini X.Sultanovun təklifi ilə ona baxılması bu dəfə də dayandırıldı.
Əkinçilik nazirliyinin alternativ qanun layihəsi təklifi
redaktəƏkinçilik nazirliyi torpaq komissiyasının layihəsi ilə yanaşı, özünün alternativ qanun layihəsinin də müzakirəyə təqdim olunmasını məqsədəuyğun saydı. Əkinçilik Nazirliyinin nümayəndəsi Parlamentdən xahiş etdi ki, bu məsələyə baxılması nazirliyin qanun layihəsi təqdim olunanadək təxirə salınsın. Beləliklə, aqrar məsələnin həlli gündəlikdən çıxarıldı.[3]
Parlamentin 1919 il noyabrın 9-da keçirilən 95-ci iclasında sosialistlər bloku fraksiyası əkinçilik nazirliyinin işindəki nöqsanlar barədə Parlamentə sorğu verdi. Bu məsələnin müzakirəsi zamanı çıxış edən Səməd ağa Ağamalıoğlu, Əliheydər Qarayev, İbrahim Əbilov və b. Cümhuriyyət Hökumətini torpaq məsələsinin həllini gecikdirməkdə günahlandırdılar. Səməd ağa Ağamalıoğlu bildirdi ki, yer və torpaq məsələsi Hökumətin möhkəm politikası olmasını tələb edən böyük və mühüm məsələdir.
Əkinçilik Nazirliyi qanun layihəsini hazırlamaq üçün ölkənin torpaq fondunu ciddi təftiş etdi.Bunu nazirliyin hazırladığı qanun layihəsinə əlavə edilmiş izahat məktubu və çoxlu statistik məlumatlar da sübut edir.
Qanun layihəsi hazırlananadək nazirlik vaxtilə Azərbaycana köçürülmüş xristian əhalisinin, o cümlədən ermənilərin tərk etdikləri torpaqları, həmçinin sahibləri tərəfindən atılmış malikanələri müvəqqəti olaraq dövlətin sərəncamına verirdi. Həmin torpaqlar Əkinçilik, Daxili İşlər və Maliyyə Nazirlikləri nümayəndələrindən ibarət qəza komissiyaları tərəfindən kənd icmalarına və ayrı-ayrı kəndlilərə, bunlar olmadıqda isə həmin ərazidə yaşamayan kənar şəxslərə icarəyə verilirdi. Məsələn, Əkinçilik Nazirliyinin sərəncamına uyğun olaraq, Muğanda 5 min desyatin suvarılan torpaqlar 1919 ildə səpin aparmaq üçün bir il müddətinə kənd icmalarına icarəyə verilmiş, icarə haqqı isə natura ilə alınmışdı. Lakin bu təcrübə ümidləri doğrultmadı: nə xəzinə gözlənilən gəliri ala bildi, nə də kəndlilər icarəyə ciddi maraq göstərdilər.
1919 il iyunun 6-da Əkinçilik Nazirliyinin nəzdində aqrar islahatlar şöbəsi yaradıldı. Şöbəyə tapşırıldı ki, bir ay müddətinə aqrar islahatlar layihəsini Nazirlər Şurasına təqdim etsin. 1919 ilin avqustunda nazir müavini X.Sultanovun rəhbərliyi ilə "Azərbaycan Cümhuriyyəti əhalisinin torpaq təminatı haqqında" və "Xüsusi sahibkar meşələrinin dövlətin mülkiyyətinə çevrilməsi haqqında" qanun layihələrinin hazırlanması başa çatdırıldı.
Qanun layihələrində əksini tapan əsas məsələlər xüsusi sahibkar torpaqlarının əhalinin hansı kateqoriyasından, nə qədər və hansı şərtlərlə alınıb dövlət torpaq fonduna keçirilməsi ilə bağlı idi. Burada xüsusi sahibkar torpaqlarının verəcəyi gəlir hesabına əvəz ödənilməklə, özgəninkiləşdirilməsi nəzərdə tutulurdu. Nazirlik belə hesab edirdi ki, xüsusi sahibkar torpaqlarını əvəzi ödənilmədən müsadirə etmək xüsusi mülkiyyəti ləğv etməyə bərabərdir. Buna görə də qanun layihəsində torpağın əkinçi əhaliyə yalnız istehlak norması üzrə xüsusi mülkiyyətə verilməsi məqbul sayılır. Eyni zamanda, torpaq sahibinin özünə saxladığı sahənin ölçüsü malikanənin dəyəri və xarakterindən asılı olaraq müəyyən edilirdi və kənd yerlərində suvarılan torpaq sahəsi 100 desyatindən, şəhər yerlərində isə 5-7 desyatindən artıq olmamalı, həyətyanı torpaq sahələri bu normalara daxil edilməməli idi.
Lakin Əkinçilik Nazirliyinin hazırladığı bu qanun layihələri də Parlament komissiyasının hazırladığı layihə kimi uğursuz oldu. Belə ki, Azərbaycanda baş vermiş Hökumət böhranı nəticəsində onlar heç müzakirəyə də çıxarılmadı.[4]
Yeni hökümətin cəhdləri
redaktəBaş nazir Nəsib bəy Yusifbəylinin təşkil etdiyi yeni Hökumət kabinəsi yeni aqrar siyasət kursu işləyib hazırlamaq əzmində olduğunu bəyan etdi. Yeni əkinçilik naziri sosialist Əhməd Cövdət bəy Pepinov isə nazirliyin hazırlamış olduğu əvvəlki iki qanun layihəsini təkmilləşdirmək üçün Parlamentdən geri aldı.
Yeni qanun layihəsi
redaktə1920 il martın əvvəllərində Əkinçilik Nazirliyi "Xüsusi sahibkar torpaqlarının dövlət torpaq fonduna keçirilməsi və Azərbaycan Xalq Cümhuriyyəti əhalisinin torpaqla təmin olunması haqqında qanun"un yeni layihəsi üzərində işi başa çatdırdı və baxılmaq üçün Nazirlər Şurasına təqdim etdi. Yeni qanun layihəsi Gürcüstan sosial-demokrat hökumətinin Azərbaycan sosial-demokratları tərəfindən bəyənilən aqrar qanunu əsasında hazırlanmışdı. Bu layihə kənd yerlərində olan xüsusi sahibkarların-hüquqi şəxslərin bütün torpaqlarının, o cümlədən monastır, vəqf, məscid və kilsə torpaqlarının, habelə şəhər ərazisinin şəhər mülkiyyətinə daxil olmayan sahələrinin sahiblərindən alınıb əvəzi ödənilmədən dövlət torpaq fonduna verilməsini nəzərdə tuturdu. Mülkiyyəti əlindən alınan sahibkarların ixtiyarında saxlanan torpaq sahəsinin ölçüsü həmin yerlərin təsərrüfat şəraitinə uyğun olaraq, kənd yerlərində becərilən bitki təsərrüfatları üçün 7-10 desyatin, taxılçılıq təsərrüfatı üçün 15-20 desyatin, maldarlıq təsərrüfatları üçün 40-50 desyatin, şəhərdə isə müvafiq olaraq 1,5-3 desyatin, 3-5 desyatin, 10-12 desyatin müəyyən edilirdi. Sahibkarların mülk və bağları da bura daxil idi.[1]
Müsavat partiyasının qanun layihəsi təklifi
redaktəParlament komissiyası torpağın sahibkarlardan əvəzsiz olaraq alınmasında israr edirdi. Buna görə də nazirliyin hazırladığı layihənin Parlamentə təqdim olunması ləngidilirdi. Ölkədə vəziyyət gərginləşməkdə davam edirdi. Hökumət isə hələ də aqrar qanun layihəsinin müzakirəsinə başlamamışdı. Bunun əsas səbəbi təkcə partiyalar arasındakı ixtilafla, yaxud ölkənin ağır iqtisadi vəziyyəti ilə bağlı deyildi. Aqrar məsələnin özü mahiyyətcə çox mürəkkəb, həlli çətin olan problem idi. Bu məsələdə hakim "Müsavat" partiyasının özünün də aydın proqramı yox idi. Hələ "Müsavat" partiyasının 2-ci qurultayında (1919,dekabr) partiyanın rəhbərliyi həmin məsələ ilə bağlı kəskin tənqid edildiyi vaxt Məhəmməd ƏminRəsulzadə göstərmişdi ki, bu məsələdə tələskənlik, eləcə də onu həddən ziyadə uzatmaq eyni dərəcədə mənfi nəticələrə gətirib çıxara bilər. Partiya qurultayı aqrar məsələyə təkrar baxaraq, onun aqrar siyasət komissiyasında hazırlanmış layihəsinin Parlamentdə müzakirəyə çıxarılması haqqında qətnamə qəbul etsə də, bu qərar xeyli vaxt icra olunmadı. "Müsavat" fraksiyası yalnız 1920 il fevralın 16-da partiyanın aqrar məsələ barədə qurultayda bəyənilmiş qanun layihəsini Parlamentin növbəti 123-cü iclasında müzakirəyə təqdim etdi.
"Müsavat" fraksiyasının təqdim etdiyi qanun layihəsi də xüsusi sahibkar torpaqlarının əvəzsiz olaraq alınıb dövlət torpaq fonduna verilməsini nəzərdə tuturdu. Lakin bu layihədə kənd yerlərində sahibkarların mülkiyyətində, bağ və həyətlər də daxil olmaqla, 25-75 desyatin torpaq saxlanılması, şəhər yerlərində isə bu sahənin becərilən bitkilərin xüsusiyyətindən və eləcə də əhalinin torpağa olan ehtiyacından asılı olaraq, 5 desyatindən 7,5 desyatinədək məhdudlaşdırılması nəzərdə tutulurdu.
Nəticə
redaktəParlament sonuncu qanun layihəsinə baxıb, müzakirəyə təqdim etmək üçün aqrar komissiyaya 10 gün möhlət verdi. Lakin aqrar komissiya Hökumət böhranları ilə əlaqədar olaraq, öz fəaliyyətini, demək olar ki, dayandırmışdı. Buna görə də həmin komissiyanın sədri Səməd ağa Ağamalıoğlu təklif etdi ki, komissiyanın işini bərpa etmək üçün onun tərkibi sosialistlərdən ibarət yeni üzvlər cəlb olunmaqla dəyişdirilib möhkəmləndirilsin. Lakin Parlament onun təklifini qəbul etmədi. Aqrar komissiya "Müsavat" fraksiyasının hazırladığı qanun layihəsini müzakirə etdiyi birinci iş günündə "müsavat"çı Rüstəmbəyov komissiyanın sədr müavini seçildi. Bu addım komissiyada müsavatçıların mövqeyini gücləndirdi. Səməd ağa Ağamalıoğlu siyasi qüvvələrin komissiyadakı tarazlığını pozmağa və nazirliyin layihəsini təkrar müzakirəyə qaytarmağa cəhd göstərdi. Lakin təklifi uğur qazanmadı və "Müsavat"ın layihəsi əsas kimi saxlanıldı. Bununla belə, aqrar komissiya Parlamentin ona verdiyi tapşırıqları yerinə yetirə bilmədi. Aqrar qanun layihələrindən heç biri qanun statusu almadı. Aqrar islahatın keçirilməsi mümkün olmadı. Azərbaycan Xalq Cümhuriyyətinin varlığı üçün ən vacib məsələlərdən biri həll olunmadı. Bundan istifadə edən sosialistlər fraksiyası və AK(b)P əhali içərisində narazılığı artırmaq üçün öz pozuculuq fəaliyyətlərini daha da genişləndirdilər və Aprel isğalı (1920) ərəfəsində Azərbaycan Cümhuriyyətinin devrilməsi üçün əlverişli zəmin yarada bildilər.[1][4]
Həmçinin bax
redaktəMənbə
redaktə- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Aqrar məsələ maddəsi.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 : Azərbaycan tarixi, 7 cilddə: c. 5, B., 2001
- ↑ 1 2 3 4 Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar), 1-2, B., 1998;
- ↑ 1 2 3 Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001;
- ↑ 1 2 3 4 Aзepбaйджанская Демократическая Pecnублика ( (1918-1920). Законодательные акты (сборник документов), Б., 1998