Azerbaycan Ssr Birinci Besillik Dovrunde - Wikipedia
Azərbaycan SSR birinci beşillik dövründə — Azərbaycan SSR-də iqtisadiyyatın mühüm inkişaf mərhələlərindən biri.
Beşillik dövründə Azərbaycan SSR iqtisadiyyatına kapital qoyuluşu
redaktəBirinci beşillik plan Azərbaycan SSR xalq təsərrüfatının inkişafında mühüm addım oldu. Belə ki, xalq təsərrüfatına (kolxozlarsız) 140 milyon manat (müqayisəli qiymətlə), o cümlədən sənaye inkişafına 89 mln manat (və ya respublika xalq təsərrüfatına yönəldilən bütün kapitalın 63,6 faizi), nəqliyyat və rabitəyə 11 mln (10,7 faiz), kənd təsərrüfatına 16 mln, (7,2 faiz), mənzil tikintisinə, elm, mədəniyyət, maarif, səhiyyə və s. 24 mln manat (21,4 faiz) vəsait qoyulmuşdu.[1]
İqtisadiyyatın möhkəmləndirilməsi sahəsində uğurlar
redaktəNeft sənayesinin inkişafı
redaktəNeft sənayesi xüsusilə inkişaf etmişdi. Zəngin yataqları olan Neftçala, Qala (" Əzizbəyovneft" tresti), Lökbatan, Qaraçuxur və s. istismara verildi.[2] Abşeronun hüdudlarından kənarda yeni neftli sahələrin mənimsənilməsinə başlandı. Qazma sahəsində müvəffəqiyyətlər əldə edildi. Qazıma işlərinin həcmi əgər beşilliyin birincilində 320,6 min metr idisə, 1932-ci ildə 484,3 min metrə çatdı.[3] Neftin çıxarılmasında kompressor üsulu və dərinlik nasoslarının tətbiqi neft sənayesində mühüm nailiyyət idi. Bu cür texniki yeniliklər və Bakı neftçilərinin fədakar əməyi sayəsində neft çıxarılması 1932-ci ildə 1928/29-cu ildəki 8,7 mln tondan 12,2 mln tona çatdı.[4] Azərbaycan neft sənayesi birinci beşillik ərzində bütün ölkənin xalq təsərrüfatına 54,5 mln ton neft və 1,4 mln ton qaz verdi.[5] Neft hasilatının artması respublika neftayırma sənayesinin də güclü inkişafına zəmin yaratdı. Birinci beşillikdə texnikanın son nailiyyətləri əsasında qurulmuş iyirmi üç neftayırma qurğusu tikilib istifadəyə verilmişdi.[6] 1932-ci ildə çıxarılan neftin 95 faizi Azərbaycanın neftayırma zavodlarında emal edilirdi, halbuki bu rəqəm 1928/29-cu ildə 75,9 faizə bərabər idi.[7]
Energetika sənayesinin inkişafı
redaktəAzərbaycanda energetika sənayesi inkişaf etdi. Birinci beşillikdə rayonlarda yeni elektrik stansiyalarının tikintisinə və su ehtiyatlarından planauyğun istifadə edilməsinə başlandı.Beşillik ərzində on altı yeni, elektrik stansiyası, o cümlədən Laçın, Xankəndi, Gəncə, Zaqatala, Salyan və Qaryagində (indiki Füzuli) tikildi.[8] Respublikada elektrik stansiyalarının ümumi gücü 1932-ci ildə 1928-ci ildəki 109,96 min kilovatdan 171,83 min kilovata çatdı.[9]
Sənayenin digər sahələrinin inkişafı
redaktəNeft sənayesində istehsalın yüksək artımı və onun qabaqcıl mövqeyini saxlaması ilə yanaşı, sənayenin digər sahələrinin əhəmiyyəti də tədricən artır, bu sahənin inkişaf surəti neft sənayesini ötüb keçirdi.
Birinci beşillik dövründə iyirmi beş iri dövlət sənaye müəssisəsi tikilib istifadəyə verildi.[10] 1928-1932-ci illərdə Bakıda yod zavodu, soyuducular zavodu, Orconikidze adına tikiş kombinatı, Xankəndində ipəkəyirmə zavodu, Nuxa, Zaqatala və Lənkəranda kərpic zavodları istismara verilmişdi.[11]
Respublikada bir sıra yeni sənaye sahələrinin - yod-brom istehsalını mənimsəyən kimya, tikinti materialları istehsalı və yüngül sənayenin yaradılması təbii ehtiyatlardan və kənd təsərrüfatı xammalından kompleks şəkildə istifadə etməyə imkan verdi.
Yeni sənaye müəssisələrinin tikintisi ilə yanaşı, Azərbaycan SSR-də köhnə müəssisələrin genişləndirilməsi və yenidən qurulması həyata keçirilirdi. Birinci beşillik illərində Bakıda Şmidt adına (indiki Səttarxan) neft avadanlığı zavodunun, sement zavodunun, Lenin adına (indiki H. Z. Tağıyev) əyirici-toxucu fabrikin, gön-dəri zavodu və "Qızıl Şərq" mətbəəsinin, Çiraqidzorda kükürd-kolçedan mədəninin yenidən qurulması sahəsində böyük işlər görüldü. Respublikanın maşınqayırma sənayesinin inkişafında mühüm uğurlar qazanıldı. Azərneftin mexaniki zavodları yenidən quruldu və yeni neft avadanlığının kütləvi istehsalına başlandı. Azərbaycan SSR xalq təsərrüfatındakı maşın avadanlığının 40 faizdən çoxu birinci beşillik dövründə qurulmuşdu.[12] Bu, neft sənayesini yerli avadanlıqla təmin etməyə və xarici ölkələrdən texniki asılılığa son qoymağa imkan verdi.
Beşillik müddətində Azərbaycanın bütün sənayesinin ümumi məhsulu 86 faiz, o cümlədən neft çıxarılması 60 faiz, qaz istehsalı 197 faiz, elektrik enerjisi istehsalı 64 faiz, polad istehsalı 85 faiz, qara metal prokatı 19 faiz, maşınqayırma və metal emalı məhsulu 93 faiz, sement istehsalı 121 faiz, pambıq-parça istehsalı 69 faiz artdı.[13]
Sənaye istehsalının ayrı-ayrı sahələri arasında, həmçinin Azərbaycan ərazisində sənaye müəssisələrinin keçmişdən irs qalmış qeyri-bərabər yerləşməsi nisbətində yeni əsaslı dəyişikliklər etməsə də, respublikada bu sahədə ilk addımlar atılmasına səbəb oldu. 1927/28-ci ildə Azərneftin illik məhsulunun dəyəri 359,4 mln manata bərabər idisə, 1932-ci ildə o, 683,8 mln manata çatmış və ya 190 faiz olmuşdu. Sənayenin digər sahələrinin məhsul buraxılışı beşillik ərzində 113,9-dan 284,4 mln manata çatmış və ya 248,1 faiz artmışdı.[14] Bu, Azərbaycanın ümumi sənaye məhsulunun həcmində neft sənayesinin xüsusi çəkisinin bir qədər azalmasına gətirib çıxartdı. 1917-ci ildə sənayenin ümumi məhsulunda neft sənayesinin payı 90 faiz təşkil edirdisə, bu, birinci beşilliyin sonunda 71 faizə endi.
Gəncə, Nuxa, Xankəndi kimi şəhərlərdə yeni sənaye ocaqları meydana gəldi. Bakıdan sonra sənaye cəhətdən ən çox inkişaf etmiş Gəncədə bütün sənayenin ümumi məhsulu 1932-ci ildə 1927/28-ci ilə nisbətən 95,5 faiz, o cümlədən yüngül sənayedə 735,6 faiz artmışdı. Beşilliyin sonunda Gəncədə 12 sənaye müəssisəsi, o cümlədən pambıq-parça kombinatı, mahud fabriki, yağ-sabun bişirmə kombinatı, pambıqtəmizləmə zavodu, tikiş fabriki və s. fəaliyyət göstərirdi.
Kənd təsərrüfatının inkişafı
redaktəBirinci beşillikdə Azərbaycanın kənd təsərrüfatında çətinliklər və məşəqqətlər olsa da, köklü dəyişikliklər baş verdi. 1932-ci ildə respublikanın bütün kəndli təsərrüfatlarının 50,6 faizi kolxozlarda birləşdirilmişdi. 1933-cü ilin əvvəlinə bir çox pambıqçılıq rayonları, o cümlədən Bərdə, Qasım İsmayilov (indiki Goranboy), Samux kollektivləşməni başa çatdırmaq ərəfəsində idilər. Kolxozların əkin sahəsi 1928-ci ildə 8,2 min hektar olduğu halda, 1932-ci ildə 664,2 min hektara çatmışdı. 1932-ci ildə respublikada 70 min hektardan artıq əkin sahəsi olan 88 sovxoz var idi. Kənd təsərrüfatının texniki cəhətdən təchizində irəliləyişlər əldə edildi. Birinci beşilliyin sonuna yaxm kənd təsərrüfatında 1153 traktora malik 29 MTS fəaliyyət göstərirdi. Onlardan 25-i yalnız pambıqçılıq rayonlarında 2135 kolxoza xidmət edirdi.[15] Birinci beşillikdə Azərbaycan kənd təsərrüfatına 32 mln manat kapital qoyulmuşdu 146, respublikanın sənaye potensialı güclənmiş, fəhlə sinfi və qulluqçuların sayı artmış, yeni sənaye müəssisələri meydana gəlmiş, işsizlik əsasən ləğv edilmişdi.[16]
İstinadlar
redaktə- ↑ Азербайджанская ССР к 50-летию Великого Октября. Стат. сборник, стр. 130-131.
- ↑ . Итоги выполнения Первого Пятилетнего плана развития народного хозяйства ЗСФСР, Тифлис, 1934, səh. 43.
- ↑ 15 лет Азербайджанской нефтяной промышленности (1920-1935 г.). Краткий стат. справочник, Баку Москва, 1935, səh. 11.
- ↑ Социалистическое строительство АзССР. Стат. сб., Стат. сб., Баку, 1935, səh. 11.
- ↑ "Kommunist" qəzeti, 10 yanvar 1933-cü il.
- ↑ Пути роста реконструкции Азербайджанской нефтяно промышленности в цифрах и диафаммах (1923-1933 гг.). Баку, 1933, səh 39.
- ↑ 15 лет Азербайджанской нефтяной промышленности (1920-1935 гг.). Краткий стат. справочник, səh. 53.
- ↑ Azərbaycan Respublikası Elmlər Akademiyası Tarix İnstitutunun Elmi Arxivi (bundan sonra - AREATİEA) f. 1, s. 7, i. 3786, v. 3.
- ↑ Социалистическое строительство АзССР. Стат. сб., səh. 95.
- ↑ Азербайджанская ССР к 50-летию Великого Октября, Стат. сб., səh. 122.
- ↑ Azərbaycan Respublikası Dövlət Arxivi (bundan sonra - ARDA), f. 2511, s. l, i. 214, v. 215
- ↑ Azərbaycan Respublikası Dövlət Arxivi (bundan sonra - ARDA), f. 796, s. 1, i. 223, v. 106.
- ↑ Достижения Советского Азербайджана за 40 лет в цифрах Стат. сб., Баку, 1960, стр. 52.
- ↑ Azərbaycan Respublikası Dövlət Arxivi (bundan sonra-ARDA), f. 2511, s. l, i. 414, v. 215.
- ↑ Azərbaycan tarixi, III с, I h.,Bakı, 1973, səh.417
- ↑ Азербайджанская ССР к 50-летию Великого Октября. Стат. сб. səh.133
Əlavə ədəbiyyat
redaktə- Qüdrətov D.H. Birinci beşillikdə Azərbaycanda sovxoz quruculuğu. Bakı, 1962.
- Ахвердова С.Г. Развитие нефтяного машиностроения советского Азербайджана. Баку, 1977
- Qasımov İ. Azərbaycanda kolxoz hərəkatı tarixinə dair. Bakı, 1957.
- Qaffarov T. Azərbaycan tarixi (1920-1991). Bakı, 1999
- Dilbazov Ə.K. Azərbaycan SSR-də sosialist sənayesinin yaranması və inkişafı. Bakı, 1974
- Əliyev Ə.P. Sovet hakimiyyəti illərində Azərbaycan neft sənayesinin inkişafı. Bakı, 1957.