Azerbaycan Ssr Ali Mehkemesi - Wikipedia
Azərbaycan SSR Ali Məhkəməsi — Azərbaycan SSR-nin ən yüksək məhkəmə orqanı. Qanunvericilik təşəbbüsü hüququna malik idi.
Azərbaycan SSR Ali Məhkəməsi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılma tarixi | 23 fevral 1923 |
Tarixi
redaktəAzərbaycan SSR Ali Məhkəməsi 23 fevral 1923-cü ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə yaradılmışdır. Azərbaycan SSR Ali Məclisi sədri, onun müavinləri, Ali Məhkəmə üzvləri və xalq iclasçıları Azərbaycan SSR Ali Soveti tərəfindən 5 il müddətinə seçilirdi. Azərbaycan SSR Ali Soveti, sessiyalar arasındakı dövrdə isə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti qarşısında hesabat verir. Mülki və cinayət işləri üzrə olmaqla iki məhkəmə kolleksiyası, Azərbaycan SSR Ali Məhkəməsinin Rəyasət Heyəti və Azərbaycan SSR Ali Məhkəməsinin Plenumu tərkibində fəaliyyət göstərir. Azərbaycan SSR Ali Məhkəməsi Azərbaycan SSR, Naxçıvan MSSR və DQMV-nin bütün məhkəmə orqanlarının fəaliyyətinə nəzarət edir, ədalət mühakiməsini həyata keçirməkdə onlara istiqamət verir, məhkəmə təcrübəsini ümumiləşdirirdi.[1]
Azərbaycan SSR Ali Məclisinin məhkəmə kollegiyaları 1-ci instansiya məhkəməsi kimi (xalq iclasçıları tərkibində) xüsusi əhəmiyyətli işlərə, kassasiya qaydasında Naxçıvan MSSR və DQMV tərkibində olmayan rayon xalq məhkəmələrinin, Naxçıvan MSSR Ali Məhkəməsi və DQMV Vilayət Məhkəməsinin qanuni qüvvəyə minməmiş hökm, qətnamə, qərardad və xalq hakimlərinin qərarlarından verilən şikayət və protestlərə, nəzarət qaydasında isə respublikanın bütün aşağı məhkəmələrinin qanuni qüvvəyə minmiş hökm, qətnamə və qərardadlarından, həmin məhkəmə hakimlərinin, Naxçıvan MSSR Ali Məhkəməsi və DQMV Vilayət Məhkəməsi Rəyasət Heyətlərinin qərarlarından verilən protestlərə baxır. Azərbaycan SSR Ali Məhkəməsinin Rəyasət Heyəti Azərbaycan SSR Ali Məhkəməsi sədri, onun müavinləri və məhkəmə üzvlərindən ibarətdir. Rəyasət Heyəti Azərbaycan SSR Ali Məhkəməsinin məhkəmə kollegiyalarının qanuni qüvvəyə minmiş hökm, qətnamə, qərardad və Azərbayacn SSR Ali Məhkəməsi üzvlərinin qərarlarından verilən, habelə SSRİ Baş prokurorluğu, SSRİ Ali Məhkəməsinin sədri, onların müavinləri, Azərbaycan SSR prokuroru, Azərbaycan SSR Ali Məhkəməsiniin sədri və onların müavinləri tərəfindən verilən protestlərə baxır. Rəyasət Heyətinin iclaslarında Azərbaycan SSR prokuroru və ya onun müavininin iştirakı məcburidir. Azərbaycan SSR Ali Məhkəməsinin Plenumu ən azı üç ayda bir dəfə çağırılır. Plenum Azərbayacn SSR Ali Məhkəməsinin sədri, onun müavinləri, Azərbaycan SSR Ali Məhkəməsinin bütün üzvləri və vəzifəyə görə Naxçıvan MSSR Ali Məhkəməsi və DQMV Vilayət Məhkəməsi sədrlərindən ibarətdir. Plenum Azərbaycan SSR Ali Məhkəməsinin məhkəmə kollegiyalarının fəaliyyəti haqqında kollegiya sədrlərinin hesabatlarını dinləyir, Ali Məhkəmə sədrinin təqdimi ilə Azərbaycan SSR Ali Məhkəməsi üzvlərindən Azərbaycan SSR Ali Məhkəməsi kollegiyalarının heyətlərini təsdiq edir, Azərbaycan SSR Ali Məhkəməsi Rəyasət Heyətinin işi haqqında hesabatları dinləyir, SSRİ Baş prokuroru cə onun müavinlərinin, Azərbaycan SSR prokuroru və Azərbaycan SSR Ali Məhkəməsinin sədrinin, Azərbaycan SSR Ali Məhkəməsi Rəyasət Heyətinin qərarlarından verdikləri protestlərə baxır, Azərbaycan SSR Ali Məhkəməsinin baxdığı işlərə dair qəbul edilən qərarların. habelə Azərbaycan SSR qanunvericiliyinin tətbiqinə dair məhkəmələrə rəhbər göstərişlər verir, qanunvercilik qaydasında həll edilməli məsələlərə və Azərbaycan SSR qanunların izahına dair Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinə təqdimat verir. Plenumun iclaslarında Azərbaycan SSR prokurorun iştirakı məcburidir.[1]
İstinadlar
redaktə- ↑ 1 2 Азәрбајҹан ССР Али Мәһкәмәси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 170.