Azerbaycan Xalq Cumhuriyyeti Elifba Islahati Komissiyasi - Wikipedia
Əlifba İslahatı Komissiyası — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin ölkə əhalisinin maarifləndirilməsini sürətləndirmək məqsədilə həyata keçirdiyi tədbir.[1]
Komissiyanın yaradılması
redaktə1919-cu il martın 21-də Cümhuriyyət Hökumətinin qərarı ilə Xalq Maarifi Nazirliyinə ərəb əlifbasının islahatı üzrə xüsusi Hökumət komissiyası yaratmaq və komissiyanın hazırladığı təklifləri baxılmaq üçün Nazirlər Şurasına təqdim etmək tapşırılmışdı. Bu qərara əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin üzvü Xudadat bəy Məlik-Aslanovun sədrliyi ilə Xalq Maarifi Nazirliyi yanında ərəb əlifbasının islahatı üzrə xüsusi komissiya yaradılmışdı. Əlifba islahatı, hər şeydən öncə, maarifçilik, xalq təhsilinin milliləşdirilməsi sahəsində Hökumətin qarşısında duran vəzifələrin həyata keçirilməsinə birbaşa xidmət etməli idi. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin diqqət və qayğısı ilə fəaliyyət göstərən komissiya tezliklə bir neçə əlifba layihəsi hazırlayaraq Hökumətə təqdim etmişdi.[1]
Həmin layihələr arasında müəllim Abdulla bəy Əfəndizadənin hazırladığı variant bəyənilmiş və yeni əlifba üçün əsas kimi qəbul olunmuşdu. A. Əfəndizadə əlifba islahatı, xüsusilə latın əlifbasına keçidin zəruriliyi ilə bağlı 1919-cu ildə Bakıda "Son türk əlifbası" adlı dərslik də nəşr etdirmişdi. Dərslikdə o, ilk dəfə olaraq, ərəb və latın əlifbalarını müqayisəli şəkildə vermiş, birincinin ana dilimizə uyğunsuzluğunu, ikincininisə daha münasib olduğunu zəngin dil faktları ilə əsaslandırmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin əlifba islahatı sahəsində həyata keçirdiyi ilk əməli addımlar Aprel işğalı nəticəsində yarımçıq qaldı.[1]
Aprel işğalından sonra
redaktəAzərbaycan Xalq Cümhuriyyəti dövründə artıq reallaşmaq ərəfəsində olan əlifba islahatı ideyasına 1921-ci ildə Sovet Azərbaycanında yenidən qayıdıldı. Bu məsələnin geniş müzakirəsindən sonra Nəriman Nərimanovun imzaladığı xüsusi dekretlə Azərbaycanda əlifba islahatı üzrə Yeni Türk Əlifba Komitəsi yaradıldı. Komitənin latın qrafikası əsasında hazırladığı Azərbaycan əlifbasının layihəsi ümumxalq müzakirəsi üçün "Yeni yol" qəzetində dərc edildi. Gərgin keçən və uzunmüddətli müzakirələrdən sonra 1929-cu ildən etibarən Azərbaycanda tamamilə latın əlifbasına keçildi. Bununla da Azərbaycan Xalq Cümhuriyyətinin öz qarşısına qoyduğu müqəddəs amallardan biri də reallaşdırıldı.[1]
Bu işdə Cümhuriyyət dövründə əlifba islahatları üzrə Hökumət komissiyasının üzvləri olan Xudadat bəy Məlik-Aslanovun, Həmid bəy Şahtaxtinskinin, Fərhad Ağazadənin, Azad bəy Əmirovun, Əhməd bəy Pepinovun və başqalarının səy və zəhmətləri az olmamışdır.[1]
Ədəbiyyat
redaktə- Aзepбaйджанская Демократиская Pecnyблика (1918–1920), Законодательные акты (сборник документов),Б.,1998
- Mərdanov M., Quliyev Ə., Azərbaycan təhsili Xalq Cümhuriyyəti illərində (1918–1920), B.,2003
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 366. ISBN 9952-417-14-2.