Azerbaycan Xalq Cumhuriyyeti Parlamentinin Tesis Edilmesi Haqqinda Qanun - Wikipedia
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin təsis edilməsi haqqında qanun - Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaradılmasının əsaslarını təmin edən mühüm hüquqi sənəd. Azarbaycan Milli Şurası tərəfindən 1918 il noyabrın 19-da qəbul edilmişdir.[1]
Qərarın qəbul edilməsi
redaktə1918 il iyun ayının 17-də Gəncədə öz fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası həmin il noyabrın 16-da Bakıda yenidən fəaliyyətə başladı. Cümhuriyyət Hökumətinin sədri Fətəli xan Xoyski Şuranın iclasında çıxış edərək bildirdi ki, Müəssislər Məclisini çağırmaq üçün hazırlığa vaxt çatmadığından Hökumət bu işi öz öhdəsinə götürməyi Milli Şuradan xahiş edir. Milli Şuranın 1918 il noyabrın 19-da Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə keçən iclasında "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında" qanunun layihəsi müzakirə olundu. Şuranın müzakirələr nəticəsində qəbul etdiyi qanunda göstərilirdi ki, hələ 1917 ilin sonlarında Cənubi Qafqazın müsəlman partiyalarından ümumi səsvermə yolu ilə Rusiya Məclisi-müəssisanına seçilmiş 14 nəfər nümayəndənin siyahısı seçkilərdə iştirak etmiş partiyaların qazandıqları səslərə müvafiq olaraq genişləndirilərək 44 nəfərə çatdırılmışdı. Cənubi Qafqaz Mərkəzi Müsəlman Komitəsi Azərbaycanda Məclisi-Müəssisan toplamağın mümkün olmadığını nəzərə alaraq bu məsələnin həllini Zaqafqaziya seymində Azərbaycanı təmsil etməkdə görmüşdü. Zaqafqaziya seymi və Zaqafqaziya Cümhuriyyəti Hökuməti öz fəaliyyətinə xitam verdikdə Seymdəki 44 nəfər müsəlman deputat özlərini Azərbaycan Milli Şurası elan etmiş və Azərbaycanın idarəsini öz üzərinə götürmüşdü. Milli Şuranın qəbul etdiyi Azərbaycan Məclisi-Məbusanının (Parlamentinin) təsisi haqqında qanunda göstərilirdi ki, Azərbaycan təkcə azərbaycanlılarla məskun olmadığından, Azərbaycan Milli Şurası ölkədə yaşayan bütün millətləri təmsil edir. Digər tərəfdən, müxtəlif siyasi partiyaların nümayəndələri ilə bərabər, Azərbaycan xalqının müxtəlif təbəqələrinin də Parlamentdə təmsil olunmalarına böyük ehtiyac var.[2]
Mahiyyəti
redaktəMilli Şura Azərbaycan Parlamentini 120 nəfərdən ibarət formalaşdırmağı qərara aldı. Göstərilən qanuna əsasən Parlamentə Azərbaycan Xalq Cümhuriyyəti ərazisində yaşayan xalqların sayı nəzərə alınaraq azərbaycanlılardan 80 nəfər, ermənilərdən 21 nəfər, ruslardan 10 nəfər, yəhudilərdən 1 nəfər, almanlardan 1 nəfər nümayəndə göndərilməli idi. Milli Şuranın qəbul etdiyi qanunda göstərilirdi ki, azlıq təşkil edən millətlərin bütün nümayəndələri yeni nümayəndələr olacaqdır. Müsəlmanlardan isə 44 nəfər Milli Şura üzvü ümumi səsvermə yolu ilə seçildiklərindən yeni Parlamentin tərkibinə üzv daxil edilirlər. Qalan 36 nəfər isə, əlavə nümayəndələr kimi, Azərbaycanın ayrı-ayrı şəhər və qəzalarından göndəriləcəklər. Qanunda sayları az olduğuna görə nümayəndə seçmək səlahiyyətləri olmayan, lakin Cümhuriyyət ərazisindəki digər azsaylı xalqlar arasında nisbətən çoxluq təşkil edən gürcü və polyak milli komitələrinin hərəsindən 1 nümayəndə göndərmələrinə razılıq verilirdi. Bundan əlavə, Parlamentə Bakı Həmkarlar Təşkilatları tərəfindən 3 nəfər, Bakı Neft Sənayeçiləri İttifaqından 2 nəfər nümayəndənin göndərilməsi də nəzərdə tutulurdu. Qanuna qeydlərdə Cümhuriyyət Parlamentində təmsil olunacaq üzvlərin müəyyən edilməsi qaydaları da əksini tapmışdı. Qeydlərə əsasən, Parlamentə daxil olan 44 nəfər Milli Şura üzvündən ölən, istefa verən və ya başqa səbəbdən Parlamentdən çıxan nümayəndənin yerinə onun mənsub olduğu partiyanın digər nümayəndəsi daxil olunurdu. Bələdiyyəsi və milli komitəsi olmayan qəzalardan Parlamentə nümayəndə kənd şuralarının göndərdiyi nümayəndələrin ümumi iclasında seçilirdi.
Erməni, rus və azlıqda qalan digər millətlərdən Parlamentə nümayəndələr həmin millətlərin milli şuraları və ya komitələri tərəfindən göndərilirdi.
Şəhər nümayəndələrinin sənədləri şəhərlərin bələdiyyə rəisi, qəzalardan göndərilənlərinki barışıq məhkəmələrinin sədri və ya onun müavini, azlıqda qalan millətlərdən isə onların Milli Şuralarının sədrləri tərəfindən şəxsən imzalanmış, müvafiq seçki protokolları və imza-möhürlə təsdiq olunmuş mandatla təmin edilməli idi.[3]
Vətəndaşlara müraciətnamə
redaktəParlamentin çağırılması ilə əlaqədar Azərbaycan Milli Şurası adından onun sədri Məhəmməd Əmin Rəsulzadənin imzası ilə 1918 il noyabrın 29-da Azərbaycan və rus dillərində Bütün Azərbaycan əhalisinə! müraciətnaməsi dərc olunmuşdu. Müraciətnamədə deyilirdi:[1]
Vətəndaşlar! Müharibə və inqilab zamanının fövqəladə əhvalını nəzərə alaraq tətil etmiş olan Azərbaycan Şurai-Millisi iqtizai-zaman ilə təkrar Azərbaycanın paytaxtı Bakıda toplandı. Şurai-Millinin ən əvvəl qəbul etdiyi qanun sırf Azərbaycan müsəlmanlarına məxsus olan Şurai-Millini milli bir şəkildən çıxarıb dövləti bir şəkilə salmaq oldu. Bu ayın 19-da qəbul etdiyi qanunnaməyə görə Şurai-Milli dekabrın 3-nə qədər 120 əzalıq bir Məclisi-Məbusan (parlament) halına gələcəkdir. Bu məclisə azlıqda qalan millətlərdən nümayəndələr cəlb olunduğu kimi məmləkətin vilayətlərindən də vəkillər çağırılmışdır. Bu surətlə yığılacaq məbusan irəlidə ümumi intixab üsulu ilə Azərbaycan Məclisi-Müəssisani yığışıncaya qədər yurdumuzun sahibi olacaq,onun müqəddəratını həll, Hökumətini təşkil və mənafeyini müdafiə edəcək... |
Həmçinin bax
redaktəMənbə
redaktə- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin təsis edilməsi haqqında qanun maddəsi.